Azərbaycanca

Qarabağ həsrətli Qarabağ atı

15.12.2014 | 11:11

nezirmemmed zohrabli

Nəzirməmməd Zöhrablı

Söz Azadlığını Müdafiə Fondunun eksperti

 

 

Bu gün mənim dənizimdi, Qarabağ düzü

Kəhər atın tozanağı “Doqquzuncu val”.

 

Məmməd Araz

 

 

Ölməz şairimiz Məmməd Araz dünyamiqyaslı Qarabağ cins atlarının spesifik çalarlarını özündə əks etdirən bu poetik nümunəni qələmə alanda bizim Qarabağ adlı münaqişə-müharibə ocağımız yox idi. Hələ tarixən dünyanın nüfuzlu dövlət xadimlərinin, zəngin adamlarının diqqətini cəlb etmiş Qarabağ atları elə öz doğma məkanlarında – ucsuz-bucaqsız örüş sahələrində, Cıdır düzü ətrafında yetişdirilirdi. Cinsin özəlliklərini qorumaq üçün Ağdamda at zavodu da yaradılmışdı. Amma əsas qaçağan atlar yenə də füsunkar, bərəkətli, dəmyə Qarabağ torpaqlarında yeyib oynaqlaya-oynaqlaya təbii şəraitdə böyüyən cinslərdən yetişirdi. Elə kralların, çarların, zadəganların, tacirlərin diqqətini çəkən də təbii şəkildə böyümüş atlar idi. İngilis kraliçasının, fransızların Qarabağ atlarını ya hədiyyə, ya da satın almaqla öz ölkələrinə apardıqları barədə xeyli faktlar mövcuddur.

 

 

Məmməd Araz Qarabağ atının şöhrətini, fədakarlığını görün hansı məqamlarla müqayisədə abidələşdirib. Dünyaca tanınmış rəssam Ayvazovskinin “Doqquzuncu val” əsərini yəqin ki, görənlər var. Vahiməli bir səhnədi. Qasırğa nəticəsində gəminin suya batdığını görən bütün heyət və sərnişinlər çaşqınlıq, dəhşət içərisindədirlər. O zamanın gəmisində isə təbii ki, yalnız bir dor ağacı var. Batan gəmidəki bütün insanlar o bircə dor ağacına can atır xilas üçün… Şair də Qarabağ atının dırnağından qopan tozanağı həmin o vahiməli səhnə ilə müqayisə edib və gözəl bir bənzətmə – oxucunun diqqəti önündə qorxulu da olsa, süjetli bir mənzərənin yaranması ilə bitirib. Azərbaycanlı oxucu bu səhnəni gözləri önündə canlandırdıqdan sonra ani olaraq yuxudan ayılırmış kimi söhbətin Qarabağ atının tozanağından getdiyinin fərqinə varır və o müdhiş səhnəni tez unudaraq xüsusi fəxarət hisləri altında daxilən yüngülləşir. Qarabağ atının yaratdığı tozanaq xeyirədi, cıdırlaradı, xoş xəbər müjdəçisidi və s.

 

 

Bu mövzunu yazı üçün hədəfləyəndə Qarabağ atlarının tarixi və müasir nailiyyətləri, ümumən qorunub-saxlanma tarixi ilə bağlı faktlara kiçicik bir ekskurs etdim. Aydınlaşdırdım ki, “Qarabağ atı adıçəkilən ərazilərdə yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. Daha qədimlərdə sadəcə yük, minik və qoşqu heyvanları kimi saxlanılan bu at cinslərinin XVII-XVIII əsrərdə Qarabağ xanlığı tərəfindən təkmilləşdirilməsinə başlanılır. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Ən yaxşı atlar Şuşa-Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar zaman-zaman böyük və daim dünyanın siyasi-iqtisadi-mədəni düzənini idarə edən ölkələrinə, daha sonralar isə Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına aparılıb. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları xüsusi yer tutur”.

 

 

Qarabağ atlarının göstəriciləri ilə bağlı bəzi məlumatları da qeyd edək: “Bu cins yüksək qaçış sürəti ilə seçilir. Onların hələlik rekord sürəti 2400 metr məsafəni 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu isə atçılıqda dünya rekorduna çox yaxın bir rəqəmdir. Bu atlar adi yüyrək yerişlə saatda 8 kilometr məsafədən çox yolu qət edirlər”.

 

 

19 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, “Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın”.

 

 

Cinsin qorunması naminə atılmış bu addım hansı göstəricilərə gətirib çıxaracaq, bunu yaxın zaman göstərəcək. Amma Qarabağ atını Qarabağsız yetişdirmək mümkün olacaqmı?!

 

 

Bu gün Qarabağ çölləri bu atı çox intizarla gözləyir. Elə Qarabağ atları da o doğma yurdlarının və çöllərinin həsrətindədir ki, təbii şəraitdə yetişib dünya atçılıq meydanlarında cövlana gəlsinlər.

 

“KarabakhİNFO.com”

 

 

15.12.2014 11:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*