Azərbaycanca

Qaradağlı soyqırımı: faktlar və sənədlər

17.02.2014 | 13:01

1392627544_bezymyannyy“Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa, Qarabağın azadlığı uğrunda mübarizəni dayandırmayın! Yoxsa, Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.”

1992-ci il yanvarın 15-i Xocavənd rayonununun Qaradağlı kəndinin  döyüş ruhlu insanlarının Azərbaycan xalqına son dəfə müraciətinə baxanda, onların hansı çətinlikdə yaşadıqların görmək olar.

Qaradağlı kəndi Dağlıq Qarabağın ən qədim kəndlərindən biridir. Ermənistanın Azərbaycana əsassız ərazi iddiası ilə başlanan Dağlıq Qarabağ müharibəsinin ilk günlərindən hadisələrin mərkəzində olan Qaradağlı kəndi hər tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmasına baxmayaraq, dörd il müddətində düşmənlə təkbaşına mübarizə apardı, onlara əzmlə müqavimət göstərdi.

Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir kənddir. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Erməni işğalının ilk günlərindən təxribat və təzyiqlərə baxmayaraq, strateji cəhətdən çox əhəmiyyətli olan kəndə heç bir kömək göstərilməyib. Kənd camaatı vətəni düşməndən qorumaq üçün könüllü müdafiə dəstəsi yaradaraq, öz yurdlarını qorumağa başlayıblar.

Qeyd edək ki, Qaradağlıların ermənilərə qarşı mübarizəsi 1988-ci ilin fevral ayının 12-də Xocavənddə keçirilən iclasdan sonra başlamışdır. Bu iclasda çıxışların erməni dilində aparılması, azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları Qaradağlı ziyalılarının etirazı ilə qarşılanmışdır. Kəndin nüfuzlu şəxsləri  Qaradağlını erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlamışlar.Yerli özünümüdafiə dəstəsi yaradılmış və dəstənin rəhbəri əslən Qaradağlıdan olan, Rusiya ordusunda zabit kimi xidmət etmiş, baş leytenant Ədalət Məmmədov seçilmişdir. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi. Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq, ərlərinə, oğullarına və qardaşlarına kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq, 125 nəfərə yaxından köməklik göstərmişlər.

Xankəndində yerləşən 7-ci ordunun baş komandanı general Reutun Moskvadan aldığı və  general A.N.Kovalyovun imzaladığı “201,4 Ak” nömrəli əmrə əsasən 16 erməni üçün 9 müxtəlif markalı (əsasən Mİ-24P) hərbi vertolyotlar ayrılır və onlar bu silahlarla kənd üzərinə hücum planın hazırlayırlar. 19 noyabr 1991-ci ildə Xocavənd rayonunun Xocavənd kəndi ermənilər tərəfindən işğal olunduqdan sonra Qaradağlı tamamilə mühasirə vəziyyətinə düşdü. Artıq kəndlə əlaqə yalnız vertolyotlar vasitəsilə mümkün idi. Erməni silahlı birləşmələrinin sonrakı fəaliyyətlərini genişləndirməsinə böyük maneə olan və ən əsası döyüşlərdə kifayət qədər təcrübə toplamış Qaradağlı kəndinin hədəf götürülməsi ermənilər üçün vacib məsələ idi.

Qaradağlı özünün strateji əhəmiyyətinə görə, Xankəndi ilə Əsgəranı birləşdirən magistral yolun üzərində yerləşən Xocalı şəhəri ilə müqayisə oluna bilərdi. Artıq 1991-ci ilin dekabr ayının axırlarında sovet qoşunlarının Qarabağdan çıxarılmasından sonra bu iki məntəqənin kimin əlində olması müharibənin gələcək nəticəsini şərtləndirirdi. Bunu çox yaxşı bilən ermənilər nəyin bahasına olursa olsun, bu məntəqələri götürmək istəyirdilər və bu, onların əsas planlarına daxil idi. Lakin bütün hücumları fədakarcasına dəf edən Qaradağlı sakinləri son güllələrinə qədər düşmənlə döyüşdülər. Öz hərbi sursat və texnikasını Qarabağdakı separatçı qüvvələrin istifadəsinə vermiş 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının, beynəlxalq terrorçu Monte Melkonyanın başçılıq etdiyi terrorçu dəstənin, Manvel Yegizaryanın başçılıq etdiyi “Arabo” və Aram Toqromyanın başçılıq etdiyi “Aramo” dəstələrinin iştirakı ilə Qaradağlı kəndi erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Çoxlu sayda insan erməni vəhşiliyinin qurbanı oldu. Kənd sakinlərinə qarşı misli görünməmiş soyqırımı həyata keçirildi. 1992-ci ilin yanvar ayının 11-i və 16-da Xocavənd (Martuni) şəhərinə olan hücum son dərəcə mütəşəkkil, sürətli və gözlənilməz idi. Hətta bunu ermənilər, xüsusilə həmin dövrdə Martunidə yerləşən erməni silahlı birləşmələrinin qərargah rəisi Saro Yeremyan da etiraf edir.

Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladı tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusuna tökülərək üstləri torpaqlandı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü.

Girovluqda olan 8 nəfər kənd sakini ermənilər tərəfindən əzab və işgəncələr verilərək, amansızlıqla qətlə yetirildi. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. 5 nəfərin taleyi naməlum qaldı. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi.

Məlumata görə, həmin dövrdə, Qaradağlı kəndində təxminən 200 nəfərdən artıq adam var idi. Yanvar ayının 17-dən etibarən, 21, 25, 27 və 28-də mülki vertolyotlarla, fevral ayının 4-ü və 8-də hərbi vertolyotlarla xeyli insan, uşaq, qadın və qoca kənddən çıxmağa müvəffəq oldu.

Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür.Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 nəfərlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Qaradağlı ilə yanaşı Xocalı,  Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. 80377 saylı cinayət işinin istintaqı zamanı qeyd olunanlardan başqa, əsir və girovlarla amansız rəftar edərək, onlara işgəncələr vermiş, xüsusi amansızlıqla qətlə yetirmiş, habelə Xocalıda, Meşəlidə, Qaradağlıda və digər ərazilərdə soyqırım cinayətinin törədilməsində, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınmasında iştirak etmiş 600 nəfərdən artıq şübhəli şəxs hal-hazıradək iş üzrə müəyyənləşdirilmişdir. Bu dəhşətli cinayətləri törətmiş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyəti dövlət orqanlarına sorğular göndərilməsi davam etdirilir. Mehman Poladov bildirir ki, yaxın vaxtlarda Qaradağlı, Xocalı soyqırımı epizodu, habelə işgəncə istiqaməti və təzələnmiş işlər üzrə erməni millətindən olan şəxslərin törətdikləri cinayət əməllərinə görə, təqsirləndirilən şəxs qismində cəlb olunmalarına dair qərarların qəbul edilməsi və həbs qəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadətlə müraciət edilməsi planlaşdırılır.

Hal-hazırda Xocavəndin  “Nərgiztəpə” deyilən  yeri var. O ərazi Azərbaycan dövlətnin nəzarətindədir.  Orada Xacavənd şəhidlərinə  abidə ucaldılıb və ermənilərlə  sərhəddin  iki  kilometrliyində  Azərbaycan bayrağı dalğalanır.

Zaur Əliyev ,

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru 

 

“KarabakİNFO.com” 

 

17.02.2014 13:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*