Azərbaycanca

Qarabağda qara bağlar

19.09.2012 | 18:40

???????????????????????????????Azərbaycanın hər qarış torpağı bizə əzizdir. Əsirlər boyu yağı düşmənlər vətənimizi bizdən almağa çalışıblar. Daim hiylələr işlədib dilbər guşələrimizə göz dikiblər. Vətənimizi nə qədər qorusaq da hiyləgər tülkülər istəklərinin bir çoxuna nail olublar. Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. 

Bu torpaq çox insanları yetişdirib. Bu şəxlərdən biri də bu gün həmsöhbətimizdir. Müharibə illərində əsir düşmüş İsmayılov Bəhruz Vladimir oğlu 01.02.1973-cü ildə Tovuz rayonunda anadan olub. Sadə, kasıb bir ailədə böyüyüb. Kiçik yaşlarından vətənpərvər ruhda tərbiyə olunub. Bu vətən sevgisi onunla böyüyüb. Onu qəhramanlıq zirvələrinə qədər qaldırıb.

-Bəhruz bəy üçün vətən haradan başlayır?

-Mənim üçün vətən sərhəddən başlayır. Azərbaycanın hər bir qarış torpağı vətənimdi. Vətənin, elin-obanın o başı bu başı olmur. Ay qızım, bizim millətin adətidi çaşıb bu sualı sən də vermə. “Haralısan? “Bu nə sualdır axı? Necə yəni haralısan? Azərbaycanı hissələrə bölməkdən hələ də bezməyiblər. Onsuzda yadlar bunun uğrunda özlərini əsir – yesir ediblər. Üstəlik biz də onlara kömək edirik. Vətənimiz birdir, dilimiz birdir. Bir yumruq altında birləşib möhkəm olmalıyıq. Haralısan nə deməkdir?

-Qarabağın həyatınızda yeri necədir?

-Qarabağ mənimçün bir dəryadır. Suyu, havası əvəzolunmayan, tükənməyən bir sərvət. Qarabağ – Azərbaycanın ayrılmaz ürəyidir, şah damarıdır. Qarabağ bütün dünyaya üfüqdən boylanan, Tanrının gözəlliklərlə dolu nur diyarıdır.

-Necə oldu müharibəyə getdiniz?

-O, vaxt hamı necə mən də elə o cür müharibəyə getmişəm. Qarabağda müharibə başlayanda mən əsgər idim. Könüllü olaraq ön cəbhəyə keçmişəm. 2 il könüllü döyüşdüm, 2 ildən sonra N saylı hərbi hissəyə köçürdülər, 4 il də orda xidmət etdim. Bundan sonra həyatımın qaranlıq günləri başladı.

-Bilirəm bu çətin günləri xatırlamaq sizin üçün çətin olacaq. Xahiş edirəm, bizimlə bölüşün.
-Çox şeylər gördüm, ağır günlər yaşadım. Elə hadisələrə şahid oldum ki, bu gün də yadıma düşəndə özümə gələ bilmirəm. Gözümün önündə dəli olanı da oldu, özünü öldürəni də. Çox çətin anlar yaşamışam. İndi olanları xatırladıqca sanki yenidən yaşamış kimi oluram. 6 dost idik, 2 nəfər qaldıq. O da belə, buna yaşamaq demək olarsa. Hər an o əclafları lənətləyirəm. Biz əzizlərimizə, yaxınlarımıza lazımıq amma onlara da yük olmuşuq. Heç bir işə yaramıram, üstəlik bütün əziyyətimi də çəkirlər.

-Məncə belə düşünməyin. Əsas odur ki, nəfəsiniz ailənizlə birgədir. Ayaqlarınızı necə itirdiniz?

-10 gün olardı əsir düşmüşdüm. (dərindən bir ah çəkir-red) Gecə anamı yuxumda gördüm. Məhləmizdəyəm, anam məni qollarının arasına alıb fırladıb elə hey gülür. Baxıram ki, ayaqlarım yerə dəymir. Anam deyir, ay bala, təki nəfəsin gəlsin, mənə o da bəsdi. Yuxudan top – tüfəngin səsinə oyandım. Oyanmışdım amma hələ də yuxunun təsirindəydim. Mənə vurulan silləyə diksindim. Dostum Anar mən özümə gəlim deyə sillə vurub. Anar Ağcabədidən idi. O yazıq təzəlikcə atasını itirmişdi. Heç cənazəsinə də gedə bilmədi. Bütün günü pərişan halda atasını düşünürdü. Nə isə… ( Bəhruz bəyin gözləri dolur-red ) Qızım, mən çox acı günlər yaşamışam. Yadıma düşəndə elə bilirəm ürəyim dayanacaq. ( Yenə dərindən bir ah çəkir- red) Hər şey fəda olsun vətənə. Mən fəxr hissi keçirə – keçirə bunları danışıram. Kənardan dinləmək asandı, amma o anları yaşamaq çox ağır. 6 dost bir yerdə əsir düşdük. Hamımızı bir – birimizə bağladılar, soyuq bir daxmada 3 gün ac – susuz qaldıq. Ağdamdan Vüqar adında bir dostumuz var idi, arıq və yaşı az idi. İki qardaşını iitirmişdi, könüllü gəlmişdi. İlk gündən xəstələndi və 2 gündən sonra öldü. Bizim belimizə içi qumla dolu kisələri bağlayıb işlədirdilər. Elə ki, kimsə yoruldum deyirdi, ağzımızdan köpük gələnə kimi döyürdülər. Ayaqlarımı bir gündə itirdim. Ayaqlarıma yara düşmüşdü. Bir erməni qadın var idi. İnsafsız qadın hər gün iynə ilə yaralarımı deşirdi. Yanında da 2 – 3 əclaf bundan həzz alırdılar. Ayaqyalın şüşə qırıntılarının üstündə gəzdirirdilər. Ayaqlarım qaraldı, bir saatın içində düşdü. Yadıma düşəndə dəli oluram. Yaşadıqlarımdan, gördüklərimdən bir kitab yazmaq olar. Dostlarım yanımda yaralandı, şəhid oldu, səs – küy, haray… Hamısı yaddaşıma iz salıb, hamısı…

– Bir az da yaralanmağınızdan danışın.

  – Ağdamda Şahbulaq adlanan yerdə yaralandım. Əsir də bu vaxt düşdüm. Əsasən Ağdərə – Füzuli istiqamətində döyüşlərdə olurdum. Ağdamın işğal olunan günləri idi. Şahbulaqda “ karyer Qasımın qalası” deyilən yer var idi, orada yaralanmışam. Yaralı ola – ola öz zabitimi, komandirimi mühasirədən çıxartmışam.

-Əks tərəfin mövqeləri, əsgərləri necə idi? Yaxşı silahlanmışdılar?

-Ermənilər çox az idi. Əsəsən muzdlu döyüşçülərlə döyüşürdük. Hətta zənci və ruslar da var idi. Topçu olmuşam. Sürücü olmayanda maşın da sürürdüm. Mərmi daşıyırdım, yaralıları da. O vaxt texnika çatışmazlığı var idi, bir o qədər də hərbidən başı çıxan yox idi. İndi dövlətimiz sağ olsun hər cür şərait var, savadlı əsgərlərimiz, zabitlərimiz yetişir. Yüksək səviyyədə ordumuz var.

-Bəhruz bəy, əgər sülh yolu alınmasa müharibə zamanı nə kimi köməyiniz dəyə bilər?

-Əlbəttə kömək edərəm. Mən Qarabağın coğrafiyasını yaxşı bilirəm, üstəlik döyüş təcrübəm də var. Müharibə zamanı hər cür kömək etməyə hazıram.

 

 

 Aysel Talıblı

 

19.09.2012 18:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*