Azərbaycanca

“Qarabağla bağlı yazılarımın mənə şöhrət gətirməsi içimdə özümə qarşı aşağılayıcı bir istehza yaradır.”

05.10.2012 | 14:26

1349429206_serifBu gün ədəbiyyatımız mövzu baxımından çox zəngindir. Demək olar ki, hər mövzuda yazılan əsərlər var. Amma bizim ən mühüm problemimiz olan Qarabağ mövzusu ümdə mövzu olaraq qalır. Elə bu aspektdən yanaşıb qərara gəldik ki, Qarabağ mövzusunda yazan bir yazıçıdan müsahibə alaq. Təbii ki, bu mövzunu o çətin günləri yaşamış biri daha mükəmməl işləyə bilər. Beləliklə, bugünkü müsahibimiz Şərif Ağayardır. Şərif Ağayar Laçın rayonunda doğulub. Erməni işğalı zamanı hadisələrin canlı şahidi olub. 

– Qarabağ müharibəsi mövzusunda yazılan əsərlər sizi qane edirmi? Ümumiyyətlə, son dövr bu mövzuda yazan yazıçılardan kimin adını çəkə bilərsiniz?

– Qane bir az böyük söhbətdir. Adama deyərlər sən kimsən ki, səni qane edəm ya, etməyəm?! Doğulduğum və indi itirdiyim o yerlərlə aid çoxlu şeirlər bilirəm. Təzə yazılanları da adətən zəng edib mənə deyirlər. Bu şeirləri çox xoşlayıram. İstəyirsiniz birini deyim sizin üçün:

Sınmayaydı qanadlarım
Quş yerinə mən olaydım
Uçardım düz Dəlidağa
Kaş yerinə mən olaydım

Ömür talan, həyat yalan
Dərdə düşsün dərdə salan
O dağlarda məğrur qalan
Daş yerinə mən olaydım

Sücaəti unutma sən
Həsrətindi məni didən
Yanağından axıb gedən
Yaş yerinə mən olaydım

Necədi? Xoşunuza gəldi? (gülür- E.A) Kəlbəcərli Sücaətin şeiridi… Doğma torpaqlarının dərdindən vərəmləyib öldü. Çox ləyaqətli və çox istedadlı bir insan idi!
Açığını deyim ki, mən də dağıdılmış el-obamızla bağlı çox sentimentalam, adamları sevirəm, onlara bağlıyam. Bəzən zəng vurub xahiş edirəm ki, mənə bir saz havası oxuyun. Elə olur ki, telefonda qəhərlənirəm… Yaş artdıqca lap kövrək olmuşam. Deyəsən, Qarabağla ədəbiyyatın ayrılan nöqtəsinə gəlib çıxmışam. Yurd itkisi qəribə duyğudur. Bəzən düşünürəm ki, bunu bölüşmək də düz deyil. Qaraçılıq kimi görünə bilər. Bu barədə danışmaq istəmirəm. Valideyn şikəst övladından necə danışa bilər axı… Bir yandan da insanların faciəsinin unudulmasını istəmirəm. Yazdıqlarım da bu ehtiyacdandır. Qarabağla bağlı yazılarımın mənə şöhrət gətirməsi içimdə özümə qarşı aşağılayıcı bir istehza yaradır. Bu istehzama başqa müəllifləri də şərik etmək istəmirəm. Ona görə icazə verin ad çəkməyim.

– Sizcə, müharibə mövzusunda əsər necə yazılmalıdır?

– Səmimi deyim ki, bilmirəm. Ümumiyyətlə mən müharibə və Qarabağ mövzusunda nəsə yazmağı planlaşdırmamışam heç vaxt. Tanıdığım adamlardan bəhs etmişəm sadəcə. Onlar da Qarabağ savaşı dövrünün adamlardır. Günah məndən gedib! Zəhmət çəkib başqa vaxt doğulaydılar! Və ya mən başqa vaxt doğulaydım.
İnsanları sevirəm. Xüsusilə yoxsulları. Torpaq üçün insan ölməsinin tərəfdarı deyiləm… Xüsusən yoxsulların. Burda ilahi bir ədalətsizlik görürəm.

– Çexov deyirdi ki, mənim vəzifəm at oğrularının atı necə oğurlamalarını təsvir etməkdi, qoy onları hakim mühakimə etsin, mən hakim deyiləm. Qarabağ mövzusunda yazılmış əsərlərə də bu prinsiplə yanaşmaq olarmı?

– Çexov hansıdı? O eynəkli kişi?! (gülür-E.A) Ədəbiyyat bütün ideologiyalardan üstündür. Çünki o insanlığı və ədaləti tərənnüm edir. Bu fikirdə həm də yazıçı bitərəfliyi və mətnə müdaxilə etməməyin vacibliyi uğurla ifadə olunub. Müəllifini unutmuşam, buna bənzər belə bir fikir də var: Ədəbiyyat mədh etmir, göstərir.

– ”Quqark” yoxsa “Dolu” hansı müharibə mövzusunu özündə əks etdirən əsərdir?

– İkisi də! Biri səngərdən, o biri müharibə dövrünün od-alovdan uzaqda yaşayan insanından bəhs edir. “Dolu”da vəziyyət bəhs etdiyi dövrə və məkana uyğun olaraq emosionaldır. “Quqark”ın müəllifi bəzi biclikləri daha yaxşı bilir. Əslində bu kitablar bir medalın iki üzüdür. Biri milli, digəri antimilli mövqedən yazılıb. “Dolu” erməniyə dost deməyi qəti şəkildə rədd edirsə, o biri nədənsə düşmən söyləməməkdə israrlıdır. Əslində isə qarşımızda bizimlə düşmənçilik aparan insan var. Diqqət edin lütfən: erməni yox aaa… insan və insan olduğu üçün bu müharibə həm də onun faciəsidir. Mən bildiyim ədəbi həqiqət budur. Hansı ki, Seymur Baycan bu həqiqətə daha yaxındır.

– Sizin əsərlərinizin ana xəttini müharibə dövrü təşkil edir. Bu əsərləri yazarkən həmin günləri yaşamış biri kimi soyuqqanlılığı qoruyub saxlamaq asandırmı?

– Çətindir. Ancaq vacibdir!

– Həqiqətən də sizi daha çox müharibə yox, müharibənin ömrünü yarıda qoyduğu və ya məhv etdiyi insan taleləri cəlb edir.. Bunu hekayələrinizdən, köşələrinizdən asanlıqla görmək olur. “Aftafalı antrakt” kitabının təqdimatında qeyd etmişdiniz ki, bu kitab Qarabağ haqda deyil, Qarabağ insanı haqdadır.

– Doğru demişəm. Yalanı sevmirəm (gülür-E.A)

– Biz doğurdanmı bir böyük ”Hərbi siyasi məsələ”də sadəcə oyuncağıyla oynayan uşaqlarıq?

– Bu hekayəm çap olunanda maraqlı reaksiyalar doğurmuşdu. Bəli, müharibə həm də oyundur. İnsanın isə oyuncaq olduğunu bizdən çox əvvəl deyiblər.

– Son yazdığınız köşələrin birində bir cümlə çox diqqətimi çəkdi: “Laçında pələng pəncəsi ilə ad çıxardan bir qohumumuz qocalıqdan sonra əriyib quru ağac budağını xatırladan əllərinə baxıb dedi: “Həyat ermənidən qəddardır!”

– Məncə kişi haqlıdır. Nədənsə adamlar çox kütbeyindir eee… İki xalq necə biri-birinə düşmən ola bilər. Bu doğrudan mənə çatmır. Ola bilsin kütbeyin mənəm…

– İndiyə kimi yazdığınız əsərlərin hansında qaçqın həyatı yaşamış Şərif Ağayar var? Bəlkə bu əsər hələ yazılmayıb?

– Hər birində nə qədərsə varam. Amma daha çox “Kərpickəsən kişinin dastanı”ndayıq… Mən də, atam da, ailəmiz də. Ona görə bu əsər mənə çox doğmadır. Hətta bəzən hissə qapılıb hesab edirəm ki, bu povest dünyanın ən gözəl əsrlərindəndir. Uşaq öz atasını dünyanın ən güclü adamı hesab etdiyi kimi…

– Şablon sual olsa da, bir yazıçının vətənpərvərlik hisslərinin hansı formada olduğunu bilmək maraqlıdır…

– Başqa bir cümləm də var, yəqin diqqətinizdən yayınıb: “Bizdə vətənpərvərlik mövzusunu zorlayıblar, adam yiyə dura bilmir”. Bu ifadədən zəhləm gedir. Mən vətənpərvər-filan deyiləm və olmaq da istəmirəm. Vətəni həqiqətən sevən adamların çoxu vətənpərvərlik ifadəsini işlətmir. Hətta bəzilərinin belə bir ifadənin varlığından xəbəri yoxdur. Bu cür çeynənmiş, zorlanmış, utanılası hala salınmış ifadələr boğazdan yuxarı nitq söyləyib alqış qazanmaq istəyənlər üçündür. Yenə deyirəm, vətənə münasibət həm də bir az intimdir. Hər addımda söylənəsi məsələ deyil.

– Yay tətilini Daşkəsəndə keçirdiniz. Səhv etmirəmsə qaçqın düşmüş və orada sığınan doğmalarınızla birgə. Bu sadəcə yayı gözəl keçirmək təşəbbüsü idi, ya bir təsəlli?

– Deyəsən hər ikisi! Sərin yer axtarırdım, həm də cibimə uyğun. Oranı seçdim. Doğma insanların arasında istirahət etdim. Saz, söz, qonaqpərvərlik, doğmalıq, səmimiyyət, təmizlik… çox şeyləri təkrar yaşadım. Maraqlı oldu hər halda.

– Yeni fəaliyyətə başlamış karabakhinfo.com saytının fəailiyyətini necə qiymətləndirirsiniz?

– Təbrik edirəm və uğurlar arzulayıram. Yeri gəlmişkən deyim ki, işğal olunmuş ərazilərimizin ən məşhur adlarını da oğurlayıb domen kimi istifadə edirlər. Mənə qalsa, belə mübahisələrdə torpağın faktiki kimdə olduğunu nəzərə alardım. Şuşa məndədirsə, domeni də mənim olsun! Amma hər halda hamı mənim kimi düşünmür və yaxşı ki, düşünmür. Müharibə meydanında qarşı tərəfə verilməyən bir hərf də qənimət sayılmalıdır… Kurallar böylə! Nə yapalım…

Elnarə Ağaoğlu. 

Karabakhinfo.com

 

05.10.2012 14:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*