Azərbaycanca

Qarabağ atlarının Qarabağsız uğuru – FOTOLAR

13.01.2014 | 17:23

1389683828_x.rcbli-v-qizil-oglan-2Qarabağ atları dünyada ən məşhur olan at cinslərinə aiddir. Qarabağ işğal altında olduğuna görə, bu at cinslərininin taleyi bütün Azərbaycan xalqı üçün maraqlıdır.  Qarabağla Bakının və Azərbaycanın digər yerlərinin iqlimi fərqli olması sözsüz ki,  Qarabağ atlarına təsirsiz ötüşməyəcək. Bəs mütəxəssislər nə düşünürlər? Kənd Təsərrüfatı Nazirliyinin  “Azərdamazlıq” Elm-İstehsalat Birliyinin baş direktor əvəzi Xəndan Rəcəbli “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına  müsahibəsində Qarabağ atlarının hazırkı durumu və digər məsələlərdən danışıb.

– Qarabağ atlarının inkişafı hansı dövrə təsadüf edir? 

-Qarabağda atçılığının “qızıl əsri” XVIII-XIX əsrlər hesab edilir. Cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, Mehdiqulu xanın, İbrahim xanın, Cəfərqulu – Cavanşir xanın, Xurşud Banu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib. Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunaraq uğurlu yerlər tutublar. Buna Xan qızı Natəvana (Usmiyevlərə) məxsus Əlyetməz adlı ayğırın 1867-ci ildə Ümumrusiya at sərgisində, həmin ildə Parisdə keçirilən sərgidə Xan ləqəbli Qarabağ atının yüksək mükafatlar almasını misal göstərmək olar. Qarabağ atlarının orijinallığını və rənginin cazibədarlığını sübut edən maraqlı bir tarixi fakt kimi, 1867-ci ildə Parisdə keçirilmiş at sərgisindən sonra, həmin sərgidə nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş Xan ləqəbli Qarabağ atının rəngindən valeh olan fransız qadınlarının öz saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq, açıq qızılı-kürən rəngdə boyatmalarını və bunun sonradan dəb halında genişlənməsini misal göstərmək olar. Tamamilə mübaliğəsiz demək olar ki, əgər Şərq atlarından Ərəb atı dünya atçılığına “qu-quşu” boynunu, Axaltəkə atları “maral” boynunu bəxş edibsə, Qarabağ atları təkrarolunmaz alovlu qızılı-kürən rəng bəxş edib.

Qarabağ atlarının Qarabağsız uğuru - FOTOLAR– Qarabağ atlarını digər cinslərdən fərqləndirən spesifik xüsusiyyətləri hansılardır?

– Son 40 ildə qeydə alınmış atların 87 %-i qızılı-kürən, 12 %-i kürən, 1 %-i isə qızılı kəhər və kəhər və kombinə edilmiş rəng örtüklərinə  malikdirlər. Qızılı-kürən rəngli atların isə 10-12 %-də cinsin köhnə tipləri arasında daha populyarlığa malik alovlu-açıq narıncı (limon sarısı) rəngə rast gəlmək mümkündür. Əslində XIX əsrdə də bu rəngdə atların faiz nisbəti bundan artıq deyildi…

Qarabağ atlarının bədən quruluşu mütənasib olmaqla, konstitusiyası quru və möhkəm, temperamenti canlı və oynaq, istiqamətli təlim – tərbiyəyə həssas, düzgün təlim keçdikdə olduqca xoş xasiyyət olurlar. Qarabağ atlarının başı çox yaraşıqlı, quru, gözləri iri, mənalı, qulaqları orta ölçüdə və bir qədər hərəkətli, boynu dik, düzgün duruşlu, döşü dərin, enli, beli düz, ayaqları quru və orta ölçüdə, dırnaqları incə, lakin möhkəmdir. Əksər hallarda beli uzunu tünd kəmər nəzəri cəlb edir. Hazırkı Qarabağ atlarının boyu orta hesabla erkəklərdə 146-152, dişilərdə 143-146 intervalında dəyişir.

Müasir Qarabağ atlarını xarakterizə edərkən sadaladığım əlamətlərin saxlanması ilə yanaşı, daha geniş spektrdə orijinal xüsusiyyətlərin təzahür etməsinin şahidi oluruq. Bu xarakteristikanı təsəvvür etmək üçün tərəfimizdən tərtib edilmiş, cinsin damazlıq kitabının 2-ci cildində qeydə alınmış damazlıq atların, Ağdam atçılıq zavodu ilə yanaşı, yeni şəraitdə formalaşmış özəl atçılıq qurumlarında cəmləşmiş Qarabağ atlarını əsas göstərmək olar.

– Erməni təcavüzü nəticəsində Qarabağ işğal altındadır. Məlumdur ki, Qarabağın iqlimi özünəməxsusluğu ilə fərqlənir. Yəqin ki, bu iqlimdə formalaşan atların digər iqlim şəraitində saxlanması onlara təsirsiz ötüşməyib. Ümumiyyətlə işğal faktı bu cinsin inkişafına necə təsir göstərib?

– Qeyd etmək lazımdır ki, Qarabağ müharibəsi zamanı erməni qoşunları “Ağdam” atçılıq zavodunun ərazisinə soxulan zaman, fədakar atçılar Qarabağ atlarını xilas edə bilmişdilər və atlar Bərdə rayonunun ərazisində, əvvəl zavodun qışlağı olan ərazidə yerləşdirilib. Doğrudur, bu yerlərin iqlimi, xüsusilə torpaq və bitki örtüyü doğma yerlərinin, “Ağdam” at zavodunun, harada ki, bir zamanlar xan ilxıları otarılırdı, əvəzini vermir. Və bu, sözsüz ki, Qarabağ atlarının sonrakı taleyində öz silinməz izini buraxmış oldu…

Eksteryer cəhətdən hazırda yetişdirilən Qarabağ atları, cinsin köhnə tiplərində olduğu kimi, tipik dağ atlarına xas olan əlamətləri özündə saxlayırlar. Lakin qeyd  edildiyi kimi, müasir Qarabağ atlarının arealı xeyli genişlənib və hazırda Azərbaycanın Aran Qarabağ bölgəsi ilə yanaşı, digər regionlarının, xüsusilə Abşeron yarımadasının, Böyük və Kiçik Qafqazın ətəklərində yerləşən rayonlarını, Mərkəzi Aran rayonlarının bir-birindən kəskin fərqlənən təbii-coğrafi şəraitinə uyğunlaşan yeni nəsillər formalaşmaqdadır.

Daha maraqlı cəhət kimi qeyd etmək lazımdır ki, Qarabağ atları Almaniyanın, Hollandiyanın meşə-çöl, İsveçrənin Alp çəmənliklərində, Fransanın, İngiltərənin fərqli təbii şəraitinə çox yaxşı uyğunlaşmaqla, bioloji-təsərrüfat xüsusiyyətlərini, iş və reproduksiya qabiliyyətlərini əla səviyyədə saxlayırlar. Belə ki, müxtəlif dövrlərdə, o cümlədən 1970-1980-ci illərdə Moskvada keçirilən auksion vasitəsilə xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə xeyli sayda Qarabağ atları satılıb. Almaniyada fəaliyyət göstərən Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyətinin koordinasiyasında xeyli sayda Qarabağ və Qarabağ qanlı mələz atlar var. Müvafiq identifikasiya prosedurları nəzərə alınmaqla, həmin atlar tərəfimizdən tərtib edilmiş cinsin “Dövlət Damazlıq Kitabı”nın 2-ci cildində qeydiyyata alınıb və bu tədbirlər hazırda davam etdirilir.

– Bu cinslərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün proqramlar varmı?

– Qarabağ cinsinin qorunub saxlanması, daha təkmil səviyyədə gələcək nəsillərə çatdırılması atçıların qarşıya qoyduqları ən ümdə məsələlərdəndir. Respublikamızın müstəqillik əldə etməsindən sonra yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq, özəl atçılıq qurumlarının formalaşmasını cinsin inkişafında yeni mərhələ hesab etmək olar. Hazırda Respublikada “Ağdam” atçılıq zavodu ilə bərabər, seleksiya özəyi rolunu oynaya biləcək 20-dən artıq özəl qurumlarda  Qarabağ atı saxlanılır. Onlardan “Sərhədçi” Atçılıq İdman Klubunda, “Günay” atçılıq təsərrüfatında, Y.Quluzadənin, N.Kərimovun, T.Məmmədovun və s. atçılıq təsərrüfatlarında  Qarabağ atının müasir zavod atçılığının tələbləri səviyyəsində yetişdirilməsini və artırılmasını xüsusi qeyd etmək lazımdır.

– Qarabağ atları yarışlarda özünü necə göstərir?

Qarabağ atlarının Qarabağsız uğuru - FOTOLAR– Qarabağ atçılığında uzaq məsafələrə (18-40 km) yürüşlərin keçirilməsini də prioritet vəzifələrdən hesab etmək olar. Bu yürüşlərdə Qarabağ atları çox yaxşı göstəricilər nümayiş etdirərək qələbələrə imza atırlar. Belə ki, 2004-cü ilin oktyabr ayında Almaniyada fəaliyyət göstərən “Qarabağ və Avroasiya atları həvəskarları cəmiyyəti”nə məxsus “İzvestiya” (İnturist-Toşiva) ləqəbli Qarabağ atı 49 km məsafəyə keçirilən Avropa üzrə yarışmada həmin məsafəni 2 saat 31 dəqiqəyə qət edərək 1-ci yeri tutub. Bundan əvvəl isə həmin ilin iyun ayında o, 39 km məsafəni 2 saat 45 dəqiqəyə qət edərək 3-cü yeri tutub. 2008-ci ilin avqust ayında Almaniyada keçirilən Avropa yarışlarında “Qartal” ləqəbli Qarabağ atı (sahibi Anqela Mersa) 80 km məsafəni 3-cü başa vurmaqla “For the best condition” mükafatına layiq görülüb.

Son zamanlarda daha çox rezonans doğuran və cinsin inkişafı yolunda perspektivə hesablanmış tədbirlər çərçivəsində Azərbaycanın “Çovqan” atüstü milli oyununda Qarabağ atlarından daha geniş  istifadə olunmasını  misal göstərmək olar. Qarabağ atlarının şux qaməti, orta və yığcam boyu, çevikliyi, olduqca cəlbedici alovlu qızılı-kürən rəngi “Çovqan”,“Papaq”, “Baharbənd” kimi atüstü milli oyunların bu atların üzərində oynanılmasına zəmin yaradıb. Təsadüfi deyil ki, “Çovqan” oyununun  məhz Qarabağ atı üzərində YUNESKO-nun təxirəsalınmaz qeyri-maddi mədəni irs siyahsına salınmasının böyük tarixi-siyasi əhəmiyyəti danılmazdır. Bununla ölkəmiz  Qarabağ və Qarabağ atı, ”Çovqan” üzərində “möhürünü vurmaqla” yanaşı, bu gün dünyada geniş yayılmış “Kralların oyunu, oyunların kralı”  hesab edilən “Polo” oyununun vətəninin Azərbaycan olması öz təsdiqini tapmış oldu.

Qarabağ atlarının Qarabağsız uğuru - FOTOLARQarabağ atlarının Qarabağsız uğuru - FOTOLARQarabağ atlarının Qarabağsız uğuru - FOTOLARQarabağ atlarının Qarabağsız uğuru - FOTOLAR

Əli  Zülfüqaroğlu

 

“KarabakhİNFO.com”

 

13.01.2014 17:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*