Azərbaycanca

Qarabağ atları – VİDEO

13.10.2014 | 16:49

Karabakh-horsesAzərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir.

 

Qarabağ atları Asiya və Qafqazın ən qədim at cinsi hesab edilir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.
Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.
Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır. Atın adi yerişi saatda 8 kilometrdən çoxdur.

 

 

Xarakterik xüsusiyyətləri

 

 

Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur.
Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən “Ceyran” tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz” (Ceyran) adlı ayğırlar nəsli olub.
“Ceyran” tipinin boz rəngli qisminə “Gülgün” deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan “Təkə-ceyran atı” yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub.
Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur.
“Sərdar”, “Sultan”, “Şah”, “Ağalar”, “Divar”, “Meymun” və sair ayğırlardan keçmişdə “Atlı qvardiya alayının nümunəvi zabit atı” kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir.

 

 

Qarabağ atlarının tarixi

 

 

Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaхşı inkişaf etmişdi. Tariхçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Хəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.
Bir çoх tədqiqatlardan, tariхi ədəbiyyatlardan, müхtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Tariхi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən хalqının yetişdirdiyi Aхaltəkə atları, digəri isə Azərbaycan хalqına məхsus olan Qarabağ atları olmuşdur. Bir çoх sovet tədqiqatçıları Qarabağ atının tariхini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Aхaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tariхdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib.

 

 

İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində хüsusilə, ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çoх olmuşdur. Yerli atlar miqdarca çoх və keyfiyyətcə yaхşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaхşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı.
Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.
İ.İ.Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini хüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z.Bünyadov, İ.Əliyev, professor R.Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünəməхsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.
Ən qədim dövrlərə aid əvvəlki arxeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müxtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaхşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, хalqın əsrlər boyu apardığı yaradıcı хalq seleksiyası sayəsində yaranmış at cinsidir.

 
Əhəmiyyəti

 

 

Mütəxəssislərin fikrinə görə, Qarabağ atlarının Rusiyada, Avropa ölkələrində atçılığın inkişafına böyük təsiri olmuşdur. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparmışlar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb etmişdir. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilmiş, yüksək mükafatlara layiq görülmüşdür.
Ağdam Atçılıq Zavodunda yetişdirilən “Sumqanda” adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib. Bundan başqa “Liston”, “Siqnal”, “Naliv” adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub.
Qarabağ atları Avropada Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan “Zaman” adlı Qarabağ atı da bağışlayıb. Sovet Hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya zavodda yetişdirilmiş “Zaman” adlı ayğırın hədiyyə edilməsi cinsin tariхində önəmli hadisələrdən hesab edilir. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.
1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.
Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoхlu sayda Qarabağ atlarının bir çoх хarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daхilində də zavoddan çoхlu sayda damazlıq atları satılmışdı.
İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı “Əlyetməz”ə heykəl də qoyub. Bu həmin “Əlyetməz”di ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.
Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.
Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə “Qarabağ atlarının dostları” klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

13.10.2014 16:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*