Azərbaycanca

“Qarabağ bizim ana dərdimizdir”

01.03.2014 | 16:12

1393675789_aybeniz-has4Əməkdar artist Aybəniz Haşımova “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibə verib:

 

 

  -Aybəniz xanım, Vətən sizin üçün nə deməkdir?  

 

-Vətən mənim nəfəsimdir, doğulduğum torpaqdır. Ən əsası isə Vətən mənim anamın qucağıdır. Hər gün səbirsizliklə gözləyirəm ki, biz torpaqlarımıza qayıdacağıq. İnanıram ki, mən dünyadan getməmiş torpaqlarımız qayıdacaq. Bizim Vətənimiz heç kimin əlində olmamalıdır, özümüzə qayıtmalıdır. Əgər biz torpaqlarımızı qaytarmasaq, gələn nəsillər bizi qınayar. Lazım olsa canımızla, qanımızla torpaqları geri alacağıq. Sadəcə, mən istəmirəm ki, gənclərimiz dünyadan köçsünlər. Hər dəfə bir şəhidin torpaq yolunda qurban getməsi mənim qaysaq bağlamış yaralarımı yenidən qoparır. Özümdən asılı olmayaraq, bu mənim artıq canıma hopmuş bir ana dərdimdir. Amma ümidlərim böyükdür, inanıram ki, Allahın izni ilə, dövlətimizin siyasəti nəticəsində ümidlərim boşa çıxmayacaq.   

 

-Qarabağda ilk olaraq haranı görmək istərdiniz?  

 

-Ağdərəyə getmək istəyərdim. Ona görə ki, Ağdərənin Manikli kəndində 1992-ci ildə mənim övladımın atası o torpağın azad olunmasında, Ağdərənin 7 kəndinin alınmasında böyük şücaətlər göstərərək, qəhrəmancasına şəhid olmuşdur. O kəndi ilk öncə görməyi çox istəyirəm. Onun qanı tökülən yerə müjdə aparardım ki, ruhu şad olsun, axır ki, torpaqlarımız geri qayıtdı.  

 

-Gənclərimizin vətənpərvərliyindən razısınızmı?

 

  -Gənclərimiz bu sahədə çox fəaldırlar, bunu sosial şəbəkələrdə görürəm. Amma gənclərimizdə bəyənmədiyim bir cəhət onların çox aqressiv olmaqlarıdır. Bu da yaxşı nəticələr vermir. Bu məni qorxudur. Mən istərdim ki, gənclərimiz daha çox maariflənsinlər. Son zamanlar gənclərimiz arasında diplom almaq iddiası çox, amma savadlı olmaq iddiası azdır. Bu, mənim xoşuma gəlmir. Mən təhsil aldığım dövrdə gənclərin 90%-i çox savadlı idi. Bütün gənclər çalışırdılar ki, öz savadlarını daha da artırsınlar. Amma indi nəyə görəsə gənclərdə bu çox azdır. Elə bil gənclərin öz həyatlarına rəhmləri azalıb. Biz çalışmalıyıq ki, gənclərimizə dəstək olaq. Biz çalışmalıyıq ki, gənclər irəli getsin. Allah gənclərimizi qorusun. Bütün gənclərimizi lider görmək istəyirəm, qəhrəman görmək istəyirəm, amma dünyalarını tərk etmədən. Allah hamının balasını qorusun. Əvvəlcə gənclər özlərini qorumalıdır, sonra da bizim borcumuzdur ki, onlara dəstək olaq, onları irəli aparaq. Biz indi istədiyimiz savadlı gəncimizi dünyada tanıda bilərik. Amma Sovet İttifaqı dövründə bu mümkün deyildi. O zaman istədiklərinə icazə verirdilər, istəmədiklərinə icazə vermirdilər. Üstəlik də bütün uğurlar SSRİ-nin adına yazılırdı. Amma indi şükür Allaha ki, azad bir dövlətik. Bütün uğurlarımız Vətənimiz üçündür. Ona görə də, çalışmalıyıq ki, uğurlarımız çox olsun.  

 

-Qarabağ itkisi musiqimizə necə təsir etdi?

 

  -Qarabağ itkisi hələ də bizi ağrıdır, yaralı yerimizdir. Yaramız hələ sağalmayıb. Sağalacaq o zaman ki, Qarabağ geri qayıdacaq. Şuşa, Laçın başda olmaqla bütün tapdaq altında olan torpaqlarımız geri qayıdacaq ki, bizim yaramız sağalsın. Canımızın bir parçası Qarabağdır. İnşallah Qarabağ geri qayıdacaq. Mən buna inanıram, prezidentimizə inanıram. Mən özümü Heydər Əliyevin mənəvi övladı sayıram və onun illərdən bəri Azərbaycan üçün atdığı addımlara güvənərək, söyləyirəm ki, torpaqlarımız geri qayıdacaq. Mən istəyirəm ki, torpaqlarımız qan tökülmədən geri qayıtsın.

 

  -Ermənilərin musiqilərimizi oğurlamasına qarşı hansı işlər görülməlidir?  

 

1393675994_aybeniz-has1-Bunlar ermənilərin köhnə adətidir. Onlar bunu sovet dövründən etibarən həyata keçirirlər. Ermənilərin özlərinin musiqisi yoxdur. Ümumiyyətlə, onların heç nəyi olmayıb. Onlar qaraçı kimi bir millətdirlər. Tarix boyu ondan-bundan oğurlaya-oğurlaya özlərinə yer tapmağa çalışırlar. Biz də öz musiqimizi dünyaya düzgün formada çatdırmalıyıq ki, dünya görsün ki, o musiqilərin kökü necə olubdur. Bizim musiqinin ana xətti dəyişməməlidir. Ona görə ki, ana xətt dəyişilsə erməni onu asanlıqla özününküləşdirə bilər. Biz əgər ana xətti qoruyub saxlasaq, ana xətt doğru şəkildə təqdim olunsa, heç kəs onu öz adına çıxara bilməyəcək. Azərbaycan musiqisi o zaman qorunub saxlanacaq ki, onun ana xətti dəyişməyəcək. Çünki ana xətt toxunulmazdır. Ana xəttə toxunmamaq şərti ilə musiqimizə yenilik gətirmək olar. Musiqi bəstəkarın bəstələdiyi kimi olmalıdır, o zaman da bizim nəticələrimiz göz qabağında olacaqdır.  

 

 

 

  Sevda Qurbanqızı  

“KarabakhİNFO.com” 

01.03.2014 16:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*