Azərbaycanca

Qarabağ Azərbaycanın bir parçasıdır

24.09.2013 | 13:32

1380014997_6666Şimali Kipr Türk Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Sadeddin Topukçu “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib.

-Kipr türkləri Qarabağın işğalı mövzusunda nə qədər məlumatlıdırlar?

 

-Kipr türkləri Azərbaycandakı qardaşlarına könül bağı ilə bağlıdırlar. Burada baş verən hadisələri də yaxından izləyirlər. Xocalının və işğal altında olan digər Qarabağ torpaqlarının ildönümlərində toplantılar keçirilir, şəhidlər anılır. Eyni zamanda Şimali Kipr Türk Respublikasının Məclisində də hər il Xocalı qətliamı ilə bağlı anma törənləri keçirilir, oradakı şəhidlər anılır. Yəni, bu mövzuda bilgi vardır.

 

-Tanıtım istiqamətində daha hansı işlərin görülməsi zəruridir?

 

-Təbii ki, indiki dövrümüz informasiya dövrüdür. Mövcud çağdaş əlaqə imkanlarını istifadə edərək həm Qarabağın işğalı məsələsini, həm də Kipr mövzusunu daha irəliyə aparmaq lazımdır. Bu çağdaş imkanlar nemətdir. Çünki, əvvəlki illərdə bu imkanlar olmadığı üçün  həm Qarabağda olanları, həm də Kiprdə yaşananları dünya ictimaiətinin diqqətinə çatdırmaqda çətinliklər çəkdik. Məsələn; 1963-cü ildə rumlar Kiprdə silahlı basqınlara başlayanda əlaqə imkanları çox zəif idi. Rumlar Kiprdə kiprli türkləri öldürürkən dünya  Kiprdə nələr baş verdiyinin fərqində deyildi. Biz o zaman Türkiyənin sayəsində səsimizi dünyaya çatdıra bildik. Bildiyimə görə, sizin Qarabağın işğalı barədə dünyada məlumatsızlıq var. Qarabağ niyə işğal olundu? Ermənilər niyə Qarabağa daxil oldular? Kimlərin köməyi ilə bunu etdilər? Bu mövzuda məlumat azlığı vardır. Sizin də çağdaş əlaqə imkanlarından istifadə edərək işğal məsələsini dünyaya çatdırmağınız lazımdır. İnanıram ki, ən doğru şəkildə bu işğalın sona çatdırılması yolları tapılacaqdır.

 

-Şimali Kiprin Azərbaycan tərəfindən rəsmi olaraq tanınması məsələsində yunanların Dağlıq Qarabağ kartından istifadə etməsi nə qədər doğrudur? Söhbət “Biz də Qarabağın müstəqilliyini tanıyarıq” təhdidindən gedir.

 

-Rumlar, yunanlar və ermənilər Kiprlə Qarabağ mövzusu arasında şəxsi mənfəətlərinə uyğun paralellik qurmağa çalışırlar. Lakin, bu çox yanlışdır. Qarabağ Azərbaycanın bir parçasıdır. Orada tarixən azərbaycanlılar yaşayıb. Ermənilər silahlı basqınları nəticəsində Azərbaycanın bir parçasını işğal etdilər. Oradakı azərbaycanlılar köç etmək məcburiyyətində qaldılar. Dolayısı ilə burada tamamilə işğal mövzusu vardır. Halbuki Kiprdə vəziyyət tamamilə başqadır. Kiprdə rumlar və türklər yaşayır. Bu torpaqlar onlar üçün ortaq vətəndir. 1960-cı ildə ingilislər Kipri tərk etdikdən sonra Kiprin müstəqilliyini tanıdılar və türklərlə rumlar bir ortaqlıq Respublikası qurdular. Fəqət Kiprdəki rumların məqsədi bu Respublikanı müstəqil olaraq yaşatmaq deyildi. Onların məqsədi Kipri ən qısa zamanda Yunanıstana bağlamaq idi. Müstəqillikdən üç il sonra 1963-cü ildə Kipri Yunanıstana bağlamaq üçün Kiprli türklərə qarşı silahlı basqınlara başlanıldı. Kipr türkləri Kiprin Yunanıstana birləşdirilməsi yolunda başlıca əngəl olaraq görülürdü. Bu əngəlin aradan qaldırılması üçün bizi silah gücü ilə 1960-cı ildə qurulan Kipr Respublikasından kənara atdılar, bizi ortaqlıqdan qovdular. Öz ölkəmizdə qonaq kimi yaşayan insanlar olduq. Bu dövrdə Kipr türklərinin 20-25%-i qaçqın oldu. Beləliklə öz ölkəmizdə qaçqın vəziyyətində qaldıq. Bu vəziyyət 11 il davam etdi. 1974-cü ildə rumlar inqilab edərək Kipri Yunanıstana birləşdirmək istəyərkən Türkiyə 1960-cı il razılaşmasına əsasən qarant ölkə olaraq Barış hərəkatı adı ilə Kiprə müdaxilə etdi və Kiprli türklərin toplu qətliamının qarşısını aldı. Nəticədə Şimalda türklərin yaşadığı Şimali Kipr Türk Respublikası və cənubda rumların yaşadığı Cənub Kipr Rum Respublikası yarandı. Dolayısı ilə Qarabağla Kiprdə vəziyyət eyni deyildir. Rumlar, yunanlılar və ermənilər öz mənfəətlərinə uyğun şəkildə yanaşırlar.Qarabağ Azərbaycanın bir parçasıdır

 

-Belə demək olar ki, işğala, zora məruz qalan bizlər əvəzində təhdid edən onlar…

 

-Təbii ki, rumların bir neçə kənddə toplu qətliamı oldu. Xocalı qətliamına bənzər qətliamlar 1963-1964, eyni zamanda 1974-cü illərdə törədildi. 17 günlük körpələrdən 90 yaşına qədər qocalara qədər türklər öldürülərək toplu məzarlarda dəfn edildilər. Qarabağda da ermənilər tərəfindən  silahlı müdaxilə, işğal və qətliam törədilmişdir. Kiprdə rumların başlatdığı silahlı basqınlar, türkərin öldürüldüyü və toplu şəkildə dəfn olunduğu məzarlar vardır.  Sonucda Türkiyənin Kiprdə bir müdaxiləsi vardır.

 

-Sizə elə gəlmir ki, Azərbaycan Qarabağın işğalı ilə bağlı Şimali Kiprlə eyni taleyi bölüşür? Söhbət təbii ki, beynəlxalq ictimaiətin yanaşmasından gedir.

 

-Bəli, dünya çox təəssüf ki, mənfəət dünyasıdır. Kiprdə 1960-cı ildə qurulan ortaqlıq Respublikasından rumlar bizi kənara atdılar. Özləri təkbaşına dövləti təmsil etməyə başladılar. Dünya isə bizsiz onları qəbul etdi. Amma bizim də haqlarımız var. Bizim haqları ayrı tanımağı da qəbul etmirlər. Ortaq dövlətdəki haqqımızı da vermirlər.Dünya belə ədalətsiz bir dünyadır.Əgər siz güclüsünüzsə istədiyinizi dünyaya qəbul etdirəcəksiniz.Əgər güclü deyilsənizsə heç bir qurum, ölkə sizə o haqqı verməyəcək. Eyni hal Azərbaycanda Qarabağ məsələsində yaşanır. 20 ildən artıqdır ki, Qarabağ işğal altındadır. Bu vaxta qədər hər hansı bir ölkə, qurum meydana çıxıb -azərbaycanlılar haqlıdır, onların torpaqları işğal altındadır, o torpaqların dərhal boşaldılması lazımdır dedimi? –demədi. Demək ki, işlərinə uyğun gəlmir. Hal-hazırdakı staskvo onların da işinə yarayır. Məsələnin içərisində Ermənistan var, Rusiya var. Azərbaycan o torpaqlara qovuşub – qovuşmaması onların marağında deyil. Eyni yanaşma Kipr türklərinə də vardır. Kipr türklərinin insan haqları tapdanır, dünyadan təcrid halında yaşamağa məcburdurlar. Rumlar bu dövləti tanımamaqda israr edirlər. Zamanın ixtiyarına verərək bizimlə anlaşmaqdan qaçırlar. 50 ildir ki, Kipr mövzusunda rumlarlagörüşürük, amma bu məsələni həll edə bilmədik. Dolayısı ilə bu mövzuda bir yanlışlıq var. Rumlar əllərindəki Kipri təmsil etmək gücü bizimlə bölüşmək istəmirlər. Eyni yanaşma Qarabağda da vardır. Başqa gücləri təzyiq altına salmamaq üçün Qarabağ mövzusunu önə çıxarmamağa çalışırlar.

 

-Cənab Səfir, müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.

 

-Məndə təşəkkür edirəm. İnşallah ən qısa zamanda həm Qarabağın işğaldan azad olunması, insanların öz yurdlarına geri dönməsi, həm də Şimali Kipr Türk Respublikasının dünyada yerini layiqincə ala bilməsi üçün lazımı inkişaf olur deyə ümid edirəm.

 

 

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

24.09.2013 13:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*