Azərbaycanca

Qaradağlılar və onların tarixi

17.02.2014 | 13:54

1392642410_3Azərbaycan ərazisində beş minə yaxın ərazinin müxtəlif adlandırılması mövcuddur. Tədqiqatlar göstərir ki, bu adların əksəriyyəti həmin əraziyə köçmüş, şəhərin, kəndin əsasını qoymuş tayfaların adları ilə bağlıdır. Həmin tayfaların adları ya birbaşa, ya da ki, müəyyən dəyişikliyə uğramaqla şəhərin, kəndin adına çevrilmişdir. Etnotoponimlərin tədqiqi Azərbaycanın həm ərazi baxımından, həm də etnik məskunlaşma baxımından qədimliyini sübut edir. Azərbaycan ərazisində geniş yayılmış yer adlarından biri Qaradağlı toponimidir ki, onun mənşəyi ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri mövcuddur. Qaradağlı toponimi qaradağlı tayfasının adı ilə bağlıdır. Bəzi tədqiqatçılar qaradağlıların Güney Azərbaycanın Qaradağ mahalından köçmə olduğunu qeyd edirlər. Tarixi mənbələrdə Səfəvilər dövlətini quran tayfalardan biri kimi qaradağlıların adı da qeyd olunur. Tarixçi Oqtay Fərzəliyev yazır: “Şah İsmayıl Xətai Azərbaycan hüdudlarını tərk edərək, Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşununun tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər sufilərinin adları çəkilir”. Qızılbaşlarla Ağqoyunluların ilk toqquşmalarının biri Qaradağ ərazisində olmuşdur. Başqa bir fikrə görə, Qaradağlılar Qarabağda yaşayan və 5 tarixi mahaldan biri olan Vərəndələr tayfasının adından götürülmüşdür. Müxtəlif fikirlərin olmasına baxmayaraq, alimlərin yekdil olaraq gəldiyi fikir ondan ibarətdir ki, Qaradağlı tayfası həm Şimali, həm də Cənubi Azərbaycana geniş yayılmış bir tayfanın adı olmuşdur. Bu faktı Azərbaycanın müxtəlif yerlərində Qaradağlı toponiminin geniş yayılması sübut edir. Qaradağ toponimi qara və dağ sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qara sözü qədim türk dilində “böyük” və “rəng” anlamları daşımışdır. Deməli, Qaradağ sözü “böyük, uca dağ”, “süxurlarının rəngi qara olan dağ” anlamındadır. Dağ (tağ) sözünə VI-VIII əsrlər qədim türk yazılı abidələrində, XI əsr Mahmud Kaşğari lüğətində, XI-XII əsr “Kitabi Dədə Qorqud”dastanlarında da rast gəlinir.

M.Vəliyev göstərir ki, Qaradağlı etnonimi səlcuq tayfasına daxil olan bir qoldur. Qaradağlı toponimi qara və dağ leksemlərindən, eləcə də “-lı” şəkilçisindən ibarətdir. Bu toponimin paralellərində İran, Qərbi Azərbaycan (Ermənistan), Türkiyə və digər ərazilərdə də rast gəlmək mümkündür. Keçən əsrin 30-cu illərinə qədər Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında da çəkilir. XX əsrin 60-cı illərinədək Qərbi Azərbaycan (Ermənistan)ərazisində də Qaradağlı adlı kənd qeydə alınmşdır. Azərbaycanın Ağsu, Gədəbəy, Xaçmaz, Ağdam, Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli və Şəki daxil olmaqla 14 inzibati ərazisində Qaradağlılara aid toponimlərə, kənd adlarına rast gəlmək mümkündür. Çox zaman “-lı” sonluğunu düşürərək, bu toponimin Qaradağ formasında işləndiyini görürük. Məsələn, Bakının Qaradağ rayonu, Şərurun, Ağsunun Qaradağ kəndi və s. Tədqiqatçıların bəziləri Qaradağlıların türkdilli tayfa birliyi olan oğuzların kəngərli tayfasının qaraxanbəyli tirəsindən olduğunu qeyd edirlər. Onların fikrincə, Qaradağlılar XIII əsrdə Orta Asiyadan Cənubi Azərbaycanın Qaradağ mahalına gələrək, orada məskunlaşmışlar. Qaradağlılar əvvəl ağqoyunluların, səfəvilərin, şahsevənlərin, XVI əsrin əvvəllərində isə qızılbaşların tərkibində olmuşlar. Səfəvi şahı I Şah Abbas qaradağlıları şahsevənlərlə birlikdə Şimali Azərbaycan ərazisinə köçürmüş, Şirvan hakimini onlardan təyin etmişdir. Qaradağlı adlı kəndlər məhz belə yaranmışdır. Cənubi Azərbaycanda Qaradağ tarixi vilayəti hazırda Arasbaran adlanır. Bəzz qalası Qaradağın ərazisindədir. XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlardan biri Qaradağ xanlığı idi; o, İranla Rusiya arasında bağlanmış “Gülüstan” müqaviləsinə  əsasən, İranın hakimiyyəti altında qalmışdır.

Qaradağlıların qədim türk tayfası olması ilə bağlı son dövrdə maraqlı tədqiqat işləri aparılmış və yeni faktlar ortaya çıxmışdır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, eramızın V-VI əsrlərində Anadoluya köç edən türk tayfalarından birinin adı Qaradağlılar olmuşdur. Hələ o zamanlarda bu tayfa Anadoluda məskən salmış və digər ərazilərə məhz buradan yayılmışlar. Sonradan Qaradağlı tayfaları Anadoludan gələrək Azərbaycanın cənubunda məskunlaşıblar.

Tədqiqatçılar Qaradağlıların Azərbaycan ərazisinə köçmə tarixini eramızın VI əsr olduğunu bildirirlər. Sonradan Səlcuq türkləri ilə qaynayıb-qarışmışlar. Əsasən dağlıq ərzidə yaşadıqları üçün onlara qaradağlı deyirlərmiş. Cənubi Azərbaycanın Qaradağ vilayəti də onların adından götürülüb. Səfəvi hakimiyyəti dövründə hakim tayfalardan biri olan Qaradağlılar daha sonra digər ərazilərə, xüsusən də, Şimali Azərbaycan kəndlərinə köç etmişlər. Gəldikləri yerlərin adlarını öz tayfalarına uyğun adlandırmışlar.

1988-ci ildən etibarən isə Qaradağlı kəndinin dinc sakinləri hər gün ermənilərin hücumuna məruz qalmışdır.  Ermənilər tərəfindən törədilmiş terror hadisələrinin sonucunda 1991-ci ilin 28 iyun tarixində 3 nəfəri qadın olmaqla 6 nəfər diri-diri yandırılmış, 1991-ci ilin sentyabr ayında sərnişin avtobusunun güllələnməsi nəticəsində 8 nəfər öldürülmüş, çoxlu sayda insan yara almış, güllə yarası alanlardan 5 nəfəri sonra vəfat etmişdir. 1992-ci il 17 fevralında Qaradağlı kəndi işğal olunmuş, nəitcədə 118 nəfər əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar.

Əsir götürülənlərdən 68 nəfəri öldürülüb. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Ümumilikdə, Qaradağlı kəndində 91 nəfər, kənd sakininin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

17.02.2014 13:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*