Azərbaycanca

QARABAĞ XALÇALARI

19.05.2012 | 15:55

1337424741_images-4Qafqazın qoynunda, Avropa ilə Asiyanın ayrıcında yerləşən Azərbaycan çox qədim tarixə, zəngin mədəniyyətə malik bir ölkədir.

Hələ qədim dövrdən burada yaşayan əhali sənətkarlıqla məşğul olmuşdur. İlk əvvəl daşda, dulus məmulatlarda və metalda ilkin şəkildə işlənmiş və bizim günümüzədək gəlib çıxmış motivlər sonrakı dövrlərin təsviri sənətində, o cümlədən tətbiqi sənətin müxtəlif növlərində, xalçaların ornament və kompozisiyalarında öz əksini tapmışdır.

QARABAĞ XALÇALARI

 

Dünyada insanın yarandığı ən qədim məskənlərdən biri olan və əsrlər boyu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan Qarabağ bölgəsi də qədim mədəniyyət ocaqlarından biridir.

Qarabağın əlverişli təbii coğrafi şəraiti (şirin su qaynaqları, alp çəmənlikləri, sıx meşələri, hündür dağları, şəlalələri, zəngin bitki və heyvanat aləmi, mineralları) bu bölgənin ən qədim insan məskənləri xəritəsinə daxil olmasına səbəb olmuşdur.

Dünyada ən qədim insan məskənlərindən olan Azıx və Tağlar mağarasından (Füzuli şəhəri yaxınlığında) arxeoloji qazıntılar zamanı tapılan bir çox əmək alətləri buna aydın sübutdur.

Digər bir arxeoloji abidə olan Qaraköpəktəpə yaşayış yerindən (eradan əvvəl VIV minilliklər  eramızın XIIXIV əsrləri) əl ilə hazırlanan gil qablar, tunc silahlar və başqa zərif naxışlanmış məişət əşyaları əldə edilmişdir.

Qarabağ düzlərinə yaraşıq verən yüzlərlə yaşayış məskəni olan təpələrdən aşkar edilmiş maddi mədəniyyət nümunələri Azərbaycanla birgə Fransanın, Almaniyanın, İngiltərənin, Rusiyanın və b. ölkələrin muzeylərini bəzəyir.

Qarabağın Üzərliktəpə ərazisi Qafqazda ilk şəhərtipli yaşayış məskənlərindən olmuşdur. Qazıntılar zamanı məlum olmuşdur ki, hazırda hündürlüyü 67 m. olan Üzərliktəpədə təxminən eramızdan əvvəl II minilliyin sonunda 3,5 m. hündürlükdə yaşayış məskəni salmış sakinlər “hərəkət edən ocaq“, yəni gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan manqalvari kürəciklərdən də istifadə etmişlər. Üzərliktəpədə artıq bu dövrdə bitkilərdən boyaq rəngi almağın sirlərinə bələd olmuşlar və həmin boyaqlar vasitəsilə məişətdə işlətdikləri gil qabların bir çoxunu rəngləmişdilər. Bu məqsədlə onlar, başlıca olaraq iki rəngdənqara və qırmızıdan istifadə etmişlər.

Qədim sakinlərin məişətində sümük alətlərinin də rolu az olmamışdır. Onlar sümükdən, əsasən, toxuculuq alətləri və tikiş üçün iynələr hazırlayırdılar.

Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, yerli əhali arasında əkinçilik və maldarlıqla yanaşı, toxuculuq, boyaqçılıq, dulusçuluq və metalişləmə sahələri daha çox inkişaf etmişdir.

Qədim dünyanın mədəni mərkəzlərindən biri olan Xocalıda arxeoloji qazıntılar zamanı maddimədəniyyət qalıqları toplanmışdır. 34 min il bundan əvvəl bu ərazidə yaşayan sakinlərin həyatında sənətkarlıq əsas sahələrdən biri kimi xüsusi yer tutmuşdur.

Qarabağın Xocavənd, Ağoğlan və başqa ərazilərindən də zəngin maddi mədəniyyət qalıqları tapılmışdır.

Hələ antik dövrdən Qarabağda Bərdə şəhəri məşhur idi. Bərdə həm iqamətgah, həm hərbi qala, həm ticarət mərkəzi, həm də möhtəşəm sənətkarlıq mərkəzi olmuşdur.

IX əsr ərəb tarixçisi İbn Hövgəl Bərdə şəhərindən bəhs edərkən onu “Arranın anası” adlandırmışdır. Mənbələrin verdiyi məlumata görə, VIIX əsrlərdə Bərdədə 100 mindən çox adam yaşamışdır. Şəhərdə dörd böyük bazar, xüsusi sənətkarlıq mərkəzləri mövcud olmuşdur. Bu dövrdə Bərdə ipəyi İrana, Xuzistana ixrac edilir, xüsusi sifarişlə ipək xalçalar toxunurdu.

Başqa bir müəllif ƏlMüqəddəsi isə yazırdı ki, Bərdə baş şəhər olub, bu vilayətin Bağdadıdır. Müəllif gözəl Qarabağ xalçalarından, xüsusən misli bərabəri olmayan “Bərdə” xalçaları haqqında məlumat verir.

Ərəb müəllifi əlİstəhri (X əsr) Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotumarena) barədə, əlMüqəddəsi, Hövqəl isə alqırmızı boya alınan və hətta, Avropaya ixrac edilən “qırmız” adlı qurdlar barədə məlumat verir.

XIXII əsrlər Azərbaycanın çiçəklənməsi, onun iqtisadiyyatının yüksəlişi, şəhərlərinin genişlənməsi, bir çox sənətlərin inkişafı dövrüdür. Bu dövrlərdə bir çox bölgələrlə yanaşı, Qarabağ bölgəsinin xalçaları da Yaxın Şərq bazarlarında böyük şöhrət qazanmışdı.

XIII əsrin I yarısında və XIV əsrin ortalarında uyğur (türk) və Çin mədəniyyətinin güclü təsirinə məruz qalan monqollar həmin mədəniyyətlərin elementlərini Azərbaycana da gətirmişdilər. Nəticə etibarı ilə Azərbaycan incəsənətində, ilk növbədə xalçaçılıqda yeni süjetlər, kompozisiyalar meydana çıxırdı. Tətbiqi sənətin ən inkişaf etmiş sahələrindən biri olan xalçaçılıqda tətbiq edilən süjet və kompozisiyalar Qarabağ xalçalarında da öz əksini tapmışdır.

XVXVI əsrlərdə də Azərbaycan incəsənətində, xüsusilə xalçaçılıq sahəsində irəliləyiş var idi. Bu dövrlərdə avropalıların məişətinin əsas bəzəyi olan Azərbaycan xalçaları bir çox Avropa rəssamlarının tablolarında təsvir edilmişdir. Təsvir edilən xalçalar sırasında Qarabağ xalçaları xüsusi yer tutur. Qarabağ qrupuna daxil olan “Muğan” xalçası Hans Memlingin (XV əsr) “Məryəm körpəsi ilə” və “Bir gəncin portreti” tablolarında görünür.

Səfəvilər dövləti hakimiyyəti dövründə (15011736ci illər) xalçaçılıq istehsalı mərkəzləri sürətlə inkişaf etmişdi. Bu dövrlərdə Qarabağ bölgəsində də nəfis xalçalar istehsal edilirdi.

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi, əsasən, Azərbaycanın “incisi” adlandırılan Şuşada cəmlənmişdir.

Bu xalçalar ilk əvvəl Xocavənd adlandırılırdı. XVIII əsrdən Xocan, XIX əsrdən isə Şuşada yayıldığı müddətdə onlar “Qoca” adı ilə məşhur olurdular. Əslində “Qoca” xalçalarının adı Xocavənd kəndinin adı ilə bağlıdır.

Azərbaycanın Şuşa şəhəri hələ qədim zamanlardan özünün bənzərsiz xalçaları ilə şöhrət qazanmışdır. Xalqın milli ənənələrindən bəhrələnən xalça sənəti bu bölgədə müəyyən inkişaf mərhələləri keçmişdir.

Şuşa Qarabağ xanlığının paytaxtı olduğu dövrdə şəhərdə və onun kəndlərində klassik çeşnili xalçalar toxunurdu. XIX əsrdə burada ənənəvi naxışlarla yanaşı Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompo zisiyaları  “Bağçada güllər”, “Saxsıda güllər”, “Bulud” və s. çeşnilər toxunurdu.

18401850ci illərin statistik məlumatlarına görə Şuşa şəhərində sənətkarların sayı iki dəfə çoxalmışdı ki, onların xeyli hissəsini xalçaçılar təşkil edirdi.

Şuşada xalça sənətinin əhalinin əsas məşğuliyyətlərindən birinə çevrilməsinə əlverişli coğrafi şərait, toxuculuq üçün yararlı xammal ehtiyatının bolluğu və məişətdə bu xammalın geniş tətbiq edilməsi başlıca səbəb olmuşdur. İstər daxili, istərsə də xarici bazarda Qarabağ xalçalarına olan tələbat onun inkişafına hərtərəfli təsir göstərmişdi.

Şuşa İran, Türkiyə, Ərəbistan, Hindistan, Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşdiyi, həmçinin Qarabağın və bütövlükdə Cənubi Qafqazın sosialiqtisadi həyatında xüsusi yer tutduğu üçün burada xalçaçılıq dövrün tələbatına uyğun olaraq daim təkmilləşmiş, bədii və texnoloji cəhətdən yüksək səviyyəyə çatmışdı.

XIX əsrdə Şuşada yüksək toxuculuq məharəti ilə seçilən sənətkarlar çalışırdılar. Burada Xorasan xalçalarından da üstün keyfiyyətdə olan xalçalar toxunurdu.

Azərbaycan xalçaçılığının Qarabağ qrupuna daxil olan xalçalar arasında özünəməxsus bədii və texnoloji xüsusiyyətləri ilə seçilən Şuşa xalçaları XIX əsrin sonlarında daha böyük uğurlar qazanmışdı.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağda da xalçalar xovlu və xovsuz texnika ilə toxunmaqla iki qrupa bölünür. Birinci qrupa xovsuz texnika ilə toxunan həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni, şəddə, zili, sumax və ladı adlı xalçalar daxildir. Xovsuz xalçalar qrupuna daxil olan xalça və xalça məmulatlarının toxunuşu arğacların əriş iplərinə “sadə keçirtmə”, mürəkkəb keçirtmə və “sadə dolama” üsulu ilə əmələ gəlir.

İkinci qrup xovlu xalçalardır. Bu qrupa xalı və xalçalar daxildir. Xovlu xalçaların toxunuşu “düyünləmə” üsulu, yəni “dolama ilmə” və yaxud “qullabı ilmə” ilə əmələ gəlir.

Sənətşünaslar xovlu və xovsuz xalçaların keçdiyi inkişaf yolunu dörd əsas və ardıcıl dövrə bölürlər.

Birinci dövr xalça sənətinin ibtidai dövrüdür. Qarabağda toxunan palaz və cecimlər bu dövrə aid edilir. Bu dövrdə toxunan xalça məmulatı bəzəksiz, saya yerli və birrəngili olurdu. Sonralar toxucular heyvan yunlarının təbii rənglərindən istifadə edərək zolaqlı palazları yaratmışlar.

Xalça sənətinin ibtidai dövrünü təşkil edən və keçirtmə üsulu ilə toxunan palaz zolaqlarının üç bədii inkişaf forması vardır:

a) sadə zolaqlar;

b) sulu zolaqlar;

c) naxışlı zolaqlar.

Bu bədii inkişaf formaları cecimlərə də aiddir.

Ümumiyyətlə, “palaz” köçmə həyat tərzi keçirən bir qisim əhali arasında və habelə Muğanda, cecim isə Ağcabədi və Cəbrayılda geniş yayılmışdır. Adətən palazlar dik hanalarda, cecimlər isə yer hanalarında toxunurdu.

İkinci dövr xalça sənətinin, texniki və başlıca olaraq, bədii cəhətdən inkişafının ilk dövrüdür. Bu dövrdə sadə dolama texnikası ilə əmələ gələn “kilim” toxuma üsulu inkişaf edir. Bu texnikanın meydana gəlməsi, xalçaların üzərində ibtidai formalarda sadə naxışlar toxumağa imkan yaratmışdır. Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Qarabağda da palaz və kilimlərdən alaçıqlarda, dəyələrdə və eləcə də toyxanalarda, istər daxili bəzəkdöşəmə, istərsə də xarici örtük kimi istifadə olunurdu. Kilimlər əsasən Bərdə və Cəbrayılda toxunurdu.

Üçüncü dövr vərni, şəddə, zili, sumax, ladı toxuma üsulu meydana gəlməsi dövrüdür. Mürəkkəb dolama texnikasının çox geniş yayıldığı bu dövrdə xalça bəzəyinin mürəkkəbləşmə və müxtəlif ölçülü naxış elementlərinin inkişafı üçün geniş imkanlar yaranmışdır.

Xalça sənətinin üçüncü dövrünü təşkil edən və mürəkkəb dolama üsulu ilə əmələ gələn şəddə və vərni xalçaları əksər hallarda maldarlıqla məşğul olan yerlərdə toxunurdu. Buna görə də bölgədə bu tipli xalçaların üzərində başlıca olaraq stilləşmiş heyvan təsvirlərinə daha çox təsadüf edilir. Qarabağın dağlıq rayonlarında şəddə və vərni toxunuşlu at, dəvə, öküz çulu, pərdə, məfrəş və s. məişət əşyalarına teztez rast gəlinir. Şəddə və vərninin istehsalının mənşəyi Bərdə və Naxçıvan olduğu güman edilir. Qarabağ bölgəsində nadir hallarda ipəkdən toxunmuş vərnilərə də təsadüf edilir. Mürəkkəb dolama toxuma üsulu ilə toxunan zili istər toxunuşuna görə, istərsə də bədii cəhətdən şəddə və vərniyə nisbətən daha artıq təkmilləşmişdir. Qarabağın zili bəzəklərində şərtiləşmiş heyvan təsvirlərindən başqa, ibtidai formada bir sıra həndəsi elementlər də meydana gəlmişdir. Zililərin əsas toxunma mərkəzi Bərdə olmasına baxmayaraq Ağdamda, Yevlaxda, Füzulidə, Ağcabədidə, Laçında, Beyləqanda və Kəlbəcərdə də toxunmuşdur. Adı çəkilən bölgələrdə sumax texnikası ilə xalça məmulatları da toxunmuşdur.

Xovsuz xalçaların və xalça məmulatlarının özünəməxsus ornamentləri olur. Bu elementlər üçün palaz zolaqları, kilimlərə xas olan klassik elementlər, şəddə və vərni elementləri, zili, ladı, sumax elementləri adı altında birləşərək birbirindən fərqlənirlər.

Qədim zamanlardan bu günümüzədək istehsal edilən xovsuz xalçalar bütün dövrlərdə digər bölgələrdə olduğu kimi, Qarabağ bölgəsində yaşayan əhalinin məişətinin ayrılmaz hissəsi olmuşdur. Qədim xalça ustaları məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü və şair məişət əşyalarının yüngül və yumşaq olmasını nəzərə alaraq, onların əksəriyyətini xovsuz xalçaların toxuma texnikası ilə istehsal edirdilər. Bu adət indi də davam etməkdədir.

Xalça toxuma sənətinin dördüncü dövrü düyünləmə, yəni əvvəllər dolama ilmə, sonralar isə qüllabı ilmə texnikası ilə əmələ gələn xovlu xalça toxuma üsulunun inkişaf etdiyi dövrdür. Bu dövr istər texniki, istərsə də bədii cəhətdən xalça sənətinin yüksək inkişaf dövrü hesab edilir. Hələ eramızdan əvvəl tətbiq olunan ilmə düyün texnikası, bütün başqa üsullardan fərqli olaraq, mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdır. Bu texnikanın inkişafı ilə əlaqədar yeni istehsal alətləri (dəmir qayçı, bıçaq) meydana gəlmişdir. İstər xovlu və istərsə də xovsuz xalçaların toxunma prosesində digər istehsal alətlərindən (həvə və kirkidən) istifadə etmişlər.

Xalça sənətinin tədqiqatı ilə məşğul olan sənətşünaslar Qarabağ xalçalarını üç qrupa bölürlər:

1. Aran qrupu. Bu qrupa Bərdə və Ağcabədi rayonlarının xalçaları daxildir. Bərdə rayonunun keçmişdə məşhur olan “Bərdə”, “XanQərvənd”, “Açmayumma”, “Aran”, “Qoca”, “Buynuz”, “Dəryanur”, “Balıq“, “Şabalıd buta” adlı xovlu xalçaları və şəddə, vərni və zili kimi xovsuz xalçaları olmuşdur. Bu qrupa daxil olan xalçaları xalça ustaları “Aran” xalçası da adlandırırdılar. Naxçıvan xalçası da texniki xususiyyətlərinə görə Qarabağ xalçalarına uyğun olduğu üçün bu qrupa daxil edilir.

Ağcabədinin xovlu xalçalarından “Ləmbəran”, “Qarabağ”, “Xantirmə” və xovsuz xalçalarından cecim və zililər də çox yayılmışdır. Bu rayonda “Qaraqoyunlu” xalçası da toxunmuşdur.

2. Şuşa qrupu. Bu qrupa “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Saxsıda güllər”, “Nəlbəkigül”, “Bulud” adlı məşhur xalçalar daxildir. Burada “Atlıitli”, “Rüstəm və Söhrab”, “Dəryanur” adlı xalçalar da toxunurdu. Şuşa qrupuna daxil olan “Ləmpə” xalçası Qarabağın bütün xalçaçılıq mərkəzlərində toxunmuşdur.

3. Cəbrayıl qrupu. Bu qrupa “Xanlıq“, “Qaraqoyunlu”, “Qubadlı”, “Kürd”, “Qasımuşağı”, “Bəhmənli”, “Muğan”, “Talış”, xovsuz xalçalardan isə palaz və kilimlər daxildir.

Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa ilə yanaşı, Daşbulaq, Dovşanlı, Çanaqçı, Tuğ, Tağlar və digər kəndlər əsas rol oynamışlar. Dağlıq zonaya nisbətən şübhəsiz ki xammalla daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə, Füzuli və Yevlax xalça istehsalında əsas yer tutur. Bu mərkəzlərin hər birində, əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan, müəyyən miqdarda kəndlər mövcud olmuşdur. Qarabağın xovlu və xovsuz xalçalarının ölçüsü başqa xalçalara nisbətən böyükdür. Bu bölgədə 2 kv. m.dən 20 kv. mə kimi ölçüsü olan xalçalar toxunurdu. Bəzən ölçüsü 25 və 30 kv. metr olan xalçalara da rast gəlmək olur.

Qarabağın xalçalarının ilmə sıxlığı 30x30dan 40x40a qədər olur. Bu bölgənin xalçalarında bir kv. metrdə 90.000dən 160.000nə qədər ilmə yerləşir. Bəzən bir kv. metrdə 200.000 ilməsi olan xalçalara da təsadüf edilir. Bu xalçalar qullabı ilmə toxunuşlu olur.

Qarabağ qrupuna daxil olan xalçaların ilmə hündürlüyü, yəni qalınlığı 6 mmdən 10 mm.ə qədər olur. Burada toxunan xalçalar əksər hallarda uzunsov olur. Bu xalçaların sıxlığı orta və az olmasına baxmayaraq möhkəm, qalın və xeyli davamlı olur.

Qarabağ xalçalarının kompozisiyası zəngin olur, yəni bu xalçalar mürəkkəb kompozisiya quruluşuna malikdir.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xalça sənətinin inkişaf dövrünü təşkil edən xovlu xalçaların kompozisiyası müxtəlif formalı elementlərdən qurulmuşdur.

Ümumiyyətlə, xalça kompozisiyası iki hissədən ibarət olur:

1. Ara sahə;

2. Haşiyə qurşağı.

Ara sahə ilə haşiyə ornamentləri birbiri ilə üzvi surətdə bağlı olur.

Qarabağ xalçalarının ara sahəsinin bəzəyini bitki elementləri, məişət əşyalarının təsvirləri, canlıların təsvirləri (insan təsvirləri, heyvan təsvirləri), müxtəlif formalı elementlər (pilləlilər, kvadrat və düzbucaqlılar, çoxbucaqlılar, qarmaqlılar, dilikliitibucaqlılar, sancaqlılar və ya tikanlılar, dəyirmilər, səkkizguşəli ulduzlar, qeyrimüəyyən formalılar) təşkil edir.

Qarabağ xalçalarında təsvir edilən bitki elementləri öz formalarına görə iki növə bölünür:

1. Həndəsiləşdirilmiş elementlər;

2. Əyri xətli elementlər.

Həndəsiləşdirilmiş elementlər, əsasən, xalça kompozisiyasında doldurucu elementlər kimi və yaxud köməkçi, bağlayıcı rolunu oynayırlar. Bu elementlər Azərbaycanın digər bölgələrinə nisbətən, Qarabağ qrupuna daxil olan xalçalarda daha çox işlədilir.

Əyrixətlilər həndəsiləşmiş bitki elementlərinə nisbətən daha da stilləşmiş formada olur. XVXVI əsrlərdə Təbriz xalça məktəbinin nümunələrində daha çox tətbiq edilən bu formalar, nəinki “Qarabağ”, hətta Yaxın Şərq və Kiçik Asiya xalça məktəbinə də qüvvətli təsir göstərmişdir.

Qarabağ xalçalarında müxtəlif heyvan təsvirlərinə – ev heyvanlarına, vəhşi heyvanlara, o cümlədən quş və həşərat təsvirlərinə rast gəlmək olur.

Qarabağ xalçalarında teztez rast gəlinən maral bütün türklərin eyni rəmzi mənası olan ümumi totem idi. Türkdilli xalqların təsəvvüründə maral yüksəliş rəmzi və böyük güc nişanəsi idi. Maralın dövri olaraq təzələnən ağacabənzər buynuzları cavanlaşdırma, daima təzələnmə və zamanın gedişini genişləndirmə rəmzi kimi yozulur.

Azərbaycanın bir çox bölgələrində toxunan xalçalarda təsvir edilən at fiqurlarına Qarabağ bölgəsinin xalçalarında da teztez təsadüf edilir. At köçəri oğuz qəbilələrində əsas totemlərdən biri olmuşdur.

Şumerlər (Altay türklərinin Mesopatamiyada məskunlaşmış nəsilləri hesab olunur) arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşlar. At toteminə sitayiş günəş ilə əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış olduğu yerlərdə ata böyük ehtiram olmuş və onların ata sitayiş etməsi haqda çoxlu faktlar vardır. Altay ailəsi qəbilələrinin buğa, şir, at, pələng, qartal, əjdaha, maral, qurd kimi totemləri  dini rəmzləri məlumdur.

Su mənşəli sayılan buğa (öküz) qüvvət və qüdrəti təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında və Mərkəzi Asiyada tapılmışdır.

Ay səcdəgahı sayılan buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin gerbinin mərkəzini bəzəyir. Buğa surətinin ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində verilmişdir.

Qarabağ xalçalarında təsvir edilən pələng türk xalqlarının anlayışında qüvvə təcəssümü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda, Mərkəzi Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genealogiyasının təşəkkülündə böyük rol oynamışdır və əsas totemlərdən biri idi. Pələng fiquru da qədim Altay astronomik təqvimində yer almışdır.

Qarabağ xalçalarında rast gəlinən qartal (tərlan) günəş, işıq mənbəyi totemidir. Türk xalqlarının incəsənətində qartal günəş, od, ildırım və şimşək hökmdarı sayılır.

Qarabağ xalçalarında teztez rast gəlinən əjdaha totemi Azərbaycanda, Türkmənistanda, habelə Sibir ərazilərində xalqların məişətində və incəsənətində geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın həyatının uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur.

Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür. Şaman mərasimlərində əjdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahanın mövcudluğuna inanırdılar.

Qarabağ xalçalarında şir təsvirlərinə də təsadüf edilir. Şir Şərqdə ta qədimlərdən günəş, od, aydınlıq və qüdrət təcəssümü kimi qəbul olunmuşdur. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi.

Qarabağ xalçalarında ümumi kompozisiyada əsas yer tutan və ən çox gözə çarpan elementlər bütün xalça kompozisiyalarında olduğu kimi beş qrupa bölünür:

a) Butalar. Azərbaycan ornamentlərində çox geniş istifadə olunan buta Qarabağın həm xovsuz, həm də xovlu xalçalarında təsvir edilir.

Azərbaycanın müxtəlif bölgələrində xalça kompozisiyasında kök salmış buta Qarabağ xalçalarında da müxtəlif formalarda işlənmişdir. Qarabağın “Şabalıd buta” adlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin “buta” təsvirli xalçalarından seçilir.

b) Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu rolunu oynayır. Adətən uzunsov kətəbələrin üzərində toxucular müxtəlif yazılar, süjetli kompozisiyalar və yaxud müstəqil quruluşlu ornametlər yerləşdirirlər.

c) Anagüllər. Xalça kompozisiyası üçün xarakterik olan bu elementlərin xalçaların adlarının müəyyənləşdirilməsində əsas və əhəmiyyətli rolu vardır. Qarabağın “Qoca” adlı xalçasında “anagüllər” çox təkrar olunur.

ç) Göl və ya kiçik xonçalar. Qarabağ xalçalarında teztez rast gəlinən “göl”, “xonça”, “padnos” istilahları medalyon mənasını daşıyır. Azərbaycanın bütün bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif olduğu kimi, Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.

d) Qubbalar. Qubbalar əsas elementlər qrupuna daxildir və adətən xalça kompozisiyasında böyük göllərin başında (qurtaracağında) yerləşdrilir. Toxucular bu elementləri “başlıq“ və yaxud “heykəlbaşı” adlandırırlar.

Haşiyə bəzəyinin elementləri iki növə bölünür:

1) Haşiyənin qarışlarını təşkil edən elementlər;

2) Haşiyə qurşağını təşkil edən zolaqlar.

Haşiyə qarışlarını təşkil edən elementlər haşiyələrin kompozisiyasını təşkil edir və qarışları əmələ gətirir. Bu elementlər qarışyanı, bağlayıcı və ya qarışortası vəzifəsini daşıyır.

Haşiyə qurşağını təşkil edən elementlərə “su”lar, “siçandişilər”, “mədaxillər”, “zəncirələr”, “bala haşiyələr”, “ara haşiyələr”, “cağ”lar aiddir.

Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux və parlaq olur. Bu rənglər Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu bölgədə qırmızı və çəhrayı rənglər boyaq (“marena”) bitkisindən və qırmızı rəng bəzən “qırmız” adlanan qurddan, sarı və sarımtıl rənglər sarıçöp, sarıgüldən, noxudu və ya şəkəri rənglər  soğan və alma qabığından, palıd rəngi  qoz qabığından, sürməyi və göy rənglər  təbii indiqodan alınırdı.

Qarabağda təbii rənglərin boyama qabiliyyətini artırmaq məqsədilə toxucular arasında çox tətbiq edilən zəy, duz, mal sidiyindən və başqa bərkidici maddələrdən istifadə edirdilər. XIX əsrin axırlarından başlayaraq Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qarabağda, xüsusilə Şuşada bəzən saxta boya (sabit olmayan) ilə boyanan xalçalara da təsadüf edilirdi. Əlbəttə, Azərbaycan xalçalarına xas olmayan bu boyaq üsulu xalçaların bədii xüsusiyyətini azaldırdı.

Qarabağ xalça sənətinin rəng xüsusiyyətlərindən biri də budur ki, xalq ustaları tonların istisoyuqluğunu, kontrastlılığını, rəng ahəngdarlığını, qanunauyğunluğunu yaxından hiss etmişlər və nəticədə göz oxşayan, xoşagəlimli rəng palitrası yaratmışlar.

“Sehrli ilmələr” qalereyasının Qarabağ kolleksiyasına daxil olan xalçalardakı zəngin naxış tərtibatı, rəng uyğunluğu buna bir daha sübutdur. Zəngin kolleksiyaya malik olan qalereyada Azərbaycanın qocaman xalça ustalarının qədim dövrlərdən bu günümüzədək yaratdıqları kompozisiyalar ənənəvi surətdə bugünkü xalçalarda tətbiq edilməkdədir. Qarabağ bölgəsinin demək olar ki, bütün kompozisiyaları toxucular tərəfindən yüksək peşəkarlıqla toxunur və bu sənətin sirləri bugünkü və gələcək nəsillərə ötürülür.

Qədim tarixə, zəngin naxış tərtibatına və ahəngdar rəng quruluşuna malik olan Qarabağ xalçaları əsrlər boyu bu diyara səfər etmiş səyahətçilərin, tədqiqatçıların diqqətini cəlb etmişdir.

Məişətə rahatlıq gətirən və gözəllik bəxş edən Azərbaycan xalçaları müxtəlif dövrlərdə əcnəbilərin zövqünü oxşamış və onlarda alıcılıq həvəsini oyatmışdır.

Əcnəbilərin, əsasən, Amerika və avropalıların məişətinə nüfuz edən xalça və xalça kompozisiyası əsasında toxunan tikmələr bu gün dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində ən dəyərli və nadir incilər kimi saxlanılır və nümayiş etdirilir.

 

Asya ŞİRƏLİYEVA 

(sənətşünas).

Vidadi MURADOV

(sənətşünas

19.05.2012 15:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*