Azərbaycanca

Qubada ermənilərin Azərbaycan və Türkiyədə törətdiyi soyqırımlarla bağlı beynəlxalq konfrans keçirilir

09.04.2015 | 15:59

quba_merkez_tedbir_090415_03

Qubada “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” adlı II beynəlxalq elmi konfrans keçirilir.

Trend xəbər verir ki, bu gün Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Qubada kütləvi məzarlığı ziyarət ediblər. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Bundan başqa, ziyarətçilər Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Qeyd edilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Konfransın açılışında çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransı açıq elan edib. Plenar iclasda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər alimlər çıxış edərək, ikinci dəfə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən söz açıblar.

Konfrans çərçivəsində “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı iki bölmədə məruzələr dinləniləcək, mövzular üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfransda ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssis iştirak edir. Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Kipr, Gürcüstan, Polşa, Rusiya və Türkiyədən 58 alim məruzələrlə çıxış edəcək.

Trend.az

09.04.2015 15:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*