Azərbaycanca

“Qubadlılılar əldə silah ön cərgədə getməyə hazırdırlar”

30.08.2014 | 11:19

qubadli-bashciUca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal olundu. 1988-ci ildən bu torpaq uğrunda qəhrəmancasına vuruşan, yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edilib.

 
Bu gün qubadlılılar öz yurd-yuvalarından didərgin düşüblər. Elə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov da. Malik İsaqov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına Qubadlı xatirələri, qubadlılıların çəkdiyi vətən həsrəti barədə danışdı.

 

 

Malik müəllim artıq 21 ildir ki , qubadlılılar Qubadlıdan uzaq düşüb. Vətəndən ayrı yaşamaq onlar üçün nə dərəcədə çətindir?

 

 

Düz 21 ildir ki, biz doğma yurdumuzdan didərgin düşmüşük. Gözəl Qubadlı havasına, əsrarəngiz təbiətinə həsrət qalmışıq. Doğmalarının məzarını düşmən əlində əsir qoyub gələn insanın nə çəkdiyini yalnız bizim taleyi yaşayanlar bilər. 1993-cu ildə 31 avqust tarixində Qubadlı rayonu işğal olundu və elə o gündən etibarən qubadlılılar məcburi köçkünlük həyatı yaşayırlar.

 
Məcburi köçkünlərin rahat yaşayışı üçün hər bir şərait yaradılsa da doğma ata ocağının, böyüyüb başa çatdığın yurdun yerini heç bir yer əvəz edə bilmir. Qubadlı məcbur köçkünlərinin üzünə baxan zaman onların sifətində vətən həsrəti, ağrısı hiss olunur. Vətən həsrəti olduqca ağır dərddir. Mən heç kimə arzu etmirəm ki, öz ata ocağını, vətənini qoyub başqa yerə getsin.

 

 

– Rayonun işğalını necə xatırlayırsınız?

 

 

1993-cü il avqustun 29-da referendum keçirildi. Bununla bağlı mən Qubadlıya getmişdim ki, referendumun gedişinə nəzarət edim. 30-u gündüz saatlarında Qubadlıdan qayıtdım. Təəssüf ki, 31-i günü Qubadlı işğal olundu.

 

 

– Malik müəllim, Qubadlının işğalı zamana rayona təxminən nə qədər ziyan dəyib?

 
Rayona 1,5 milyard dollar həcmində maddi ziyan dəyibdir. İşğal zamanı 1 şəhər, 93 kənd, 6988 yaşayış evi, 8 sənaye və 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 74 təhsil, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 48 kənd təsərrüfatı, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13365 hektar meşə sahəsi düşmənlər tərəfindən işğala məruz qalmışdır. Həmçinin, ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.

 

 

– Qubadlı necə bir yer idi? Qubadlını görməyənlər üçün rayon barəsində məlumat verin.

 

 

Qubadlı rayonu ərazisində 3 çay axırdı: Bərgüşad, Həkəri və Ağa çayları. Qubadlı rayonu onlarla tarixi abidələrimiz var idi. Qubadlı rayonunda mineral maddə ilə zəngin 600-dən çox bulaq var idi. Onlardan Məmər kəndində “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndində “Turşsu” və digərlərini qeyd etmək olar. Hacılı kəndində Mişar daşı yatağı var idi. Əliquluşağı, Qudanlı, Muradxanlı, Başarat kəndi yaxınlığında mərmərləşmiş əhəng daşı yatağı var idi.

 

 

– Rayon işğal olunan zaman təxminən nə qədər insan ermənilər tərəfindən əsir götürüldü və onların taleyi barədə məlumatınız varmı?

 

 

Təxminən, 100 nəfərdən çox insan əsir götürüldü. Əsir düşənlərin çoxu yaşlı adamlar idi. İnanmıram ki, o insanlar indiyədək sağ qalsın.

 

 

– Sirr deyil ki, qubadlılılar Qubadlıya qayıtmaq eşqi ilə yaşayır…

 

 

Bəli, düzdür. Bu ilin avqust ayının əvvəllərində cəbhə bölgəsində döyüş başladı. O zaman hər kəsin çöhrəsindən “Biz geri qayıdırıq” ifadəsi oxunurdu. Hazırda qubadlılılar Ali Baş Komandanın əmrini gözləyir. Onlar ölkə başçısı İlham Əliyevin siyasətini dəstəkləyir. Əgər Ali Baş Komandanımız torpaqlarımızı hərb yolu ilə qaytarmaq qərarına gəlsə Qubadlının qəhrəman oğul və qızları əldə silah ön cərgədə getməyə hazırdırlar.

 
Və biz ümid edirik ki, öz doğma yurdumuza qayıdacağıq. O gündə uzaqda deyil. Çünki artıq dünya ölkələri də Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunmasını bilir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İnşallah öz torpağımıza qayıdarıq.

 

 

Günel Cəlil

 
“KarabakhİNFO.com”

 

 

30.08.2014 11:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*