Azərbaycanca

“Qarabağda hərbi həkim kimi xidmət etməyimlə qürur duyuram”

03.01.2013 | 13:57

1357207013_mg_0419Fəaliyyət göstərdiyi müddət ərzində “Karabakhinfo.com” e-jurnalı Qarabağ müharibəsində vuruşan, istər arxa cəbhə, istərsə də ön cəbhədə torpaqlarımızın bütövlüyü uğrunda çalışan fədakar insanlarla müsahibələr hazırlayaraq onların tanıtımını edir. Növbəti həmsöhbətimiz 10 il Qarabağda xidmət göstərən hərbi həkim, şair Qalib Şəfahətdir. İxtisasca  həkim-kardioloq  olan şair Qalib Şəfahətlə onun həm yaradıcılığı, həm də fəaliyəti barədə söhbətləşdik.

– Əvvəlcə özünüzü təqdim edin.

 

– 1973-cü ildə Gədəbəyin Parakənd kəndində anadan olmuşam. Tibb Universitetinin müalicə işi fakultəsini bitirmişəm. Birillik internatura dövrünü Sabunçu xəstəxanasında keçmişəm. Daha sonra 29 saylı “Binə” şəhər xəstəxanasında həkim-kardioloq kimi işləməyə başlamışam. 1999-cu ildə tibb xidməti kapitanı kimi hərbi xidmətə çağırılmışam. 2009-cu ildə ordu sıralarından tərxis olunmuşam. Hazırda 34 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi fəaliyyətimi davam etdirirəm.

 

– Cəbhə bölgəsində çalışmağınız öz istəyinizmi oldu, yoxsa bunu bir xidmət borc olaraq etdiniz?

 

– Mənim bir vətəndaş olaraq Qarabağa qarşı hər zaman torpaq istəyim olub. Tarixi ərazilərimiz işğal olunduqdan sonra isə torpaqlarımızın geri qaytarılmasında xidmətim olsun deyə könüllü olaraq cəbhə bölgəsinə getmişəm. Mən Qarabağ bölgəsində hərbi həkim kimi fəaliyyət göstərmişəm və bununla qürur duyuram. Düşünürəm ki, Azərbaycan torpağının keşiyində duran əsgərlərin sağlamlığının qorunmasında az da olsa xidmətim olubsa bundan şərəfli iş yoxdur.

 

– Təbii ki, torpağın bütövlüyünü qoruyan kəslərin sağlamlığının qayğısına qalmaq xüsusilə məsuliyyətlidir. Siz hansı formada bu məsuliyyət hiss edirdiniz?

 

– Məşhur deyim var – sağlam bədəndə sağlam ruh olar. Əgər hərbçilərimiz döyüş hazırlığı ilə məşğuldursa, onların sağlamlığının keşiyində durmaq isə birbaşa bizim borcumuzdu. Yəni, əsgərin ruhu da, özü də sağlamdırsa, onun döyüş tapşırığının yerinə yetirməsində problem olmayacaq. Bu mənada bizim vəzifəmiz daim olnların yanında olmaq müalicəsi ilə məşğul olmaqdır.

 

– Çox güman ki, işinizin faydalılığını hansısa əsgəri həyata qaytararkən daha çox hiss etmisiniz?

 

– Əlbəttə. Belə hadisələr çox olub və xəstəni həyata qaytarmaqda ilkin tibbi yardımın böyük əhəmiyyəti var. Dəfələrlə olub ki, məhz həkimlərimizin fədakarlığı nəticəsində neçə-neçə oğullarımız həyata qayıdıb. Məlumdur ki, atəşkəs rejimi mövcud olsa da, erməni tərəf mütəmadi olaraq atəşkəsi pozur və əsgərlərimiz müxtəlif dərəcəli bədən xəsarətləri alır. Hər bir itki ordumuz üçün faciədir və buna görə həkimlərin də üzərinə böyük məsuliyyət düşür.

 

– Təbabət və şeiriyyət . Sizcə bu iki sahə bir-birinə bu qədədrmi bağlıdır? Çünki həkimlərimiz arasında kifayət qədər tanınmış yaradıcı insanlar var.

 

– Komfutsinin bir fikri var – insanın daxili aləmi onun xarakterini və həyat fəaliyyəti  tərzini tənzimləyir. Bəlkə də bu daxildən gələn hisslərdir ki, ədəbiyyata gəlməyimin həkimliyə, həkimliyə olan marağım isə sonda ədəbiyyata  təsir edib. Amma onu qeyd etməliyəm ki, mənim ədəbiyyata gəlməyimdə Anarın “Sizsiz” əsərinin böyük rolu olub və əsərdə “ədəbiyyata, yoxsa təbabətə getmək” fikri sonrakı fəalyyətimə təsirini göstərdi. Rəsul Rzanın oğluna bir tövsiyəsi olub ki, siz dəqiq elmləri seçin, humanitar elmləri öyrənmək asan olar. Məhz bu fikirlər seçimimə istiqamət vermiş oldu.

 

"Qarabağda hərbi həkim kimi xidmət etməyimlə qürur duyuram"– Yaradıcılığınızda çox güman ki, Qarabağ mövzusu da prioritetdir.

 

– Bu təkcə mənim yox, əksər yazıçı və şairlərin yaradıcıclığının əsas hissəsini təşkil edir və bu mövzuda mənim də şeirlərim var.

 

– Bəs bu mövzuda yazılan hansı əsərləri mükəmməl hesab edirsiniz? Baxmayaraq ki, bir çoxları yazılan əsərlərin Böyük Vətən Müharibəsi zamanı yazılanlar tək təsirli olmadığı qənaətindədir.

 

– Qarabağsız biz özümüzü xoşbəxt hiss edə bilmərik və zaman-zaman bu mövzuda yazılanlar olacaq. O zaman yaxşı ilə pisin də fərqi hiss olnacaq.

 

– Amma yazılanlar o qədər də diqqət çəkmir. Bəlkə səbəb məğlubiyyətdir?

 

– Ədəbiyyat həmişə sonda yaranır. Hadisə olur sonra əsərlər yaranır. Bu məğlubiyyətdən irəli gəlmir. Qarabağ haqqında mükəmməl əsərlər var. Aqil Abbasın “Dolu” romanını, Hüseynbala Mirələmovun “Yanan qar” əsərlərini göstərmək olar. Müasir yazarlardan da bu mövzuda sanballı əsərlər ortaya qoyanlar var.  Zaman-zaman bu mövzuda yazılan şeirlər vətənpərvərlik mahnılarına çevrilir. Məsələn, Şəmistan Əlizamanlının mahnıları artıq illərdir dillər əzbərinə çevrilib.

 

Naibə Qurbanova

 

KarabakhİNFO.com

03.01.2013 13:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*