Azərbaycanca

Qarabağ mədəniyyəti

18.05.2012 | 13:15

1337328856_mescidOrta əsrlər İraq-ərəb şairi Əbu Nuvas deyirdi : “Mədəniyyətin tarixini dörd sözlə ifadə etmək olar : Çox bilən çox bacarır!”

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə hər zaman fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Ümumi zənginliyin bir hissəsi də məhz hamımıza doğma olan Qarabağ mədəniyyətidir.

Bu yazıda Qarabağ mədəniyyəti haqqında qısa həcmdə, amma dolğun və ensiklopedik məlumatları diqqətinizə təqdim edirik.

Beləliklə, Qarabağ bölgəsi nəinki, Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir.

Orta əsr mənbələrində hətta İslam dininin Azərbaycanda qəbud edildiyi və sonrakı dövrlərdə Azərbaycanda eyni vaxtda alban xristian məbədlərinin mövcud olduğunu və qorunub saxlandığını göstərən məlumatlar verilir. Qarabağ ərazisində ayrı-ayrı dövrlərdə müxtəlif dinlər biri digərini əvəz etmişsə də, bunlar öz tarixi-etnik torpağına bağlı olan yerli xalqın tarixi taleyində baş verdiyindən, dinin özü və dini inanclar dəyişsə də, xalq bir qayda olaraq adət-ənənə özəlliyini, milli xüsusiyyətini qoruyub saxlamışdır. Ancaq bu həmişə və hər yerdə eyni olmamışdır.

Qarabağda müxtəlif dinlərin mövcud olması cəmiyyətin ictimai həyatına böyük təsir göstərmişdir. Bu insanların məişətində, mənəvi dünyasında, habelə şəhərsalma mədəniyyətində – ictimai və dini binaların, tikinti komplekslərinin memarlıq üslubunda, şəhərlərin quruluşu və planlaşdırılmasında müəyyən rol oynamışdır. Bu regionun əsas əhalisi gəlmə ermənilərdən fərqli olaraq, mənşə, dil və mədəniyyət etibarı ilə min illərlə Böyük Qafqaz dağları ilə Araz çayı arasında yaşamış türk mənşəli və Qafqaz dil qrupuna mənsub olan etnik qruplardan ibarət olmuşdur.

İndi isə Qarabağ ədəbiyyatı haqqında qısa şəkildə məlumat verək.

Orta və son orta əsrlər Qarabağ ədəbiyyatı haqqında bunları deyə bilərik. Azərbaycan-türk mədəniyyətində, əbədiyyatında bir sıra faktların ilkinliyi, ilk başlanğıcı, bünövrəsi etibarilə Qarabağ ədəbi mühiti ilə bağlı olduğunu müşahidə edirik. Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik elmə məlum olan ilk qarabağlı şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağın adıdır. Onun bu günə gəlib çatan yeganə şeri Alban-Partav-Bərdə çarı Cavanşirin erməni keşişlərinin fətvası ilə qətlinə yazdığı və bizə tərcümədə gəlib çatmış ağı janrında kamil şeir mətnidir. Bu mətnin məzmunu, ideya-estetik xətti və üslııbu onun Cavanşir kimi bir sərkərdəyə, hökmdara ağı, şeir həsr etməsi sübut edir ki. Davdağ dövrünün qüdrətli, tanınmış söz sənətkarı olmuşdur.

XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqani olmuşdur. XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair fəaliyyət göstərmiş, əsərlərindən hələlik əldə olmasa da, “Həqiqətüs -şüəra” da və başqa mənbələrdə hörmətlə adı çəkilir. XV əsrdə Qarabağlı Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəyi dövrünün Şeyx tituluna yüksəlmiş, Gülşəni təxəllüsü ilə ədəbiyyat aləmində olduqca məşhur olmuşdur.

XVI əsrdə yaşayıb-yaratmış, Şah İsmayıl Xətai sarayının doğmalarından olan, ustadlar-ustadı Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşıq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və Molla Pənah Vaqifın adları çox mətləblərdən xəbər verir. Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoyaraq, XIX əsrdə realizm ədəbi metodunun yaranmasma və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur.

İlk Azərbaycan professional qadın aşığını da Qarabağ yetişdirmişdir və Aşıq Pəri şəxsiyyəti (XIX əsr) buna əyani bir sübutdur. Lakin, artıq, bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdir.

Qarabağ ədəbi mühitini o dövrdə bütün regiona yayılmış xalq ozan və nağılçıları, şair və aşıqları, musiqi və şer məclisləri hər bir yerdə yaradırdılar. “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinə Şuşada Xan qızı Xurşudbanu Natəvan və Mir Möhsün Nəvvab başçılıq edirdilər. Bu məclislərdə 40-a qədər şair fəaliyyət göstərir, Gəncədə, Şamaxıda, Bakıda, Şəkidə olan ədəbi məclislərdə bir yerə toplaşırdılar.

Aşağıdakı faktları təkcə qarabağlılar yox, ümumilikdə hamımız bilməli və təbliğ etməliyik :

Molla Pənah Vaqif – ilk realist şerin banisi, Qasım bəy Zakir – Azərbaycan satirasının bünövrə daşını qoyan bir sənətkar, Azərbaycanda maarifçi realizmin banilərindən biridir; Aşıq Pəri -Azərbaycanın ilk professional klassik qadın aşığı; Xurşudbanu Natəvan – Məhsəti Gəncəvidən sonra Azərbaycanın qüdrətli qadın şairəsidir; Əbdürəhim bəy Haqverdiyev – ədəbiyyatımızda tarixi dram janrının banisi, ilk opera rejissoru vo dirijoru,  “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramının və “Dağılan tifaq” (1896) “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrinin, “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

Dünya musiqisinin əvəzolunmaz şəxsiyyətlərindən biri Üzeyir bəy Hacıbəyov – dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəliifı, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi, “Çağırış” , “Yaxşı yol” , “Ananın oğluna nәsihәti” , “Şәfqәt bacısı” , “Döyüşçülәr marşı” vә s. vәtәnpәrvәr ruhlu mahnıların, elәcә dә xalq çalğı alәtlәri orkestri üçün “Cәngi” (1941) pyesinin, “Vәtәn vә cәbhә” (1942) kantatasının,  “Sәnsiz” (1941) vә “Sevgili canan” (19431 romanslarının, “Koroğlu” operasının, “Arşın mal alan” musiqili komediyasının, . “Azәrbaycan xalq musiqisinin әsasları” (1945) fundamental tәdqiqat әsәrinin və bir dəyərli əsərlərin müəllifidir;

Yusif Vəzir Çəmənzəminli – ilk tarixi romanlar müəllifi, yazıçı-etnoqraf, folklorşünas, diplomatdır;

Ceyhun bəy Hacıbəyli – yazıçı, publisist diplomat, folkorşünasdır (Parisdə ilk dəfə “Qarabağ folkloru” kitabını fransızca və orijinal mətnlərlə çap etdiribdir);

Əhməd bəy Ağayev – Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk “Difai” milli təşkilatının yaradıcısıdır;

Firudin bəy Köçərli – ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiridir;

Süleyman Sani Axundov – ilk uşaq ədəbiyyatının yaradıcılarından biri, “Laçın yuvası” dramında Azərbaycan mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, yazıçı-pedaqoqdur;

Nəcəf bəy Vəzirov – görkəmli yazıçı-publisist, mühərrir, Şekspirin (“Otello”) ilk tərcüməçisi, M.F.Axundov ənənəsinin layiqli davamçısı, ədəbiyyatımızda ilk faciə janrının, Azərbaycan teatrının (H.Zərdabi ilə birlikdə) banisi, ilk müəllim-aktyordur.

XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri, Ü.Hacıbəyovun bilavasitә yetirmәsi, xәlәfi vә әnәnәlәrinin davamçısı olan Fikrət Əmirov dahi bəstəkar, “Sevil” operasının (1953), “Ürәkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarının, “Nәsimi dastanı” (1973), “Min bir gecә” (1979), “Nizami” 1984) baletlәrinin, “Şur” , “Kürd Ovşarı” və “Gülustan Bayatı -Şiraz” kimi dəyərli əsərlərin, müəllifidir;  Rəşid Behbudov görkəmli Azərbaycan müğənnisi və ictimai xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş səntkardır ;

Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül – adı qeyri-adi dərəcədə gözəl səsinə görə verilmişdir) Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatıdır, 1920-ci ildәn Birlәşmiş Dövlәt Teatrı opera truppasının (1924 ildәn) solisti olmuş, Üzeyir Hacıbəyovun “Leyli vә Mәcnun” vә “Әsli vә Kәrәm”, Z.Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Sәlam, Kәrәm və Qərib rollarında çıxış etmişdir ;

Cabbar Qaryağdıoğlu (1861 – 1944) XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Onun “Şahnaz”ı, “Qatar” ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsrlik ənənələri vardır. Qarabağ musiqi sənətində muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, Qarabağ milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir

Müxtəlif dövrlərdə Qarabağ xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Öz kökləri ilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı qayaüstü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri, zərgərlik əşyaları və s. daxildir. Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir

Qarabağın tarixi Azərbaycan tarix elminə öyrənilməli olan bir çox məqamlar bəxş edib. Onlardan biri də məhz Azıx mağarasıdır. Azıx mağarası – Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır. Mağara Azərbaycanın Füzuli rayonun ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Ümumilikdə, Qarabağ mədəniyyəti və incəsənətinin timsalında Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor Rüstəm İbrahimbəyovun “Oskar” mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

Sadiq Qaçayev

 

18.05.2012 13:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*