Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün təkcə maddi deyil, eləcə də mənəvi ziyan vurub. Müharibənin torpaq itkisi, insan itkisilə bərabər sağ qalan insanların psixologiyasında qoyduğu mənfi izlər özünü bu və ya digər formada göstərməkdədir. Ailəsində itkisi olan insanların çətin durumu, cəmiyyətə adaptasiyası da bu qəbildən olan problem kimi aidiyyatı qurumları çıxış yolu axtarmağa istiqamətləndirir. Belə qurumlardan biri “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondudur. Fond yarandığı gündən bəri Dağlıq Qarabağ münaqişəsi zamanı ortaya çıxmış bir sıra problemlərlə bağlı layihələr reallaşdırır. Bu barədə fondun rəhbəri Şahin Camalovla söhbətləşdik.
– “ İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu 2004-cü ildən fəaliyyət göstərir. 2007-ci ildən isə mən bu fonda rəhbərlik edirəm. İndiyədək fond olaraq həm yerli, həm də beynəlxalq donorlarla bir çox layihələrdə müxtəlif yönümlü işlər həyata keçirmişik. Son illər isə təşkilatımız müəyyən sahələr üzrə ixtisaslaşıb. Bildiyiniz kimi insan hüquqları sahəsi geniş bir sferanı əhatə edir və bütün sahələr üzrə fəaliyyət göstərmək çox çətindir. Odur ki, biz fəaliyyət istiqamətimizi mərhələli şəkildə qurmağa çalışırıq və hazırda təşkilat olaraq daha çox uşaq hüquqları ilə məşğul oluruq. Xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi işimizin əsasını təşkil edir. Bu məqsədlə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-sosial Reabilitasiyası Mərkəzi yaratmışıq və bu mərkəzdə mütəmadi olaraq tədbirlər reallaşdırırıq. Həmin uşaqların hüquqi problemlərinin – şəxsiyyət vəsiqəsi almalarına köməklikdən tutmuş, sağlamlıqla bağlı məsələlərinə qədər köməklik göstəririk.
– Yəqin ki, bu uşaqlar arasında Dağlıq Qarabağdan olan məcburi köçkün ailələrindən də olanlar var?
– Əlbəttə var və biz onları bir-birindən ayırmırıq. Amma bu uşaqların bir çoxu psixoloji baxımdan daha həssas, daha qayğılıdırlar. Bu da təbii haldır, çünki müharibə uşaqlarıdır. Odur ki, onlara daha həssas yanaşmaq tələb olunur. Ümumiyyətlə, müharibənin vurduğu ciddi problemlərdən ən təsirlisi psixoloji gərginliklə bağlıdır. Uşaq və yeniyetmə çağında müharibənin ağrı-acısını görmüş şəxslərin bir çoxunda ailə qurduqdan sonra problemlər yaranır, nəsilartırma qabiliyyəti aşağıdır. Ən dəhşətlisi isə Qarabağdan olan ailələrin bir çoxunda yeni doğulan uşaqların Qarabağ haqqında təsəvvürlərinin az olmasıdı ki, bu da unutqanlığa aparır. Bu ailələrdə torpaqlarına qayıtmaq istəyinin azalması kimi hallar çox ciddi məsələdi. Digər bir vacib məsələ gənc nəslin bir qisminin Qarabağı görməməsi və o dəhşətləri görənlərin isə ora qayıtmaq istəyinin unudulmasıdır. Onlar Qarabağı unutmayıblar, amma Qarabağa qayıtmaq istəyi unudulur. Hesab edirəm ki, gənclərdə bu hissin unudulmaması üçün mütəmadi işlər görülməli, əhəmiyyətli layihələr reallaşdırılmalıdır.
– Sizin təşkilatın fəaliyyətinin bir istiqamətini də əsir və girov düşmüş insanların ailələrilə görüşlər keçirmək, onlarla bağlı layihələr reallaşdırmaq təşkil edir.
– Bizim fond artıq üç ilə yaxındır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin ailələri ilə bağlı layihələr həyata keçirir. Bəlkə də kənardan bu ailələri yenidən o günlərə qaytarmağın mənfi tərəflərinin olduğunu düşünənlər var. Biz də əvvəl bu fikirdə idik. Amma sonradan iş əsnasında ailələrə yaxınlaşdıqca bu layihənin əhəmiyyətinin əvəzsiz olduğunu gördük. Həmin ailələrin əksəriyyəti cəmiyyətdən sanki, küskündürlər və bizim fəaliyyətimizdə məhz bu faktoru əsas götürdük. Yəni bu ailələrin cəmiyyətə təkrar adaptasiyası məsələsi, onların özlərini yalqız hesab etmələri fikrindən daşındırmaq üçün fəaliyyətə keçdik. Bu ailələrin psixoloji-sosial problemlərinin də olduğunu nəzərə alsaq, onlara xüsusi vaxt ayırmağın vacibliyini görmüş olduq. Layihəmizin əsas xüsusiyyəti bu cür ailələri bir yerə toplamaq və onların yalqız olmadıqlarını onlara göstərməkdən ibarətdir. Çünki onlara elə gəlir ki, cəmiyyətdə bu ailələrin problemlərini dərk edən yoxdur. Məqsədimiz bu ailələri bir yerə yığmaqdı. Ötən il Sabunçu raonunda olan, bu il isə Suraxanı rayonundakı bu cür ailələrlə görüşlər keçirdik. Növbədə isə Bakının digər rayonları var və bundan sonra bölgələri də əhatə etməyi nəzərdə tuturuq. Burada söhbət yalnız Qarabağ müharibəsində itkin düşmüş ailələrdən gedir. Bu şəxslər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən siyahıya alınıb və biz də bu siyahıya görə işləyirik.
– Psixoloji baxımdan bu ailələrlə işləmək təbii ki, çətindir. Bunun üçün mütəxəssis seçimini necə edirsiniz?
– Biz bu şəxsləri “sirdaş” adlandırırıq və həmin şəxslər özləri isə ailəsindən itkini olan insanlar arasından seçilir. Bu ona görədir ki, həmin insanlar bir-birlərini daha yaxşı anlayırlar. Yəni, bu şəxslər özləri həmin ailələrə yaxın olmaqla yanaşı, həmin ailələr də bu şəxsləri özlərinə yaxın bilirlər. İlkin olaraq biz ev görüşləri keçiririk, sonra qrup görüşlərinə başlayırıq. Biz Sabunçu rayonunda keçirdiyimiz qrup görüşlərindən sonra ailələrlə görüşəndə onlar üçün nə edə biləcəyimizi soruşduq və həmin insanlardan belə bir təklif gəldi ki, itkin düşmüş insanların xatirəsinin əbədiləşdirilməsi üçün bir abidə tikilsin. Şəhidi olan insanların bir yerdə toplaşması üçün şəhidlər xiyabanı, hər hansı xatirə lövhəsi var. Amma, itkin insanları olan şəxslərin görüşə biləcəyi bir yer olmadığı üçün biz bu təklifin üzərində dayandıq və hazırda həmin abidə kompleksinin inşasına başlanılıb, tamamlama işləri gedir.
– Qeyd etdiniz ki, bu ailələrə daha çox hüquqi problemlərinin həllində yardımçı olursunuz.
– Həqiqətən də əsir və itkin düşmüş insanları olan ailələrin çoxsaylı hüquqi problemləri mövcuddur və bizim mərkəz bu problemlərin həll olunmasına yaxından köməklik göstərir. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bizim əməkdaşlığın daha bir üstünlüyü də ondadır ki, komitə belə ailələrdən olan insanların sağlamlıqla bağlı probleminin həll olunmasında köməklik göstərir. Belə ki, itkin düşmüş ailələrdən olan insanlar Qızıl Xaç Komitəsinin Bakıdakı klinikasnda pulsuz müayinə və müalicə olunur. Yəni çalışırıq ki, bu şəxslərə həm də imkanlarımız daxilində mənəvi dəstək olmaqla yanaşı, maddi yardım da edək. Qeyd edim ki, bizim layihələrimizə artıq iki ildir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurası da dəstək verir.
– Rəhbəri olduğunuz qurum həm də Xocalı soyqırımında günahkar olan şəxslərin cəzalandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edir, faciənin tanınması ilə bağlı işlər görür…
– Ümumiyyətlə, nə qondarma erməni soyqırımına, nə də Xocalı faciəsinə hüquqi qiymət vermək çox çətin məsələdir. Yəni biz dövlət olaraq Xocalı soyqırımına ölkə məhkəmələrinin çıxardığı qərarlara istinadən qiymət verə bilərik. Amma ayrı-ayrı dövlətlərin bu faciələrə qiymət verməsi artıq hüquqi yox, siyasi məsələdir. Artıq bütün dünya erməni soyqırımı adlı bir məhfumun olmadığını anlayıb. Ermənilər hər il bir fadəni eşitmək üçün milyardlarla vəsait xərcləyirlər və bu da erməni lobbisinin fəaliyyətindən xəbər verir. Faktdır ki, ermənilər lobbiçilk fəaliyyəti sayəsində erməni “soyqırımı”nı dövlətlərə tanıtmağa çalışırlar.
Naibə Qurbanova
KarabakhİNFO.com