Azərbaycanca

Qondarma dövlətin qondarma nümayəndəlikləri

28.05.2014 | 09:33

1401273776_qarabagggggggggİki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi üç faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. Bişkek protokolundan sonra imzalanan Atəşkəs rejiminə baxmayaraq Ermənistanın siyasi və hərbi dəstəyi ilə Dağlıq Qarabağın işğal altında olan torpaqlarında qondarma respublika yaradan ermənilər beynəlxalq hüququn prinsiplərini və BMT Nizamnaməsini aşkar surətdə pozmaqda davam edirlər. Bu azmış kimi, Rusiya Federasiyası, ABŞ, Fransa, Almaniya, Avstraliya və Yaxın Şərq ölkələri üzrə nümayəndiliklər açıblar. Yaxın Şərqi və Avsrtaliyanı bir kənara qoyaq, bəs ATƏT-in Minsk Qrupuna daxil olan dövlətləri və Azərbaycanla ikitərəfli diplomatik əlaqəsi olan Almaniyanı necə başa düşək?

 

Rusiya Federasiyasında “Dağlıq Qarabağ Respublikasının” daimi nümayəndəliyinin başçısı – Albert Andryandır. Ünvan: 101000 Erməni Döngəsi 1, Moskva, Tel: + 7 495 628-9781, Faks: + 7 495 624-0946 və elektron poç ünvanları nkr@rfmail.ru –dur.

 

Amerika Birləşmiş Ştatlarında qondarma Dağlıq Qarabağ Respublikasının daimi nümayəndəliyinin başçısı Robert Avetisyandır. O eyni zamanda, Kanada üzrə də səlahiyyət sahibidir. Ünvan: 1334 G Street NW ABŞ, Vaşinqton, 20005, Tel: 1 + (202) 223-4330 və elektron poçt ünvanları info@nkrusa.org –dur.

 

Fransada qondarma Dağlıq Qarabağ Respublikasının daimi nümayəndəliyinin başçısı Ovannes Gevorkyandır. Ünvan: 10 Rue Degas Fransa, Paris, 75016, Tel: + 33 1 53751741və elektron poçt ünvanları paris@mfa.nkr.am –dır.

 

Almaniyada qondarma Dağlıq Qarabağ Respublikasının daimi nümayəndəliyin rəhbəri Arutyun Qriqoryandır. Ünvan: 080216 D-10002 postfach Berlin Almaniya, Tel: 1578-52-78-778 + 49 və elektron poçt ünvanları berlin@mfa.nkr.am –dır.

 

Beynəlxalq hüquqa görə tanınmamış dövlətlər digər dövlətlər tərəfindən separatist qurum, ayrılmış regionlar isə işğal edilmiş torpaqlar kimi qəbul edilir. Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq. Bu məsələdə isə üç prinsip birbaşa pozulur: – hüquq bərabərliyi: Dağlıq Qarabağda yaşayan Azərbaycanlıların hüquq bərabərliyi birbaşa pozulmuşdur. Onlar bu ərazidə yaşayan azərbaycanlıları doğma yurd yuvalarından qovmuş və onlara məxsus mal-mülkə külli miqdarda ziyan vurmuşlar. Əsir düşən Qarabağın azərbaycanlı vətəndaşlarına müxtəlif formada işgəncələr vermişlər; – ərazi bütövlüyü və suverenliyə hörmət; Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyü birbaşa pozulmuşdur. Hal-hazırda Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Eyni zamanda Dağlıq Qarabağa bitişik Ağdam rayonu dünyanın məhv olmuş 10 şəhəri sırasına daxil olmuş, ruhlar şəhəri statusu almışdır. -daxili işlərə qarışmamaq; ermənilər işğal olunan ərazilərdə hava nəqliyyatı üçün Xankəndi və Xocalıda aeroport açmış, Azərbaycanın hava məkanını pozmuşdur. Eyni zamanda Şuşada Azərbaycanda yaşayan azsaylı xalqlar üçün radiolar açaraq ölkəmizin daxili işlərinə qarışıblar. Bundan başqa 1961-ci ilin diplomatik münasibətlər haqda Vyana Konvensiyasının maddələrini, BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr, Avropa Şurası, Avropa Birliyi, İslam Konfransı Təşkilatı və digər normativ qanunvericilkləri pozaraq Dağlıq Qarabağa bitişik 7 rayonu bugün də işğal altında saxlaması adı çəkilən qondarma respublikanın separatist bir qurum olmasını təsdiq edir. Beynəlxalq hüququ da bu yerdə qırağa qoyaq. Bəs Azərbaycanla ikitərəfli və çoxtərəfli diplomatik əlaqələri olan dövlətlərə nə deyək? Vasitəçilik haqqında beynəlxalq sənədlərdə yazılır: “Vasitəçi bitərəf olmalıdır. Əgər vasitəçilərdən hər hansı birinin daxili mövqeyi varsa, tez və ya gec tərəflərdən biri bunu anlasa və həmin vasitəçi prosesdən uzaqlaşdıra bilər”. Bu bir daha sübut edir ki, həmsədr ölkələrin hər birinin münaqişədə öz maraqları var, 1992-ci ildən başlayan Minsk prosesində məntiqi yekun yoxdur. ABŞ, Rusiya və Fransa həm də dünyanın 3 əsas güc mərkəzidir, onların hər birinin Qarabağ münaqişəsinin cərəyan etdiyi regionda öz maraqları var. Bir çox hallarda bu maraqlar bir-biri ilə ziddiyyət təşkil edir və Qarabağ münaqişəsinin nizamlanması prosesinə də birbaşa təsir göstərir. Vaxtilə ATƏT-in Budapeşt sammitində Qarabağ danışıqlarında vasitəçilik funksiyası ABŞ, Fransa və Rusiyaya həvalə ediləndə çoxları inanırdı ki, dünyanın ən güclü ölkələri bu işin öhdəsindən gələcəklər. Çünki onların hər birinin işğalçı tərəfə təsir göstərmək üçün güclü rıçaqları mövcuddur. Lakin gözlənilən olmadı, həmsədr ölkələr münaqişəni həll etməkdən daha çox öz maraqlarını təmin etməyə diqqət ayırdılar. Üstəlik, təcavüzkar tərəfə təzyiq göstərmədilər, ən yaxşı halda hər iki tərəfə eyni yanaşma nümayiş etdirərək ədalətli arbitr funksiyasından uzaqlaşdılar. Digər bu kimi nümunələr də göstərmək olar. Az qala 20 illik danışıqların və bunun Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi dövrünə düşən 14 illik mərhələsinin analizi belə nəticəyə gəlməyə əsas verir ki, vasitəçilərin hər biri münaqişədə öz maraqlarını təmin etməyə çalışır, bundan əziyyət çəkən isə torpaqları işğal altında olan Azərbaycan olur. 2009-cu ildə Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etmiş, bu məsələyə öz müsbət mövqeyini bildirmişdir. “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi” adlı sənəddə deyilir-“işğalçı Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayırıq”. Fransa prezidenti Fransua Ollandın bu ilin mayın 11-də Azərbaycanda rəsmi səfərdə olanda Azərbaycanın ərazi bütövlüyü məsələsini önə çıxardı və Dağlıq Qarabağ probleminin bu çərçivədə həllinin vacibliyini söylədi. ABŞ Prezidentinin və Azərbaycandakı səfirliyin açıqlamalarında Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanır. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Prezident Putin Bakıya gələndə açıqlayıblar ki, “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Qəribə diplomatiyadır. Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanı və buna baxmayaraq ölkəndə separatçı rejimin daimi nümayəndəliyinə şərait yarat. Nazirlər Kabinetinin bu il 13 apreldə keçirilmiş iclasında Prezident İlham Əliyev belə bir bəyanat verdi: “… Bizə qarşı soyqırım törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur: nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”. Bəli, Azərbaycanın seçim qarşısındadır: “Ya bu dövlətlərin ikili standartlarına son qoyaraq onları Ədalətə dəvət etmək, ya da güc göstərək işğal altında olan torpaqlarımızı azad etmək!”

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

28.05.2014 09:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*