Azərbaycanca

Qarabağ abidələri: Bərdə türbəsi

11.01.2013 | 12:47

1357894034_01_barda-turba-abida-Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə böyük töhfələr verib. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf edib.

Bərdədə eramızdan əvvəl II minillikdən başlamış, son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. Azərbaycanın bu qədim şəhərinin ərazisində tarixi abidələr bu günədək qorunub saxlanılıb. VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, XVII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən biri də 1322-ci ildə inşa edilmiş Bərdə türbəsidir. Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün tikilən bürcvari türbələr qrupuna daxil olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsini bu dövr üçün ənənəvi olan dəfn üçün sərdabə təşkil edir. Bu qədim abidənin içərisindən dörd istiqamətdə yol da olub.

Bərdə türbəsinin yerüstü hissəsi xatirə abidəsi olub, monumental xarakter daşıyır. Bu hissə daşdan hörülmüş kürsülük, silindirik gövdə və günbəzdən ibarətdir. Türbənin gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metrdir. Onun divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpic naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Türbənin çoxrəngli kəsmə mozaikadan quraşdırılıb və zəngin ornamentlə bəzədilib şimal və cənub tərəflərindəki baştağılar onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır.

Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılaraq yararsız hala salınıb. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə tikildiyi məlum deyil. Lakin türbənin Elxanilər sülaləsindən bir nəfər üçün tikildiyi ehtimal olunur. Bu tarixi abidənin üzərinə “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılıb. Burdan məlum olur ki, türbə naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən tikilmişdir. Bu isə Naxçıvan memarlarının hələ XIV əsrdə başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Azərbaycanın bu qədim mədəniyyət mərkəzinin memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən qiymətli bir sənət nümunəsidir.

Kitabə qurşağından sonra günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşib. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülüb.

Bərdə türbəsinin günbəzi dairəvi olmuşdur. Bunu memarlıq üslubuna görə Bərdə türbəsi ilə demək olar ki, eyni olan Naxçıvandakı Qarabağlar türbəsi də təsdiq edir. 1957-1958-ci illərdə bərpa adı ilə türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilib. Xeyli çəkisi olan bu beton abidənin ümumi görünüşünə ciddi xələl gətirməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olub.

Bu gün ölkəmizin digər maddi-mədəniyyət nümunələri kimi, Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi və bərpası da dövlətimizin diqqət mərkəzindədir. “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da Bərdə rayonunun tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası öz əksini tapıb. Təsadüfi deyildir ki, bütün bunları nəzərə alan Prezident İlham Əliyev Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə 2012-ci il oktyabrın 8-də müvafiq Sərəncam imzalanıb.

Artıq Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tələblərindən irəli gələn vəzifələrə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bərdə türbəsinin bərpasına başlanıb. Yaxın vaxtlarda rayon ərazisindəki digər tarix-mədəniyyət abidələrinin də bərpası və konservasiyası həyata keçiriləcək.

 

Tahir Ağaməmmədov

 AzərTAc

 

11.01.2013 12:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*