Azərbaycanca

Qondarma “erməni soyqırımı” abidələri

18.08.2013 | 12:17

1379491987_1111111111Məlum olduğu kimi, erməni diasporası qondarma “erməni soyqırım”ının 50-ci ildönümü ilə əlaqədar olaraq dünyanın hər tərəfində iri miqyaslı kompaniyaların keçirilməsi haqqında bildirişlər yayımlamağa başladılar. Xüsusilə, ermənilərin böyük patriarxı, Eçmiədzin Katalikosu I Vazgenin və “Böyük Kilikiya Katalikosu” kimi tanınan I Xorenin dünya ermənilərinə müraciəti bu prosesi bir qədər də sürətləndirdi. 1964-cü ildən başlanan erməni miliyyətçiliyinin yeni dalğası məhz bu Katalikosların çağırışlarından sonra daha da şiddətləndi. “Soyqırım” qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra iri şəhərlərdə abidələrinin ucaldılmasına başlanıldı. İlk erməni “soyqırım”ı abidəsi ABŞ-ın Kaliforniya ştatının Montebello şəhərində ucaldıldı. Rəsmi açılış mərasimi 21 aprel 1968-ci ildə təşkil edildi. Türkiyəni hədəfə alan bu abidənin ucaldılmasına qarşı mübarizə aparan və heç olmasa abidənin üzərində yazılacaq sözlərin daha yumşaq olması üçün Türkiyə Cümhuriyyətinin Vaşinqtondakı səfirliyi ABŞ-da Xairici İşlər Nazirliyi səviyyəsində ard-arda düzənlədiyi tədbirlərə baxmayaraq, abidənin üzərinə bu ifadələr həkk etdirildi: “Türklərin insanlığa qarşı təşkil etdikləri qətliam və Türklər tərəfindən qətlə yetirilən ermənilərin xatirəsinə”. Göründüyü kimi, abidənin üzərində həkk etdirilən bu yazı türklərin qaniçən, vəhşi, barbar xalq olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından erməni diasporasının növbəti oyunu idi.       

    Bu abidənin açılışından sonra daha da fəallaşan erməni diaspora təşkilatları digər iri şəhərlərdə də bu kimi abidələrin qoyulmasına başladılar. Əslində abidələrin ucaldılmasında əsas məqsəd qondarma “soyqırım” qurbanlarının xatirəsini əbədiləşdirməkdən daha çox dünyada türk düşmənçiliyini daha da qızışdırmaq idi.            Qeyd edək ki, ikinci belə bir abidə 7 oktyabr 1967-ci ildə Ermənistan SSR-nin paytaxtı Yerevan şəhərinin mərkəzi meydanlarından birində ucaldıldı. Bu abidə də birinci abidədən elə də fərqlənmirdi. Burada da türk düşmənçiliyi, xüsusilə, Osmanlı türklərinin erməniləri kütləvi “soyqırım”a məruz qoyduqlarını və kommunizm ideolgiyasının bu və ya digər formada dəstəkləndiyi aşkar şəkildə qeyd olundu.      

   29 oktyabr 1967-ci ildə Sovet Ermənistanın Sisernakabert şəhərində xatirə daşı şəkilində daha bir “soyqırım” abidəsi  ucaldıldı. Açılış mərasimində nitq söyləyən A.Y.Koçinyan “1915-ci il “soyqırım”ının yüzilliklər boyunca Osmanlı boyunduruğunda yaşadıqları böyük faciənin son pərdəsi olduğunu, şərqdəki ermənilərin XVIII əsrin əvvəllərində Rusiyaya qatılaraq qurtulmuş olduqlarını, Osmanlıların ermənilərə olan siyasətinin XX əsrdə ilk “soyqırım” siyasəti olduğunu, bu siyasətin daha sonra faşistlər tərəfindən Avropada daha geniş şəkildə tətbiq edildiyini, hələ də (1967-ci ildə) Vyetnamda qan tökülməkdə olduğunu” qeyd etdi. Bu fikirlərə qarşı çıxan akademik Ramiz Mehdiyev yazır: “Ermənilər birinci dünya müharibəsi illərində Osmanlı imperiyasında erməni qiyamının nəticələri barədə nə üçün on illiklər boyu şüvən qaldırırlar? Onlar özləri öz dövlətinə xain çıxmış, ona arxadan zərbə vurmuş, düşmən tərəfə keçmiş, ölkənin şərqində müsəlman əhalini qırmağa başlamışlar və bunun nəticələrinə görə elə özləri də məsuliyyət daşıyırlar. Guya bu cür əməllərin nəticələri xoşagələn də ola bilərmiş. Ermənilər hansı “soyqırım”dan danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ üstəlik, onlar XX əsrdə “soyqırım”ın ilk qurbanları olmaq istəyirlər, guya bundan əvvəl bütün müsəlman əhalini qılıncdan keçirən ermənilər özləri deyilmiş və 1904-1907-ci illərdə Namibiyada gerrero və hottentot xalqlarının qırğını olmamışdır”.  Göründüyü kimi, akademik Ramiz Mehdiyev haqlı olaraq ermənilərin XX əsrin ilk “soyqırımı” qurbanları olması iddialarını uydurma, cəfəngiyyat adlandırmış və bəhs olunan dövrdə hələ hüquq sistemində “soyqırım” adlı hər hansı bir ifadənin, terminin olmadığını qeyd etmişdir.       Türkiyə yaxın müttəfiqi və NATO-nun əsas qurucularından olan ABŞ-ın Montebello şəhərində erməni soyqırımı abidəsinin ucaldılmasının qarşısını ala bilmədiyi kimi, Varşava Paktı ölkəsi SSRİ-nin də buna bənzər abidənin ucaldılmasına mane ola bilməməsi hər kəsdə bir maraq doğurmaqdadır. Əslində hər iki dövlətin əsas niyyəti Türkiyəyə qarşı erməni diaspora təşkilatlarını hərəkətə gətirmək və bu ölkənin beynəlxalq nüfuzuna sarsıdıcı zərbələr vurmaqdan ibarət idi. Maraqlısı ondan ibarətdir ki, XIX əsrdəki ingilis-rus rəqabəti bu dəfə amerikan-rus yarışması ilə davam etdi.      

Erməni diasporasının maaliyyə vəsaitləri hesabına ucaldılan bu abidələrin növbətisi Avropada ermənilərin daha çox məskunlaşdığı ölkədə – Fransada ucaldıldı. Fransada ilk erməni “soyqırım”ı abidəsi 1971-ci ilin aprel ayında Marsel şəhərində erməni kilsəsinin baxçasında ucaldıldı. Fransa abidə yarışında digər dövlətlərdən geridə qalmaq istəməmiş, əksinə bu cür abidələrin ucaldılmasına hərtərəfli dəstək nümayiş etdirmişdir. O zaman Türkiyənin Fransadakı səfiri Hasan Esat Işık abidənin ucaldılmasına öz kəskin etirazını bildirməklə protest etmiş və Fransanı tərk etmək məcburiyyətində qalmışdır. Ölkəni tərk edən səfir bir daha geri dönməmişdir. Qeyd edək ki, səfir Işık 1967-ci ilin oktyabr ayında Ermənistanda erməni “soyqırım”ı abidələrinin ucaldıldığı vaxt Türkiyə Cümhuriyyətinin Moskvadakı səfiri postunda yer almışdı. O zaman səfir Ermənistan SSR-də açılmış bu abidələrin hər iki dövlət arasındakı mövcud əlaqələrin pozulacağına gətirib çıxaracağını dəfələrlə qeyd etmişdir. Fransa bu oyuna gec başlasa da qısa müddət ərzində digər ölkələri geridə qoya bilmişdir. Belə ki, bu gün Fransada erməni “soyqırım”ı ilə əlaqədar 34 ədət abidə, xaç, meydan adına və s. rast gəlmək mümkündür.   

  XX əsrin 60-cı illərindən başlayaraq, bu günə qədər davam edən qondarma “soyqırım”ı abidələrinin ucaldılması prosesi nisbətən zəifləməyə başladı. Bu kompaniyaya qoşulan dövlətlər içərisində Almaniyanın da adını qeyd etmək lazımdır. Belə ki, Almaniyada ilk erməni abidəsi 24 aprel 2005-ci ildə Bremen şəhərində açıldı. Qısa müddət ərzində digər iri şəhərlərdə də, o cümlədən Berlində də bu cür abidələr ucaldıldı. O zaman erməni diaspora fondları bu abidələri daşnaqların ən böyük qələbəsi kimi qeyd edirdilər.

  Taleh Cəfərov  

“KarabakhİNFO.com”                                  

 İstifadə olunmuş ədəbiyyat  

1. Ramiz Mehdiyev “Gorus-2010: absurd teatr mövsümü”, Bakı 2011, “Şərq-qərb” nəşriyyatı, 77 səh.

2. Bilial N. Şimşir “Ermeni meselesi (1774-2005)” Ankara 2007, “Bilgi” nəşriyyatı, 470 səh.

3. Səmyuel A. Uimz “Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri”, ermənilərin böyük fırıldaq seriyaları-I cild, Bakı 2004, 386 səh.

4. Sedat Laçıner “Türk-ermeni ilişkiləri”, “Kaknüs” nəşriyyatı, İstanbul 2004, 408 səh.

5. Esat Uras “Tarihde ermeniler və ermeni meselesi”, Istanbul 1976, 634 səh.

6. Kamuran Gürün “Ermeni dosyası”, Ankara 1983, 422 səh. 

18.08.2013 12:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*