Azərbaycanca

“Qarabağ qazisi olmaq mənim üçün şərəfdir”

14.05.2014 | 08:38

1400063500_img_0738“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının müsahibi Qarabağ müharibəsi əlili, Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri Həsənov Məmmədhəsəndir…

1971-ci ilin 26 sentyabrında Füzulinin Divanalılar kəndində dünyaya göz açıb. Sovet ordusunda hərbi hissədə qulluq etdikdən sonra Qarabağ uğrunda savaşmaq üçün müharibəyə yollanıb. Həmsöhbətimiz bu təzadlı həyatında bir rəngarəngliyin olduğunu deyir: “Mənim bu təzadlı həyatımda da bir rəngarənglik var. Bu adı mənə elə-belə qoymayıblar. Məhəmmədhəsən ikinci dünya müharibəsinə gedən, qayıtmayan babamın adıdı. Nənəm mənə bu adı verib”. Müharibə onların da ailəsində itki ilə qarşılanıb. Məhəmmədhəsən Qarabağ müharibəsində bir dayısını, iki qardaşını itirir. Qardaşları Azər və Nüsrət Həsənov isə Qarabağ əlili olur. “Şərq Tərəfdaşlığı” proqramının üzvi olan həmsöhbətimiz deyir ki, ali baş komandan əmr versə bu gün də müharibədə iştirak etməyə hazırdı. Ali təhsillidi, Müstəqil Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. Yataqxanada qalır. Şərait ona hələ ki, ailə həyatı qurmağa imkan vermir. İkinci qrup Qarabağ qazisi olan Məmmədhəsən Həsənov keşməkeşli həyatı, o dövrdə baş verən hadisələri belə şərh edir:

 

Kəndimiz çox böyük idi. Hələ 1905-ci ildə erməni-müsəlman qırğınında çətinliklərə baxmayaraq kəndimiz müdafiə olunmuşdu. Ana-babalarım da bu torpaq uğrunda vuruşublar…Sovet ordusunda hərbi xidmətdə idim, 1991-ci ilin dekabrın 3-də xidmətimi başa vurub Azərbaycana qayıtdım. Gözləmədiyim mənzər ilə qarşılaşdım. Gördüm ki, evimizdə silah var. Dayım Surxay Məhərrəmov mənə dedi ki, silahımız var, posta çıxırıq. Mən də onlarla getdim. Dayımla eyni artilleriyanı bölüşürdüm. Hər bölüyün başında bir ağsaqqal dururdu. Artilleriyamız yeddi nəfərdən ibarət idi. Demək olar ki, hamı bir-biri ilə tanış idi. Axşam səngərə getdim. Bu gündən etibarən müharibəyə alışdım. Müharibədə iştirak etmək üçün sinif yoldaşım, dünyasını dəyişmiş İslam Əliyevlə birgə qeydiyyata düşdük. Belə qərara gəlindi ki, təzə olduğumuz üçün ilk vaxtlar posta çıxmayaq. Etiraz etdik, posta çıxmaq istədiyimizi dedik.

 

-Müharibəyə getmək istəyiniz ailənizdə necə qarşılandı?

 

Evin ən kiçiyi idim. Hamı bilir ki, evin balacası analar üçün daha əziz olur. Bir gün atam axşam növbəsindən qayıdaraq anama deyib ki, mənə çatdırsın ki, müharibə bölgəsinə yollanmaq üçün hərbi komissarlıqda növbəyə dayanım. Təbii ki, anam ilk olaraq tərəddüd etdi. Qardaşlarımın da bir neçəsi səngərdə idi. Səhər tezdən postdan qayıtdıqda anamın boynunu qucaqladım. Hərbi xidmətdən qayıtdığım bir həftə idi. Gördüm ki, anam bikefdi. Dedi ki, qağa deyir, Həsən müharibəyə getsin. Heç kəsə demədən avtobusa minib qeydiyyat üçün rayona getdim.

 

-Müharibənin sizin üçün yaratdığı ən böyük ağrı-acı nə idi?

 

Bir neçə sinif yoldaşım, bir yerdə oynadığım uşaqlar bu gün həyatda yoxdur. Bu dostlarımın həyatda olmaması mənə çox toxunur. Şəhid ailələrinin balalarının hansısa problemi olanda qəlbim acıyır. İstəyərdim ki, bunlar olmasın. Təbii ki, həyat rəngarəngdi, enişli-yoxuşludu. Qazi qardaşlarımın nəsə problemi olanda pis oluram. Mənim də problemlərim olur. Problemi olmaq o demək deyil ki, hər gün problemlə yaşamalısan. İnsanlar eyni deyil, biri problemlə yaşayır və bundan qurtula bilmir. Bu şeylərə görə düşünürəm ki, müharibə kaş olmayaydı. Amma bir halda ki, torpağıma hücum edilir, təbii ki mən və mənim kimi hər kəs döyüşməlidi. Ana-bacılarımız müharibənin ağrı-acılarını daha çox yaşayırlar… Ana oğlunun dostunu, bacı qardaşı ilə yaşıd birisini görəndə pis olur. Azərbaycan xanımları çox qüdrətlidi. Bir çox ölkələrdə olmuşam, amma Azərbaycan xanımı qədər övladı, həyat yoldaşı, qardaşını sevən, ona arxa olan, illərlə yasını saxlayan qadın az görmüşəm.

 

-Müharibə ilə bağlı unuda bilməyəcəyiniz səhnələr hansılardır?

 

1992-ci lin avqustun 15-də bir neçə dostumu-Elxanı, Nizamini itirdim. Hələ yaralı olan dostlarım deyirdi ki, irəli getmək lazımdı. Onlar inanmırdılar ki, qan itirib şəhid ola bilərlər. Son nəfəslərində də ümidlərini itirmirdilər. Elə düşünürdülər ki, sağalıb yenidən döyüşəcəklər. İyunun 28-də Allahverdiyev Mətləb mənim yanımda yaralandı. Bu zaman ona dedim ki, yaralısan səni çıxartmaq lazımdı. Dedi ki, yox burdan Çartazı almalıyıq, məni burda qoyub önə gedin. Çartazda erməni-daşnak birləşmələri yerləşirdi. Artıq bu ərazini boşaltmaq üzrəydik. Mətləb yaralanmışdı, Ovçuyev Əlləz var idi, çox peşəkar komandir idi. Elə bil ki, ermənilər ən birinci onları hədəfə almışdı. Biri sağımda, biri də solumda yaralanmışdı. Dünyasını dəyişən qardaşım Bayram da orda idi. Çox təkid elədi ki, yaralıları götürək. Əslində Mətləb razı deyildi. O iki nəfəri orda qoyub qayıda bilmədik. Hardasa 12 saat mühasirədə qaldıq. Ermənilər zəmini yandırdı. Zəmidən sürünə-sürünə çıxırdıq. Dörd avtomat, belimdə patronlarla sürünə-sürünə onları aparırdıq. Qardaşım deyirdi ki, sən tez get xəbr göndər. Dönürdüm arxaya…Arxaya dönəndə gördüm ki, qardaşım kürəyini ermənilər istiqamətinə çevirmir. Arxası bizə tərəf gəlirdi. İstəmirdi arxadan vurulsun. Bu epizod yadımda qalıb. Belə təsirli epizodlar çox olub…amma danışa bilmirəm…çox təsirlənirəm…Bizim əfsanəvi döyüşçümüz- Mais Əsədov da beləcə həlak olmuşdu. Ləqəbi Qəmlu idi. Aprelin 2-sində kəndimiz uğrunda gedən döyüşlərdə ermənilər Qəmlunu qətlə yetirdilər. Bir döyüş yoldaşımız var idi, Şakir Quliyev o çox sərrast qumbaraatan idi. Bir gün dedi ki, yenilik kəşf edib. Qumbaraatanın baş hissəsini açaraq ora palçıq yığardı ki, gec isinsin. Ermənilər də bu kəşfə çox təəccüblənmişdi…Qızıl Qaya əməliyyatı olmuşdu. Ermənilər Aşağı Veysəlli və Əmralıllar tərəfdən strateji əhəmiyyətli postumuzu mühasirəyə almışdılar. Orda xeyli itkilərimiz olmuşdu. Bir gün içində qərara gəldik ki, ora alınmalıdı. Çünki Füzuli və Beyləqan istiqamətində böyük bir zolağ açılırdı. İstəyimizə nail olduq. Post elə bir yerdə idi ki, biz oranı aldığımız üçün ermənilər daxil ola bilmirdilər, sadəcə atəşə tuturdular. Surxay Məhərrəmovun başçılığı ilə kəşfiyyat qrupunda mən də iştirak etmişdim. Kiçik qrupda Şakir Quliyev, Surxay Məhərrəmov, Nizami, Elxan və döyüşdə həlak olan Coşqun da var idi. Coşqun 1992-ci ildə ali məktəbə qəbul üçün ilk dəfə keçirilən test imtahanında yaxşı nəticə alaraq universitetə daxil olmuşdu. Müharibə başladığı üçün o ali təhsil almaqdan imtina edərək könüllü cəbhəyə yollanmışdı. Özü də Masallıdan idi. Əməliyyatların birində Coşqun dedi ki, mən də sizlə getmək, kəşfiyyatçı olmaq istəyirəm. O zaman Surxay Məhərrəmov ermənilərin BMP-sini susdurmaq üçün maraqlı əməliyyat hazırlamışdı. Bir axşam bərk qar yağmışdı, rəhmətlik Surxay dedi ki, ağ masqaradlar geyinərək mina quraq. Beləcə ermənilərin keçdiyi yolu minaya tutduq. Onlar da bizim posta hücum etmək məqsədi ilə saatda bir dəfə əməliyyat həyata keçirirdilər. Bir dəfə müşahidə etdik ki, ermənilər 12 nəfərlə postu dəyişməyə gəlirlər. Artıq onların gələcəkləri vaxtı müəyyənlşdirmişdik. Bir saat öncə ağ masqaradları geyinərək mina qoymağa yollandıq. O zaman böyük göl var idi, hansı ki, ermənilər də ordan keçirdilər. 6 ədəd minanı yerləşdirərək Qızıl Qaya tərəfə gəldik. Bir saat tamam oldu, 12 erməni ordan keçərkən minaya düşərək həlak oldular. Bir də gördük ki, xəbər yayıldı-Azərbaycan ordusunun qurduğu mina partlayıb, 12 erməni həlak olub.

 

-Qarabağın işğalı üçün əsas strateji ərazilərdən biri də Şuşa idi. Şuşaya necə, yardım edirdinizmi?

 

1400063309_img_0720Döyüşdüyümüz ərazi Şuşadan 35 kilometr aralıda idi. Burdan Şuşaya da yardım edirdik. Birbaşa Şuşada gedən döyüşlərdə iştirak etməmişəm. Qarabağ ətrafı rayonlar Şuşanın müdafiəsində idi. Yadımda idi ki, könüllü batalyonlar Qırmızı Bazar istiqamətində Şuşaya daxil olmaq istəyirdilər. Atışma olmuşdu. O zaman batalyonun döyüşçüləri Qırımızı Bazar tərəfdə Şuşaya gedən karvanın yola salınmasında iştirak etmişdi. Şuşanın işğalı böyük plan idi. Bu Rusiya tərəfindən hazırlanan məkirli planın tərkib hissəsi idi. Belə deyilir ki, guya Şuşanın alınmasında ermənilər qəhrəmanlıq sərgiləyiblər. Qətiyyən belə deyil. Ermənilər heç nə etməyiblər. Müəyyən vaxtlarda belə düşüncələr yaranırdı ki, guya ermənilər bizdən güclü olub. Ermənilər nəinki o zaman, heç bu gün də güclü deyil, sabah da bu gücə sahib olmayacaq. Bu Rusiyanın Qafqazdakı siyasətinin tərkib hissəsidi. Rusiyanın şovinist siyasəti Ukraynada da öz əksini tapır. Əslində Ukraynada baş verən hadisələr 1988-ci illərdə Azərbaycanda baş verib. Ukrayna müstəqilliyi uğrunda bu gün çarpışır. Biz Qarabağ uğrunda savaşdığımız kimi onlar da Krımı itirib Ukrayna uğrunda ölüm-dirim müharibəsi aparırlar. Biz artıq bu yolu keçmişik…Bu yolda nə qədər şəhidlər də vermişik. Müstəqilliyimiz ötən 23 ildə şəhidlərimizin hesabına qorunub. Biz hər il torpağa şəhid veririk.

 

-Minaya düşmüsünüz. Çətin də olsa o anları xatırlayaq…

 

1993-cü ilin martın 8-dən 9-una keçən gecə minaya düşdüm. Taleyin qisməti idi. Hadisə belə baş verdi: Səhər tezdən kəndimizə hücum edilmişdi. Hücumu dəf edəndən sonra ermənilər geri oturmuşdu. Bir neçə gün öncədən kəşfiyyat qrupumuz belə müşahidə aparmışdı ki, ermənilər Əmrallarla Aşağı Veysəllilər arasında bir tank saxlayırlar. Düşünürdük ki, bu hücumdan sonra tankı ya məhv eləməliyik, ya da ki, gətirməliyik.Hücumları dəf etdikdən sonra bizə məlumat verildi ki, yolda heç bir təhlükə yoxdu. Düşündük ki, arxayın şəkildə planı müzakirə etmək üçün qərargaha gedə bilərik. Bilmirəm, bəlkə də taleyin qisməti idi. Bizdən öncə də həmin ərazidən beş avtomobil keçmişdi. Biz keçəndə avtomobilimiz minaya düşdü. Yanımda Məhərrəmov Surxay, sürücü İmanov Elxan var idi. Surxay yerindəcə keçindi. Elxanla mən isə yaralandıq. Hadisələrin nə cür baş verdiyini bilməmişdim. Məni qospitala aparıb ordan da Bakıya gətirmişdilər. Qardaşım məndən öncə qolundan yaralanmışdı. O həmin gün xəstəxanadan çıxanda məni qospitala yerləşdirdilər. O zaman indiki kimi rabitə inkişaf etməmişdi. Qardaşım məndən xəbərsiz idi. Axşam elə olur ki, bizim ortaq tanışımız ona hadisə haqda xəbər çatdırır. Səhər gözümü açanda gördüm ki, qardaşım başımın üstündədi. Dedi ki, Allaha şükür ki, sağ-salamatsan, mən gedirəm rayona-dayımın dəfninə. Yanımda qalıb mənə qulluq etmək istəyirdi. Bir gün gördüm ki, gəlmədi, Qaradiz əməliyyatından xəbər tutaraq döyüşə yollanıb. İkinci dəfə 1994-cü ildə Qaradiz əməliyyatında başından yaralandı… Beləcə ikimiz də Qarabağ urğunda döyüşdə zədə alaraq Qarabağ qazisi oluruq. Qarabağ qazisi olmaq mənim üçün şərəfdi. Bu gün Respublikamızın güclü gəncləri var. İstərdim ki, onlar da sabahkı döyüşə hazır olsunlar. Bu gün dünyada informasiya müharibəsi gedir. Bu müharibədə onların da fəal olmasını istərdim.

 

-O dövrdəki siyasi durumu şərh edək… Türkiyə istisna olmaqla digər qonşular Azərbaycana dəstək olmurdu…

 

O dövrdə qonşularımızdan bizi tək Türkiyə dəstəkləyirdi. Müsəlman dövləti olan İran bizi dəstəkləmirdi. Dini həmrəylik yalnız sözdə idi, əməldə deyildi. İnanırıq ki, gələcəkdə İran böyük müsəlman qardaşımız kimi bizə dəstək olacaq. Azad Qarabağ Döyüşçüləri tərəfindən Təbriz Universitetinə dəvət almışdıq. Səfər çərçivəsindəTəbriz Universiteti ilə yanaşı bir neçə ali təhsil olcağında olduq, millət vəkilləri ilə görüşdük. Bütün bu görüşlər mənə əminlik verir ki, bölgədə müsəlman qardaşlığı yaranacaq.

 

-Etiraf edək ki, Türkiyə istisna olmaqla indi də qonşuluqda vəziyyət ürəkaçan deyil...

 

Qonşularımız bədnamdı. Bu gün biz Gürcüstana yardım edirik. Görürsünüz də, bu ölkənin iqtisadiyyatı nə vəziyyətdədi. Gürcüstanın bizimlə strateji əlaqələri güclüdür. Amma vətəndaşlarının bir qismi gürcü soyadlı ermənidir. Ermənilər Gürcüstanda da azərbaycanlıları sıxışdırmaqla məşğuldular. Rusiya, İranın da bu gün Qarabağ məsələsində mövqeyi aydındı. Türkiyə istisna olmaqla qonşularımızın hər biri bizim üçün potensial təhlükədi. Ötən il Azad Qarabağ Uğrunda Alyans Gürcüstanda olmuşdu. Gürcüstan dövləti ermənilərin hərbi kazarmalarının azərbaycanlılar yaşayan kəndin içinə daxil olmasına göz yummuşdu. Ermənilər burda kazarma quraraq öz bayraqlarını asıblar. Bu gün onlar Gürcüstanda da özlərinə mülklər alırlar, istədiyi kimi yaşayırlar. Bir zamanlar onların böyük xülyası dənizdən-dənizə erməni dövləti yaratmaq idi. Artıq Gürcüstanda onlar bu istiqamətdə işlərə başlamışdılar. Hamı bilir ki, Qara dəniz onlara daha böyük şans yaradırdı. QHT-lərə Przeident yanında Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mənim bu ölkə ilə bağlı təklifimi dəyərləndirdi. O müvafiq tapşırıq verdi ki, “Şuşaya Azadlıq” kampaniyası ilə bağlı tədbir Gürcüstanda da keçirilsin. Qeyd edim ki, hələ iki il öncə ermənilər Şuşanın işğalının 20 illiyini Tiflisin böyük teatrında təntənəli şəlkildə qeyd etdi. Gürcüstanlı rəsmilər də həmin tədbirdə iştirak edirdilər. Baxmayaraq ki, Gürcüstan iqtisadiyyatı Azərbaycanın hesabına güclənib.

 

-O dövrdə Rusiya da açıq-aşkar ermənipərəst mövqe sərgiləyirdi, necə ki indi…

 

O dövrdə Rusiya guya Azərbaycandan çıxmışdı. Amma yenə də mənfur siyasətini davam etdirirdi. Ermənilərə texniki baxımdan yardım edirdi. Xocalının işğalında da bilirsiniz ki, 366-cı alayın mühüm rolu olub. SSRİ dağldıqdan sonra əslində Azərbaycan əhalisinin sayına görə bizə daha çox texnika qalmalıydı. Lakin bizə verilən texnika yarıtmaz halda idi. O zamanlar bizim texnikaya daha çox ehtiyacımız var idi. Ermənilər hər zaman texniki baxımdan üstün olurdular. Biz dəfələrlə onların tanklarının bir neçəsini vurmuşuq. Bəzən erməni tankları elə bir yerdə qalırdı ki, onlar tankı götürməkdə çətinlik çəkirdilər. Amma biz bu işi məharətlə görürdük. Gündüzdən onların tanklarının altında yatırdıq. Yaşıllıq olan ərazidə yaşıl masqarad geyərək sürünə-sürünə tankın altında gizələnərdik. Tankın işimizə nə dərəcədə yararlı olmasını götür-qoy edərdik. 4 belə tank gətirmişik. Bu zaman ermənilər ümumiyyətlə atəş də aça bilməmişdilər…Emənilər bizdən aldıqları posta tanklarını yerləşdirmişdilər. 9-u oktyabrda döyüş yoldaşım Vidadi həmin postda yerləşən erməninin tankına necə girmişdisə, heç kəsin xəbəri olmamışdı. Tankı işə salaraq postda dövrə almışdı. Ermənilər yalnız bu zaman başa düşmüşdülər ki, tankdakı yad adamdı. Beləcə ermənilərin bir tankını da ələ keçirtdik.

 

-Son zamanlar ermənilər özlərini dünyaya həm də qəhrəman xalq kimi təqdim edir. Əslində Qarabağ müharibəsində Rusiya Ermənistanın arxasında olmasaydı torpaqlarımız işğal olunmazdı…

 

1988-ci ildə də ermənilər bizdən çəkinirdi. Ərazimizə daxil olan sahələrdə iş görə bilmirdilər. Bu gün dünyada belə mif yaradırlar ki, guya ermənilər döyüşüb. Əslində ermənilər döyüşməyib. Bu Rusiyanın planı idi. Həmin planın həyata keçirilməsi üçün vasitəçi alət ermənilər seçilmişdi. 1991, 1993-cü ildə – orduda pərakəndəlik olduğu dönəmdə də böyük uğurlar əldə etmişdik. Ağdərə əməliyyatı da uğurlu oldu. Ağdərə azad olunduqdan sonra ordumuz Xankəndiyə daxil olmağa hazırlaşırdı. Ordumuz mütəşəkkil deyildi, könüllülərdən təşkil olunmuşdu. Bu zaman ermənilər və ruslar dünyaya hay salaraq deyirdilər ki, azərbaycanlılar onları Qarabağ ərazisində sıxışdırır. Əslində bizim niyyətimiz kimisə sıxışdırmaq deyildi. Bu gün də Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Onların mədəniyyəti, milli kimliyi tanınır. Sual oluna bilər ki, niyə azərbaycanlılar məhz ermənilərin milli kimliyinə toxundu. Bu Rusiyanın məkrli planı idi. Baxıb gördülər ki, yüz illər boyu bu torpaqda yaşayan ləzgi, avar, gürcü, tat, talışlardan istifadə edə bilməyəcəklər. Çünki onlar əsrlər boyu bu xalqın içində olub, onlarla qaynayıb-qarışıblar. Buna görə hədəf ermənilər seçildi. Torpağı, yurd-yuvası olmayan, Azərbaycanda məskunlaşan ermənilər bu işi öhdələrinə götürdülər. Qonağa yer ayırmaq hər zaman bizim səxavətimizdən irəli gəlib. Amma o qonaq bir müddət keçdikdən sonra ev sahibliyi iddiasında oldu. Ermənilər bir azdan muxtariyyət istəyəcəklər. Türkiyədə də onlar öz bəyanatlarını səsləndirirlər. Serj Sarkisyan deyirdi ki, biz Qarabağı aldıq, Ağrı dağı da siz alın. Əslində onlar özlərini ermənilərə qəhrəman döyüşçü kimi təqdim edir. Bilirik ki, o zamanlar Robert Köçəryan, eləcə də Serj Sarkisyan Qarabağda döyüşlərində komandir olub, daha sonra hakimiyyətə gəliblər.

 

-Azərbaycana əks qüvvələr bəzən cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya biz müharibəni uduzmuşuq…

 

Bir də görürsən ki, gənclərimiz arasında elə təbliğat aparırlar ki, guya biz döyüşü uduzmuşuq. Xeyr, bu belə deyil. Sadəcə olaraq ədalətsiz müharibədə biz uduzan kimi təqdim edilirik. Bu gün də qəhrəman oğullarımız çoxdu. Ermənilər bir azərbaycanlı vururdularsa biz də beş nəfəri öldürərdik. Bir azərbaycanlı başı kəsilirdisə, beş erməni başı kəsilərdi. Qardaşım erməninin qulağını postda onların gözü önündə kəsib kəndimizə gətirmişdi. Buna cavab olaraq ermənilər kəndimizə hücum edərək girovlar götürmüşdür.

 

-Mayın 12-də atəşkəsin elan olunmasından 20 il ötdü… 

 

Mayın 12-də atəşkəsin elan olunmasının 20 illiyi tamam oldu. Müqavilə bitdi. Bilmək olmaz ki, biz hansı nəticəyə gələcəyik. Azərbaycanın bugünki gəncləri işğalda olan torpaqları azad edərək şəhid qanlarının yerdə qalmaması üçün lazım olan səylərini göstərməlidi.

 

-Uşaqlara, yeinyetmələrə vətənpərvərlik hissinin aşılanmasında təhsil sisteminin də rolu önəmlidir. Mövcud durum sizi qane edirmi?

 

Bugünki gəncləri də çox qınamıram. Çünki məktəblərdə vətənpərvərlik istiqamətində təbliğat işləri çox zəifdi. Təhsil Nazirliyinin də bu işə xüsusi marağı olmalıdı. Məsələn, sovet dövründə hər il, 9 may ərəfəsində məktəblərdə xüsusi təbliğat işləri aparılır, müharibə iştirakçıları, onların ailə üzvləri ilə görüşlər təşkil edilərdi. Bizdə də məktəblərdə bu ənənə var, yox demək düzgün olmaz. Sadəcə dolğun deyil. Hər şey orta məkəbdən başlayır. Əksər hallarda valideynlər qınaq obyektinə çevrilir. Düzdür, onların da rolu olmalıdı. Amma ilk növbədə bağça və məktəblərdə bu istiqamətdə işlər görülməlidi. Məsələn, Türkiyə, İran təhsil ocaqlarında bu istiqamətdə lazımınca işlər görülür. Bizdə vətənpərvərliklə bağlı təbliğat güclənməlidi. Çünki torpaqlarımızın 20 faizi işğal altındadı.

 

-Gənclərə nə tövsiyə edərdiniz?

 

Bu gün Mübariz İbrahimov kimi qəhrəmanlar gənclərimizə örnək olmalıdı. Onlara mesajım odur ki, ilk olaraq güclü biliyə malik olsunlar. Bu gün dünyada gedən müharibə tək texnika, silah deyil, həm də beyin müharibəsidi. Hər kəs dövlətçilik, ərazi bütövlüyü uğrunda döyüşməyi özünə fəxarət saymalıdı. Müharibədə olduğum üçün qətiyyən peşman deyiləm. Çünki bu millətin, dövlətin sahibi bizik, biz döyüşçülər.

 

 

Nigar Məhərrəm

“KarabakhİNFO.com” 

14.05.2014 08:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*