Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: Zəngilan təamları

31.10.2014 | 15:51

qarabag metbexi5555Azərbaycanda xörəklərin reseptlərinin yaradılması tarixi əsrlərin dərinliklərinə gedib çıxır, əslən aşpaz olan sülalələrin təcrübəsinə əsaslanır və hal-hazırda da qorunub saxlanılır.

 
Əbəs yerə deyil ki, ölkəmiz uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Alimlər bu fenomeni əlverişli iqlim, düzgün həyat tərzi, ekoloji cəhətdən təmiz məhsullar və düzgün qidalanma prinsipləri ilə izah edirlər. Dünyanın bir çox ölkələrindən gələn kulinariya qurmanlarını da Qarabağ mətbəxinin nəfisliyi və xörəklərinin zərif ətri valeh edir.

 
Bu mətbəx bənzərsizdir və kulinariya texnikası spesifikasına və milli koloritə malikdir, bu da özünü Qarabağ qonaqlığı ənənələrində büruzə verir. Xörəklərin tərkibinə və çoxsaylı olmasına görə o, çox müxtəlif, sağlamlıq üçün faydalı mətbəxlərə aiddir, ətirli göyərti və zərif ədviyyələrlə tamamlanan hər cür ət, balıq və tərəvəz xörəklərinin bolluğu ilə fərqlənir. Ənənəvi Qarabağ mətbəxi orijinal və təkrarsızdır, onları digər milli mətbəxlərin xörəkləri ilə qarışıq salmaq olmaz.

 
Bu, sirr deyil ki, Qarabağ kulinariya sənəti hər yerdə daima rəğbətlə qarşılanır. Məhz Zəngilan mətbəxinə aid xörəkləri – dolma, plov, isti xörəkləri buna misal göstərmək olar.

 
konulZəngilan mətbəxi barədə əslən həmin bölgədən olan psixoloq Könül Vaqifqızı “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına məlumat verdi.

 

 

Müsahibimizin dediyinə görə, o Zəngilan mətbəxinin özəllikləri barədə anası və nənəsindən öyrənib: “İlk olaraq nənəmin gözəl hazırlaldığı “Unlu umac” halvası haqqında deyim. “Unlu umac”ı hazırlamaq üçün 200 qr qara un , 1 lt su, 1 ədəd soğan, 100 qr ərinmiş yağ, zövqə görə duz, istiot və sarıkök vurulur.
Umac isti halda yeyilir. Soyuqdəymədə, boğaz ağrısında olan xəstəyə daha xeyirli qida hesab olunur”.

 
kelem-dolmasiK.Vaqifqızının dediyinə görə, hər bir zəngilanlının süfrəsində mütləq “Dən dolma” olmalıdır. Bu xörək üçün əvvəlcə 200 qr çay maşı qaynadılır, sonra 300 qr düyü yuyulur, 300 qr qovrulmuş soğana 2 ədəd doğranmış pomidor əlavə olunur, duz-istiot vurulur.
Daha sonra 1 kq kələm pörtlədilir, sonra içərisinə 1 xörək qaşığı hazırlanmış içlikdən qoyulub bükülür, qazana düzülür, 1 stəkan su əlavə olunub 20-25 dəq
bişirilir”.

 

 

Zəngilan plovları

 

 

K. Vaqifqızı bildirdi ki, plov Azərbaycanın hər bir bölgəsində süfrənin bəzəyi olduğu kimi Zəngilan masalarını da bəzəyir. Zəngilanda müxtəlif çeşidli plov növləri hazırlanır. Müsahibimiz əvvəlcə ”Gilənarlı plov” haqqında danışarkən qeyd etdi ki, bu plovun tarixi keçmişə dayanır. “Gilənarlı plov”u hazırlamaqdan ötrü 1 kq düyü süzülür, əvvəlcədən yağ əlavə olunmuş qazana 1 kq toyuq əti, 2 ədəd doğranmış soğan, 300 qr gilənar əlavə olunur. Sonra süzülmüş düyü qazana tökülür. Düyü dəmə qoyulduqdan sonra təxminən 50-60 qr yağ əridilir və plovun üzərinə gəzdirilir.plov77
Könül xanım “Göyərtili aş” haqqında da məlumat verdi: “Göyərtili aş” sırf Zəngilan mətbəxinə aiddir. Bu xörəyi hazırlamaq üçün düyü adi qaydada süzülür müxtəlif göyərtilər dəmlənmiş düyüyə qatılaraq dəmə qoyulur. Hər göyərtidən 2 dəstə olmalıdır.
Müsahibimizin sözlərinə görə, zəngilanlıların ən sevimli plovlarından biri də “Pencərli aşdır”: “500 qr düyü yaxşı yuyulub asta-asta qaynar suyun içinə tökülür. Arada bir qarışdırılır. Düyünün bişməyinə az qalmış 2 dəstə əməköməci, 2 dəstə yağlıca, 2 dəstə unnuca və 1 dəstə dağ keşnişi yuyulub əlavə olunur. Göyərtinin rəngi dəyişiləndə düyü ehmalca süzülür. Yağ əridilib dağ olur və düyünün üzərinə gəzdirilir. Qazanın qapağı dəsmala bükülür və düyü 30-35 dəqiqə vam odda dəmlənir. Süfrəyə isti halda verilir. Yeyilərkən yanına qatıq qoymaq olar”.

 
Müsahibimiz bizə Zəngilan “Basdırma”sının hazırlanma texnologiyası barədə də danışdı: “6-7 kq çəpişin əti doğranılıb qazana 1 lay ət, bir lay pomidor, bir lay bibər, bir lay soğan düzülür. Bu qayda ilə ərzaqların düzülüşü təkrara olunur. Düzüldükdən sonra qazana 3 ədəd acı bibər, 1 stəkan alça turşusu, 1 stəkan su əlavə olunur. Qazanın ağzı möhkəm bağlanır ki, hava keçməsin. Yemək 40-45 dəq vam odda bişirilir”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

31.10.2014 15:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*