Azərbaycanca

Qarabağa – evimizə gedəkmi?

28.07.2014 | 07:36

10566346_609449182501902_648199936_n3 soydaşımız Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun öz doğma yurdlarına səfər edərkən erməni işğalçıları tərəfindən girov götürülmələri gözlənilməz situasiya yaradıb. İşğalçı Ermənistan da, vasitəçilər də qəribə çaşqınlıqla üz-üzə qalıblar. Qarşı duran tərəflər hələki 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə əməl edirlər. Vasitəçilər münaqişə iştirakçısı olan dövlətlərlə, bəzən icmalarla danışıqlar aparırlar. Lakin bir amil unudulub: insanların öz ata-baba yurdlarına canatımı, doğma məzarlıqları ziyarət etmə istəyi.

Qeyd edək ki, kəlbəcərlilər uzun illər imiş ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən videoçəkilişlər edirmişlər. Daim dezinformasiyalar yayan Ermənistan Respublikasının kütləvi informasiya vasitələri bu dəfə də ənəni pozmadılar. İşğalçı ölkənin KİV-i müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya “Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir”. Azərbaycanın Müdafiə Nazirliyinin cavabı gecikmədi. Nazirlik bəyan etdi ki, ermənilər tərəfindən səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. Çünki işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla “qurulmuş” qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

 

 

Maraqlıdır ki, kəlbəcərli Dilqəm müəllimin və yoldaşlarının cəsur hərəkəti cəmiyyət tərəfindən təqdir olunur. Dilqəm müəllim və dostları bu cəsur hərəkəti ilə əslində təpədən dırnağa silahlanmış düşmənə və onu beynəlxalq aləmdə himayə edənlər meydan oxudu. Jurnalist həmkarlarımızdan biri Dilqəm müəllimin hərəkətini belə şərh etmişdi: “Dilqəm müəllim “Madrid prinsipləri”ni necə darmadağın elədi… Tüpürdü o prinsiplərə… Getdi evinə… Öz evinə…. Nə ATƏT-dən icazə aldı, nə Amerikadan, nə də Rusiyadan… Heybəsini yığıb evinə, doğma torpağına keçdi… 100 minlərlə ev də bax beləcə bizi gözləyir.. Sadəcə yığışıb getmək lazımdı… Dilqəm müəllim göstərdi ki, evə getmək asandır.. Çox asan…El-obasını itirmiş 100 minlərlə insan evə qayıtmaq üçün bax beləcə öz doğma torpağına keçməlidir…”

 

 
Bu, müharibəyə, hərbi diversiyaya çağırış deyil. Lakin 20 ildir davam edən işğala, dünya birliyinin cinayətkar susqunluğuna bir etirazdır. Dinc azərbaycanlıların işğal altında olan yurdlarına səfərləri nə qədər xoşagələn akt olsa da, o qədər təhlükəlidir. İşğalçılar əraziləri minalayıblar və insanlarımıza qarşı çox qəddardırlar. İşğal olunmuş torpaqlara dinc səfərləri kütləviləşdirmək olmaz. Ancaq ərazini yaxşı tanıyan işğal altında olan rayonların sakinləri öz doğma yurdlarına səfərləri intensivləşdirə bilərlər. Bu, hər gün ermənilərə işğal olunmuş torpaqlarda müvəqqəti olduqlarını, Azərbaycanın gec-tez öz ərazilərinə sahib çıxacağını xatırladar. Ermənilər bu günə qədər şok effektli bir neçə aktın şahidi olub. Mübariz İbrahimov, Fərid Əhmədov fərdi igidlikləri ilə erməni işğalçılarına azərbaycanlılara qarşı etdikləri hərbi cinayətlərə görə cəzalandırıblar. Mübariz və Fərid ermənilərə xatırlatdılar ki, azərbaycanlılar öz torpaqlarından vaz keçməyiblər. Dilqəm müəllim mülki azərbaycanlıların da doğma yurdundan vaz keçmədiyini, işğal olunmuş torpaqlara qayıtmaq hissinin güclü olduğunu göstərdi.

 

 

10564869_609449022501918_548696524_nHərbi-ekspert Üzeyir Cəfərov hesab edir ki, bu cür hallar intensiv şəkil alsaydı, erməniləri qorxutmaq mümkün olacaqdı: “Düzdür, XX əsrdə partizanlıq fəaliyyəti həyata keçirmək bir qədər qəribə görünür. Partizan fəaliyyəti nəticəsində Ermənistan tərəfi itki versəydi, bu Azərbaycan üçün önəmli yol açardı. Əvvəla düşmən arasında xof yaranacaqdı. Ermənilər bununla bilərdilər ki, azərbaycanlılar gec-tez öz doğma torpaqlarına qayıdacaqlar. Digər tərəfdən başa düşəcəklər ki, öz canlarını başqalarının torpaqlarında itirməkdənsə, geri çəkilsinlər. Azərbaycan bu məsələləri geniş açıqlamamaq şərtilə, partizanlıq fəaliyyətinə başlamalıdır. Çünki ora bizim ərazimizdir, istənilən hərəkəti edə bilərik. Belə hərəkətlər beynəlxalq hüquq və normalara uyğundur. Bu, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə də uyğundur. Vətəndaşlarımız Kəlbəcər və digər işğal altında olan ərazilərə gedib gələ bilərlər. Bu onların ən təbii haqlarıdır”

 

 

10555170_609448915835262_662960018_nQarabağ qazisi, Kötəl batalyonun sabiq döyüşçüsü Firudin Yolçuyev Azərbaycanın işğal olunmuş ərazilərində xüsusi əməliyyatların aparılmasını mümkün, hətta vacib hesab edir: “Erməniləri daim qorxu altında saxlamaq lazımdır ki, bu torpaqda gəlmə və işğalçı olduqlarını hiss etsinlər. Dövlətin, rəsmi Silahlı Qüvvələrin hansısa diversiya əməliyyatından söhbət getmir. Sadəcə, bölgəni tanıyan işğal bölgəsinin sakinləri gizli yollarla öz doğma yurdlarına getməlidirlər. Qarabağ Azərbaycan torpağıdır. Yüksək səviyyədə bəyan edilib ki, Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan diplomatları çalışır, hərbçilərimiz səngərdə dayanıb düşmənin irəliləməsinin qarşısını kəsib. Bəs xalq niyə dayanmalıdır? Sülh yaratmaq üçün vasitəçilər “xalq diplomatiyası”na baş vurdular. Biz də torpağı unutmamaq, işğalçını narahat etmək üçün xalq metodlarına baş vurmalıyıq. Dilqəm Əsgərovun hərəkəti bir nümunə, presedentdir. Heç bir beynəlxalq təşkilat, vasitəçi dövlət azərbaycanlılar öz torpağına niyə gedir ittihamını irəli sürə bilməz”.

 

 

Beləliklə, 3 mülki Azərbaycan vətəndaşı dünyanı, düşməni fakt qarşısında qoydu! “Böyük Qarabağ” oyununu quranları silkələdi! Onlar 3 həqiqəti çılpaq şəkildə ortaya qoydular: 1) Danışıqların süni şəkildə uzadılması ilə işğal faktının Azərbaycan xalqı tərəfindən unudulacağını gözləyənlər yanılırlar:Azərbaycanlılar öz dədə-baba torpaqlarını unutmayıblar! 2) Qondarma sərhədlər, minalı səngərlər xalqın vətən sevgisini söndürə bilməz, 3)”Azərbaycan xalqı işğal faktı ilə barışmayacaq” sözləri pafoslu fikirlər deyil, azərbaycanlılar yeri gələndə canları bahasına olsa belə bu həqiqəti işğalçıya xatırladacaqlar.

 

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

28.07.2014 07:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*