Azərbaycanca

Qarabağsız Qarabağ atları

11.03.2013 | 12:54

  1362992111_qarabag-tarixa Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur.Araşdırmaçıların qənaətinə görə, Qarabağ atları Manna, Midiya, Atropatena, və Albaniya atlarının nəsillərindəndir.Bu atlar əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilib, həmçinin Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərib.“At haqqında kitab” da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur.Qeyd edək ki, bu at cinsi əsasən Qarabağ xanları tərəfindən təkmilləşdirilib və dünyada tanınmağa başlayıb.Vaxtilə Qarabağ xanlarının və bölgədə yaşayan varlı şəxslərin təsərrüfatlarında yüzlərlə Qarabağ atı yetişdirilib.XIX əsrin ortalarından etibarən beynəlxalq sərgilərdə iştirak edən Qarabağ atları ən yüksək mükafatlara layiq görülüb.Şux görünüşü ilə həmcinslərini geridə qoyan Qarabağ atlarının XX əsrin əvvəllərində nəsli tükənmək təhlükəsi ilə üzləşib.Ancaq 1948-ci ildə Ağdamda yaradılan Atçılıq Zavodu yenidən onun şöhrətini özünə qaytarıb.1956-cı ildə Sovet Hökuməti tərəfindən Ingiltərə kraliçası II Yelizavetaya Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tariхində önəmli hadisələrdən hesab edilir.1980-ci illərdə Moskva auksionu vasitəsilə çoхlu sayda Qarabağ atlarının bir çoх хarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, Isveçrəyə, Italiyaya, Fransaya və digər ölkələrə satılmasını da bu cinsin əvəzolunmazlığı kimi vurğulamaq olar.

Ermənistanın Azərbaycana təcavüzü Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün ordusunun yaranması ilə yanaşı, təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu.1993-cü ildə Ağdamın işğalından sonra Azərbaycanın milli sərvəti olan Qarabağ atları köçkünlük həyatı yaşayır.

Bəzi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi başlananda isə ermənilər Ağdam Atçılıq Zavodundakı atları əvvəl zəhərləmək istəyib.Bu istəkləri baş tutmayanda isə yaylağa gedən sürünü ələ keçirməyə cəhd göstəriblər.Erməni qoşunları Ağdamın ərazisinə soхulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu olub. Lakin ermənilər bu istəklərinə nail olabilməyib, atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıхarılmasına nail ola biliblər.Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı «Aran» damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirilir.Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonundakı qışlağa köçürülür.Hazırda ötən illər ərzində belə cinsin хarakterik əlamətlərini özündə saхlamış yeni nəsil Qarabağ atları yetişdirilir.

         Möhkəm, güclü və nəcib…

    Vaxtilə Ağdam Atçılıq Zavodunda, hazırda isə Cıdır Meydanında usta-məşqçi kimi çalışan Nurəddin Atayev deyir ki, Qarabağ atlarını digər at cinslərindən fərqləndirən bir çox xüsusiyyətləri var: “Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.  Zahiri görünüşünə görə də fərqlənirlər.Dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin harmonik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması Qarabağ atlarının əsas xüsusiyyətləridir. Bundan başqa, bu cinsə məxsus atlar dərilərinin nazik və quru, tüklərinin zərif , göz qamaşdırıcı parlaq rəngə malik olmaları ilə də diqqət çəkir”.

Yazılı mənbələrdə Qarabağ atlarının saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi və digər xüsusiyyətləri ilə də məşhur olduğu bildirilir.

Qarabağın Хan zavodlarında əsasən 3 tipə aid atlar saхlanılırdı: Maymun, Qarnıyırtıq və Əliyetməz. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar.Qarnıyırtıq tipinə aid olan atlar çoх yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalmışlar.Əliyetməz (həm də Ceyran deyilir red.) tipi isə daha çoх qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı хatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar.Bundan əlavə, zavodçular Toхmaq tipinə də üstünlük verirdilər.Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olub.

Bir müddət əvvəl ABŞ-ın CNN telekanalının hazırladığı reportajda  Qarabağ atları möhkəm, güclü və nəcib təsvir olunur, bu atların azərbaycanlılar üçün çox vacib olduğu vurğulanır.

Qarabağsız Qarabağ atları         Ermənilər Qarabağ atlarını ələ keçirmək istəsələr də…

   Son illər dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün müəyyən addımlar atılıb.2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub və “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib. Ağcabədi rayonunun Xamtorpaq ərazisində Qarabağ atlarının saxlanılması üçün müəyyən şərait yaradılraq,  torpaq sahəsi ayrılıb. Bununla belə zavodun maddi-texniki bazasının möhkəmləndirilməsi, Qarabağ cinsinin genofondunun qorunması üçün əsaslı tədbirlərin görülməsinə ehtiyac var. Çünki iqlim şəraitini dəyişdikdən sonra sayı azalan Qarabağ atlarının sayının çoxaldılması üçün bu vacib sayılır.Kənd Təsərrüfatı Nazirliyində də hesab edirlər ki, əsas hədəfdə atların çoxalması və müdafiəsi durur.Qurumdan aldığımız məlumata görə, atçılığın inkişafı üçün proqramın lahiyə smeta sənədləri hazırdı və bu ildən icrasına başlanacaq.

Yeri gəlmişkən, Ağdam işğal olunduqdan sonra respublikanın bir neçə rayonuna köçürülən atlar məhv olma təhlükəsi ilə qarşılaşıb.Yalnız Atçılıq Federasiyasının mərhum prezident Heydər Əliyevə müraciətindən sonra Qarabağ atları üçün Ağcabədidə yer ayrılıb.Ancaq təmiz dağ havasına uyğunlaşan atların aranda, şoranlıq ərazidə yetişdirilməsində problemlər var. Bu barədə Ağdam Atçılıq Zavodunun direktoru Maarif Hüseynov bildirib.Onun sözlərinə görə, ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar.Lakin rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıхarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlaх rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb. Buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yerləri olan Ağdamın əvəzini verə bilməsə də, ötən dövr ərzində atlar onlar üçün əlverişsiz şəraitdə qalmağa uyğunlaşıblar.Hazırda Ağdam Atçılıq Zavodunda 200 başa qədər at saxlanılır. Hər il 30-40 bala alınır. Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək öyrədilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.

Unutmayaq ki, Qarabağ atlarının yenidən beynəlxalq sərgilərə qayıtması, yarışlarda iştirak etməsi həm ölkəmizin, həm də Qarabağ həqiqətlərinin tanıdılmasında mühüm rol oynaya bilər.

Naibə Qurbanova

 

“KarabakhİNFO.com “

 

11.03.2013 12:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*