Azərbaycanca

Qaradağlının işğalı

17.02.2015 | 11:00

 Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin işğal tarixləri və digər faktlar sübut edir ki, dinc əhali öz döğma torpaqları uğrunda sona qədər mübarizə aparıb, son nəfəsə qədər döyüşmüşlər.

Düşmənin hərbi qüvələri ilə qeyri – bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz qalmasına baxmayaraq vətən uğrunda 5 ildən artıq düşmənə qəhrəmanlıqla müavimət göstərmişdir. Təxribatların 1988 – ci ilin fevralından başladığını, Tuğ, Saləkətin kəndlərinin 30 oktyabr 1991, Xocavəndin özünün 19 noyabr 1991, Naxullunun 10 yanvar 1992, Qaradağlının 17 fevral 1992 , Muğanlı, Əmirallar, Kuropatkinin 02 oktyabr 1992, Xətainin 20 avqust 1993, Günəşlinin 23 avqust 1993- cü ildə işğal olunması deyilənləri sübut edir.
Xankəndi ilə Xocavənd rayon mərkəzi arasında yerləşən Qaradağlı erməni kəndlərinin mühasirəsində olduğundan Qarabağ münaqişəsinin başladığı ilk gündən fasiləsiz olaraq erməni quldur dəstələrinin aramsız hücumlarına məruz qalmışdır. Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralında 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər vermişlər.

Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bi köməyin göstərilməməsi idi.
1991-ci ilin yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı ilin sonunda demək olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi.

Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq ərlərinə, oğullarına və qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından köməklik etmişlər.
1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində Azərbaycan dövlət rəsmilərinin də olduğu vertolyotun ermənilər tərəfindən vurulması yerli əhalinin təşvişini daha da artırdı. Mühasirə vəziyyətində olan kəndlə əlaqə ancaq vertalyotlar vasitəsilə mümkün idi. Bundan sonra kəndə gələn vertalyotlar kənd əhalisinin bir hissəsini təhlükəsiz yerlərə aparmağa başlaılar. Erməni yaraqlıları demək olar ki, hər gün kəndə həmlələr edir, müdafiəçilər bütün istiqamətlərdən olan atəşlərə atəşlə cavab verməli olurdular.
1992-ci il yanvarın 8-də ermənilər yenidən kəndə güclü hücuma keçdilər. Milli Ordunun və könüllü müdafiə dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları geriyə çəkilməyə məcbur etdilər. Bu döyüşdə Əliqismət Kərimov, Alov Əzizov, Namiq Hüseynov, Ərəstun Məmmədov, İlqar Hüseynov qəhrəmanlıq köstərərək, çoxlu sayda erməni yaraqlısını zərərsizləşdirdilər. Döyüşdə ağır yaralanmış Məzahir və Hidayət yanvarın 9-da kəndə gəlmiş vertolyotla Ağdam xəstəxanasına çatdırılsa da, Məzahirin həyatını xilas etmək mümkün olmamışdır.
Yanvarın 12-də quldurlar kəndə gələn vertalyotun düşməsinə imkan verməmiş, buna görə də ekipaj gətirdiyi ərzaq və sursatı vertolyotdan kəndə ataraq geri qayıtmağa məcbur olmuşdur. Lakin bir qədər sonar çətinliklə də olsa Qaradağlıya enən bir vertalyotla şəhid Məzahirin dostları qayıdaraq onun qisasını alacaqlarına and içmişlər. Onların sırasında Milli Ordunun döyüşçüsü Eldar Arazov da var idi.
Lakin qüvvələr nisbəti bərabər deyidi. Canlı qüvvəyə, hərbi texnikaya, sursata böyük ehtiyac duyulurdu. Top, “Qrad”qurğusu, BMP, avtomat, pulemyot və s. silahlarla silahlanmış düşmən hərbi texnika və canlı qüvvə baxımından çox böyük üstünlüyə malik idi.
Qaradağlıların haray səsi hər gün dəfələrlə ratsiya ilə ölkəyə yayılırdı. Bu işdə rabitəçi Zahid Xəlilovun, İmran Hüseynovun və Həqiqət Hüseynovanın xüsusi xidməti var idi. Lakin Moskvadan asılı olan o zamankı Respublika rəhbərliyi Qaradağlının harayını eşitməzliyə vurur, heç bir əməli tədbir həyata keçirmirdilər.
1992-ci il yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi:
“Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan Qaradağlı düşmən hədəfinə çevrilsə də, qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur. İllərlə yaddaşımızda həkk olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış evləri, müxtəlif inzibati binalar od tutub yanır, gunahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır. Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işqal olunmasından sonra Qaradağlıda vəziyyət daha da gərginləşib.

Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.”
Fevralın 15-də səhər tezdən erməni hərbi birləşmələri hər tərəfdən Qaradağlı kəndi üzərinə hücuma keçdilər. Hücumda qonşu erməni kəndlərinin döyüşçüləri, muzdlu əsgərlər, rus zabitləri, 366-cı rus alayının əsgərləri iştirak edirdilər.

Lakin onlar üçün kəndə doğru irəliləmək asan başa gəlmirdi. Bir saylı postda məktəb direktoru Nobil Zeynalov, milis əməkdaşı Xanalı Hüseynov və könüllü müdafiə dəstələrinin döyüşçüsü Altay Həsənov dayanmışdılar. Döyüş çox gərgin keçirdi. Kəndin qəhrəman qadınları güllə yağışı altında döyüş meydanına girib müdafiəçilərə patron, su, ərzaq daşıyır, yaralılara tibbi yardım göstərir, qanaxmasını dayandırır və onların yenidən döyüşə girməsinə nail olurdular. Bu döyüşlər zamanı 74 yaşlı Zivər anaın həlak olması müdafiəçilərin düşmənə olan nifrətini artırdı. Həmin gün ermənilər xeyli itki verərək geri çəkildilər.

Lakin səhəri gün düşmən bir saylı posta yenidən hücuma keçdi. Qanlı döyüşlərdə Nobil müəllim və onun səngər dostları Altay, Xanalı mərdliklə vuruşaraq 11 nəfər erməni qulduru məhv etdilər. Ermənilər kəndin qəhrəman müdafiçilərinin qoruduğu stehkamı hücümla ala bilmədiklərini görüb, yanğın törədən mərmilərlə müdafiəçilərin mövqelərini atəşə tutmağa başladılar. Od – alov içərisində düşmənə qəhrəmanlıqla müqvimətı davam etdirən 1 saylı postun döyüşçüləri son nəfəslərinə qədər öz mövqelərindən geri çəkilmədilər. Onların hamısı öz döğma kəndləri uğrunda axıra qədər döyüşərək şəhid oldular. Fevralın 16-da gecə digər postların müdfiəçiləri Qara, Novruz, Dəmir və Əlqismət sürünə-sürünə 1 saylı posta yaxınlaşaraq qəhrəman şəhidlərin cəsədlərini qərargaha gətirdilər. Çətinlikə olsa da şəhid atası Məhəmməd kişinin rəhbərliyi ilə qəhrəmanlar dəfn olundular.

Həmin gün Qaradağlı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşan və şəhid olmuş oğullarımızdan biri də Eldar Arazov idi. O, qranatatanla 2 düşmən hərbi texnikasını məhv etmiş, atəş nöqtələrini susdurmuşdu. Eldar Arazov dostu Məzahirin qisasını düşməndən alaraq vətən uğrunda şəhid olmuşdu. Həmin gün şəhid olmuş oğullarımızdan biri də Arif Bayramov idi.

Amansız döyüş 5 gün davam etmişdi. Axırıncı gün Qaradağlı müdafiəçilərinin hərbi sürsatı tükənmək üzrə idi. Onlar son anda da kömək üçün müraciət etsələr də kənardan heç bir kömək gəlmədi. Güllələri qurtaran döyüşçülər qərargaha – kolxoz inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin meyiddəri də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər davam etdi. Səhər qərargahdan düşmənə tərəf atəşlərin sayı xeyli azalmışdı. Qəhrəman döyüşçülər arabir atəş açmaqla erməniləri yaxına buraxmırdılar.

Artıq sonuncu güllələr atılırdı. Bunu hiss edən erməni quldurları qərargaha yaxınlaşaraq, rus dilində: “Çölə çıxın, silahlarınızı, əşyalarınızı, qiymətli əşyalarınızı və sənədlərinizi töküb bir cərgəyə düzülün” deyə fasiləsiz meqafonla qışqırmağa başladılar və bununla da o vaxtki Respublika rəhbərliyi tərəfindən taleyin hökmünə buraxılmış Qaradağlı, kənd sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq düşmən tərəfindən işğal olundu.

DAĞLIQ QARABAĞDA ERMƏNİ TERRORU
QARADAĞLI FACİƏSI
17 fevral 1992-ci il

Müəllif: Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı

17.02.2015 11:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*