Azərbaycanca

“Qayıtsam papağımı qaytararsan”

26.02.2014 | 12:32

1393402533_lif-hacyevAzərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı zamanı şəhid olmuş mayor Əlif Hacıyev çoxlarına yaxşı tanışdı.   Bir neçə gün sonra Xocalı qətliamının 22-ci il dönümünü hər il olduğu kimi ürək ağrısıyla qeyd edəcəyik. Biz də bu hadisədə öz canından keçmiş Milli Qəhrəman Əlif Hacıyevi xatırlamağı özümüzə borc bildik. Onun qəhrəmanlığını qələmə almaq üçün bacısı Minə xanımla görüşdük. Minə xanım dediyinə görə, Xocalı hadisəsində 16 nəfər yaxınını itirib ki, onlardan ikisi elə qardaşıdır; Süleyman və Əlif. Həmin hadisələri xatırlamaq, o haqda danışmaq çətindir.  Minə xanım bir hadisə şahidi kimi  olanları belə xatırlayır:  

 

Balıq tutmağı çox sevərdi…  

 

Ailədə dörd qardaş, iki bacı olmuşuq. Əlif ailənin üçüncü övladı idi. Məndən yaşca böyük olduğuna görə, onun uşaqlığını o qədər də yaxşı xatırlamıram. Amma anam onun haqqında bizə çox danışıb. Anam deyirdi ki, Əlif çox zirək uşaq idi. Uşaqlıqdan elə çörək qazanardı. Uşaq vaxtı ən çox balıq tutardı. 1971-ci ildə ordu sıralarına çağırıldı. Hərbi xidmətini də Minsk şəhərində keçdi. 1973-cü ildə ordudan təxris olunaraq Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işlədi.   

 

 

 

Qalinayla Minskdə evləndi…  

 

 

 

1974 -1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışdı. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub. O, 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib. Həmin vaxtı Qalina xanımla ailə qurdu. Sonra da Arxangelsk şəhərində cinayət axtarış şöbəsində işləməyə başladı.

 

  Oğurlanan uşağı tapdığı üçün ermənilər onu həbs etdirdi…  

 

1393402669_min-xanm-3Əlif Arxangelsk şəhərindən Xocalı şəhərinə göndəriş aldı və burada sahə müvəkkili vəzifəsinə təyin olundu. Əlif Xocalıda sahə müvəkkili işlədiyi vaxtlarda bir çox cinayətlərin üstünü açdı. Bu da birbaşa olaraq ermənilərin ifşası idi. Sonuncu dəfə ermənilərin oğurladığı kənd uşağını avtomobilin baqajında aşkar edərək, valideynlərinə qaytarması erməniləri daha da narahat etdi.  Ermənilər Əlifin sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Xankəndində məhkəmədə Əlifə qarşı yalanşı şahid tutaraq 10 il 4 ay həbs cəzası verdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərdilər.  

 

Əlifin həbsindən sonra anam da dünyasını dəyişdi…  

 

Əlif həbsxanaya düşdükdən sonra dövlət qurumlarına çoxlu məktublar yazırdı ki, mən haqsız tutulmuşam. Qızım Günel dördüncü sinifdə oxuyurdu. Bir-birilərini çox istəyirdilər. Həmişə Əlifə dəyməyə gedəndə Günel dayısına məktub yazırdı. Günelin məktubuna belə bir cavab yazmışdı: “Günel, sənin məktubuna cavab yazmağı özümə borc bilirəm. Mənə elə gəlir ki, məktub sizə çatana kimi məndə sizə çatacam”. Bu məktubu o vaxtdan əzbərləmişəm. Ona məktub yazanda anam həmişə altından imzalayardı. Anam rəhmətə getdikdən sonra, Əlifə göndərdiyimiz məktubları imzasız yola salırdıq. Deyə bilmirdik ki, artıq anamız yoxdur. Sən demə, Əlif bunu hiss edirmiş, sonra fikirləşirmiş ki, bəlkə də imzalamaq yadından çıxır (ağlayır)!  

 

Əlif həbsxanadan gələndə bütün xocallıılar onu qarşılamağa çıxdılar…  

 

Əlif 4 il 4 ay cəza çəkdi. Elə Günelə söz verdiyi kimi 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxdı. Onu Bakıdan Xocalıya böyük bir təmtəraqla apardıq. Bütün xocalılılar onu qarşılamağa çıxdılar. Həmin günü məktəbləri də bağladılar və bütün uşaqlar Əlifin tədbirinə qatıldı.  

 

Xocalı aeroportunun komendantı oldu…  

 

Bir gün evdəydik və bir də gördüm ki, Əlif polis formasında gəldi. Dedim Əlif bu nə formadı? Dedi ki, bəraətimi aldım yenidən xidmətə başlayıram. Əsəbiləşdim dedim ki, sən yenə bu işlərə qoşuldun? Dedi ki, hələ iş bundan sonradır.   Xocalı aeroportunun komendantı oldu. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verdilər. Bu erməniləri daha da narahat etməyə başladı.  Əlif gəldikdən sonra ermənilərin Xocalı aeroportundakı özbaşınalıqlarına son qoydu.   

 

Həmin gecə iki qardaşımı itirdim…  

 

Fevral ayının 25-dən 26-a keçən gecə hamı kimi biz də Ağdama gəldik. Həmin gecə iki qardaşımı itirdim. Böyük qardaşım Süleyman itkin düşdü, Əlif isə şəhid oldu. Hələ də Süleymanın nə öldüsü bilinir, nə də qaldısı. Atam da əsir düşdü və iki ay əsirlikdən sonra onu dəyişə bildik.  

 

Əlif xocalılı uşağa papağını hədiyyə edib…  

 

Əlif həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Deyib ki: “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan”. O da günün bu gününə kimi Əlifin papağını yadigar saxlayır.    

 

Əlifin meyidi Xocalıda 5 gün böyürtkən kolunun dibində qaldı…

 

Əlifin meyidi Xocalıda 5 gün böyürtkən kolunun dibində qaldı. Nazim adında bir işçisi var idi. O, Əlif vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtüb. Nazim oradan Əlifin meyidini götürəndə  ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Əlifin meyidini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.  

 

Gözləyib hamıdan sonra axtarmağa başladım…  

 

Onda meyidləri Ağdam rayonundakı məscidə gətirirdilər. Biz Əlifi çox gözlədik, çox axtardıq. Bizə xəbər gəldi ki, bəs məscidə meyid gəldi. Meyidləri sırayla bir-bir uzatdılar. Gözləyib hamıdan sonra axtarmağa başladım. Birinci gördüm ki, qayınatamdı. Baxa-baxa getdim gördüm ki, axırıncı meyid Əlifindir. Qohum – əqraba gəlib Əliflə qayınatamın meyidini apardıq. Qayınatamı Ağdamda, Əlifi isə Bakıya, şəhərdəki evinə gətirib Şəhidlər xiyabanında dəfn elədik. Hər şeyi dostları özləri elədi, çox sağ olsunlar.  

 

Əlif artıq babadır…  

 

Bizə Əlif Hacıyevin ailəsi olaraq, çox hörmət edirlər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı il Əlifə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Nizami rayonundakı küçələrdən biri də Əlifin adını daşıyır.  Əlifin ailəsi də dövlət tərəfindən normal təmin olunur. Əlif artıq babadır. Davud adında bir oğlan nəvəsi var. Allah bütün şəhidlərimizi rəhmət eləsin!   Sonda Minə xanıma bizə ayırdığı vaxt üçün təşəkkür edib, oradan ayrıldıq.  

 

 

Vasif Əlihüseyn  

“KarabakhİNFO.com” 

26.02.2014 12:32

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*