Azərbaycanca

“Qarabağ”ın Avropadakı “İmarət”i

18.11.2014 | 12:08

imaretQarabağ həqiqətlərinin xarici ölkələrdə yayılması istiqamətində gənclərimiz təqdirəlayiq addımlar atırlar. Elə müsahibimiz Nicat İbrahimovun da amalı Azərbaycanı əsasən Avropa ölkələrində tanıtmaqdır. Qeyd edək ki, N. İbrahimov dostları Vüsal Əhmədov və Natiq Babayevlə (ikisi də İsveçdə yaşayır) birgə “Qarabağ” futbol komandasının bir ildir ki, “İmarət Avropa” fan klubunu yaradıb. Qeyd edək ki, “Qarabağ” futbol komandası Ağdamı təmsil edir. “Qarabağ” komandasının “İmarət” fan-klubu isə 2008-ci ilin noyabrında yaradılıb. Komandanın xarici ölkələrdə keçirdiyi oyunlar və eləcə də əcnəbilərin bu komandaya marağı “İmarət”in Avropa filialının açılmasını zəruri edib. “İmarət Avropa” bu bir ildə İsveç, Almanya, Avstriya, Malta, Ukrayna, İtaliya, Hollandiyada “Qarabağ”ı yalnız buraxmayıb və hər oyunda Azərbaycanın, eləcə də Qarabağın təbliğatını aparıb.

 

 

nicat-ibrahimov-Nicat bəy, əvvəlcə özünüzü təqdim edin…

 
-Mən 1990-cı ilin 7 avqustunda Ağdam şəhərində dünyaya gəlmişəm. Artıq 10 ildən artıqdır ki, Vətəndən kənardayam. Ailəm İsveçdə yaşayır. Özüm isə 1 ildən artıqdır ki, İngiltərədə hüquqşünaslıq üzrə təhsil alıram.

 

 

– İngiltərədəki azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?

 

 

– İngiltərədə çox qalmadığımdan diaspor və s. sahələrdə olan insanlarla əlaqəm yoxdur. Amma eşitdiyimə görə, gənclərimiz çox aktivdirlər. Ümumiyyətlə, Avropada misal üçün Qarabağın təbliğatı və s. işlərdə aktivliklərini eşidir və oxuyuram.

 

 

– Şübhəsiz ki, gənc diasporun hərtərəfli dəstəyə ehtiyacı var. Sizə bu işdə kimlər dəstək olur?

 

 

– Bizim heç bir diasporla əlaqəmiz yoxdur. Biz sadəcə Vətəni sevən Azərbaycan gəncləriyik. “İmarət Avropa” nı isə öz büdcəmizin hesabına idarə edirik və təbii ki, “Qarabağ” klubundan da dəstək alırıq.

 

 

– Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

 

 

– İndiyə kimi heç bir diaspordan dəstək almamışıq. Amma Qarabağın təbliğatı üçün dəstək olsa, bunu məmnuniyyətlə qəbul edərik. Bizim işimiz tək “Qarabağ” futbol klubuna dəstək yox, əsas məqsədimiz Qarabağın işğalının təbliğatıdır. Beləcə də, bunu Avropa və dünyaya yaymaqdır. İşimizin də bəhrəsini şükürlər olsun ki, yavaş-yavaş görürük. Avropalılar artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu, həmçinin Qarabağın işğal altında olduğundan xəbərdardırlar. Biz də “İmarət Avropa” olaraq Avropada yaşayan bütün azərbaycanlı gəncləri, ailələri “Facebook” və telefon vasitəsi ilə məlumatlandırır və oyunlara calayırıq.

 

 

– Sonuncu dəfə Azərbaycanda nə vaxt olubsunuz?

 

 

– Avropaya gələndən Vətənə dönməmişəm.

 

 

– Vətəndən uzaqda milli-mənəvi dəyərlərimizi ruhən necə yaşada bilirsiz?

 

 

– Bizim əsas məqsədimiz Azərbaycanı avropalılara tanıtmaq, azərbaycanlı gənclərə hər zaman Vətən sevgisini yaşatmaqdır. Yaralı yerimiz olan Qarabağ münaqişəsi və ermənilərin törətdikləri vəhşilikləri yayırıq. Misal üçün, “Facebook” səhifəmizlə məlumatlar veririk, hər oyundan öncə avropalılarla görüşən zaman onlara Qarabağ müharibəsi və ümumiyyətlə, Azərbaycan haqqında məlumat veririk.

 

 

– Ümumiyyətlə, Azərbaycandan kənarda azərbaycanlı olmaq asandır, yoxsa çətin?

 

 

– Vətəndən uzaq olmaq çox çətindir, özü də mənim kimi vətənpərvər bir insan üçün. Amma buna baxmayaraq təhsilimi bitirdikdən sonra Vətənə dönməyi planlaşdırıram.

 

 

– İsveçlilər Azərbaycanı necə tanıyırlar?

 

 

-5 il əvvəl ilə indini müqayisə edəndə görmək olur ki, isveçlilər Azərbaycanı daha çox tanıyırlar.

imaret1

 

-Fan kluba avropalıların marağı necədir? Ümumiyyətlə, avropalılar ora gəlirmi?

 

 

– Biz çalışırıq ki, Avropada yaşayan azərbaycanlıları fan klubumuza cəlb edək. Bəzi avropalılar da var ki, fan klubumuz haqda məlumatları var. Məsələn, “Qarabağ” haqda yazan holland yazıçısı Arthur Huizinga bizimlə görüşüb. Sonra almanlar var ki, Avropada demək olar ki, “Qarabağ”ın hər oyununa gəlirlər, əlbəttə ki, həmişə də bizimlə əlaqədə olurlar.

 

 

-Fan klubla bağlı gələcəkdə hansı işlər görmək istəyirsiz?

 

 

– Gələcək planlar, ancaq və ancaq Qarabağ müharibəsinin və Qarabağın Azərbaycanın bir hissəsi olduğunun təbliğatını aparmaq, Qarabağın işğalı haqda plakatlarımızı artırmaq və s. Çalışacağıq ki, fan klubumuzu daha da peşəkar edək.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

18.11.2014 12:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*