Azərbaycanca

“Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq”

14.05.2013 | 12:30

  1368520167_saaaabirBir neçə il il bundan əvvəl vətəndaş cəmiyyəti institutlarının Qarabağ məsələsi ilə bağlı apardığı təbliğat işinə münasibəti öyrənmək üçün qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət arasında keçirilən sorğuya əsasən respondentlərin 54 faizini Qarabağ problemi ilə bağlı aparılan təbliğat işinin qane etmədiyi məlum olmuşdu. Rəyi öyrənilənlərin cəmi 18,5 faizi təbliğat işindən qismən razı olduğunu bildirmişdi.

  Ekspertlər dünyada Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşıldığını və münaqişənin həll olunması üçün süni maneələr yaradıldığını əsas gətirərək, Qarabağ problemi ətrafında təbliğat işini gücləndirmək üçün elektron KİV-lərin imkanlarından geniş istifadəni və Azərbaycanda və xarici ölkələrdə beynəlxalq səviyyəli konfranslar keçirilməsini vacib sayırlar. Bundan əlavə, Qarabağ uğrunda gedən müharibəni əks etdirən qısametrajlı filmlərin çəkilməsi və internetdə yerləşdirilməsi, Qarabağın tarixi ilə bağlı müxtəlif portalların yaradılmasının vacib olduğu bildirilir. Hesab olunur ki, işğalçı tərəflə bütün cəbhələrdə davam edən bu böyük savaşda görülən işlər yetərli deyil.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da bu mövzuda təbliğati işlərin yetərli olmadığını deyir. O, hesab edir ki, hələ münaqişə yeni başlayanda belə ölkədə bu məsələyə biganə münasibət olub.

 

–         Qarabağı ermənilərə vermək istəyən qüvvələr Qarabağ deyib durmuşdular, ortada erməni iddiaları var idi və onlara nümayişkaranə şəkildə güclü dəstək verilirdi. Hətta Qarabağda savaş başlanan dönəmdə belə dövlət sanki öz iradəsini ortaya qoymağa çəkinirdi. Oradakı kəndlərə yardım etməkdən çəkinirdilər ki, ermənilər ayrı-seçkilik olunduğunu deyə bilərlər. Halbuki oradakı ermənilər onsuz da azərbaycanlılardan yaxşı yaşayırdılar və onlara yardımlar edilirdi. İndi isə artıq ermənilər Dağlıq Qarabağı və ətraf 7 rayonu da işğal ediblər. Orada artıq məskunlaşdırma siyasəti həyata keçirirlər, sanki bura əbədi erməni torpaqları olacaqmış kimi coğrafi adları dəyişirlər. Dünya isə lal-kar vəziyyətdə bu mənzərəni seyr edir. Məni ağrıdan isə bu mövzuda özümüzün öz səsimizi boğmağımızdı. Məsələ burasındadır ki, ermənilərin hələ illər öncə Qarabağ iddiası ortaya atılanda Dağlıq Qarabağda azərbaycanlılar ermənilərdən sayca dəfələrlə çox idi və ərazi Azərbaycana tabe idi. Amma Xankəndində bəzi idarə və təşkilatlarda yazılar azərbaycan dilində deyil, rusca, ermənicə yazılırdı. Azərbaycan öz içində ermənilərə iddialarını əsaslandırmaq üçün sanki münbit şərait yaradırdı. Mən hələ o vaxtlar yazırdım ki, Dağlıq Qarbağ bizim tarixi torpağımız ola-ola və oradakı əhalinin çoxunu azərbaycanlılar təşkil etməsinə baxmayaraq, Azərbaycan dilində qəzet çıxarmaq mümkün deyil.

 

–         Elə həmin vaxtda tərkibində sizin də təmsil olunduğunuz Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı. Amma sonradan qeyri-məlum səbəblərdən fəaliyyəti dayandırıldı…

 

–         Düzdür. Danışmağın bir faydası olmadığını görüb belə bir şəraitdə Qarabağa Xalq Yardımı Komitəsini yaratdıq. Komitə Qarabağdakı tarixi abidələrin, evlərin, yaşayış məskənlərin və digər vacib – tarixi obyektlərin, məktəblərin, mədəniyyət evlərinin sayını dəqiqləşdirib arxivləşdirdi. Komitənin nəzdində Azərbaycanın ilk müstəqil və demokratik qəzeti olan “Azərbaycan”qəzetini buraxdıq. Qəzet vasitəsilə Qarabağdakı həqiqətləri həm azərbaycan, həm də rus dilində dünyaya çatdırmağa çalışdıq. Sonra mən mətbuat naziri oldum və qəzet çərçivəsindən çıxdı, bir növ Milli Məclisin rəsmi orqanına çevrildi..

 

–         Komitənin fəaliyyətini dayandırma səbəbi nə oldu?

 

–         Hansısa məlum olmayan səbəbdən Qarabağa Xalq Yardımı Komitəsinin fəaliyyəti dayandırıldı və toplanılan sənədlər yoxa çıxdı. İndi deyirik ki, Qarabağ bizim tarixi torpaqlarımızdı, orada malımız-mülkümüz, tarixi dəyərlərimiz qalıb. Amma biz bunu necə sübüt edəcəyik? Hanı həmin sənədlər? Torpaq alındıqdan sonra necə sübut edə biləcəyik ki, harada nəyimiz qalıb? Konkret olaraq sənədlər varmı? Hansı qurum məşğul olur bu məsələ ilə?

“Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq”

–         Bu məsələlərlə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin məşğul olduğu bildirilir…

 

–         Düzdür, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərlə məşğul olan komitə var və mən onların işinə kölgə salmaq istəməzdim. Onlar bir qurum olaraq bu insanların problemləri ilə məşğul olur, amma sırf təbliğatla məşğul olan, informasiya bankı olan bir qurum olmalıdır. Hansı ki, gələn qonaqlara Qarabağla bağlı məlumatlar verilsin, Qarabağın tarixi ilə bağlı sənədlər toplusu olsun. Beynəlxalq aləmlə mütəmadi əlaqələri olan, Qarabağ probleminin xarici mətbuatda işıqlandırılması ilə məşğul olan bir quruma ehtiyac var. Tutaq ki, əvvəl deyirdik informasiya blokadasındayıq səsimiz heç yerə çatmır, hazırda bu problemimiz yoxdur axı. Müstəqil dövlətik və imkanımız var ki, Qarabağla bağlı səsimizi dünyaya çatdıraq. Amma o səslər yoxdur. Dəfələrlə parlamentdə məsələ qaldırmışıq ki, Qarabağla bağlı komitə yaradılsın. Bir müddət əvvəl milli məclisdə Qarabağ Depuatat Bloku yaratdıq və mən hətta “Qarabağ” jurnalı da nəşr etdirməyə başladım. Amma sonradan bu iş də maliyyə səbəbindən yarımçıq qaldı, heç kim dəstək vermədi. Heç kəs qoşulmaq istəmədi. Sanki, Qarabağla bağlı qurumlara qoşulmağa heç kəs cəsarət etmir. Qarabağ məsələsi ilə bağlı ölkə telekanallarında verilişlər də yetərli səviyyədə deyil. Bu gün Qarabağı təkcə Ermənistan unutdurmur, həm də özümüz unuduruq. Belə bir dövrdə millət vəkili Elxan Süleymanovun atdığı bu addımı – Qarabağla bağlı informasiya resursu yaratmaq ideyasını ancaq və ancaq alqışlamaq olar. Bunu başqaları da etməlidi.

 

Naibə Qurbanova

KarabakhİNFO.com

 

14.05.2013 12:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*