Azərbaycanca

“Qarabağ münaqişəsi Avropada regional problem kimi qəbul edilir”

23.12.2014 | 13:34

18292_10151269850009626_2137038145_nAzər Babayev: “Elmi-praktiki fəaliyyətlər Almaniyanın ictimai və akademik dairələrində Qarabağ məsələsi ilə bağlı düzgün fikir formalaşmasında öz müsbət rolunu oynayır”

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının müsahibi Frankfurt Sülh Araşdırmaları İnstitutunun (PRIF) elmi işçisi Azər Babayevdir. Qeyd edək ki, PRIF-in doktorantı olan Azər Babayev Almaniyada Dağlıq Qarabağ məsələsi ilə bağlı araşdırma aparıb.

 

 

– Siz əsasən hansı sahədə araşdırmalar aparırsınız?

 

 

– Əvvəla, Frankfurt Sülh Araşdırmaları İnstitutu haqqında onu söyləyim ki, bu, Almaniyanın ilk və ən böyük sülh tədqiqatı institutudur. 1970-ci ildə Hessen əyalət hökuməti tərəfindən yaradılmış PRIF bu gün Almaniyada 100-ə yaxın tədqiqat institutunu özündə birləşdirən “Leibniz” elmi-tədqiqat cəmiyyətinin üzvüdür. İnstitutun əsas məqsədi beynəlxalq və daxili münaqişələrin araşdırılması, sülhü təmin edən şərtlərin tədqiq edilməsi və habelə sülh ideyasının dəstəklənməsidir. Həmçinin siyasi məşvərət funksiyasını həyata keçirən institutun əldə etdiyi tədqiqat nəticələri alman federal hökumətinin bu istiqamətdə konkret siyasi qərarlarının qəbul olunmasına da öz töhfəsini verir. Bununla yanaşı, PRIF müvafiq mövzularda alman ictimai fikrinin formalaşmasında da önəmli rol oynayır.

 
Bu institutda mən əsasən Almaniya və ABŞ-ın xarici siyasətinin müqayisəli təhlilinə dair tədqiqat layihəsi çərçivəsində həmin dövlətlərin Belarus ilə bağlı xarici siyasətini araşdırmışam. Bundan başqa artıq bir neçə ildir ki, ixtisasım çərçivəsində xüsusən Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinə dair araşdırmalar aparıram. Məsələn, Almaniyanın tanınmış elmi dərgilərindən olan “Şərqi Avropa” jurnalında münaqişə ilə bağlı artıq bir neçə məqaləm işıq üzü görüb. Son araşdırma-məqaləm isə 2014-ci ildə münaqışənin həllində ədalət amilinin roluna dair olub.

 

 

Bundan başqa cari ilin aprel ayında Almaniyanın tanınmış “Nomos” elm nəşriyyatında “Cənubi Qafqazda nə sülh, nə müharibə: Dağlıq Qarabağ münaqişəsinin zəmin şərtləri, aktorları, dinamikası” adlı kitabım nəşr edilib.

 
Ermənistan-Azərbaycan müharibəsində atəşkəsin 20-ci ildönümü ərəfəsində işıq üzü görən bu kitabda Dağlıq Qarabağ münaqişəsinin həllinin indiyədək niyə mümkün olmaması sualına cavab tapmağa çalışıram. Bu məqsədlə kitabda münaqişənin zəmin şərtləri, cəlb olunmuş aktorlar və problem ətrafında cərəyan edən proseslər hərtərəfli araşdırılır. Konkret olaraq münaqişənin genezisi təhlil edilir və bunun əsasında aktorların məqsəd və maraqlarını, eləcə də onların problemlə bağlı qəbul etdikləri siyasi qərarları nəzərdən keçirilir. Münaqişənin sistemli təhlili və bununla yanaşı analitik mənzərəni tamamlamaq üçün kitabda müharibədən sonrakı mərhələdə problem ətrafında cərəyan edən siyasi dinamika da işıqlandırılır.

 

 

Dağlıq Qarabağ “dondurulmuş” münaqişə hesab edilməklə postsovet məkanında ən uzunömürlü ərazi münaqişəsidir. Elə ilk olaraq buradan problemin xüsusi çətinliyi aydın şəkildə görünür. Kitabda nəticə olaraq nəinki münaqişənin tarixi köklərinin mürəkkəbliyi, habelə problemin həllinə cəlb olunmuş beynəlxalq və regional aktorlar arasındakı münasibətlərin və onların cari maraqlarının təzadlılığı vurğulanır.

 

 

– Münaqişə haqqında belə bir kitab yazmaq zərurəti necə yarandı?

 

 

– Bir neçə ildir ki, məni bir tədqiqatçı kimi sadə, amma vacib bir sual düşündürürdü. Dağlıq Qarabağ münaqişəsinin həllinə niyə nail olunmur? İllərdən bəri diplomatik dairələrdən sülh danışıqlarında tərəflərin əsaslı irəliləyişlərə çox yaxın olmaları haqqında dəfələrlə xəbərlər yayılsa da, postsovet məkanının bu çox mürəkkəb münaqişəsi hələ də həll edilmir və Cənubi Qafqazda davamlı sülh və əmin-amanlığın bərqərar olması isə qeyri-müəyyən olaraq qalır. Qalan həm də artıq 20 ildən bəri Ermənistanla Azərbaycan arasında hökm sürən qeyri-sabit “nə sülh, nə müharibə” şəraitinin davamlı ola bilməməsinə dair aydın bir əminlikdir: Hər keçən il, nə qədər ki Dağlıq Qarabağ münaqişəsi tərəflər arasında təməli möhkəm bir sülh müqaviləsinin bağlanması ilə həll edilmir və nəticədə onun yeni bir “isti” müharibəyə çevrilmə ehtimalı artmış olur.

 

 

Uzun sürən sülh danışıqları prosesinin bu durumunu nəzərə alaraq bir neçə il əvvəl Ermənistan-Azərbaycan münaqişəsi haqqında sistemli bir elmi araşdırma aparmağı və əldə olunan tədqiqat nəticələrini kitab şəkilində nəşr etdirməyi qərara aldım. Bununla ilk növbədə alman dilli məkanda aparıcı elmi və siyasi dairələrin diqqətini 20 ildir ki, davam edən bu ədalətsiz və təhlükəli duruma yönəltməyə çalışmışam.

 

 

– Almaniyada Azərbaycanın tanınması istiqamətində hansı işlər görürsünüz?

 

 

– Azərbaycan tanınması istiqamətində ilk növbədə elmi fəaliyyətim çərçivəsində çalışıram. Xüsusən iştirak etdiyim tədbir və konfranslarda bu daha effektiv olur. Təbii ki, bu işin qeyri-elmi çərçivədə edilməsi də vacibdir.

 
Burada qeyd edim ki, Azərbaycan həqiqətləri baxımından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alman ictimaiyyətində informasiya, təəssüf ki, o qədər də təfsilatlı deyil. Bu istiqamətdə son illər xüsusən məruzələr və ya konfranslar şəklində müəyyən işlər görməyə çalışmışam. Məsələn, 2012-ci ilin noyabr ayında Frankfurt şəhərində keçirilimiş “Dağlıq Qarabağ ətrafında sülhə nail olma prosesi: münaqişənin nizama salınmasında ədalət məsələsinin rolu” mövzusunda beynəlxalq konfransı qeyd edə bilərəm.
Tanınmış siyasətçilər və ekspertlərin iştirak etdikləri konfrans Frankfurt Sülh Araşdırmaları İnstitutunun dəstəyi, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) sponsorluğu ilə təşkil olunmuşdur. Dörd gün davam edən konfransın əsas mövzusunu siyasi və elmi diskussiyalarda indiyədək kifayət qədər işıqlandırılmamış məqam – Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu məsələsi təşkil etmişdir.

 

 

Sinxron tərcümə ilə rus və alman dillərində baş tutmuş bu konfrans ilk dəfə olaraq münaqişəyə cəlb olunmuş ölkələrin elm və siyasət mütəxəssislərinin Almaniyada akademik bir çərçivədə görüşməsinə imkan vermiş və beləliklə, beynəlxalq və regional dialoq üçün mühüm platforma yaratmışdır. Konfransın uğuru bu formatın davam etdirilməsinin vacibliyini göstərir ki, bu istiqamətdə də fəalliyyətimiz davam edir. Beləliklə, ümid edirəm ki, bu cür elmi-praktiki fəaliyyətlər Almaniyanın ictimai və akademik dairələrində Qarabağ məsələsi ilə bağlı düzgün fikir formalaşmasında öz müsbət rolunu oynayır.

 

 

-Sizcə, Avropa Dağlıq Qarabağ məsələsinin həllində nə dərəcədə maraqlıdır?

 

 

– Qarabağ münaqişəsi Avropada regional problem kimi qəbul edilir – hətta deyərdim ki, postsovet məkanının ən çətin problemi kimi. Amma region, xüsusən də Azərbaycan çox mürəkkəb, müxtəlif güclərin maraq dairələrinin kəsişdiyi ölkə olduğuna görə kənar təsirlər münaqişənin həlli üçün əlverişli deyil. Azərbaycan tərəfi münaqişə nəticəsində xeyli ziyan çəkib ki, bu da ölkənin iqtisadi və siyasi həyatına təsirsiz ötüşməyib. Burada ürək açmayan məqam beynəlxalq güclərin işğalçı dövlətə açıq təzyiqlər etməməsidir. Amma 2008-ci ildə Gürcüstanla Rusiya arasında olan münaqişə zamanı biz fərqli vəziyyətlə rastlaşdıq. Rus qoşunları Cənubi Osetiya və Abxaziyadan əlavə olaraq digər gürcü ərazilərini də müvəqqəti işğal etmişdi. Amma qərbin kəskin təzyiqləri nəticəsində Rusiya kimi böyük bir güc məcbur oldu ki, qoşunlarını tez bir zamanda həmin ərazilərdən geri çəksin. Ermənistana qarşı isə belə təzyiqləri görmürük. Bu da münaqişənin sülh yolu ilə həllinə mane yaradan amillərdən biridir.

 

 

Ümumən isə Avropada fikirləşirlər ki, Ermənistan və Azərbaycan kiçik dövlətlərdir və aralarındakı münaqişə dünyada sülh üçün o qədər də əhəmiyyət kəsb etmir. Yəni səthi yanaşma var. Düşünülür ki, münaqişə ilə bağlı bir hərbi-siyasi status-kvo formalaşıb, sakitlikdir, müəyyən regional layihələr həyata keçirilir və sair. Yəni problemin həllinə özlərinin düşündükləri aktual motivi görməməklə yanaşı, həm də bu vəziyyətə öyrəşiblər. Nəyisə dəyişmək üçün müəyyən resurslar, səylər tələb olunur ki, kənar güclərin buna tam hazır olmadığı görünür.

 

 

Digər məsələ isə erməni diasporası, onların Avropada tarixən formalaşmış məzlum xalq imici ilə bağlıdır. Qərb, eləcə də Rusiyada düşünürlər ki, onları o qədər də sıxışdırmaq olmaz. Çalışırlar ki, sülh şəraiti davam etsin. Amma konkret olaraq Ermənistanın günahkar olması müəyyən dairələrdə qəbul edilmir.

 

 

Təbii ki, bu, çətin vəziyyətdir və burada Azərbaycan xalqı və rəhbərliyindən xüsusi bir müdriklik tələb olunur. Azərbaycan torpaqlarının işğal olunması, təxminən bir milyon soydaşımızın qaçqın düşməsi, xalqımıza qarşı törədilən müharibə cinayətlərini heç bir formada qəbul etmək olmur. Amma siyasəti tam emosiyalar üzərində qurmaq çox vaxt uğurlu olmur. Ona görə də dünya siyasətində bir struktur ədalətsizliyin olmasını dərk etməliyik. Bu zaman reallığı olduğu kimi qəbul etmək, amma eyni zamanda bu reallığı gələcək nəsillərə olduğu kimi saxlamamaq müdrikliyini göstərməliyik. Azərbaycanın ərazilərinin itirilməsi ilə barışmamaq kimi prinsipial mövqeyi düzgündür. Qərb də çox gözəl bilir ki, Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsi yalnız bir halda mümkün olar ki, Azərbaycan xalqı və rəhbərliyi bununla razılaşsın.

 

 

Azərbaycan bu məsələdə uzaqgörən siyasət sərgiləməli, iqtisadi, siyasi, regional baxımdan güclənməsini təmin etməlidir. Elə bir vəziyyət yaratmalıdır ki, kənar güclər xüsusən də qərb Azərbaycansız regionun tərəqqisinin, xüsusən də Ermənistanın özünün inkişafının və regional sülhün mümkün olmamasını görsün.

 

 
Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

 

 

23.12.2014 13:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*