Azərbaycanca

Qaradağlıların əsas ümid yeri Xocavənd kəndi idi

18.02.2014 | 16:51

1392727704_sam_24151992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunub. Qaradağlı kənd sakinləri düşmənlə mübarizə aparmalarına baxmayaraq, bu kənd ermənilər tərəfindən işğal olundu.

Qaradağlı faciəsi ilə bağlı növbəti müsahibimiz, həmin hadisəninin canlı şahidi, Qaradağ kənd sakini Təyyar Əliyev “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi:

 

– Təyyar müəllim, Qaradağlı faciəsi haqqında nə deyə bilərsiniz?

 

Çox təəssüf ki, biz, 22 ildir doğma kəndimizdən uzaqda Qaradağlı  faciəsini yad edirik. Qaradağlı  Dağlıq Qarabağın ən qədim kəndlərindən biridir. Xankəndi  ilə Xocavənd şəhərini birləşdirən magistral yolun üzərində yerləşən Qaradağlı kəndi strateji əhəmiyyətə malik ərazidə yerləşirdi. Bu da ermənilərin gələcək hərbi planlarını əsaslı şəkildə əngəlləyirdi. Belə ki, Xankəndi şəhəri ilə Xocavənd şəhərini birləşdirən magistral yol Qaradağlı kəndinin yaxınlığından keçirdi və dörd il müddətində ermənilərin bu yoldan istifadə etmələri ümumiyyətlə, mümkün olmamışdı. Ermənilər yüksək dağlıq ərazilərdən keçən yeni yol çəkməyə məcbur olmuşdular.

 

Ermənilərin Qarabağa, o cümlədən Qaradağlıya olan məkrli niyyəti hələ 1960-cı illərə gedib çıxır. Ermənilər Qaradağlıya ilk zərbəni 1967-ci ildə vurublar.  Həmin il  ermənilər milli münaqişə  yaratmaq üçün üç nəfər azərbaycanlıya, əslən Qaradağlı kəndindən olan adamlara böhtan ataraq, həbs etdilər. Bu adamlar məhkəmədə bəraət almalarına baxmayaraq, ermənilər günün günorta çağı sovet əsgərlərinin gözü qarşısında başlarını vəhşicəsinə kəsərək, üzərlərinə benzin tökərək yandırmışdılar. Daha sonra 1988-ci  il 11 fevral tarixində ilk dəfə ermənilər keçmiş Martunidə (Xocavənd  şəhərində) ilk nümayiş keçirdilər. Daşnaksütyun partiyasının o vaxtki tör-töküntüləri  Qarabağın Ermənistana qatılmasını istəyirdilər. Ermənilər Qaradağda növbəti soyqırımı  həmin ilin fevral ayında törətdilər. Ermənilər  Malibəyli və Qışlaq kəndini işğal etdilər. Kənd camaatının 4 il mübarizə aparmasına baxmayaraq, Qaradağlı ermənilər tərəfindən işğal olundu. Qaradağlı strateji əhəmiyyətə malik ərazidə yerləşirdi. Qaradağlıların əsas ümid yeri Xocavənd kəndi idi. 1992-ci il noyabrın 19-da ermənilər Xocavənd kəndini işğal etdilər. Xocavənd kəndi Qaradağlı üçün dayaq nöqtəsi idi. Xocavənd kəndi işğal olunandan sonra, Qaradağlı ilə qurudan əlaqə kəsildi. Yalnız Ağdam aeroportundan Qaradağlıya vertolyot gedib-gəlirdi.

 

1991-ci il sentyabr ayının 8-də prezident seçkisi günü idi. Biz, kənd sakinləri səhər tezdən seçki məntəqəsinə gəlib səs verdikdən sonra, bazarlıq etmək üçün seçki məntəqəsinin qarşısında dayanmış avtobusa minərək, Ağdama getdik. Geri qayıdarkən avtobus Xocavənddən 3 kilometr aralıda hər tərəfdən avtomat atəşinə tutuldu, avtobusda olan 40 nəfərdən 2 oğlan, 6 qadın qətlə yetirildi, 23 nəfər ağır yaralandı. Yaralılar təcili olaraq Ağdam xəstəxanasına çatdırıldı. Bu hadisələr kəndin qız-gəlinini, uşaqlarını kənddən çıxartmağa zəmin yaratdı.  118 nəfər kəndin müdafiəçisi qaldı. Bunların arasında 5 nəfər yaşlı qadın var idi. Həmin qadınlar döyüşçülərə çörək bişirirdilər. 1992-ci il fevralın 13-14-ü ərəfəsində Qaradağlıya intensiv hücumlar oldu.   Artıq kənddə döyüşən şəxslərin silahı tükənmək üzrə idi.

 

Bu kəndin alınmasında 366-cı alay, xüsusi təlim keçmiş muzdlu qatillər, terrorçu Monte Melkonyan, Aroma və Abore qardaşları iştirak etmişlər.

 

Ermənilər əsir götürdükləri cavanları, yaşlıları maşınarla apararaq, onları hər erməni kəndində qətlə yetirmişlər. Bəylik bağı deyilən ərazidə 33 nəfəri gülləyib, təsərrüfat quyusuna atmışdılar. Onların fəryadı hələ də qulağımdadır.

 

– Qaradağ faciəsində nə qədər şəhidimiz oldu?

 

Faciə nəticəsində kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılıb. Ümümilikdə,  Qaradağlı faciəsi zamanı 78 nəfər şəhid olub.

 

– Təyyar müəllim, faciə zamanı nə qədər qaradağlı əsir düşdü?

 

17 fevral 1992-ci il tarixdə Qaradağlı kəndinin işğalı zamanı ermənilər 118 nəfəri əsir götürüb, 33 nəfəri güllələyib, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək, üzərlərini torpaqlayıblar. Əsir götürülənlərdən də 68 nəfəri öldürülüb, 50 nəfəri isə böyük çətinilklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Sonradan azad olunanların 5 nəfəri qadın olmaqla ümumilikdə, 18 nəfər aldıqları sağalmaz yaralardan vəfat edib. Əsirilkdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılıb. İnsanların başları kəsilib, diri-diri basdırılıb, dişləri çəkilib, ac-susuz saxlanılıb, döyülərək öldürülüb. Bunlar insanlığa qarşı törədilmiş cinayət hadisəsidir.  Qardaşım danışır ki, 8 nəfər bir  otaqda saxlanılırdı. Onlara gün ərzində yarım fincan qar verilirdi. Qar da əriyəndə hərəyə təxminən 1 qurtum su düşürdü.

 

– Bildiyimiz kimi ailə üzvləriniz də Qaradağlı döyüşlərində iştirak ediblər. Onlardan əsir düşənlər də olub. Bu barədə nə deyə bilərsiniz?

 

Mənim 2 qardaşım döyüşlərdə əsir düşüb. Qardaşlarımdan birinin taleyi hələ də müəmmalıdır. İtkin düşən qardaşım əsir düşən zaman onun 20 yaşı var idi. Hələ indiyə qədər ondan bir xəbər yoxdur. Digər qardaşım isə 54 gün əsirlikdə qalıb.  Əsirlikdə olan həmyerlilərimizə çox ağır, insanlığa sığmayan işkəncələr veriblər.

 

– Hazırda Qaradağlı sakinləri arasında əsirlikdə olanı varmı?

 

Hazırda qaradağlılardan əsirlikdə olanı yoxdur. Ancaq  itkinlər var. Həmin itkinlərin taleyindən hələ də xəbər yoxdur. Mənim anamın gözü yollardadır ki, nə vaxtsa oğlu gələcək, ya da ondan bir xəbər çıxacaq.

 

– Təyyar müəllim, sizcə, Qaradağlı faciəsi ictimayyətə necə  çatdırılır?

 

1993-cü ildən etibarən hər ilin  fevral ayında Xocavənd rayon icra hakimiyyəti Qaradağlı soyqırımı ilə bağlı tədbirlər keçirir. Qaradağlı faciəsi ilə bağlı Xocavənd rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  film çəkilib. Həmin filmlər 4 dildə tərcümə  olunub.

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

18.02.2014 16:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*