Azərbaycanca

Qarabağ rəqsləri

03.12.2014 | 13:13

roza-celilova (3)Rəqs sənətimizin tarixi zərb musiqi alətlərinin tarixindən xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir – birinə vuraraq, ahəngdar səs sədaları altında rəqs ediblər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaradıb. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli rəqslər olub. Rəqslər əsasən bölgələr üzrə fərqlənir. Xüsusən də, Qarabağ bölgəsinin rəqsləri.

 

“Qarabağın maralı” mahnısını gözəl rəqs edən xalq artisti Roza Cəlilova “KarabakhİNFO.com” beynəlxalq elekron jurnalına Qarabağ rəqsləri barədə maraqlı məlumatlar verdi.

 

 

“Qarabağ maralı” Qarabağ gözəlinə həsr olunub

 

 

Roza-Celilova-0R.Cəlilova söhbətə ana yurdu Şuşadan başladı. Onun sözlərinə görə, “Qarabağ maralı” mahnısına rəqs qurmasının səbəbi anasının Şuşalı olması ilə bağlıdır: “”Qarabağın maralı” – xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi şuşalı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayevaya həsr olunub. Mən deyərdim ki, bu rəqs sanki lay-lay üzərində qurulubdur. “Qarabağ maralı” rəqsinə xalq böyük maraq göstəribdir. Xalqın içərisindən çıxan rəqs bizim sərvətimizdir və bu sərvət ömür boyu yaşayır”.

 

 

Məşhur “Uzundərə” rəqsi barədə xalq artisti bildirdi ki, bu rəqsin kökü Qarabağla bağlıdır. “Uzundərə” rəqsi haqqında bəzi rəvayətlər mövcuddur: “Əminə Dilbazi bu rəqs haqqında danışarkən bildirib ki, “Uzundərə” olduqca cazibəli, zərif və lirik ifadəli rəqsdir. Onu təkcə Azərbaycanda deyil, həm də Qafqazda da ən sevimli rəqslərdən biri hesab edirlər. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına “Uzundərə” deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

 

 

Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.

 

 

O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə “gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın” deyilir. Beləliklə də, “Uzundərə” oyun havası yaranır. Bu oyun havası bir qədər “Vağzalı”ya bənzəyir”. “Vağzalı”dan söz düşərkən Roza Cəlilova bildirdi ki, “Vağzalı” xalqımızın ən qədim və sevimli rəqslərindən biridir. XIX əsrdə Şuşada yaranıb. Rəqsin əsasını təşkil edən və əvvəllər “Qarabağın ağırı” adlanan bu qədim melodiya sonralar iki hissəyə şaxələnərək “Asta Qarabağı” və “Vağzalı” rəqslərinə bölünübdür. Son dərəcə zərif, ürəyəyatımlı, həzin melodiya onu ənənəvi toy rəqsinə çevirmişdir. Adətən, gəlin gətirərkən ifa edilir”.

 

 

“Tərəkəmə”nin vətəni Qarabağdır

 

 

Məşhur “Tərəkəmə” rəqsinin də Qarabağda yarandığı barədə məlumat verən R.Cəlilova qeyd etdi ki, bu xalq rəqsi də Şuşada yaranıbdır. Rəqsin mənşəyi Azərbaycanda qədimdən məskən salmış tərəkəmə tayfasının adı ilə bağlıdır. Bu rəqsi Qarabağda yaşayan tərəkəmə camaatının özü yaradıbdır: “Bu rəqsin də iki variantı mövcuddur. Birinci variant tərəkəməlilərin özlərinin yaratdığı aram və vüqarlı rəqsdir. Bu, əsasən Qarabağda geniş yayılıbdır. Bunu yalnız qadınlar oynayırlar. İkinci variant daha çevik, oynaq, geniş hərəkətli rəqsdir və bunu həm qadınlar, həm də kişilər ifa edirlər.

 

 

“Qaytağı” xalq rəqsimizin də beşiyi də Şuşadır. Melodiyası coşğundur, ahəngində bir qəhrəmanlıq havası var. Kişilər tərəfindən həm solo, həm də dəstə ilə ifa edilir. Bu rəqsin xüsusiyyəti çox hərlənmələrdən, fırlanmalardan, müxtəlif rəngarəng düzümlərdən, tullanmaqdan, çiyinləri tərpətməkdən, qolların müxtəlif vəziyyətlərdə açılıb-yığılmasından, ən nəhayət, kollektiv şəkildə həmrəylikdən ibarətdir. “Qaytağı” bir növ şıdırğı rəqsdir. Onun melodiyasını əsasən zurnaçı dəstəsi ifa edir.

 

 

“Turacı” rəqsi…

 

 

“Turacı” rəqsi isə Şuşa təbiətinin gözəlinə, dağ quşuna həsr olunub. Bu rəqsin yarandığı yer də elə dilbər guşənin özüdür. Rəqsin melodiyası elədir ki, ifaçıdan turac kimi incəliklə süzməyi tələb edir. İncə melodiyalı bu rəqsin yaranma tarixi haqqında bir rəvayət mövcuddur: “Qarabağ hökmdarı İbrahim Xəlil xanın sarayında çox gözəl bir rəqqasə varmış. Xanın oğlu Əbülfət ağanın toyunda həmin rəqqasə çox qeyri-adi, incə bir rəqs nümayiş etdirib. İbrahim Xəlil xan da rəqqasənin oyununa valeh olaraq heyranlığını gizlədə bilməyərək ucadan deyib: “Sən ki lap turac kimi süzürsən!” O vaxtdan həmin rəqqasənin təqdim etdiyi musiqi “Turacı” adlanıb”.

 

 

R.Cəlilova məşhur “Şuşanın dağları” adlı mahnıya rəqs qurduğunu dilə gətirdi. Onun sözlərinə görə, “Şuşanın dağları”mahnısını əvəz olunmaz sənətçi Xan Şuşinski oxuyub, özü isə rəqs edib.

 

 

Xalq artisti xalq rəqslərinin, xüsusilədə Azərbaycanın yaralı yeri olan Qarabağ rəqslərinin oynanılmasının vacib olduğunu dilə gətirdi.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

03.12.2014 13:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*