Azərbaycanca

Qarabağ sikkələri

31.03.2014 | 10:39

1396246654_1Tarixi, keçmişi öyrənməyə imkan verən amillər əsasən incəsənət, mədəniyyət kimi ictimai şüur formalarıyla ölçülür. Məhz bu baxımdan bəzən hər hansı bir daş, metal, heykəl və s. özündə tarixin sirrini daşıyaraq  müasir dövrün insanıyla əski dövrün adamı arasında vasitə yaradır. Deməli, zaman-zaman daşlar da, qayalar da, metallar da danışar, insanla söhbət edər, dərdləşər, öyrəşər..  

 İlk öncə qeyd etmək istərdik ki, Qarabağ xanlığının əsası XVIII əsrin ortalarında qoyulmuşdur. Ərazi baxımından Kür və Araz çayı ərazisində yerləşirdi. Xanlıq İrəvan, Naxçıvan, Şəki, Şamaxı, Cavad , Qaradağ kimi xanlıqlarla həmsərhəd idi. Qarabağ xanlığının mərkəzi şəhəri Şuşa idi. İnzibati cəhətdən isə xanlıq mahallara bölünmüşdür. Kəndləri kəndxuda və yüzbaşılar, şəhərləri isə qalabəyi və kələntərlər idarə edirdilər.

Xanlığın ərazisində Kəbirli, Ziyadoğlu, Cavanşir, Baharlı, Otuzikilər kimi türk tayfalarından olan əhali məskunlaşmışdı.

Xanlığın yaranması ilə yeni dövlətçilik ənənələri və incəsənət nümunələri formalaşmaqda idi. Formalaşan dövlətçilik ənənələri özünü həm iqtisadi fəaliyyətdə, həm də incəsənətdə biruzə verirdi. İncəsənətin bütün növləri və janrlarında bənzərsiz sənət nümunələrinin şahidi oluruq. Xüsusilə, bu mənada diqqət çəkən məqamlardan biri də müstəqil dövlətçilik ənənəsinin nümunəsi olan sikkələrin mövcudluğu idi.

Sikkələri müasir dövrdə tədqiq edərkən iki ayrıca və mühüm məqam diqqətimizi cəlb edir. Bir tərəfdən müstəqillik, inkişaf və dövlətçilik atributlarından hesab olunan milli sikkələrimiz, həmçinin də incəsənət nöqteyi- nəzərindən maraq kəsb edir. Zərb olunan bu pullar özlüyündə təkcə pul meyarı deyil , sənət aspektini də daşımış olur .Ən üstün və dolğun estetik tələblərə cavab verir.Bu özlüyündə onu göstərir ki,  yüksək zövqə malik olan Qarabağlılar məişətdə istifadə etdiyi pulları belə, sənət əsəri səviyyəsinə qaldırmağa çalışmış və buna nail olmuşlar.

Azərbaycan numizmatika elmində Qarabağ sikkələri xüsusi yer tutur. Məhz xanlıqda Pənahəli xanın şərəfinə pənahabadi adlanan gümüş sikkə zərb edilərək, istifadə olunurdu. Bu baxımdan Azərbaycan tarixində ilk hadisə idi ki, istifadə olunan sikkə zərb olunduğu şəhərin adı ilə eyni adı daşıyırdı. Buna baxmayaraq, bildirmək istərdik ki, Pənahəli xanın dövründə kəsilən sikkələr bizə məlum deyil. Adı çəkiln xanın zamanında Qarabağ xanlığı ərazisində Səfəvilərin, mağulların, əfşarlıların, osmanlıların pulları istifadə olunurdu.

İbrahimxəlil xanın dövründə isə dövlətçilik ənənələri inkişaf etmiş, sosial iqtisadi vəziyyət daha da yüksəlmiş, uğurlu yerli və xarici siyasət tendensiyası formalaşmışdı. Bütün bu proqress əmtəə-pul münasibətlərinin yeni məcrada canlanmasına təkan yaratmışdır. İbrahimxəlil xanın islahatı nəticəsində unifikasiya olunmuş pənahabadi  pul dövriyyəsində ehtiyacları ödəyə bilirdi. Pənahabadi adlanan həmin sikkənin üzərində dinin rəmzi olaraq, “Ya Kərim” adı həkk olunmuşdur. Bu pul islahatı özündə onu göstərirdi ki, İbrahimxəlil xan və onun baş vəziri görkəmli Azərbaycan şairi və mütəfəkkiri molla Pənah Vaqif olduqca müstəqil və düzgün siyasət yürüdürdülər.

Buna baxmayaraq, qacarların hakimiyyəti qərarlaşdıqdan sonra İbrahimxəlil xan Fətəli xanın   adından yeni sikkələr zərb etməyə vadar oldu.

Mehdiqulu xanın dövründə isə İbrahimxanın oğlu və nəvəsi xanlığın başçısı olsalar  da,  yalnız formal xarakter daşıyırdı.

Mehdiqulu xanın zamanında isə  Şimali Azərbaycan yenidən Rusiyanın hakimiyyəti altına düşdü. Məhz bunu nəzərə alaraq, Mehdiqulu xan zərb etdiyi sikkənin üzərində Rusiya imperiyasının tacını həkk etdirmişdir. Lakin buna baxmayaraq, onun hakimiyyəti dövründən xanlığın süqutunadək şiə elementləri, həmçinin, “günəş və ay” beyti həkk olunmuş gümüş abbasilər zərb olunurdu. Bu elementlər pulun əsasını təşkil edirdi.

Pulların materialından bəhs edərkən bildirməliyik ki, əsasən gümüş və misdən istifadə edilirdi.

Diqqəti cəlb edən digər məqam isə Qarabağ sikkələrinin nominal dəyərinin həmin dövrdə işlədilən digər pullardan daha yüksək məbləğdə olması idi. Ehtimal var ki, pənahabadinin nominal dəyəri beş yüz dinara bərabər şəkildə olmuşdur. Bu isə Qarabağ sikkələrinin hələ o dövrdə yüksək qiymətləndirilməsinin göstəricisi idi.

Göstərilən qənaətləri nəzərə alaraq, belə fikrə  gəlmək olur ki, incəsənətin digər növləri və janrlarında olduğu kimi sikkələrin zərb olunması prosesində də Qarabağ üslubunun bənzərsizliyinin şahidi oluruq. Həmçinin, qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə Qarabağ sikkələrilə bağlı elmi-tədqiqat işləri  aparılaraq, onların utilitar və estetik funksiyası araşdırılmaqdadır. Xüsusilə, numizmatika elmi sahəsində fəaliyyət göstərən tanınmış professor Əli Rəcəblinin adını xatırlatmaq məqsədəuyğundur.

Təəsüflər olsun ki, hazırda Qarabağ düşmənlərimiz tərəfindən işğal olunduğundan həmin ərazidə olan incəsənət və ümumilikdə mədəniyyətimizin bir sıra dəyərli nümunələrini tədqiq etmək çətinləşmişdir. Amma nəzərə almalıyıq ki, bu dəyərli nümunələri yalnız Azərbaycanlılar anlaya, tədqiq edə və araşdıra bilərlər. Bu baxımdan məqalənin əvvəlində deyildiyi kimi, mənsub olduğumuz nümunələr hazırda bizdə olub-olmamasından asılı olmayaraq, yalnız bizimlə danışar, söhbət edər, dərdləşər və öyrəşər…

                                                                      

Fəxri Məmmədli,                                                                                                

sənətşünas-ekspert.

                    

“KarabakhİNFO.com” 

İstifadə olunmuş ədəbiyyat:          

                                                                      

Əli Rəcəbli “Azərbaycan sikkələri” Xalq bank 2012

– See more at: http://karabakhinfo.com/medeniyyet/2614-qaraba-sikklri.html#sthash.88QqTGTS.dpuf

31.03.2014 10:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*