Azərbaycanca

Qarabağ mədəniyyətinin tarixi

05.11.2013 | 17:08

1383657377_gunel-qarabagQarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür. Qədim tarixə malik Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı incəsənəti və musiqisi ilə zəngindir.

 

 

Qarabağ musiqi, mədəniyyət beşiyi olmaqla yanaşı, həm də görkəmli ziyalıları ilə məşhur diyardır. Necə deyərlər millət öz dahiləri ilə sevilir, tanınır və qəbul edilir. Şuşanı “Kiçik Paris”,  “Zaqafqaziyanın konservatoriyası” adlandırırlar.

 

Qarabağ mədəniyyəti tarixi ilə bağlı araşdırmacı, publisist və tərcüməçi Vasif Quliyev ilə söhbətləşdik.

 

Vasif Quliyev  “KarabakhİNFO.com” e-jurnalına açıqlamasında bildirdi ki, Qarabağ bölgəsi nəinki, Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir:  “ Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

 

Qarabağlıların zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənəti tutur.  Əbəs yerə indi dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olar. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının, həmçinin Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixi var. Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir”.

 

Qarabağ mədəniyyətinin tarixiV.Quliyevin verdiyi məlumata görə, XIX əsrin ikinci yarısını Azərbaycanın, xüsusilə də Qarabağın mədəniyyətinin inkişaf və çiçəklənmə dövrü adlandırmaq olar. Bu illərdə Azərbaycanın qabaqcıl ziyalıları hesabına Azərbaycan dili elmi və ədəbi dil kimi daha geniş inkişaf tapdı. Qarabağda, Şuşada 1882-ci ildən etibarən teatr tamaşaları geniş şəkildə göstərilməyə başladı. Həmin tamaşaların fasilələrində tamaşaçılar üçün Qarabağın tanınmış xanəndələri və ifaçıları öz sənətlərini nümayiş etdirirdilər: “Məşhur xanəndələrin və üçlüklərin (tar, kamança və xanəndə) tədricən səhnə mədəniyyətinə uyğunlaşması yeni inkişaf mərhələsini təmin edirdi. Musiqi məclislərini təşkil edən, dövrün məşhur musiqiçi-şair ziyalılarının, muğamların inkişafında, onların yeni formalarının yaranmasında xüsusi səylərini qeyd etmək lazımdır. XIX əsrdə Qarabağda Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, məşhur xanəndə Hacı Hüsünün, Xarrat Qulunun, Şirvanda Mahmud Ağanın, Bakıda Mənsurovlar, Bakıxanovlar ailələrinin, məşhur tarzən Mirzə Fərəc Rzayevin öz evlərində keçirdikləri musiqi məclisləri Azərbaycanda muğam sənətinin yüksək inkişafını təmin etmişdir. Məşhur tarzənlər Mirzə Mənsur Mənsurovun, Əhməd, Məhəmmədrza Bakıxanov qardaşlarının və bir çox digəri bu məclislərdə iştirak etmişlər. XIX əsrdə Qarabağın musiqi mədəniyyətinin təkcə Qafqaz xalqları ilə deyil, eyni zamanda qonşu İranla da sıx əlaqəsi olmuşdur. XIX əsrdə Qarabağ incəsənətinin, xüsusilə də şer və musiqi məclislərinin inkişafında iki görkəmli şəxsin – Xurşud Banu Natəvanın və Mir Möhsün Nəvvabın böyük xidmətləri olub.  O, dövrün mütərəqqi ziyalılarını, şair və musiqiçilərini şer və ədəbiyyat məclisi sayılan “Məclisi-üns” toplamağa müvəffəq olmuşdur. “Məclisi-üns”ün istirakçıları şer və sənətin inkişaf istiqamətləri, onun gündəlik qayğıları haqda fikir mübadilələri aparmaqla yanaşı, ədəbi irsin xalq kütləsi arasında geniş yayılmasına çalışırdılar. Bu məclisdə Qarabağın şairlərindən Qasım bəy Zakir, Asi, Baki, Vəfa, Fəna, Şahin, Katib, Məxfi, Salar, Şəhid, Aşiq, Hadi, Asəf Lənbərani və başqaları iştirak edərdilər.Şer və musiqi məclislərinin təşkili və tərəqqisi yolunda tanınmış şair, rəssam, nəqqaş, musiqiçi və xəttat Mir Möhsün Nəvvabın rolu da xüsusi olaraq qeyd edilməlidir. Fars, ərəb, türk dillərini mükəmməl bilən M.M.Nəvvab fəlsəfə, hikmət, məntiq, eyni zamanda nücum elmini dərindən bilirdi. O, musiqini həm praktiki, həm də elmi cəhətdən yaxşı bildiyi üçün bu sahədə elmi müşahidələr, tədqiqatlar aparmışdır”.

 

Həmsöhbətimiz onu da qeyd etdi ki, XX yüzilliyin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov Hacı Zeynalabdin Tağıyevin teatrında qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır.

 

V.Quliyev  onu da qeyd etdi ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarixi və mədəniyyət abidələri qalıb.

 

Mədəniyyətimizin aparıcısı və ayrılmaz hissəsi olan Qarabağın mədəni irsini qorumaq hər bir azərbaycanlının borcudur. Çünki Qarabağ Azərbaycan mədəniyyətinə böyük xəzinələr verib. Belə bir məsəl var: “Bir xalqı, milləti yox etmək üçün əvvəlcə onun mədəniyyətini əlindən almaq lazımdır”. Amma ermənilər nə qədər çalışsalar da Azərbaycan mədəniyyətinə, xüsusilə də, Qarabağ zənginliyinə sahib ola bilməyəcəklər.

 

 

 

Günel CƏLİL

 

“KarabakhİNFO.com”

05.11.2013 17:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*