Azərbaycanca

Qarabağın şöhrətli Aran nəsli

30.10.2014 | 15:22

10660824_662291510551002_315295109_nErmənilər tarixi Qafqaz Albaniyasının şərq hissəsində yaradılmış mədəniyyətin onlara məxsus olduğunu iddia edirlər. Təəssüf ki, onların təsirinə düşən Qərb müəllifləri də yanlış olaraq bu fikri təkrar edirlər. Məşhur britaniyalı jurnalist Tomas de Vaal da Qarabağla bağlı kitabında bölgənin “xristian keçmişindən” bəhs edir. Əksər Qərb müəllifləri xristian deyəndə “erməni” başa düşürlər. Sovet dövrü tarixşünaslığında “Qarabağ ermənilərinin rus çarı I Pyotrla əlaqələrindən” danışılır, “Qarabağı erməni məliklikləri”ndən bəhs olunurdu. Sonra bəlli oldu ki, bölgəni ermənilərə peşkəş etmək istəyən rus şovinizmi tarixi “korrektə edərək” ərazinin “erməni keçmişi”ni yaratmaq istəmişlər. Qarabağın məşhur Xəmsə məliklikləri əslində kimlər idi? Məşhur “Qarabağnamə” müəlliflərindən biri Mirzə Adıgözəl bəyin qiymətli məlumatı bu məlikliklərin ermənilərə qətiyyən dəxli olmadığını sübut edir. Mirzə Adıgözəl bəy yazırdı: “Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı verirlər, çünki ərəb dilində beş ədədinə “xəmsə” deyilir. Həmin mahalların biri – Dizaqdır. Məlikləri Məlik Yegan adlanır. O, Loridən qaçıb gəlib, Nadir şahın səltənəti dövründə və onun əmri ilə məliklik taxtında oturub. İkincisi – Vərəndədir. Məlikləri Şahnəzərlilər Göyçə əsilzadələrindəndir… Oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşdur. Üçüncüsü – Xaçındır. Məlikləri Həsən Cəlalın övladlarıdır. Dördüncüsü – Çiləbird mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədi… Nadir şahla Osmanlı sərkərdəsi Köpürlü oğlu Abdulla paşa arasında olan müharibədə Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah da məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və xələt verdi… Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir”.

 

 

Sami mənşəli orta əsr feodal titulu olan məlik sözünün də ermənilərə heç bir aiddiyatı yoxdur.

Əksəriyyəti gəlmə olan məliklərin də heç biri erməni deyil. İnanc etibarilə ilə xristian olsalar da, onlar kökəncə türk mənşəli idilər. Xaçın məlikliyini isə bölgənin köklü nəsli olan Aran nəsli idarə edirdi. Mehranilər Azərbaycana gələnə qədər Aran yerli hakim nəsil idi. Tarixdən bəllidir ki, Mehranilər şöhrətli Aran nəslini məhv etmək üçün hiyləyə əl atırlar. Aran nəslinə mənsub 60 zadəganı qonaq çağıran Mehranilər onları xaincəsinə zəhərləyərək məhv edirlər. Aranilərdən yalnız bir nəfər sağ qalır. Bu da Mehranilərdən qız almış gənc bir zadəgan idi. Sonralar Xaçın məliyi olmuş Həsən Cəlalın nəsli həmin zadəganın soyundan gəlirdi. Həsən Cəlal özü də Aran nəslindən olduğunu yazırdı. Həsən Cəlalın anası da türk mənşəlidir. Anası İberiyada yaşayan Qurd tayfasından idi. Tarixi mənbələrdə Həsən Cəlalın dayısı Sədunun qurd tayfasına mənsub olduğu yazılır.

 

 

Maraqlıdır ki, ermənilər bölgədə “erməni dövlətçiliyinin” tarixini Həsən Cəlaldan götürürlər. Hətta Həsən Cəlalın bayrağı separatçı ermənilərin yaratdığı qondarma DQR-in bayrağı kimi qəbul edilib. Ancaq maraqlıdır ki, Həsən Cəlal xristian olsa da, erməni deyildi. Mərhum tarixçi alim Qiyasəddin Qeybullayev bu şəxsin müsəlman “Həsən” adını daşımasına da şübhə edirdi. Qeybullayev yazırdı ki, xristian bir hömkdarın müsəlman adı daşıması mümkün deyildi. Əslində bu ad “sağlam” mənasını verən “Esən”, “Əsən” mənasındadır. Türkiyə türkləri “sağlıqla qalın” sözünü “esen kalın” şəklində ifadə edirlər. Başqa bir misal kurort zonası olan Rusiyanın Esentuki yer adıdır. Bu sözün “sağlıq”, “sağlamlıq”la bağlı olduğuna şübhə yoxdur.

 

 

Araşdırmaçılar Qarabağ toponimin də Aran nəsli tərəfindən yaradıldığını iddia edirlər. Hesab edilir ki, Qarabağ Tanrı adından yaranıb tayfa adına keçən, sonra adını yer adında saxlanan bir toponimdir. Bu adın ən qədim forması “Baq”dı. Güclü zamanlarında Aran nəsli Azərbaycandan, Naxçıvanın cənubundan hücum edərək Fələstini tutur. Fələstin onların adı ilə Baqastan adlanır. Aran nəsli özlərinə qızıldan büt qoyurdular. Bu, qızıldan hazırlanan Buğa bütü idi. Ona Tanrının timsalı kimi sitayiş edir, Baq deyirdilər. Slavyanlara Tanrı mənasında keçmiş Boq sözünün də bundan yarandığı iddia olunur. Həmin Bağ nəslinin bir hissəsi indiki Xuzistan, qədim Elam ərazisində idi. Orda da Baqastan adlı şəhər yaranmışdı. Həmin ərazidə məşhur Baqastan yazıları tapılıb. Sonralar şimala köçəndən sonra Van gölünün cənubunda onlar Baqastan yazılarını yaratdılar. Baq tayfa adına çevriləndən sonra iki yerə bölünür. Biri Kara Baq, bir Aq Bak. Qarabağ nəsli Aranın şimalında, indiki Naxçıvanla Təbriz arasında 2 böyük şəhər salırlar. XVII əsrdə əraziyə gələn Övliya Çələbi yazırdı ki, mən Naxçıvana bağlı Qarabağ şəhərində 40 minarə saydım. Deməli, 20 məscidi olan şəhər böyük şəhərmiş. Təbrizə bağlı ikinci Qarabağ şəhərində 7 minarə saydım, yazır. Bu Baq tayfası iki yerə bölünərək şimali Azərbaycanda yurd salır. Bir hissəsi Ural dağlarının yaxınlığına köçür, burada (Mozdok yaxınlığında) Qarabağ şəhəri saldı. Bir hissəsi isə Van gölünün sahilinə köçərək orada Ağbağ şəhərini saldı. Onlar xristian olduqlarına görə, erməni adlanır. Ancaq kökəncə türkdürlər. Onların bir hissəsi Gürcüstana, ordan isə Dağıstana köçür. İndi Dağıstanda Ağdağ kəndi var. Onların dili avar dili ilə Azərbaycan dilinin arasındadır.

 

 

Türk mənşəli Aran nəsli hətta Gürcüstanda da hakim olublar. Bunu gürcülər özləri də təsdiq edirlər. Aran tayfası dağınıq İberiyanı birləşdirərək hakimiyyəti ələ alırlar. Gürcü mənbələri yazır ki, Aran nəsli məshuldar torpaqları ələ keçirmək üçün İberiyaya hücum edərək oranı ələ keçirdilər. Aran nəslinin hökmranlığına Sasanilərin təqibindən Qafqaza qaçan Mehranilər son qoyur. Mehranilərin təqib etdiyi Aran nəsli yalnız Dağlıq Qarabağda qalırlar. İslam dini yayılanda albanların bir hissəsi qriqorianlığı saxlayır, böyük bir hissəsi isə müsəlman olur. Maraqlıdır ki, Aran adlı sonuncu şəhəri XIII əsrdə monqol-tatarlar dağıdır. Bu şəhər Dəclə-Fərat çayları arasında idi. Məşhur Aran nəsli adını Azərbaycan Respublikasının Mərkəzi Aran bölgəsində saxlayır.

 

 

Elman Cəfərli
“KarabakhİNFO.com”

 

 

30.10.2014 15:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*