Azərbaycanca

Qarabağ soyqırımı – Xocalı faciəsi: Beynəlxalq – hüquqi kontekstdə yanaşma

18.07.2014 | 12:49

6

Xocalı Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən biridir. O, Bakı-Şuşa avtomobil yolunun üstündə kiçik Qafqaz dağlarının Qarabağ silsiləsində yerləşir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalıya hücum edərək, şəhəri yerlə-yeksan etmiş, dinc əhaliyə divan tutulmuş və rayon ərazisi tamamilə işğal olunmuşdur.

Nəinki Xocalı faciəsi, həmçinin Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Ağdərə, Xankəndi və digər yerlərdə törədilən faciələr ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən «Qarabağ sindromu» ilə birbaşa əlaqəlidir.

Ümumiyyətlə, Ermənistan Respublikasının işğalçılıq siyasətinə məruz qalan bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğalçılıq aktı nəticəsində tarixi abidələr, fauna və flora ilə yanaşı, sənaye və kənd təsərrüfatı obyektləri ləğv edilmiş, 800 km uzunluğunda avtomobil yolları yararsız hala salınmış, 3834 metr uzunluğunda 160 körpü dağıdılmış, qaz boru kəmər nəqliyyatı (2 min km) və digər nəqliyyat infrastrukturu yararsız hala salınmış, Xocalı aeroportu tamamilə sıradan çıxarılmış və digər əmlak zərəri vurulmuşdur (10, s-152-161).

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikası ərazisinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri (1, s.109-116) hələ də yerinə yetirilmir. Ermənistan Respublikası beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur.5659F58519C2-4

Qeyd etməliyik ki, keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra artıq formalaşmış bu və ya digər dövlətin tərkibində yaşayan xalqlar, məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsində yaşayan ermənilər ayrılmaq formasında öz müqəddəratını təyinetmə hüququnu praktikada həyata keçirmək istəyirlər. Başqa sözlə, onlar yaşadıqları Azərbaycan dövlətinin tərkibindən çıxmağa təşəbbüs göstərirlər. Təbii ki, bu zaman belə bir sual meydana çıxır: Azərbaycan Respublikasının Dağlıq Qarabağ hissəsində yaşayan ermənilərin Azərbaycan dövlətinin tərkibindən yaşadıqları ərazi ilə birlikdə çıxmaq (ayrılmaq) hüququ vardırmı və onların bu hüququ həyata keçirmələri hüquqauyğundurmu? Elə buradaca, dərhal suala cavab verərək göstəririk ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının tərkibindən çıxmaq (ayrılmaq) hüququndan istifadə etməsi hüquqaziddir. Nə üçün? Belə ki, bunun bir neçə əsaslı səbəbi və fundamental arqumenti vardır.

Birinci səbəb və arqument ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək məqsədilə Azərbaycan dövlətinin tərkibindən çıxması onun ərazi bütövlüyünə zərər vurur. Başqa sözlə, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasından ayrılmaq hüququnu həyata keçirməsi beynəlxalq hüququn əsas imperativ və hamılıqla qəbul edilmiş prinsiplərindən biri olan «dövlətlərin ərazi bütövlüyü» prinsipini pozur. Artıq formalaşmış Azərbaycan dövlətinin tərkibinə daxil olan Dağlıq Qarabağda yaşayan ermənilərin praktikada öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməsi, şübhəsiz, bir sıra siyasi-hüquqi problemlər doğurur. Həmin problemlər beynəlxalq hüququn iki əsas (imperativ) prinsipi, yəni xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi ilə dövlətlərin ərazi bütövlüyü prinsipi arasında yaranan ziddiyyətdən irəli gəlir. Dağlıq Qarabağda yaşayan ermənilər iddia edirlər ki, onlar ayrılmaqla (Azərbaycan Respublikasının tərkibindən çıxmaqla) öz müqəddəratını təyinetmə hüququnu həyata keçirirlər. Azərbaycan Respublikasının mərkəzi dövlət hakimiyyəti isə haqlı olaraq belə hesab edir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin ayrılması dövlətlərin ərazi bütövlüyü prinsipini pozduğuna və Azərbaycan Respublikasının vahidliyi üçün təhlükə törədiyinə görə hüquqaziddir.

photo_42306Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə və dövlətlərin ərazi bütövlüyü prinsiplərindən hansının üstün olmasına gəldikdə, qeyd etmək lazımdır ki, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi həmin prinsiplərdən dövlətlərin ərazi bütövlüyü prinsipinə üstünlük (prioritet) verir. Beynəlxalq hüquq doktrinası (elmi) də məsələyə bu cür yanaşır. Məsələn, müəlliflərdən V.M.Şumilov düzgün olaraq yazır ki, dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi qarşısında prioritetə (üstünlüyə) malikdir (9, s.92).

Beynəlxaq hüququn prinsipləri haqqında Bəyannamə (1970-ci il) dövlətlərin ərazi bütövlüyü prinsipinin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipindən üstün olmasından yalnız bircə halda istisna müəyyən edir. Belə ki, bütöv xalqı təmsil etməyən hakimiyyətə malik olan, yəni demokratik olmayan dövlətin tərkibindən çıxmaq mümkündür. Bu isə, dolayı yolla o deməkdir ki, demokratik dövlətin tərkibindən onun ərazisində yaşayan bu və ya digər xalqın çıxmasına beynəlxalq hüquq yol vermir. Odur ki, beynəlxalq hüquq ədəbiyyatı səhifələrində göstərilir ki, dövlətlərin ərazi bütövlüyü prinsipi ilə xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi arasındakı münasibət bu və ya digər xalqın yaşadığı dövlətin demokratik olması ilə şərtlənir, müəyyən edilir.

Azərbaycan Respublikasının demokratik dövlət olmasına gəldikdə isə, qeyd etməliyik ki, ölkə Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə görə, Azərbaycan dövləti demokratik respublikadır. Kifayət qədər əsas (hakimiyyətin xalqa məxsus olması, dövlət hakimiyyətini həyata keçirən orqanların xalq tərəfindən seçilməsi, dövlət və ictimai həyatın ən vacib məsələlərinə dair müvafiq qərarların çoxluq tərəfindən qəbul olunması və s.) vardır ki, bu da Azərbaycan Respublikasını demokratik dövlət kimi xarakterizə etməyə imkan verir. Bundan başqa, Azərbaycan Respublikasında beynəlxalq hüququn xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə əməl olunur, burada yaşayan xalqların hüquqları təmin edilir, heç bir xalqa münasibətdə diskriminasiyaya (ayrı-seçkiliyə) yol verilmir, insan hüquqlarına hörmətlə yanaşılır.Xocalı_soyqırımı

İkinci, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi (xalqların öz müqəddəratını təyinetmə hüququ) mütləq prinsip (hüquq) sayılmır. Belə ki, dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamağın vacibliyi və həmin prinsipə əməl olunmasının zəruriliyi xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini məhdudlaşdırır. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi özünün 13 mart 1992-ci il tarixli qərarında düzgün olaraq göstərir ki, dövlətlərin ərazi bütövlüyü prinsipinə əməl etmək zərurəti xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıran haldır. Beynəlxalq hüquq da məsələyə, mahiyyətcə, belə baxır. Təsadüfi deyil ki, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi istənilən dövlətin ərazi bütövlüyünü və milli birliyini pozan hərəkətlərdən çəkinmək vəzifəsi müəyyənləşdirir (6, s.167).

Üçüncü, düzdür, hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ vardır, xalqların belə hüquqa malik olmalarını əsla və qətiyyən inkar etmək olmaz. Həm də bunu xüsusi olaraq qeyd etmək lazımdır ki, hər bir dövlət xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmələrinə mane olan zorakılıq hərəkətlərindən çəkinmək vəzifəsi daşıyır. Lakin, unutmaq olmaz ki, ərazisində yaşadığı dövlətin tərkibindən çıxmaq heç də xalqların öz müqəddəratını təyinetmə hüququnun məcburi və labüd elementi deyildir. Beynəlxalq sənədlərdə göstərilir ki, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinin məzmunu dövlətlərin ərazi bütövlüyünü pozan hərəkətləri sanksiyalaşdırmaq və ya həvəsləndirmək kimi izah edilməməlidir. Belə ki, əgər hər hansı dövlət irqinə, milliyyətinə, dininə, dilinə, və s. fərq qoymadan əhalisinin bütün təbəqələrinin öz hakimiyyət orqanlarında təmsil olunmasını təmin edərsə, beynəlxalq hüquq həmin dövlətin tərkibindən bu və ya digər xalqın çıxmasını yolverilməz hal hesab edir (7, s.34).

Dördüncü, hər bir xalqın öz dövlətçiliyini yaratmaq, başqa sözlə, öz dövlətçilik formasını seçmək (müəyyənləşdirmək) hüququ vardır. Dövlətçiliyin formaları isə müxtəlif ola bilər: məsələn, respublika, muxtar vilayət, muxtar mahal və s. formalar (5, s.216). Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikası çərçivəsində vaxtilə muxtar vilayət formasında dövlətçiliyini yaratmaqla öz müqəddəratını təyinetmə hüququndan artıq istifadə etmişlər.

Beşinci, bəzi xarici ölkələrin (məsələn, Rusiyanın və s.) beynəlxalq hüquq doktrinasında formalaşmış fikrə görə, xalqların öz müqəddəratını təyinetmə hüququ o xalqlara şamil olunmur ki, onlar artıq bir dəfə öz müqəddəratını təyin etmişlər; erməni xalqı məhz belə xalqlardandır. Belə ki, erməni xalqı hələ XX əsrin 20-ci illərində Azərbaycanın tarixi torpaq ərazisində müstəqil respublika formasında öz dövlətçiliyini yaratmışdır. Bu səbəbdən Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan ermənilərin ikinci dəfə yenidən öz müqəddəratını təyin etməyə təşəbbüs göstərmələrinin heç bir hüquqi əsası yoxdur.

Altıncı, hər hansı dövlətin tərkibindən bu və ya digər xalqın çıxması yalnız həmin dövlətin öz iradəsini sərbəst şəkildə ifadə etməsi nəticəsində həyata keçirilə bilər. Azərbaycan dövləti, təbii ki, heç vaxt razı ola bilməz ki, Dağlıq Qarabağda ermənilərin yaşadıqları ərazi onun tərkibindən ayrılsın. Buna Azərbaycan dövlətinin imkan verməsi qeyri-mümkündür.

Yeddinci, bu və ya digər xalqın öz yaşadıqları dövlətin ərazisindən ayrılması son vasitədir. Son vasitə kimi ayrılma isə yalnız maraqlı tərəflərin (ayrılan əhalinin və dövlətin) qarşılıqlı razılığa gəlmələri əsasında həyata keçirilə bilər. Azərbaycan dövləti isə, məlum məsələdir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının tərkibindən çıxmasına heç vaxt razılıq verə bilməz.

Səkkizinci, təbii ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının tərkibindən öz yaşadıqları ərazi ilə birlikdə ayrılmaq istəyirlər (dövlətdən müəyyən ərazinin ayrılması sesessiya adlanır). Bu, əlbəttə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsinə gətirib çıxarardı. Əsas qanun -Konstitusiyaya görə, Azərbaycan Respublikasının dövlət sərhədləri yalnız referendum (ümumxalq səsverməsi) yolu ilə dəyişdirilə bilər (Konstitusiyanın 3-cü maddəsinin 2-ci hissəsi). Məlum məsələdir ki, Azərbaycan xalqı heç vaxt Azərbaycan Respublikasının dövlət ərazilərinin dəyişdirilməsinə səs verməz.

Doqquzuncu, beynəlxalq hüquq doktrinasında formalaşmış fikrə görə, xalqların öz müqəddəratını təyinetmə, o cümlədən ayrılma məsələsi həmin xalqların yalnız ərazisində yaşadıqları dövlətin hüququ əsasında həll edilə bilər (4, s. 285). Məhz belə halda öz müqəddəratını təyinetmə (ayrılma) həm dövlətdaxili (milli), həm də beynəlxalq hüquq baxımından hüquqauyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına və milli hüququna gəldikdə isə, qeyd etməliyik ki, Konstitusiya da daxil olmaqla dövlətdaxili hüquq müəyyən əhali qrupunun Azərbaycan Respublikasından ayrılmasına və onun tərkibindən çıxmasına yol vermir; əksinə, Azərbaycan Respublikasının Konstutusiyası Azərbaycan xalqının vahidliyi prinsipindən çıxış edir (Konstitusiyanın 5-ci maddəsinin 1-ci hissəsi).

Onuncu, məlum olduğu kimi, öz müqəddəratını təyinetmə hüququnun subyekti yalnız xalq ola bilər. Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan ermənilər isə xalq deyil, milli-etnik qrupdur. Milli-etnik qrupun öz müqəddəratını təyinetmə hüququ yoxdur. Millətin (milli-etnik qrupun) öz müqəddəratını təyinetmə hüququndan yalnız bir halda danışmaq olar. Belə ki, xalq əgər ancaq bir millətdən ibarət olarsa, onda həmin millətin öz müqəddəratını təyinetmə hüququndan söhbət gedə bilər (3, s.102-108).

Onbirinci, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinin əsas və başlıca təyinatı müstəmləkə altında olan ölkələrdə yaşayan xalqların müstəmləkəçiliyə qarşı mübarizə aparmalarına, onların öz müstəqil dövlətlərini yaratmalarına və milli-azadlıq hərəkatlarına təkan verməkdən ibarət olmuşdur. Qeyd etməliyik ki, belə xalqlar müstəmləkə asılılığından azad olaraq, öz müstəqil dövlətlərini yaratmış, müstəmləkəçi imperiyalar dağılmış, kaloniyalar ləğv olunmuş, bir sözlə, müstəmləkəçilik problemi həll edilmişdir. Bu problemin həllində isə xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi vacib rol oynamışdır. Deməli, müasir dövrdə müstəmləkə rejiminin dağılması səbəbindən xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi öz təyinatını (funksiyasını) yerinə yetirmişdir. Odur ki, həmin prinsip Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan ermənilərə şamil oluna bilməz. Ona görə ki, Azərbaycan Respublikası müstəmləkəçi dövlət, Dağlıq Qarabağda yaşayan ermənilər isə müstəmləkə asılılığında olan xalq sayılmır. Beləliklə, indiki şəraitdə xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi, mahiyyətcə, sözün əsl mənasında, öz funksiyasını yerinə yetirmişdir. Buna görə də Dağlıq Qarabağda yaşayan ermənilərin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə tez-tez istinad etmələrinin heç bir hüquqi əsası və mənası yoxdur.

Xocalı_soyqırımı008Qeyd etmək lazımdır ki, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi müstəmləkə zülmündən xilas olmaq məqsədinə xidmət etmişdir. Müasir dövrdə həmin prinsip müstəqil və suveren dövlətlərin ayrı-ayrı hissələrə bölünməsinə və ya parçalanmasına gətirib çıxarmamalıdır.

Xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, adətən, daxili münaqişələrə, güc tətbiq edilməsinə səbəb olur ki, bunun nəticəsində dəhşətli cinayətlər törədilir. Bu isə, əlbəttə, sülh, təhlükəsizlik, hüquq qaydası və insan hüquqları üçün böyük təhlükədir. Digər tərəfdən, çox vaxt siyasi, seperatçı, milli, kriminal və digər qüvvələr xalqların öz müqəddəratını təyinetmə hüququndan öz məqsədləri üçün istifadə edirlər; nəticədə bir sıra dövlətin (məsələn, Azərbaycan Respublikasının) ərazi bütövlüyü üçün real təhlükə yaranmışdır.

Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə, onların siyasi vahidliyinə ziyan vurmaqla həyata keçirilməməlidir. Həmin prinsipdən həm də seperatizm məqsədləri üçün istifadə edilməsi yolverilməzdir; əgər bu prinsipin realizasiyası mövcud dövlətin dağılmasına gətirib çıxararsa, onun tətbiqi istisna edilir. Diqqətəlayiqdir ki, 1970-ci il Bəyannaməsi dövlətin vahidliyinin pozulmasına səbəb ola bilən müqəddəratı təyinetməni məhz yolverilməz hal hesab edir.

Təsadüfi deyildir ki, Moskvada Karnegi Fondu və ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin birgə təşkilatçılığı ilə «Sovet İttifaqının süqutundan sonra milli münasibətlər» mövzusunda keçirilən beynəlxalq konfransda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan amerikalı politoloq və tarixçi alim Uilyam Taubman Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu vurğulamışdır. Politoloq qeyd etmişdir ki, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur.

Ümidvarıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin olunacaq və nəhayət süni yaradılmış «Dağlıq Qarabağ» problemi öz ədalətli həllini tapacaqdır. Bu problemin həllində, inanırıq ki, yüksək insani dəyərlərin təntənəsi naminə sülhpərvər dünya ictimaiyyəti, dünya dövlətləri və beynəlxalq təşkilatlar haqq-ədalətin bərpasını dəstəkləyəcəklər.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1.Abbasbəyli A.N. Qafqaz geostrategiya məkanında. Bakı, Azərnəşr, 2003.
2.Həmidov S.Dağlıq Qarabağ münaqişəsi 2020-ci ildə: sülh, yoxsa müharibə // DİRÇƏLİŞ-XXI ƏSR. Bakı, 2011, № 153-154, s.146-159.
3.Qasımova H.A., Axundova Z.Ə. Beynəlxalq hüquqda öz müqəddəratını təyin etmək hüququnun subyektləri // Nəqliyyat hüququ. Bakı, 2010, № 4, s.102-108.
4.Лукашук И.И. Международное право. Учебник. Общая часть. М., 1997.
5. Международное право / Отв.ред. В.И.Кузнецов, Б.Р.Тузмухамедов. М., 2007.
6.Международное право. Учебник / Отв. ред. Г.В.Игнатенко, О.И.Тиунов. М., 2010.
7.Международное право. Учебник / Под ред. А.И.Микульшина. М., 2005.
8.Татьяна Чаладзе. Карабахский геноцид: обреченный Ходжалы. Документальная хроника. Баку, ИНДИГО, 2009.
9.Шумилов В.М. Международное право. Учебник. М., 2008.
10.Эфендиев О.Ф. Военные преступления: от Нюрнберга до Карабаха (международно- правовой анализ). Монография. М., ЦЧКИ, 2000.

 

 

Etibar Əliyev

 

Müharibə veteranı, polis polkovniki,
Beynəlxalq Nəqliyyat Akademiyasının
həqiqi üzvü, hüquq üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

18.07.2014 12:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*