Azərbaycanca

Qarabağın Tarixi

19.05.2012 | 15:46

1337424297_images-3QARABAĞ AZƏRBAYCANIN QƏDIM TARIXI BÖLGƏLƏRINDƏN BIRIDIR. KIÇIK QAFQAZ DAĞLARI ILƏ KÜR VƏ ARAZ ÇAYLARI ARASINDAKI ƏRAZINI ƏHATƏ EDIR. BƏZI MƏLUMATLARA GÖRƏ, “QARABAĞ” ANLAYIŞI VII ƏSRDƏN IŞLƏNIB, XII ƏSRDƏN ISƏ DAHA GENIŞ YAYILIB.

“QARABAĞ” “QARA” VƏ “BAĞ” SÖZLƏRININ BIRLƏŞMƏSINDƏN ƏMƏLƏ GƏLIB (“QARA” SÖZÜ TÜRK DILLƏRINDƏ, O CÜMLƏDƏN AZƏRBAYCAN DILINDƏ, RƏNG BILDIRMƏKLƏ YANAŞI, “BÖYÜK”, “QALIN”, “SIX” MƏNASINDA DA IŞLƏNIR). TƏDQIQATÇILAR “QARABAĞ”IN “BÖYÜK BAĞ”, “SƏFALI BAĞ” MƏNASINDA IŞLƏDILDIYINI DƏ BILDIRIRLƏR.

Qarabağın Tarixi

Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. Etimoloji araşdırmalar göstərir ki, “Arsax” sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“Sakəri”) kimi də izah olunur.

Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır. Azıx mağarasında (Füzuli rayonu) tapılan insan məskəni və ən qədim insanın qalıqları bu bölgənin Aralıq dənizi və Şərqi Afrika ilə birlikdə müasir insanların meydana gəldiyi məkanlardan olduğunu söyləməyə əsas verir. Azıxın alt çöküntülərindən aşkar edilmiş əmək alətləri Quruçay mədəniyyəti adlandırılıb. 1968-ci ildə Azıx mağarasından “Azıxantrop” (“Azıx adamı”) adlandırılan ibtidai insanın (350-400 min il əvvəl yaşamışdır) alt çənə sümüyünün bir hissəsi tapılıb. Daş dövrünün sonrakı tarixi mərhələlərində, həmçinin eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir (e.ə. IV minilliyin ortaları – I minilliyin əvvəlləri) dövrlərində Qarabağın həyatında ciddi dəyişiklik baş verdi. Son tunc və ilk dəmir dövrü (e.ə. XI I-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adını alıb. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur çarı Adadnerariyə aid mixi yazı olan əqiq muncuq tapılıb.

Qarabağ bütün tarixi dövrlərdə Azərbaycan dövlətinin tərkibində olub. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan Albaniya dövlətinin (e.ə. IV – eramızın VII əsri) mühüm vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Qarabağda, xüsusilə onun dağlıq ərazilərində də yayıldı. Ərəb istilaları (VII-IX əsrlər), xüsusilə Albaniya dövlətinin aradan qaldırılması (705-ci il) Qarabağın həyatına da ciddi təsir göstərdi. Ərəb istilalarınadək Qarabağın tarixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün faciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın yayılması üçün əlverişli şərait yarandı və bununla da, Qarabağın dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağılmasından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin (975-1075-ci illər), Böyük Səlcuq imperatorluğunun (XI əsrin ortaları-XII əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-1225-ci illər) hakimiyyəti altında oldu. XII əsrin sonu – XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı, sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla, Qarabağ-alban məliklikləri (Xaçın, Vərən də, Dizaq, Gülüstan (Talış), Çiləbörd) meydana gəldi. Qarabağ XIII-XIV əsrlərdə bütünlüklə Monqol imperiyasının, XIV əsrin sonu – XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şirvan hökmdarı I İbrahim (1382-1417-ci illər) Qarabağın düzənlik hissəsini öz torpaqlarına birləşdirə bildi. Qarabağ XV-XVIII əsrin əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-1468-ci illər), Ağqoyunlu (1468-1501-ci illər), Səfəvilər (1501-1736-ci illər) dövlətlərinin tərkib hissəsi idi.

Səfəvilər Qarabağ torpaqlarını bütöv halda Qarabağ və ya Gəncə bəylərbəyliyində birləşdirdilər. Səfəvi-Osmanlı müharibələri dövründə (1514-1555-ci illər, 1578-1590-cı illər və s.) Qarabağ əldən-ələ keçdi. 1590-cı il müqaviləsindən sonra Osmanlı dövlətinin tərkibinə qatılan Qarabağ torpaqlarında Müfəssəl dəftər tərtib edilmişdi (1593-cü il). Həmin məlumata görə, Gəncə- Qarabağ əyaləti 5 sancağa, 36 nahiyəyə bölünürdü. Dini mənsubiyyətinə görə əhalinin 61%-i müsəlman, qalanı isə qeyri-müsəlman idi. Qeyri-müsəlman əhali isə xristianlaşmış (və ya qriqorianlaşmaqda olan) albanlar idi. XVIII əsrin birinci rübündə Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürüldükdə Qarabağ Osmanlı dövlətinin tərkibində qaldı. Bu dövrə aid Osmanlı dəftərləri azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətindəki 122 min nəfərədək əhalinin 80,3 min nəfəri (66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqorianlaşmış albanlar, 3,7 min nəfəri (3%) kürdlər idi.

Azərbaycan torpaqlarının bölüşdürülməsində fəal iştirak edərək, Xəzəryanı torpaqları ələ keçirən Rusiya çarı I Pyotr (1682/89-1725-ci illər) bu torpaqlarda möhkəmlənmək və işğalçılıq planlarını genişləndirmək üçün ermənilərdən istifadə edilməsinə böyük önəm verirdi.

Bu məqsədlə o, 1724-cü il noyabrın 10-da erməni xalqına fərman imzaladı. Fərmanda ermənilərin işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi, onlara mehribanlıq göstərilməsi, boşalmış evlərin, münbit torpaqların onlara verilməsi, mühafizələrinin təşkil edilməsi, bütün bunları həyata keçirmək üçün müsəlmanların doğma yerlərindən deportasiyası nəzərdə tutulurdu.

Sonuncu Səfəvi hökmdarı III Abbası (1732-1736- cı illər) yıxaraq, hakimiyyətə gələn Nadir şahı (1736- 1747-ci illər) qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinə qarşı cəza tədbirləri də Qarabağın alban məlikliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi.

Nadirin ölümündən (1747-ci il) sonra Azərbaycan ərazisində xanlıqlar yarandı. Keçmiş Gəncə-Qarabağ əyalətində iki xanlıq – Gəncə və Qarabağ xanlıqları meydana gəldi. Qarabağ xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutdu. Xanlığın banisi Pənahəli xan (1747-1763-cü illər) onun siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində ciddi tədbirlər həyata keçirdi. Xanlığın siyasi mərkəzi kimi, Şuşa şəhərinin əhəmiyyəti artdı. Qarabağ-alban məlikliklərinin separatçılıq fəaliyyətinə qarşı qətiyyətli mübarizə aparıldı. Xanlığı daha da inkişaf etdirmək və Azərbaycan torpaqlarını birləşdirmək sahəsində Pənah xanın fəaliyyətini oğlu İbrahimxəlil xan (1763- 1806-cı illər) davam etdirdi. Məlikliklər və onlara köməklik göstərən Rusiya imperiyasının xanlığa qarşı təşkil etdiyi “səlib yürüşü” boşa çıxdı. XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacar (1795-1797-ci illər) tərəfindən Qarabağ xanlığına qarşı təhlükə artdı. 1795-ci ildə həyata keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə tab gətirsə də, 1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirə bildi. Lakin burada sui-qəsd nəticəsində öldürüldü. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazda işğalçılıq fəaliyyəti yenidən genişləndi. 1801-ci ildə Şərqi Gürcüstan imperiyaya qatıldı, 1803-cü ildə Car-Balakən, 1804-cü ildə Gəncə xanlığı işğal olundu.

Belə bir tarixi şəraitdə Qarabağ xanlığı Rusiya imperiyası ilə Kürəkçay müqaviləsini (1805-ci il 14 may) imzaladı. Xanlıq, əslində, Rusiyaya ilhaq edildi. Qarabağda işğal rejiminin qurulmasına başlandı. 1806-cı ildə İbrahim xan ailə üzvləri ilə birlikdə vəhşicəsinə qətlə yetirildi. Belə bir şəraitdə xanlığa keçən Mehdiqulu xanın (1806-1822-ci illər) hakimiyyəti möhkəm deyildi. Çar Rusiyası yerli və üstün mövqeyə malik olan müsəlman hakim təbəqənin iqtisadi mövqelərini məqsədyönlü şəkildə zəiflətməyə, əksinə, mövqeyi zəif olan ermənilərin rolunu artırmağa çalışırdı. Bu məqsədlə Qarabağ xanlığı ləğv edilərək (1822-ci il) adi əyalətə çevrildi. Qarabağda komendant idarə üsulu yaradıldı. Qarabağ əyaləti Hərbi-müsəlman dairəsinin (mərkəzi Şuşa) tərkibinə daxil edildi. Bu dövrdə əslən erməni olan general-leytenant V.Q.Mədətov Qarabağda, sözün əsl mənasında, erməni-Rusiya müstəmləkə sistemi yaratdı. Çar Rusiyasının 1840-cı il 10 aprel tarixli idarə-inzibati islahatı nəticəsində Qarabağda Şuşa qəzası yaradıldı və Kaspi vilayətinə (mərkəzi Şamaxı) tabe edildi. Bununla da, Qarabağ anlayışı siyasi mənasını itirərək, yalnız coğrafi məfhum kimi qaldı. 1846-cı ildə həyata keçirilən yeni inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı (1859-cu ildən Bakı) quberniyasına tabe edildi. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda, Şuşa qəzası bu dəfə onun tərkibinə verildi. Şuşa qəzasının ərazisində Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil edildi. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirdi.

Çarizmin Şimali Azərbaycan torpaqlarını işğal etməsi, bütövlükdə onun, o cümlədən Qarabağın erməniləşdirilməsilə yanaşı gedirdi. Türkmənçay müqaviləsindən (1828-ci il) sonra bu hal daha müntəzəm xarakter aldı. Ermənilərin köçürülməsi müqavilənin 15-ci maddəsində təsbit olunmuşdu. Ədirnə müqaviləsi (1829- cu il) ilə Osmanlı imperiyasından da ermənilərin yeni işğal olunmuş ərazilərə, o cümlədən Qarabağa köçürülməsi həyata keçirilməyə başladı. Bununla da, Qarabağ əhalisinin etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi üçün daha bir addım atıldı. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827-ci illər) göstərişi ilə Qarabağ xanlığının ləğv edilməsilə əlaqədar tərtib edilmiş Qarabağ əyalətinin təsvirinə (1823- ci il) görə, qeydiyyata alınan 20095 ailə-dən 15729-u (78,3%) azərbaycanlı (1111-i şəhərdə, 14618-i kənd-də), 4366-sı (21,7%) erməni (421-i şəhərdə, 3945-i kənddə) idi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Сanyataq və s.) meydana gəldi (ermənilər sonralar Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman bu köçürülmələr “şərəfinə” qoyduqları abidələri dağıdaraq, tarixi unutdurmağa çalışmışlar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürülmüşdü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötdü. Ermənilərin köçürülməsi sonralar da davam etdirildi. 1911-ci ilə aid rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon erməninin 1 milyondan çoxu köçürülənlər idi. Artıq 1916-cı ildə Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni idi. Köçkün ermənilərin əksəriyyəti Qarabağın dağlıq hissəsində məskunlaşdırıldı. Çarizmin ermənipərəst siyasəti nəticəsində ermənilərin inzibati idarəçilikdə möhkəmlənməsi, köçürülmə prosesində saylarının mexaniki surətdə artırılması onların iqtisadi potensialının möhkəmləndirilməsilə müşayiət olunurdu. Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait sayəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər. Beləliklə, sosial-iqtisadi, hərbi-siyasi və mədəni həyatın bütün sahələrində yer alan ermənilər Rusiyaya arxalanaraq, sərsəm “Böyük Ermənistan” xülyasının reallaş-dırılması uğrunda açıq mübarizəyə başladılar. Bu bədnam siyasətin əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli türk-müsəlman əhalisini məhv etmək və bu torpaqları ələ keçirmək idi. Ermənilərin 1890-cı ildən Osmanlı dövlətində mərkəzi hakimiyyətə qarşı xəyanətkar çıxışları uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzinin Şimali Azərbaycana 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində daha dəhşətli soyqırımı törətdilər.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qarabağın da tarixində mühüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi sayır və burada siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Tiflisdə elan edilmiş Ermənistan Respublikası da Qarabağa əsassız iddia irəli sürürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər. Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etdi.

Bu vəzifəyə Xosrovpaşa bəy Sultanov təyin edildi. X.Sultanov 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında azərbaycanlılara qarşı qırğınlar törədirdilər. Ermənilərin bolşevik Rusiyasının sifarişi ilə Qarabağda apardığı separatçı və işğalçı müharibə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi qüvvəsini daim həmin regiona cəlb edirdi ki, bu da dövlətin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vururdu.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, mayın birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında sovet hakimiyyəti quruldu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi.Nəticədə, Naxçıvanla Azərbaycanın digər torpaqları bir-birindən ayrı salındı.

1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə gələcək erməni separatçılığının əsası qoyuldu. Bununla yanaşı, Ermənistan SSR hökuməti də Dağlıq Qarabağa olan iddialarını davam etdirdi. 1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. Ermənistan K(b)P MK katibi Q.Arutyunov 1945-ci ilin noyabrında Stalinə müraciət edərək, Azərbaycan SSR-in DQMV-nin Qarabağ vilayəti kimi Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətni ÜİK(b)P MK katibi G.M. Malenkov tərəfindən təklif üçün Azərbaycan K(b)P MK katibi M.C.Bağırova göndərildi. Bağırovun 1945-ci il 10 dekabr tarixli cavab məktubunda təkzibolunmaz faktlar əsasında sübut edilirdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir”. Bu və digər inkaredilməz faktlardan sonra Ermənistan SSR-in iddiası baş tutmadı.

Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan 1980-ci illərin sonlarında yaranmış əlverişli şəraitdən istifadə edib, faktik olaraq müharibəyə başladı. Rusiya hərbi qüvvələrinin köməyilə 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi, daha sonra Dağlıq Qarabağla birgə onun ətrafındakı 7 rayon (respublika ərazisinin 20%-i) işğal olundu, bir milyona yaxın azərbaycanlı dədə-baba yurdundan didərgin salındı.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi torpaqları azad etməsinə dair 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etsə də, Ermənistan onları yerinə yetirməkdən boyun qaçırdı.

Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının azad edilməsi, dövlətin ərazi bütövlüyünün bərpa olunması, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həll edilməsi üçün dönmədən fəal siyasət yeridir.

Qarabağ keçmiş zamanlardan etibarən Azərbaycanın əsas iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Burada qədim və orta əsrlərdə Azərbaycanın Bərdə, Beyləqan və bu kimi başqa şəhərləri təşəkkül tapıb. Bərdə şəhəri Albaniyanın paytaxtı kimi böyük iqtisadi funksiyanı da həyata keçirib. Yeni dövrdə Şuşa şəhəri yüksək inkişaf mərhələsinə çatıb. Qarabağ dünyanın əsas ticarət mərkəzləri ilə əlaqələrə malik olub, burada istehsal olunan sənətkarlıq məhsulları həmin mərkəzlərə göndərilib. Qarabağ, nəinki Azərbaycan, eləcə də bəşər sivilizasiyasına layiqli töhfələr bəxş edib, dünya musiqisinin nadir incilərindən olan muğamın inkişafına böyük təkan verib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəlliklərindən biri də özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasındadır.

Kərim ŞÜKÜROV 

tarix elmləri doktoru

 

19.05.2012 15:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*