Azərbaycanca

Qarabağda aşıq məktəbi

12.11.2013 | 17:25

1384261590_a1Xalqımızın mədəniyyəti qədim və zəngindir. Şərq və Qərbin kəsişdiyində yerləşən Azərbaycan dünya mədəniyyətinin yaranmasında çox böyük rol oynamışdır. Azərbaycan xalqı haqlı olaraq öz tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə öyünür. Müsəlman Şərqində ilk dünyəvi teatr, ilk opera, ilk balet, ilk Elmlər Akademiyası Azərbaycanda yaradılmışdır.

 

Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov “aşıq” sözünü “eşq” (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib «aşığı» hazırda az işlənən və qədim türk söz kökü olan «aş»dan törədiyini qeyd edir . Əslində isə “aş” kökündən düzəldilən “aşılamaq” feli bu gün də işlənir. Güman etmək olar ki, “aş” kökü “mahnı” yaxud “nəğmə” mənasında da işlənib, çünki “aşulamaq” — “oxumaq” deməkdir. Hazırda özbək dilində “aşulaçi” “mahnı oxuyan”, “müğənni” deməkdir.

 

Azərbaycan şifahi xalq ədəbiyyatının ən çox yayılmış qollarından biri olan aşıq yaradıcılığı özünəməxsus geniş inkişaf yolu keçmiş, xalqın ictimai-siyasi həyatında, təfəkküründə silinməz izlər buraxmış, əsrlərin sınağından, süzgəcindən keçərək indiki, müasir mərhələyə çatmışdır. Azərbaycanda aşıq sənətinin əhatə dairəsi haqqında danışarkən onun ərazi boyunca müxtəlif yerlərdə məskunlaşdığını görmək mümkündür. Bir çox tədqiqatçılar bu məsələ ilə bağlı fikirlər irəli sürmüşlər. Tarixən Azərbaycanda aşağıdakı tarixi aşıq mühitləri olmuşdur:

 

1. Gəncəbasar (Gəncə – Şəmkir – Tovuz – Qazax) aşıq mühiti;

2. Borçalı (Borçalı – Başkeçid – Qarayazı) aşıq mühiti;

3. Göyçə aşıq mühiti;

4. Dərələyəz aşıq mühiti;

5. İrəvan aşıq mühiti;

6. Çıldır aşıq mühiti;

7. Şirvan aşıq mühiti;

8. Dərbənd aşıq mühiti (Dərbənd – Quba – Şəki);

9. Qarabağ aşıq mühiti;

10. Naxçıvan aşıq mühiti.

 

X-XI əsrlərdə Qarabağda müsəlman Şərqinin görkəmli mütəffəkirləri – Səid Əmirül Bərdəyi, Məhəmməd Abdulla Bərdəyi kimi mütəfəkkirlər yaşayıb. XI əsrin qarabağlı şairi Məsud Namidar “İncil”i ərəb, fars və türk dillərinə tərcümə etməsi ilə məşhurlaşıb. XVI əsrin filosof-yazarı Məhəmməd Qarabağinin əsərləri Qahirə (Misir) kitabxanasında saxlanılır. Azərbaycan ədəbiyyatında yeni milli şeir məktəbinin əsası XVIII əsrdə Qarabağda Molla Pənah Vaqif tərəfindən qoyulub və Qasım bəy Zakir tərəfindən inkişaf etdirilib.

 

Qarabağ ədəbi mühitində, yazılı ədəbiyyatda bir fakt kimi hələlik elmə məlum olan ilk şairin adı VII əsrdə yaşayıb-yaratmış Davdağdır. Onu bu günə gəlib çatan yeganə şeri Alban-Partav-Bərdə çarı Cavanşirin qətlinə yazdığı ağı kamil şer mətnidir… Bu şerin ideya-estetik xətti və üslubu sübut edir ki, Davdağ dövrünün, tanınmış qüdrətli sənətkarı olmuşdur.

 

X əsrdə yaşayıb-yaratmış, Azərbaycanın ərəbdilli ədəbiyyatının yaradıcıları Əbu Bəkr Əhməd əl-Bərdəi, Xətib Bağdadi Məhəmməd əl-Bərdəi, Əhməd ibn əl-Hüseyn Əbu Səid əl-Bərdəi, Səid ibn əl-Qasım əl-Bərdəi, Əbu Səd ibn Yəhya əl-Bərdəi təkcə Azərbaycanda deyil, bütün İslam dünyasında məşhur alimlərdən və dövrünün filosof-şairlərindən olmuşlar.

 

XII əsr Azərbaycan poeziyasının ən qüdrətli simalarından biri qarabağlı Mücirəddin Beyləqanidir. Zəki ibn Hüseyn ibn Ömər Beyləqani də Mücirəddinin müasiri olmuş, fəqih-filosof kimi yüksək elmi rütbəyə çatmışdır.

 

XIV əsrdə Tuti Abdulla Qarabaği adlı çox ilhamlı bir şair yaşamışdı.

 

XV əsrdə Şeyx İbrahim ibn Məhəmməd Şəhabəddin Bərdəi dövrünün Şeyx tituluna qədər yüksəlmiş, “Gülşəni” təxəllüslü ilə ədəbiyyat aləmində məşhur olmuşdu. O, Mövlanə Gülşəni kimi yüksək məqama çataraq, bütün Osmanlı imperiyasına öz təriqətini yaymışdır. Xanagahı Qahirədədir və bu gün də fəaliyyətdədir. Mövlani Gülşənin iki oğlu-Şeyx Əhməd Gülşənizadə və Səfvəti Seyid Əli Gülşəni də şair olmuşlar…

 

Yusif ibn Məhəmmədcan Məhəmmədşahi Qarabaği XVI-XVII əsrlərdə yaşayıb yaratmış, dövrünün görkəmli alimlərindən olmuş, Səmərqəndə – Hüseyniyyə xanəgahına getmiş və Mövlanə Yusif məqmına yüksəlmişdi.

 

XVI əsrdə yaşayıb-yaratmış, Ş. İ. Xətai sarayının yaxın dostu, ustadlar ustadı Aşıq Qurbani, XVIII əsrdə Mirmöhsün Ləmbərani Asəf, Aşiq Əli, Aşıq Valeh, Ziyadi Qarabaği və M. P. Vaqifin adları çox mətləblərdən xəbər verir.

 

Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır.  Bura daxildir, Şuşa-Qarabağ: Dağlıq Qarabağ, Yevlax, Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Laçın, Füzuli, Tərtər. Aşıqların tərkibi müxtəlif formalarda olur. Gah Şirvan-Muğan, gah Tovuz-Gəncə motivləri üzərində gedirlər.Aşıq – saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».

 

Qarabağ aşıq mühiti təriqət axarı üzərində yaranmış bir sənət ocağı idi. Bu bölgədə müxtəlif aşıqların, o cümlədən, Aşıq Qurbaninin, Aşıq Lələnin qəbirlərinin müqəddəsləşdirilməsi və ocaq-ziyarətgah səviyyəsinə qaldırılması buna əyani sübutdur. Bir sözlə, Qarabağ aşıq mühiti təriqət ənənəsinə bağlı olan bir sənət mühiti olmuşdur desək, heç də səhv etmiş olmarıq. XIX əsrdə Azərbaycanda aşıq sənəti də geniş inkişaf etmişdi. Aşıq Məhəmməd (1834-1914), Aşıq Əziz (1825-1918), Aşıq Hüseyn (1800-1880), Aşıq Əli (1907-1917), Aşıq Ələsgər (1821-1926), Molla Cümə (1855-1919) və başqalarının yüksək sənətləri Qarabağın aşıq sənətinin inkişafına da öz müsbət təsirini göstərmişdir. Qarabağda el şənliklərində və dini mərasimlərdə də musiqidən geniş istifadə olunurdu.

 

Qarabağda şifahi söz sənətini aşıq yaradıcılığından kənarda təsəvvür etmək mümkün deyil: “- Qabaqkı vaxtın da məktəbi var idi. Nağıl deyənlər olardı, aşıqlar vardı. Payız-qış axşamları məhəllə-məhəllə yığışıb nağıl deyərdilər. Aşıqlar söz qoşub oxuyardı. Adamlar da bunları yadda saxlayırdılar. Sabah, yeri düşdükcə, başqalarına, uşağa-böyüyə nəql edərdilər. Bildiyi heç kəsin ürəyində qalmazdı, hamı bir-birinə söyləyirdi, indi müəllimlər uşaqlara danışan kimi…”

 

Qarabağ mühitində aşıqlığın XVI-XVIII əsrlərdə çiçəkləndiyi, dərin ürfani-estetik köklərə, xüsusən də təriqət ənənəsinə bağlılığı qeyd olunur. Ötən müddətdə burada aşıq məktəbləri formalaşmış, bir çox aşıqlar «haqq aşığı», «ustad aşıq» titulunu qazanmışdır. «Bədahətdən çahb-çağırmaq, sinədəfi söz söyləmək, qaibdən xəbər vermək, tanrı dərgahından soraq gətirmək, müşkül mətləbləri yüngül eləməyə qadir olmaq kəramət sahibinin – «Haqq aşığı»nm əsas əlamətləridir. Haqq aşıqlarının ilham mənbəyi ilahi-qüdsal (müqəddəs) aləm olduğu üçün onları heç kəs bağlaya bilmir».

 

Qarabağ aşıq sənəti deyiləndə ilk olaraq aşıq Qurbani yada düşülür.  Mirzəlixan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının döşündəki Diri kəndində anadan olmuşdur. Şairin əsl adı Qurban olmuş, Şah İsmayıl Xətai ilə tanışlığa qədər “Dirili Qurbani” kimi tanınsa da, saray mühitinə düşəndən sonra o dövrün ənənəsinə görə şair Qurbani təxəllüsünü qəbul etmişdir.Qarabağda aşıq məktəbi

 

Q. Kazımov araşdırmasında  yazır: “Şairin əsl adı Qurban olmuş, Xətai ilə tanışlığa qədər “Dirili Qurban” imzası ilə yazmış və buradakı “dirili” sözü şairin doğulduğu ərazinin adını mühafizə etməklə, el şairləri və aşıqlara məxsus təxəllüs üslubunu saxlamışdır…Saray mühitinə düşərkən “Dirili Qurban” imzası əyalətçilik, mədəni səviyyədən gerilik əlamətlərinə malik olduğu, saray şeir məclisi iştirakçılarının ənənə və zövqünə uyğun gəlmədiyi üçün şair “Qurbani” təxəllüsünü qəbul etməli olmuşdur. Burada bir mühüm təsir mənbəyi də “mürşidi-kamil” hesab etdiyi və özünə mürşid seçdiyi Şah İsmayılın yaradıcılığı və “Xətai” təxəllüsü olmalıdır, çünki qoşma və bayatı janrına, ustadnamələrə böyük marağı olan Şah İsmayıl özü də özünə klassik şairlər kimi təxəllüs seçmişdir”.

 

XIX əsrin əvvəllərində Qarabağda yaşayıb-yaratmış, Azərbaycan aşıq poeziyasının inkişafında müəyyən rol oynamış görkəmli sənətkarlardan biri də Aşıq Pəridir. Adı klassik poeziyamızın tanınmış qadın şairləri – Məhsəti Gəncəvi, Heyran xanım, Xurşud banu Natəvan, Fatma xanım Kəminə ilə bir cərgədə duran Aşıq Pəri Cəbrayılın Maralyan kəndində dünyaya göz açmış, ruhani məktəbində ərəb, fars dillərinə yiyələnmiş, burada da böyüyüb ərsəyə çatmışdır. İndiyədək Aşıq Pəri haqqında deyilmiş fikirlərdə, az-çox aparılmış tədqiqatlarda onun həyatı heç də öz dəqiq elmi şərhini tapa bilməmişdir. Bəzi tədqiqatçıların fikrincə Aşıq Pəri 18 yaşından sonra Şuşaya köçmüş və orada yaşamış, çox gənc ikən həyatdan getmiş, bəzilərinin fikrincə isə qocalıncaya qədər yaşamışdır. Bu ilkin fikirlər isə ondan irəli gəlir ki, məlum təzkirələrdə Aşıq Pəri haqqında məlumatlar olduqca azdır və şeirlərinin kiçik bir qismi dövrümüzə qədər gəlib çatmışdır. Bu şeirlərdən alınan məlumatlar da az olduğuna görə onun həyatı rəvayətlərdə, xalq arasındakı deyimlərdə itib batmışdı.

 

Yaradıcılığı ustad sənətkarlar tərəfindən yüksək dəyərləndirilən, elin-obanın dilindən düşməyən aşıq-şairlərdən biri də Abdalgülablılı Aşıq Valehdir. Uzun müddətdir ki, alimlərimiz onun haqqında tədqiqat aparır, şeirlərini toplayıb çap edir, mülahizələr yürüdürlər. Hələ XX əsrin əvvəllərində Firidun bəy Köçərli bu görkəmli sənətkar haqqında demişdir: “O, zamanın ürafasından sayılan əhli zövq və sahibi təb bir vücud imiş. Məhəlli təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir”.

Buradan və digər sənədlərdən məlum olur ki, Aşıq Valeh Ağdam rayonunun Abdalgülablı kəndində dünyaya gəlmişdir. Şərqin konservatoriyası, musiqi beşiyi, şairlər, xanəndələr diyarı olan bu kənd bir sıra məşhur şəxsiyyətlər yetişdirmişdir. Bunların sırasında Valehin babası şair Məhəmməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı olmuş Aşıq Səməd, Aşıq Abbasqulu, məşhur tarzən Qurban Pirimov, öz məlahətli səsilə dinləyicilərin sevimlisi olan Sara Qədimova və başqaları məhz bu kəndin yetirmələri, övladlarıdır. Belə bir ocaqdan Valeh kimi sənətkarların da çıxması heç bir təəccüb doğurmur.

 

Xalq musiqimizin ülvi keyfiyyətlərini özündə ehtiva edən sənətkarlarımızdan biri də Aşıq Abbasqulu olub. Aşıq Abbasqulu 1850-ci ildə Qarabağın gözəl guşəsi olan Gülablı kəndində anadan olub. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Dövrün çətinlikləri üzündən bir çox klassik aşıq-şairlərimiz kimi məktəb-mədrəsə təhsili almayıb. O vaxt Gülablıda iki məşhur aşıq dəstəsi olub. Atası oğlunun aşıqlığa meylini nəzərə alıb onu Aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, bu dəstədə bir müddət dəmkeşlik edir. Tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Sonra Gülablıda daha məşhur olan Aşıq Həsənin dəstəsinə qoşulur. Bu istedadlı gəncin son dərəcə məlahətli və şaqraq səsi ona şöhrət gətirir. Molla Pənah Vaqif, Aşıq Valeh, Qasım bəy Zakir kimi sənətkarların müxəmməs, gəraylı və qoşmalarını böyük həvəslə oxuyur. Özü də qoşmalar qoşarmış.

 

Qarabağda aşıq məktəbiMüasir dövrümüzdə aşıqlarımızın ən çox ifa etdikləri “Qoca qartal” adı ilə oxunan havanın müəllifi Qarabağın Güləbürd kəndində XVII əsrdə yazıb-yaratmış Sarı aşıqdır. Bu aşığın əsl adı Zülfüqardı. Rəngi sarı olduğuna görə ona “Sarı aşıq” deyirdilər. İndi “Qoca qartal” havasına “Azaflı dubeytisi” deyirlər. Çünki “Qoca qartal” mahnısı onun olduğu üçün havanı da onun adı ilə bağlayırlar. Ancaq bu havanın əsl adı “Zülfüqarı”dır, müəllifi də Sarı Aşıqdır. Bu ulu sənətkarın ikinci bir havası “Bayatı”dır. Sənətkar əsl bayatı ustadı olduğu üçün bu sözlər üstündə havanın bəstələdiyi də istisna olunmur. Sazda çalınan bu hava yeganə havadır ki, özünəməxsus yeganə kökü var, bu da “Bayatı” köküdür. Bu hava zaman keçdikjə aşıqlarımızın dilində və bəzən də el arasında müxtəlif adlarla adlanmışdır: “At üstü”, “Palan tökən”, “Çoban bayatısı” və s.

 

XIX əsrin ustadlarından əslən Qarabağlı olan aşıq-şair Mirzəcanın qoyub getdiyi “Mirzəcanı” havasına el arasında “Duraxanı” deyirlər. Bu deyimlərin hər ikisində həqiqət var. Bu həqiqət belə sübut olunur ki, bir-birindən xəbərsiz aşıq Mirzəjanla Şirvan mahalından olan aşıq Duraxan bu havanı yaratmışlar. Lakin fərqli cəhəti ondadır ki, Aşıq Mirzəcanın havasında qoşmanın birinci sətri şah pərdədə oxunur, yəni bəmdə. Aşıq Duraxanının bu havasında isə həmən avaz birinci sətri “zil” pərdədən götürür ki, bu da ahəngin yarısını tamam dəyişir. Onun üçün bu havaya həm “Duraxanı” həm də “Mirzəcanı” deyirlər.

 

“Gülabı” havası Qarabağın Abdal-Gülablı kəndindən olan, XVIII əsrdə yaşamış ustad aşıq Səmədin şagirdi olub. Aşıq Valeh də bu kənddəndir. Məhz yaratdığı bu “Gülabı” havasını da bu kəndin adı ilə bağlayıb.

 

A.    Tağıyeva

“KarabakhİNFO.com”

12.11.2013 17:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*