Azərbaycanca

Qarabağ məsələsinin aşkar gizlinləri-Fotolar

20.10.2012 | 16:37

1350732139_mg_5460Qarabağ məsələsinin aşkar gizlinləri

 

 

Hadisələrə ilk günündən şahidlik etmiş polkovnik Sadir Məmmədov məğlubiyyətimizin səbəblərini açıqlayır. 

Qarabağ itkisiylə bağlı kimi deyir satdılar, kimi deyir qoruya bilmədik, kimi də hakimiyyəti suçlayır. Fakt odur ki, artıq 20 ildən çoxdur Qarabağ işğal olunub. Həmin dövrdə Dağlıq Qarabağda baş verən hadisələrin iştirakçısı olmuş Sadir Məmmədovla bəzi gizlinlərə aydınlıq gətirməyə çalışacağıq. Qeyd edək ki, Bakı Slavyan Universitetinin müəllimi, istefada olan polis polkovniki Sadir Məmmədov uzun müddət Özbəkistanda daxili işlər orqanlarında fəaliyyət göstərib, 1988-ci ildən 1992-ci ilədək Şuşa Şəhər Polis İdarəsinin rəisi, Dağlıq Qarabağda vilayət Daxili İşlər İdarəsinin rəis müavini kimi yüksək vəzifələrdə çalışıb, Qarabağ müharibəsində ən qaynar nöqtələrdə düşmənə qarşı döyüşüb.

– 1988-ci il fevralın 11-də işə gələndə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Şöbəsinin rəis müavini, milis polkovniki Xəlil Quliyev mənə dedi ki, İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Yaqub Mahmudovla Stepanakertə gedəcəksiniz. Ermənilər torpaq iddiası ilə mitinq etmək istəyirlər. Həmin gün axşam Stepanakertə çatdıq və təxminən 500 nəfərin mitinq keçirdiyinin şahidi olduq. Sonra xəbər gəldi ki, Xocavənddə toqquşma baş verib. Azərbaycanlılar Ağdam Partiya Komitəsinin qarşısına toplaşıblar, ermənilərin bədnam hərəkətlərinin qarşısının alınmasını tələb edirlər. Mən ora gedəndə gördüm ki, Ağdamın o zamankı birinci katibi Sadıq Murtuzayev cammaatı sakitləşdirir, evlərinə qayıtmalarını məsləhət görürdü. Geriyə Stepanakertə qayıtdıq. Mitinqçilərin yanına tez-tez gedirdim. Onlara yemək-içmək verirdilər. Onda başa düşdüm ki, bu süni şəkildə qaldırılmış bir məsələdir. Nəticənin ağır və acınacaqlı olacağı əvvəlcədən gözlənilirdi. Mitinqdə “Ana Ermənistan Artsax səninlədir”,  “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” kimi şüarlar səsləndirilirdi. Mitinq iştirakçılarından məqsədlərinin nə olduğunu soruşanda deyirdilər ki bizi mitinqə çıxmağa məcbur edirlər. Onlar arasında güclü təşkilatlanma gedirdi. Vilayətin ərazisində vəziyyət ciddiləşirdi, azərbaycanlılar təhqir olunurdular. Belə bir vəziyyətdə Sov. İKP MK-nın katibi Razumovski Stepanakertə gəldi bundan sonra mitinq və tətillərin dalğası daha da genişləndi. Artıq Ağdam və Şuşada da etiraz mitinqləri keçirilirdi. Fevralın 22-si səhər saatlarında qərargaha məlumat verildi ki, Ağdamdan Əsgəran istiqmətində insan axını gəlir. Əhalini sakitləşdirib saxlamaq mümkün deyildi. 13-14 yaşlı uşaqlar da qorxmadan irəli gedirdilər. Ermənilər də hazır vəziyyətdə insan axınını qarşılamaq üçün irəliləyirdilər. Ermənilər Şuşadan gələn “QAZ-21” maşınını parça-parça etmişdilər. Sərnişinləri isə al qana boyamışdılar. Bunu görən azərbaycanlı axını daha hiddətləndi. Erməni tərəfdən artıq güllə səsələri eşidilirdi. Artıq Bəxtiyar Quliyevi (Qarabağ münaqişəsinin ilk şəhidi-N.Q.) ermənilər qətlə yetirmişdilər. Vəziyyət idarəolunmaz bir şəkildə idi.

 

– O zaman Xuraman Abbasovanın yaylığını yerə ataraq camaatı geriyə qayıtmasına təkid etməsi sonradan da birmənalı şəkildə qəbul olunmayan məqamlarla yadda qaldı.

 

–  Düzdür, bu məsəsləni o vaxt bəzi kütləvi informasiya vasitələrində çox şişirtdilər. Amma Xuraman xanım vətənpərvər bir insan olaraq və adət-ənənəni əsas tutaraq belə etdi. Buna baxmayaraq sonra Əli Hacıyevin də öldürüldüyü məlum oldu.

 

 

– İlk şəhidimizi qətlə yetirən erməninin sonrakı taleyi də müəmmalı 1350732392_mg_5453qaldı…

 

–  Ermənilər 1988-ci il fevralın sonunda “Sumqayıt hadisəsi”ni törətdilər. Artıq mən Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrin təhqiqatı ilə məşğul olurdum. Bu təhqiqatlarda SSRİ baş prokurorunun mühüm işlər üzrə baş müstəntiqi Maydanyuk da iştirak edirdi. Onunla 1983-cü ildə Özbəkistanda tanış olmuşdum. Bu tanışlıqdan istifadə edərək Bəxtiyar Quliyevin də qətlə yetirilməsi işini açdıq və apreldə Maydanyuk Əsgəranda işləyən Cəbinin həbs qərarını verdi. Qorxulu olsa da, Əsgərana – rəis Avagimyanın yanına getdik və Cəbini mənə təhvil verdilər. Mən isə onu Ağdamda ruslara təhvil verdim. Sonradan necə olmuşdusa Cəbini 2 aydan sonra həbsdən azad etmişdilər. Maydanyuk məsəsləyə belə don  geyindirmişdi ki, guya Cəbi odlu silahdan istifadə edib, iki azərbaycanlını öldürməsəydi, kütləvi qırğın baş verə bilərdi.

 

– Təkrar toqquşmalara səbəb olan və əhalini hiddətləndirən nə idi?

 

– Ermənilərin özbaşınalığı və azğınlığı, Azərbaycan hökumətini acizliyi, Mərkəzin (SSRİ-nin) erməniləri müdafiə etməsi, Şuşa-Ağdam yolunda azərbycanlıların ermənilər tərəfindən daşa, gülləyə tutulması, əhalidən ov tüfənglərinin yığılması əhalini ən çox hiddətləndirən məqamlar idi. Qorbaçov isə bu hadisələrə son qoymaq istəmirdi, əksinə qızışdırırdı.

 

– O dövrdə əhalidən silahların yığılması başadüşülən idimi?

 

– Moskvadan göstəriş verirdi ki, silahlar yığılsın. Guya bir azərbaycanlı belə hücum edə bilərdi. Amma faktiki onlar bizi tərksilah etdilər. Mən 1989-cu ildə Şuşada polis rəisi idim, hətta mənim belə silahım yox idi. Sonra Məhəmməd Əsədovun köməkliyi həbsxanadan 9 dənə borc avtomat aldım verdim polislərə ki, Şuşanı müdafiə etsinlər. Çox silah yığılmışdı sonra o silahların Gəncəyə aparıldığini dedilər. Sonrakı aqibətini isə yəqin ki hərbçilər daha yaxşı bilər.

 

1350732447_mg_5462– Xüsusilə 20 Yanvar hadisələrindən sonra Qarabağda vəziyyət daha da gərginləşdi…

– Bakıda rus hərbçilərinin əli ilə törədilən “20 Yanvar” qırğınından sonra Yuxarı Qarabağda  Xüsusi İdarəetmə Komitəsinin fəaliyyəti dayandırıldı. Əvəzində isə Respublika Təşkilat Komitəsi yaradıldı və Viktor Polyaniçko komitəyə sədr təyin olundu. Əvvəlcə onun fəaliyyəti respublika rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmədi. O zaman ermənilər özləri Qarabağı tərk etmək istəyirdilər və bunun üçün məqam axtarırdılar. Polyaniçko özü şəxsən ermənilərin köçürülməsi üçün əlindən gələni edirdı. Amma təəssüf ki, buna qarşı çıxanlar var idi. Çünki , hakimiyyətə gəlmək üçün “Qarabağ oyunu” hələ davam etməli idi.

 

– Yeri gəlmişkən Polyaniçkoya olan münasibət də birmənalı deyildi…

 

– Polyaniçkonun fəaliyyəti elə ermənilərin köçürülməsi ilə bağlı planından aydı-açıq görünür. Sovet imperiyasınin emissarı adlandırılan bu şəxs erməniolərin köçməsini istəyirdisə, bəs maneçilik edənlər kimə xidmət edirdilər? Polyaniçkoya qarşı tez-tez sui-qəsdlər təşkil olunurdu. Xocalı rayonunun icra hakimiyyətinin başçısı Elman Məmmədovla Polyaniçkonun qəbul otağında idik. Qəflətən partlayış baş verdi, hər tərəfi tüstü bürüdü. Sən demə, Polyaniçkonun otağına qranatamyotla atəş açmışdılar. O, yaralanmasına baxmayaraq, dedi ki, iclası keçirməliyik. Yoxsa ermənilər bizim zəif olduğumuz qənaətinə gələ bilərlər. Sonralar da onun əleyhdarları danışırdılar ki, bu Polyaniçkonun özünün qurğusu olub. Amma bu inandırıcı deyildi. Çünki onun özünə dəfələrlə təzyiqlər edildiyinin şahidi olmuşdum. Pis-yaxşı Polyaniçko Azərbaycanın mənafeyini  müdafiə edənlərdən idi. Belə olmasaydı Polyaniçko Təşkilat Komitəsinin rəhbərliyindən gedən günün səhərisi idarənin üzərindəki bayrağı götürdülər. Məhz bundan sonra hadisələr bizim əleyhimizə inkişaf etməyə başladı. Eyni zamanda komitənin Stepanakertdən Ağdama köçürülməsi Qarabağda məğlubiyyətimizi sürətləndirdi.

 

– Yaxın keçmişdə baş verən bu hadisələrə nəzər saldıqda bir daha aydın olur ki məğlubiyyətin bir səbəbi də idarəçiliyə nəzarətin zəif idarə olunması idi. Necə düşünürsünüz Qarabağı itirməmək üçün nə baş verməli idi?

 

–   Mənim Bakıya ünvanladığım onlarla teleqramlar var və həmin teleqramlarda o vaxt laqeydlik göstərən məmurlara müraciətlərim əks olunub. Hesab edirəm ki, hadisələr məcrasından çıxan zaman yalnız və yalnız Heydər Əliyev haklimiyyətdə olsaydı, Qarabağ itkisi deyilən bir məfhum olmayacaqdı. Çünki, o dövrdə xalqı avantürist fikirlərdən, didişmələrdən çəkindirəcək yeganə şəxs Heydər Əliyev ola bilərdi. Belə olan halda təbii ki, məğlubiyyət də olmayacaqdı.

 

 

 

Naibə Qurbanova

KarabakhİNFO.com

 

20.10.2012 16:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*