Dəyərli oxucular, sizlərə Taleh Cəfərovun “Qondarma erməni soyqırımı” kitabını hissə-hissə təqdim edirik.
Monoqrafiyada XIX əsrin 70-80-ci illdrinddn etibarən türk dünyasının baş ağrısına çevrilmiş “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırımı” iddiaları və pərdə arxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.
Həmçinin monoqrafiyada XX əsrdə Avropada erməni lobbisinin antüürk fəaliyyəti, II dünya müharibəsindən sonra yeni erməni millətçiliyinin alovlanması, türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı erməni terroru, Müstəqil Ermənistan Respublikasının antitürk fəaliyyəti faktlar və arxiv sənədləri əsasında tədqiq edilmişdir.
“Erməni məsələsi” beynəlxalq münasibətlər sistemində
( XIX əsrin II yarısı )
XVIII əsrdə Avstriya ilə birlikdə Osmanlı imperiyasına məxsus ərazilərin bir hissəsini ələ keçirmiş Çar Rusiyası XIX əsrin II yarısından etibarən xarici siyasət strategiyasına yenidən baxmalı olmuşdur. Çar hökumətinin əsas istəyi Krımı tutmaqla Qara dəniz hövzəsində, həmçinin Qara dənizi Aralıq dənizi ilə birləşdirən mühüm strateji məntəqələrdə (boğazlarda, dəniz limanlarında, satış bazarlarında və i.) möhkəmlənmək idi. Eyni zamanda Çar Rusiyası Qafqazdan tutmuş Şərqi Anadolu bölgəsi də daxil olmaqla Bəsrə və İskəndərun limanlarına yiyələnməyə çalışırdı. Bunun üçün çar hökuməti müxtəlif yollar arayıb-axtarmağa başladı. Nəticədə, həmin dövr üçün çar hökumətinin üzərində dayandığı əsas yol–Bolqarıstan oldu. Lakin 1877-1878-ci illər rus-türk müharibəsində Bolqarıstan vasitəsilə Egey dənizinə çıxış əldə edəcəyinə ümid edən Çar Rusiyasının bu istəyi gerçəkləşmədi. Digər çıxış yolları üzərində işləyən Rusiya srateqləri Qafqaz istiqamətindən keçməklə öz istəklərinə nail olmağa can atırdılar. Əslində Çar Rusiyasının başlıca məqsədi isti dənizlərə yiyələnməklə Şərqi Anadoludan Basra-İskəndərun limanlarına uzanacaq nəhəng “erməni koridoru” yaratmaq idi (62, 28). Bu strateji plan tamamilə təhlükəli olduğu üçün Osmanlı imperatorluğu ilə yanaşı eyni zamanda İngiltərə və Fransa kimi nəhəng dövlətləri da narahat etməyə başladı. Odur ki, İngiltərə Osmanlı imperatorluğunun sərhədlərini 1878-ci il Berlin Kon-qresinə qədər qorumaq siyasətini yürüdürdü. Öz növbəsində İngiltərə başa düşürdü ki, onun Şərqi Aralıq dənizi və Hindistandakı mülkləri tez bir zamanda rus təhlükəsi ilə üzləşəcəkdir. Məhz buna görə də İngiltərə təcili olaraq Rusiyanın Balkanlarda möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan Avstriya və Almaniyanı da öz tərəfinə çəkə bildi. Ümumilikdə, “Şərq məsələsi” adlandırılan bu siyasət Avropa dövlətlərinin və Çar Rusiyasının Osmanlı təbəəsi olan xristianların haqlarını qorumaq adı altında Osmanlı torpaqlarını parçalayaraq öz aralarında bölüşdürməkdən başqa bir şey deyildi. Daha dolğun şəkildə desək, Osmanlı imperiyasının süqutunun sürətləndirilməsi, imperiya ərazisində yaşayan xalqların milli azadlıq hərəkatının genişlənməsi və Türkiyənin hakimiyyəti altında olan torpaqların bölüşdürülməsi uğrunda Avropanın böyük dövlətləri arasında gedən mübarizə ilə bağlı beynəlxalq ziddiyyətlər dünya tarixşünaslığına “Şərq məsələsi” adı ilə daxil olmuşdur (90, 126). Qısaca olaraq qeyd etmək lazımdır ki, ilk dəfə olaraq 1815-ci ildə Vyana konqresində rus diplomatları tərəfindən işlədilən “Şərq məsələsi” ifadəsi bundan sonra Avropa diplomatiyasına yol açmış oldu. XIX əsrin I yarısında xarakterinə görə “Şərq məsələsi” Osmanlı imperiyasının ərazi bütövlüyünün qorunmasını nəzərdə tuturdusa, XIX əsrin II yarısından bu siyasət türklərin Avropadakı ərazilərinin qərbin iri müstəmləkəçi dövlətləri arasında bölüşdürülməsinə, XX əsrdən etibarən isə Osmanlı imperiyasının bütün ərazilərinin ələ keçirilməsinə yönəlmişdi (90, 123).
Qeyd etmək lazımdır ki, Şərqi Anadolu ərazilərində, həmçinin Yaxın Şərqdə status-kvonun qorunub saxlanılması məsələsində razılığa gələ bilməyən qərbin iri imperialist dövlətləri bu dəfə “erməni kartı”ndan faydalanmağa çalışırdılar. İstər İngiltərə, Fransa və Rusiya, istərsə də Almaniya, Avstriya-Macarıstan və İtaliya ayrı-ayrılıqda bu bölgənin şəriksiz sahibinə çevrilməyə can atırdılar. Artıq bölgədə gündən-günə mövqelərini gücləndirən Almaniya, Yaxın Şərqdə, o cümlədən Aralıq dənizi hövzəsində qüdrətlənən İngiltərə və nəhayət, isti dənizlərə enməklə dünyanın ən strateji bölgəsi olan Anadolunu ilhaq etmək niyyətində olan Rusiya arasında mübarizə getdikcə gərginləşməkdə idi. Bu arada ayrı-ayrılıqda bu dövlətlərin Osmanlı siyasətini analiz etməyi məqsədəuyğun hesab etdik.
Qeyd etmək lazımdır ki, 1699-cu ildə Karlovitsa müqaviləsi ilə Osmanlı imperatorluğunun geriləmə və çöküş dövrü başladı. Karlovitsa imperiyanın ilk ən böyük torpaq itkisi ilə üzləşdiyi müqavilə kimi tarixə düşmüşdür. Məhz bu müqavilədən sonra Rusiya birbaşa olaraq Avropaya olan müdaxiləsini daha da güclənirmişdi. Ucsuz-bucaqsız torpaqları qəsb etmiş Rusiya bu dəfə isti dənizlərə yiyələnməyə və daha doğrusu, qüdrətli dəniz dövlətinə çevrilməyə can atırdı. Bunun baş tutması üçün iki yol müəyyənləşdirilmişdi. Birinci istiqamət boğazlar vasitəsilə Aralıq dənizinə çıxmaq idisə, ikinci istiqamət su yollarından istifadə etməklə Hindistana enmək və orada möhkəmlənmək idi. Məhz ikinci istiqamətlə bağlı planlar 1734-cü ildə Çariça Anna İvanovnanın dövründə (1730-1740) qəbul edilmiş və planın tərtib edilməsi ilə bağlı bütün məsələlər Krillova həvalə edilmişdir.
Qeyd etmək lazımdır ki, rus çarı I Pyotr Rusiyanı Ortadoks xristianlığının mərkəzinə çevirməyə can atırdı. Bu siyasət bütün rus çarları tərəfindən müsbət qar-şılanmış, lakin II Yekaterina, I Nikolay və II Aleksandr bu işdə daha çox müvəffəqiyyət qazanmışdı. Digər tərəfdən hərbi və iqtisadi qüdrətini gücləndirən Rusiya II Yeka-terinaya qədər Osmanlı imperatorluğu ilə təkbaşına mübarizə aparmaq qüdrətinə malik deyildi. Yalnız 1774-cü il Kiçik Qaynarca sülhü Rusiyanın artıq heç bir dövlətin yardımına ehtiyac olmadan Osmanlı dövlətini çökdürə biləcəyi iddiasını ortaya qoydu.
XVIII əsrin əvvəllərindən etibarən Avropada ən güclü dövlətin Avstriya imperatorluğu olduğunu qeyd etmək lazımdır. 1683-cü ildə İkinci Vyana müharibəsindən sonra təxminən iki əsr yarımdan çox Osmanlı imperatorluğuna qarşı mübarizə apara bilməyən və torpaqlarının əksəriyyətini itirən Avstriyanın əsas məqsədi itirdikləri mülkləri geri qaytarmaq idi. Xüsusilə, Macarıstan, Bosniya, Hersoqovina, Serbiyanı geri qaytarmağa çalışan Avstriya Rusiya ilə yaxınlaşmağa başladı. 1716-1718-ci illər müharibəsi nəticəsində bir sıra ərazilər əldə etməsinə baxmayaraq, 1736-cı ildə Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsi ilə bu müharibədən özünə pay almaq məqsədi güdən Avstriya 1737-ci ildə müharibəyə girmiş, lakin Rusiya ilə birlikdə məğlub olmuşdur (99, 113).
Avstriya ilə yanaşı burada maraqları olan böyük dövlətlərdən biri də İngiltərə idi. İngiltərənin Osmanlı siyasəti 1774-cü ildə imzalanmış Kiçik Qaynarca müqaviləsindən sonra başlamışdır. Qeyd edək ki, 1787-ci ildə rus-türk müharibəsi başladığı zaman İngiltərə hökumətinin başında duran Vuliyam Pitt Rusiyanın mütəmadi cənub istiqamətindəki müdaxiləsini və qüvvətli bir Qara dəniz dövlətinə çevriləcəyi halda İngiltərə üçün təhlükəli ola biləcəyini ilk dəfə hiss etmiş və bunun üçün Rusiyaya qarşı Osmanlı imperatorluğunu dəstəkləməyə başlamışdı. Pittin 1783-cü ildə həyata keçirdiyi bu siyasət dəyişmədən bir əsr, Qladstonun baş nazir postuna kecdiyi günə qədər davam etmişdir. Həmçinin, Pitt 1787-1792-ci illər rus-türk müharibəsində Avstriyanı Rusiya ilə bir ittifaqdan ayırmağa müvəffəq olmuş, xüsusilə Fransa İnqilabından sonra Prussiyanı da öz tərəfinə çəkərək Rusiyaya qarşı mübarizəni gücləndirmişd (99, 114-115).
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində İngiltərə daha çox Fransa ilə mübarizə aparmaqda idi. Bu mübarizədə İngiltərə Rusiyanı dəstəkləmiş, hətta ordusunu Mərmərə dənizinə yeritmişdi. Lakin 1807-ci ildə imzalanmış Tilzit sülhünün nəticələrinə görə, Fransanın Rusiya ilə yaxınlaşdığını görən İngiltərə Osmanlı imperatorluğu ilə münasibətlərini yenidən nizama salmış, həmçinin 1815-ci ildə toplanan Vyana konqresində Osmanlının ərazi bütövlüyünü bir daha dəstəkləmişdi.
ardı var…
“KarabakhİNFO.com”