Azərbaycanca

Qarabağın gizlinlərini üzə çıxaracaq film

10.01.2013 | 13:45

1357811224_kadr0““Qarabağnamə”ni izləyəndə bəzən hirslənəcək, bəzən utanacağıq…”

Üstünü toz basmış kitab. Toz tədricən təmizlənir. Silinərkən ekranda filmin titrləri  yazılır. Sonra kitabın üstündə yaşlı bir insan əli gəzir. Əl sonuncu toz qalıqlarını da silib kitabın üz qabığını çevirir. Titul vərəqində əski əlifba ilə yazı görünür…Və ekranlarda yeni serialın adı yazılır. “Qarabağnamə”…

Cəfər Cabbarlı adına kinostudiyada Azərbaycanın tarixi və əzəli torpağından – Qarabağın qədim tarixindən bəhs edəcək filmin çəkilişləri başlayıb. Kinostudiyanın içərisində bayırdakından daha çox soyuq var. Hələ üstəgəl binanın baxımsız və şəraitsiz olmasını nəzərə alsaq, çəkiliş heyətində ruh düşkünlüyü yarandığını fikirləşərik. Amma belə olmadı. Hər kəs öz işinin öhdəsindən olduqca böyük həvəslə gəlirdi. Bəlkə də bu ruh yüksəkliyi böyük bir tarixi faktlarla dolu olan bir yaradıcılıq məhsulunu mükəmməl şəkildə ərsəyə gətirmək üçün idi.  Beləliklə, ekranlara İctimai Teleradionun rəhbəri İsmayıl Ömərovun ideya və ssenari müəllifi olduğu “Carçı film” Yaradıcılıq Birliyi tərəfindən çəkilən film – “Qarabağamə” gəlir.

“Carçı film”in direktor müavini Rauf Rəcəbov bizi çəkiliş heyəti ilə yaxından tanış edir. Kinostudiyanın bir neçə otağında lazım olan ləvazimatları yerləşdiriblər. Aktyorların geyim və qrim otaqları çəkiliş üçün hazırlıqlı hala gətirilib. Rauf Rəcəbov bir qədər film haqqında məlumat verir: “Əslində müasir dövrdə  insanların diqqətini daha çox tarixi mövzuda çəkilən seriallara cəlb etmək lazımdır. Çünki bu səpkili serialları tamaşaçılar böyük səbirsizliklə gözləyirlər. Amma hazırda telekanallarda bu mövzuda demək olar ki, serial yoxdur. İlk dəfə olaraq, məhz İctimai Televiziya tarixi mövzuda – “Qarabanamə” adlı serial çəkir. Film günümüz üçün aktual tarixi mövzuda – Qarabağ xanlığının yaranmasından, Qarabağ xanlığının banisi Pənahəli xanın və onun varisi İbrahimxəlil xanın yadelli işğalçılara qarşı mübarizəsindən, həmin dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən bəhs olunur. Film Qarabağ xanlığının təşəkkülündən başlamış süqutunadək – Rusiya ilə İran arasında bağlanmış və Azərbaycanın ikiyə bölünməsinə səbəb olmuş Gülüstan və Türkmənçay müqavilələrinədək olan böyük bir dövrü əhatə edir. Filmin ideyası Qarabağı əzəli Azərbaycan ərazisi olduğunu tarixi faktlara və sənədlərə, həmin dövrün yazılı mənbələrinə əsaslanaraq, açıb göstərmək məqsədindən qaynaqlanır. Filmin ssenarisində Rusiya, İran və Osmanlı dövlətlərinin Qafqaza, o cümlədən Qarabağa sahib olmaq uğrunda apardığı amansız mübarizə də öz əksini tapır. Bu mübarizədən yararlanmağa çalışan erməni liderlərinin törətdiyi fitnə-fəsadlar, təxribatlar müxtəlif səhnələrlə və film elementləri ilə açılıb göstərilir. Belə bir tarixi fakt öz əksini tapır ki, ermənilər bu ərazilərə Qarabağ xanlığının təşəkkülündən xeyli sonra İran və Türkiyədən kütləvi şəkildə gəlir. Rusiya imperatorların bilavasitə himayədarlığı, Qafqazdakı canişinlərlə məxfi yazışmaları, Qarabağ xanlarının bu niyyətin qarşısını almaq üçün göstərdiyi cəhdlər tarixi-bədii formada həllini tapır”.

Qeyd edək ki, geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulan, Qarabağın uzaq keçmişinə işıq salmaq məqsədi daşıyan filmin ssenarisi Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”, Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərlərinin, Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” tarixi romanının motivləri əsasında işlənib. Filmin ideya müəllifi İsmayıl Ömərov, ssenari müəllifləri İsmayıl Ömərov və Elman Qədirli, məsləhətçilər AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Qasım Hacıyevlə Əyyub Şirlanlıdır. Quruluşçu rejissorları Bəhram Osmanov, Cavid Təvəkkül, quruluşçu operatoru Emin Rəhimov, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Ayaz Qəmbərli, geyim üzrə rəssamı Məlahət  Qafarzadə, kreativ prodüseri Cavid Təvəkküldür.

 Bəhram Osmanov: “Bir çox insan hirslənəcək…” 

Filmin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov filmin çəkilişləri ilə bağlı fikirlərini bölüşdü. Rejissor bildirdi ki, film tarixçilərin məsləhətləşmələri əsasında çəkiləcək: ““Qarabağnamə”nin ssenarisini İsmayıl Ömərov mənə təqdim etdi. Baxdım və bu günə qədər də ssenari üzərində işlər aparılır. Bir çox tarixçi ilə məsləhətləşmələr edilir. Çünki məqsədimiz tariximizi olduğu kimi təqdim etməkdir. Sadəcə olaraq, bu faktların üzərinə bir qədər bədiilik əlavə etmişik. Filmdə yalnız dialoqlarda bədiilik var. Film əvvəldən sonra qədər tarixi faktlardan ibarət olacaq. Bizim indiki nəsil bu filmdə elə tarixi faktların şahidi olacaq ki, bəzən baxıb hirslənəcək, əsəbiləşəcək, tariximizi doğru bilmədikləri üçün utanacaq. Bu film Qarabağ haqqında çəkilən filmlərdən bir çox özəlliyi ilə seçiləcək. Çünki burada ən birinci tarixi faktlar üstün olacaq. Biz o faktları dəqiq göstərmişik ki, bugünkü nəsil öz dərsini götürsün. Bilsinlər ki, bu gün yaşadıqları faciəni neçə illər əvvəllərdə axtarmaq lazımdır. Mən gördüyüm işləri dünya miqyasına çıxmaq məqsədində olmamışam. Çünki istəmişəm, birinci öz vətəndaşlarımız öyrənsin. Amma bu filmi çəkməkdə arzumuz var ki, heç olmasa, müsəlman ölkələrində nümayiş olunsun. Bu, Azərbaycanın tarixini dünya çatdırmaq üçün bizim üçün bir sənəd olsun”.

“Azərbaycan təcrübəsində ilk hadisədir”

İndiyə kimi bir çox filmə adını yazan filmin ikinci rejissoru Kamran Ağabaliyev

“Qarabağnamə”də fərqli iş təqdim edəcəklərini deyir: “

Qarabağ haqqında bir çox film çəkilib. Ancaq əlimizdə daha geniş imkanlar var ki, biz insanlara mövzunu ətraflı  çatdıraq. Sizi əmin edirəm ki, indiyədək Azərbaycanda bu miqyasda iş görülməyib. Azərbaycan təcrübəsində ilk hadisədir. Bu filmə baxan tamaşaçılar Azərbaycan tarixinin müəyyən bir dövrünü ardıcıllıqla görə biləcəklər. Azərbaycan tamaşaçıları filmdə ilk dəfə olaraq, böyük bir ordunun şahidi olacaqlar. 20 minlik ordunun döyüş səhnələrini izləyəcəklər.  Bunun üçün biz müasir qrafikanın imkanlarından yararlanacağıq. İstifadə etdiyimiz texniki avadanlıqlar müasir standartlara tam cavab verən, ölkəmizdə analoqu olmayanlardır. İşə professionallar cəlb edilib. 40 nəfərdən ibarət çəkiliş qrupu səhərdən axşamacan iş başındadır. Gördüyünüz kimi, hazırda Pənahabadın divanxanası qurulub. Bu çəkilişlər başa çatdıqdan sonra Bayat qalası, Nadir Şahın, Qacarın sarayı qurulacaq. Saray əyyamlarına aid bütün xırdalıqlar nəzərə alınıb”.

“Qarabağnamə” ə üçün xüsusi geyimlər hazırlanır…

Geyim otağına daxil oluruq. Filmin geyim üzrə rəssamı Məlahət Qafarzadə Qacarın papağına düzəlişlər edir. Rəssam xanım bildirdi ki, geyimlərin bir çoxu İctimai Televiziyanın olsa da, xeyli hissəsi yenidən hazırlanır: “Bir çox geyimi tikməli olduq. Bundan başqa, əlimizdə olan geyimləri tarixə uyğunlaşdırmışıq. Onların üzərinə müəyyən işləmələr edirik”.  İşini çox sevdiyini söyləyən Məlahət Qafarzadə tarixi filmlər üçün geyimlərin hazırlanmasının çətin olduğunu bildirdi: “Filmdə 200-dən personaj var. Onların hər biri üçün geyimlər hazırlanmaqdadır. Geyimlərlə bağlı iş çox məsuliyyətlidir və bu işi mükəmməl görməyə çalışıram. Film üçün xüsusi olaraq, əsgər, döyüş geyimləri, hazırlanıb. İşə dekabrın 1-dən başlamağımıza baxmayaraq, çox işi başa vurmuşuq. Demək olar ki, 3 ayın işini 15 günə gördük”.

“Azərbaycanda tarixi avadanlıqlar demək olar ki, yoxdur”

Filmin quruluşçu rəssamı Əziz Məmmədov isə bildirdi ki, film üçün xeyli sayda silah-sursat hazırlanıb: “Tarixi filmlərə quruluş vermək çox çətindir. Çünki o bölgənin arxitekturasını bilmək önəmlidir. Biz də çalışmışıq ki, dekorasiyanı əraziyə uyğun hazır edək. İndi Azərbaycanda tarixi avadanlıqlar demək olar ki, qalmayıb. Hal-hazırda bir-iki muzeydə var. Ona baxıb oxşarını hazırlamışıq. Çəkiliş üçün 7-8 otağımız olacaq. Film üçün xeyli sayda qılınc, qalxan, nizələr hazırlanıb. Hətta o dövrdə istifadə olunan silahların düzəldilməsi üçün də sifariş vermişik. Xanların istifadə etdikləri heç bir silaha dəyişiklik edilməyib. Hər şey olduğu kimi qalıb. Bunlar şəxsi adamlarla müqavilə əsasında hazırlanır”.

 

 

 

Nadir şah, İbrahimxəlil xan, Pənahəli xan, Şah Qacar…

Filmdə ümumilikdə 300-ə yaxın personaj olacaq. Onlar arasında tanınmışlardan başqa, sənətdə, geniş ekran kütləsində az-az görünən, aktyor olmayan, lakin sənətə böyük həvəsi olan insanlar yer alacaq.  Filmdə əməkdar artistlər Qurban İsmayılov (Pənahəlixan), Elşən Rüstəmov (İbrahimxəlil xan), İlham Hüseynov (Ağa Məhəmməd Şah Qacar), Novruz Cəfərov (Molla Həsən), Təvəkkül Əliyev( Molla Pənah Vaqif), Abbas Qəhrəmanov (Çələbi), Kazım Abdullayev (Nadir şah), aktyorlar Kəmalə Hüseynova (Cahan, Pənaləli xanın həyat yoldaşı) rola alıblar. Filmdə tamaşaçılar Sisyanov, Qudoviç və digər tarixi simalarla da qarşılaşacaqlar.

“Pənahəli xanın ruhu şad olacaq”

Həmin gün çəkiliş meydançasında aktyorlardan yalnız Qurban İsmayılovu gördük. Pənahəli xana aid kiçik bir səhnəni oynamaq üçün hazırlaşırdı. Tarixi filmdə baş rollardan birini ifa etməyə hazırlaşan aktyor öz təəssüratlarını bölüşdü. … Qrim otağından çıxaraq çəkiliş meydançasına gedən Pənahəli xan obrazını canlandıran Qurban İsmayılov söhbətə tarixi filmdə oynamağın çətinliklərindən danışmaqla başladı: “Bildiyiniz kimi “Qarabağnamə” mütəmadi olaraq, teatrda tamaşaya qoyulur. Demək olar ki, hər zaman İbrahimxəlil xan tarixi şəxsiyyət kimi öndə olub. Amma ilk dəfədir, Pənahəli xana geniş yer verilib. Mənim obrazım ona görə çətindir ki, İbrahimxəlil xan haqqında məlumatlar kifayət qədər olsa da, Pənahəli xan haqqında çox az məlumat var. Ona görə də onun necə xarakter olması haqqında bilgilərimiz azdır. Həmçinin, həmin dövrün ləhcəsi, danışıq tərzini də dəqiqliklə çatdırmağa çalışırıq. Çalışıram ki, tarixi şəxsiyyətin obrazını mükəmməl çatdırım”.

Aktyor hesab edir ki, bu film azərbaycanlıları özünüdərk etməyə səsləyəcək: “Bugünkü gündə Qarabağ bizim yaralı yerimizdir. İndiki halda düşünürsən ki, bu tarixi şəxsiyyətlər xanlıq qurub, bir ölkə yaradıblar. Ona görə də bu obrazı canlandırmaq mənim üçün ikiqat məsuliyyətlidir. Çox təəssüf ki, bu gün Qarabağ yoxdur. Nə vaxt Qarabağ bizdə olacaq, o zaman Pənahəli xanın, İbrahimxəlil xanın ruhları şad olacaq”.

  “Pənahabadın maketiniz hazırlatdırırıq”

Olduqca yorğun görünən filmin kreativ prodüseri Cavid Təvəkkül bildirib ki, belə bir film çəkilməsi ideyası bir neçə il əvvəl olub: “İsmayıl Ömərov belə film çəkilməsini təklif etdi. Bu filmin çəkilişi ideyası olanda Türkiyədə tarixi serial olan “Möhtəşəm Yüz il”in çəkilişləri hələ başlamamışdı. Bizdə artıq belə bir ideya var idi. Tarixi faktlara söykənən ssenari yazmaq bir qədər vaxt aldı. Bu filmin tarixi dram janrında olması digər filmlərdən seçilən özəlliyimizdir. Bu film vasitəsi ilə biz insanların keçmişinə kiçik bir ekskursiyasını təşkil edəcəyik. İnsanları 300 il əvvələ aparıb, yenidən evlərinə gətirəcəyik. Filmin yüksək səviyyədə alınması üçün lazım olan bütün işlər görülüb. Pənahabadın 1750-ci ildəki qala divarlarının 15 kvadrat metrlik maketini hazırlatdırırıq. Qacarın Qarabağa böyük bir ordu ilə yürüşünü olduğu kimi çatdırmaq üçün bir neçə tanınmış qrafik cəlb olunub. Müasir tamaşaçının nə istədiyini göstərmək üçün ən yaxşı vasitələrdən istifadə edəcəyik”.

Cavid Təvəkkül bildirib ki, bu film Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını faktlarla sübut edəcək: “ İzləyicilər görəcəklər ki, burada azərbaycanlılar necə, hansı şəraitdə məskunlaşıb? Eləcə də görəcəklər ki, Qarabağda bayrağı, gerbi, şəhəri, qalası, ordusu olan məhz azərbaycanlılar olub. Ermənilərin Azərbaycanın əzəli torpaqlarına sahiblənmək üçün hansı hiylələrə əl atdıqları faktla təqdim ediləcək. 1741-ci ildə baş verən hadisələrlə başlayan film 1822-ci ildə rusların İran və Türkiyədən erməniləri Qarabağa köçürməsi ilə başa çatacaq”.

Rejissor bildirib ki, indiyədək qarşılaşdıqları ən çətin an aktyor seçimində olub: “Kastinqlərə aktyorlar olduqca çox gəldi. Amma seçim etmək çox çətin oldu. Mən aktyor seçməkdə bir az çətin insanam. Bu gün aktyorlarımızın bir çoxu teatrda çalışır. Kino ilə teatr isə fərqli olmalıdır. Mən aktyorların canlı olmalarını sevirəm. Filmdə cəmi bir neçə nəfər tanınmış aktyordır. Qalan qismi isə gənclərdən ibarətdir. Bu gün Azərbaycanda aktyor qıtlığı var”.

Qeyd edək ki, film 9 seriya nəzərdə tutulub. Hər seriyanın xronometrajı təxminən 60 dəqiqədir. Filmin çox hissəsi kinostudiyada, digər hissəsi isə Şəki, Qax, Tiflisdə aparılacaq. Çəkilişlərinə martda son verilməsi nəzərdə tutulan film sentyabrda ictimaiyyətə  təqdim ediləcək.

…Sonda fikirlərimi V.O.Klyuçevskinin sözləri ilə tamamlamaq istəyirəm: “Tarix müəllim deyil, nəzarətçidir, o heç nə öyrətmir, ancaq dərsi bilmədiyimizə görə bizi cəzalandırır”.

Elə Azərbaycanın qədim parçası olan, tarixi müəmmalı səhifələrlə dolu olan Qarabağımıza laqeyd yanaşdığımız üçün tarix bizi daha ağır cəzalandırdı… Və tariximizi bizə yenidən xatırlatmağı qarşılarına məqsəd qoyan çəkiliş heyətinə bu məsuliyyətli işdə uğurlar arzu edib məkandan ayrılırıq.

 

Jalə Məmmədli

Lent.az

10.01.2013 13:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*