Azərbaycanca

“Qorxudan həyat yoldaşımın ayaqları tutuldu”

26.02.2014 | 21:22

1393435123_vasif1Xocalı qətliamı deyəndə yaddaşımda ilk canlanan yüzlərlə qız-gəlinin, uşağın dəlik-deşik edilmiş cəsədləri gözümün önündə canlanır.   Bu hadisə ermənilər tərəfindən bizə qarşı törədilmiş ən vəhşi bir addımdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.  

 Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 ixtiyar yaşlılar olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər Xocalı sakini əsir edildi. 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu soyqırım “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (ing. “Khojaly Massacre”, fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir.   Bu il artıq 22-ci il dönümünü ürək ağrısıyla qeyd edəcəyimiz bu faciəylə bağlı biz də Xocalı sakinlərinin yaşadığı Qızılqum qəsəbəsinə yollandıq. Xocalı sakini və eyni zamanda döyüşçü Məmməd İsmayılovun evində qonaq olduq. Evə yaxınlaşdıqda Məmməd müəllimin mobil telefonuna zəng edərək, artıq qapılarında olduğumuzu bildirdik. Sevincək həyətə çıxaraq, bizi evə dəvət etdi. İlk sözümüz də bu oldu: “Gün o gün olsun ki, Xocalıda görüşək, Məmməd dayı!”. O, – “Amin!” – deyərək, bir az kövrəldi. Məmməd müəllim şahidi olduqlarını bizə ötən il danışdığı üçün, bu dəfə bizi başqa bir müsahib –  İzafə xanımla tanış etdi.  İzafə xanımla söhbətə başladıq. Müsahibimiz birinci özü haqda məlumat verdi.   “Xocalıya 1988-ci ildə gəlmişik”   Babakişiyeva İzafə Alış qızı. 1949-cu ildə Laçın rayonunda anadan olmuşam. 1977-ci ildən Xocavəndə yaşamışıq.

 

 

Xocalıya isə 1988-ci ildə gəlmişik.

 

1393435241_vasif2Xocalı hadisəsinə qədər dörd ay idi ki, bizi atəşə tuturdular. Amma həmin gecə gördük ki, bu atəş səsləri əvvəlki kimi deyil. Şəhərə çox səs-küy düşmüşdü. Böyük oğlum Füzuli inanmadı, dedi ki, ana, həmişəki kimi atırlar da, heç nə olmaz. Az keçmədi ki, şəhəri dörd tərəfdən atəşə tutdular.  

 

“Qonşular bizə toplaşdı”  

 

Evimiz binanın birinci mərtəbəsində olduğuna görə, yuxarı mərətbədə yaşayan qonşular bizə toplaşdılar ki, bəs güllə birinci mərtəbəyə dəyməz. Kimin nə ev əşyası vardı bizə gətirmişdi. Baxdıq ki, bizim evdə də gizlənmək bir fayda vermir. Qapıdan çıxa bilmədik, çünki binanın giriş qapılarının hamısını atəşə tuturdular. Məcbur olub evin pəncərəsindən çıxdıq. Axşam saat iki idi, gördük ki, hələ də atışma dayanmır. Bir də baxdıq ki, şəhəri yandırdılar, hər yanı alov bürüdü!  

 

“Həyat yoldaşım Əlinin qorxudan ayaqları tutuldu”  

 

Həmin gecə hadisə başlayan kimi qorxudan həyat yoldaşım Əlinin ayaqları tutuldu. Onu gətirə bilmədiyimiz üçün evdə qaldı. İndiyə kimi də nə öldüsü bilinir, nə qaldısı!  

 

“Camaat Xocalı çayına sarı qaçdı”

 

  1393435232_vasif3Şəhər yanmağa başlayandan sonra camaat Xocalı çayına sarı qaçmağa başladı. Çay buz bağlamışdı. Biz də ayaqyalın, başaçıq qaçırdıq. Heç kimin yadına heç nə düşmürdü. İki oğlumla (Füzuli və Nizami) camaata qoşulduq. Çayı keçib Şelli istiqamətində Ağdama tərəf qaçmağa başladıq. Səhərə yaxın hava işıqlaşanda, oturub bir az dincimizi almaq istədik, dedilər ki, yox, getmək lazımdır. Dağın üstündə bizi bir erməni görüb qaçdı və bir az uzaqlaşmışdıq ki, bizi atəşə tutdular. Bildik ki, bizi görən erməni orduya xəbər verib.  

 

 

“Əlif Hacıyev bizi ötürüb özü geri qayıtdı”  

 

 

Atışma düşdüyünə görə, Milli Qəhrəman Əlif Hacıyev və bir neçə döyüşçü bizi başqa əsgərlərlə yola salıb özləri geri qayıtdılar. Həmin hadisələr film lenti kimi gözlərimin önündə canlanır. Əlif elə o gedən getdi, bir də dedilər ki, Əlif də şəhid oldu. Bizə bələdçilik edən əsgərimizi də ermənilər vurdu. Əsgər son nəfəsində – məni qoyub gedin, məni iki yerdən vurdular – dedi və şəhid oldu!  

 

“Oğlumun ayağı tələyə düşdü”  

 

Biz hələ yol gəlirdik, bir də baxdım ki, böyük oğlum Füzuli yoxdu. Geri boylandım, gördüm ki, yerdə uzanıqlı qalıb. Elə bildik gülləylə vurublar, amma yaxınlaşıb gördük ki, ayağı tələyə düşüb. Camaatın köməyilə ayağını tələdən çıxardıq. Füzulini oradan Ağdama çiynimizdə gətirdik. Çünki tələ ayağını əzmişdi. Biz Ağdamda məscidə toplaşdıq. Bizi oradan maşınlarla Bakıya gətirdilər. Burada Bakı 2 nömrəli evtikmə kombinatının istirahət bazasında yerləşdirildik.  

 

“Ağdam məscidində ürəyim getdi”  

 

Bizi Ağdama gətirdikdən sonra, arxamızca meyidləri məscidə gətirdilər. Bunu görən kimi ürəyim getdi. Meyidləri tanınmaz hala salmışdılar. Onların arasında həyat yoldaşımı axtardım, amma tapmadım.  

 

– Xocalı faciəsində siz yaxınlarınızdan kimləri itirdiniz?  

 

–         Qardaşım Əli itkin düşdü. Dayım oğlu Fikrət şəhid oldu. İki xalam oğlu – Vahid və Tofiq şəhid oldu. Xocalı hadisəsi zamanı nəyinki biz, neçə-neçə ailə başsız qaldı.   

 

 

 – 22 il Xocalısız yaşamaq sizin üçün nə deməkdir?

 

  –         Çətindir, oğlum! Bura da bizim öz vətənimizdir, amma adamın doğulub boya-başa çatdığı yer başqadır. Biz Xocalıya qayıtmaq istəyirik. O vaxt necə ki, ağlaya-ağlaya ayaqyalın, başıaçıq Xocalıdan gəlmişəm, Xocalı alınsa, sevindiyimdən həmin yolu ayaqyalın geri qayıdaram. Hər il Xocalı hadisəsi günü həmin hadisələr film lenti kimi gözümün önündə canlanır. Gedib “Ana fəryadı” abidəsini ziyarət edirik. Gün o gün olsun ki, Xocalıda görüşək, oğlum!   Sonda biz də müsahibimizə təşəkkür edib, oradan ayrıldıq.  

 

 

Vasif Əlihüseyn  

“KarabakhİNFO.com” 

26.02.2014 21:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*