Azərbaycanca

“Qarabağ məsələsində Türkiyə Azərbaycana çox şey etməyə çalışacaq”

03.09.2014 | 18:25

toqrul1384179_10151876709089070_295784539_nToğrul İsmayıl: “Ərdoğanın prezidentliyi zamanı qarşılıqlı birgə hərbi-müdafiə protokolunun imzalanması ehtimalı var”

“Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi bir daha sübut edir ki, Türkiyə Azərbaycanla münasibətlərinə olduqca böyük önəm verir”. Bu fikirləri “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl bildirib.
Onun sözlərinə görə, xüsusilə son illərdə iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qalxıb: “Bu günlərdə Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu da bildirdi ki, Dağlıq Qarabağ məsələsinin həlli Türkiyə üçün prioritetdir. Bu bir daha göstərir ki, Türkiyə Ermənistandan daha çox Azərbaycanla əlaqələrin qurulmasına üstünlük verir. Türkiyə xüsusilə Ermənistanla sərhədlərin açılmasında Azərbaycanın mövqeyinə hörmət edir”.

 

 

T.İsmayıl Ermənistanın aqressiv xarici siyasətini davam etdirməsindən təəssüflənir: “Buna görə də Ermənistan həmişə böyük regional layihələrdən kənarda qalıb”.

 

 

Politoloq Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdiyini vurğulayıb: “İki ölkə arasında birgə hərbi texniki yardım, təlim-tədris və s. sahələrdə təcrübə mübadiləsi aparılır. Ərdoğanın prezidentliyi zamanı qarşılıqlı birgə hərbi-müdafiə protokolunun imzalanması ehtimalı var. Nəzərə almaq lazımdır ki, Türkiyə bir NATO ölkəsidir. Təbii ki, bu çərçivədə Azərbaycan tərəfsiz bir mövqe tutmaqdadır”.

 

 

Qarabağ probleminin həlli ilə bağlı Türkiyə prezidentinin hər hansı addımına gəlincə, T.İsmayıl bildirib ki, bu məsələ artıq beynəlxalq müstəviyə çıxıb: “Xüsusilə Gürcüstanda 2008-il avqust müharibəsindən sonra bəlli oldu ki, Cənubi Qafqazdakı münaqişələrin həlli artıq bölgə ölkələrindən daha çox böyük güclərin təsiri altındadır və onların müdaxiləsindən sonra nəsə gerçəkləşə bilər. Bu baxımdan Türkiyə Qarabağ məsələsi üçün çox şey etməyə çalışır. Lakin burada məsələnin əsas həll vasitələri Türkiyənin deyil, bu problemi yaradan ölkənin əlindədir. Ermənistanla Azərbaycan arasındakı son gərginlikdə də bəlli oldu ki, əslində burda Rusiya əsas gücdür. Bölgədə geopolitik vəziyyət dəyişmədikcə, hər hansı yenilikdən danışmaq doğru deyil. Qarabağ məsələsi Azərbaycana bir təzyiq vasitəsidir. Ona görə də bu məsələdə Türkiyə Azərbaycan üçün çox şey etməyə çalışacaq, amma təkcə Türkiyənin gücü yetməz”.

 

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

03.09.2014 18:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*