Azərbaycanca

Qarabağın unudulmuş xanım aşığı

12.11.2014 | 13:55

fatma xanim kemineFatma xanım Kəminə XIX əsrin qadın aşıqlarındandır. 1841-cı ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərib. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və “Fəna” təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona “Mirzə Fatma xanım” deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur şairələrindən biri olub.

 
Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr də yazıb. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatıb.

 
Firudin bəy Köçərli Fatma xanım Kəminəni “Nadireyi zəmanə” saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.
Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat edib.

 

 

Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrində az da olsa məlumat vardır. Məsələn, Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Kəminə xanım haqqında məlumat verərkən bildirib ki, o, dörd yüzə yaxın şeir yazıb, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”da yaxından iştirak edib. Kəminə şairə Natavanın başçılıq etdiyi “Məclisi-üns”ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla şeirləşmişdir.

 

 

Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,
Qəmi-hicrində onun qəmli könül virandır.

 

 

Biz dedik, bir oxuya, ləzzəti-ruhani verə,
Almadı boynuna, lakin, oxuyub çalandır.

 

 

Ala gözlər süzülüb. nərgisi-fəttanə dönüb,
Baxışı can alıcı kim, deyəsən ceyrandır.

 

 

Belə xurşidliqa bir mahi-taban olmaz,
Olsa yüz canım əgər cümlə qurbandır.

 

 

Derimiş mən də belə maili-zülfü xaləm,
Elə aşüftədi kim, bu sözü həm yalandır.

 

 

Çun töküb qəmzə oxun. sinəmi amac qılıb,
Dil dönüb qanə, nedim, könlüm evi virandır.

 

 

Hərəkət cümlə əzasında müxəmmərdir onun,
O qədər balü pər açmış deyəsən tərlandır.

 

 

Gər yüzüm gülsə də xəlq içrə gülüşdür bica,
Qəm hücumavər olubdur, bu dilim talandır.

 

 

Ey Kəminə, belə şuxi də sən əldən qoyma,
Dəxi düşməz əlinə kim, bu da bir dövrandır.

 

 

“KarabakhİNFO.com”

 

 

12.11.2014 13:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*