-Vüqar müəllim, Ermənistan prezidentinin AŞPA-nın tribunasındakı çıxışını necə qiymətləndirirsiniz?
-Bu çıxış Ermənistan tərəfinin heç də sülhə maraqlı olmadığını sübut edir. BMT – nin qəbul etdiyi 4 qətnaməni heçdən saymaq və bunu açıq səsləndirmək dediklərimizə bir daha sübutdur. Buradan belə nəticəyə də gəlmək olar ki, sülh danışıqları bundan sonra da heç bir nəticə verməyəcək, necə ki, neçə illərdir vermir. Ancaq Ermənistan prezidenti bu çıxışı etməsəydi belə, bu dövlətin sözü gedən qətnamələri neçə illərdir ki, hesaba almadığı göz önündədir. Məncə BMT buna öz münasibətini bildirməlidir. Ermənistan prezidenti açıq hədə ilə danışdı və biz bundan diplomatik sahədə istifadə etməliyik. Əslində O, öz dili ilə söyləmiş oldu ki, doğrudan da Azərbaycan ərazilərinin 20 % – ni işğal ediblər. Məncə biz bundan mütləq istifadə etməliyik. Həm də təkcə daxili siyasətimizdə, mətbuatda deyil, eləcə də xarici siyasətimizdə bundan yararlana bilərik. Xarici ölkə mətbuatlarında da bu fikrin geniş yer almasına çalışmalıyıq.
–Rusiyanın Dağlıq Qarabağ məsələsinin həll olunmasında mövqeyi barədə nə deyə bilərsiniz?
-Qeyd etdiyim kimi Ermənistan müstəqil deyil və nə vaxtsa müstəqil olacağını da düşünmürəm. Sözü gedən münaqişə Rusiya tərəfindən ermənilərin əli ilə yaradılıb və münaqişənin həlli də ən azı bizim qədər Rusiyadan da asılıdır. Təbii ki, mən sülhün tərəfdarıyam. Ancaq biz, Qarabağı müharibəsiz geri ala bilməyəcəyik. Bundan sonra da bir neçə ATƏT – in Minsk Qrupu kimi təşkilatlar yaradılsa belə, ermənilər Qarabağdan çəkilməyəcəklər. Ola bilər ki, müəyyən vaxtdan sonra işğalda olan bir neçə ətraf rayon azad olunsun və bu böyük uğur kimi təqdim olunsun. Ancaq bütövlükdə işğal olunan ərazilərin işğaldan azad olunması üçün düşünürəm ki, müharibə qaçılmaz olacaq. Rusiyanın razılığı alınarsa bizim digər heç bir dövlətdən razılıq almağımıza ehtiyac yoxdur. Rusiya isə çox yaxşı bilir ki, Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb. Bunu onlara sübut etmək gərək deyil. Sadəcə ortada Rusiyanın maraqları var.
–Niderlandda ermənilərin saxta təbliğatlarına qarşı hansı tədbirlər görürsünüz?
Ermənilərin saxta təbliğatları ilə hər yerdə olduğu kimi Niderlandda da rastlaşmamaq mümkün deyil. Onlar burada kitablar nəşr etdirir, onu təbliğ edirlər. Ümumiyyətlə, əllərinə düşən hər fürsətdən istifadə etməyə çalışırlar. Təbii ki, bütün bunlar ermənilər tərəfindən planlı şəkildə həyata keçirilir. Bizdə isə hər zaman qeyd etdiyim kimi belə bir planı görmürəm. Pərakəndə şəkildə hər kəs öz bacardığı kimi fəaliyyət göstərir. Mən öz adımdan deyə bilərəm ki, dəfələrlə yerli Niderland mətbuatında onları ifşa etməyə yönələn yazılarla çıxış etmişəm. Bundan başqa, Niderland Jurnalistlər Birliyinin üzvü olmağımdan istifadə edərək vaxtaşırı yerli siyasət adamları ilə, eləcə də Niderland parlamentinin üzvləri ilə görüşlər keçirir, müsahibələr alır və həqiqətləri onlara çatdırmağa çalışıram. Ümumiyyətlə, bütün imkanlardan yararlanmağın tərəfdarıyam. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar ayrı-ayrı adamların işi olmamalıdır. Dəfələrlə demişəm ki, lazım olan materialları belə əldə etmək o qədər də asan olmur. Bütün bunlar üçün sadəcə danışmaq yox, həqiqətən işlər görmək lazımdır.
Sevda Sevinc
“KarabakhİNFO.com”