Azərbaycanca

“Rəhim Qazıyev üstümə qışqırdı ki, kim sənə deyib yanıma gəlmisən?”

14.01.2015 | 15:43

f“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının “Danışır şahidlər” layihəsinin növbəti həmsöhbəti Azərbaycanlı kəşfiyyatçı Eldar Xəlilovdur .

 

 

O, Azərbaycan ordusunun isimsiz qəhrəmanlarından biridir. Qarabağ müharibəsində özünəməxsus döyüş yolu keçib, 8 dəfə yaralansa da, möcüzə nəticəsində sağ qalıb. Əsgəran döyüşündə qolundan ağır yaralanıb. II qrup Qarabağ əlilidir.

 

 

 

Müsahibim Milli Ordunun keçmiş kəşfiyyatçısı Eldar Xəlilovdur.
1957-ci ildə Ermənistan SSR-nin Noyenberyan rayonunun Körpü kəndində anadan olub. Azərbaycan artilleriyasının atası adlanan general Əliağa Şıxlinskinin nəvəsidir. 8-ci sinifdə Noyenberyan rayon hərbi komissarı Ambarsumyanın köməyi ilə DTK-nın Xarkovda fəalliyyət göstərən məktəbinə daxil olub. 4 ildən sonra məktəbi bitirib, sonra Kirov vilayətində çalışıb. Göndərişlə Kamçatkada, Əfqanıstanda xidmət edib. Sonra Azərbaycana qayıdıb, xüsusi xidmət orqanlarında çalışmağa başlayıb. 1997-ci ildə istefaya çıxıb.

 
Eldar Xəlilov maraqlı xidmət yolu keçib. 1988-ci ildə hadisələr başlananda Bakıya gəlib, əməkdaşlıq üçün Müdafiə Mazirliyinə müraciət edib. Xüsusi tapşıqırla Xankəndinə gedib: “O vaxt vəziyyət günü-gündən gərginləşirdi. Etnik münaqişə qızışırdı. Erməni dilini sərbəst bilirdim, orada Rabitə Xidməti rəisinin müavini vəzifəsinə düzəldim”.

 
– Bəs, sizə necə inandılar?

 
– O vaxt Rusiyadan hərbçi, kəşfiyyatçı, milis kim kömək üçün gəlirdisə, işə alırdılar. Çünki zabit kadr çatışmırdı. Mən də DTK mayoru idim, ermənicə bilirdim, Alek Abovyan adı ilə getmişdim. Daha doğrusu göndərilmişdim. Altı ay orda rabitəçi işlədim. Onların içində yerləşdim. Xocalı, Daşaltı faciələri, Şuşanın işğalı necə hazırlandı, bilirəm. Hazırladıqları plandan xəbərim vardı. Planlarının çoxunu pozmuşam. Ancaq mane ola bilmədiklərim də var. Şuşa işğal olunan günü xəlvətə çəkilib hönkür-hönkür ağladım…Ermənilər sevincindən ağlayırdı, mən kədərimdən. Əlimdə əlacım olsaydı, özümə bomba bağlayıb qərargahı havaya uçurardım. Ancaq tapşırıq bitməmişdi deyə, heç nə edə bilmirdim”. Ancaq Eldar Xəlilovun əsəbini saxlaya bilmədiyi vəziyyətlər də olub. Xocalı hadisələrindən sonra 366-cı rus alayının qərargahına daxil olaraq rus polkovnikini girov götürüb: “Xocalı hadisələrindən bir həftə əvvəl Bakıya gəlib çıxdım, Rəhim Qazıyevə məlumat verdim ki, belə bir hadisə olacaq.

 

 

Mənə dedi ki, get işinlə məşğul ol, biz bilirik. Üstümə qışqırdı ki, kim sənə deyib gəlmisən? Qayıt yerinə! Ancaq bir həftədən sonra Xocalı işğal olundu… Mən rabitədə idim. Xocalıya getmədim. Hadisə baş verəndən sonra gizlicə 366-cı alayın qərargahına daxil oldum, qərargah rəisi milliyyətcə rus polkovniki girov götürdüm. Bakı rusu idi. Mayor formasında gizlicə kabinetinə girdim, başına torba keçirib, əllərini bağladım, çiynimə alıb Ağdama kimi piyada çiynimdə gətirdim. Ağdama çatanda məni vurdular. Bizimkilər elə bildi ki, erməniyəm, atdılar. Qarnımdan yara aldım. Polkovniki Bakıya gətirdim, özüm isə Bakıda xəstəxanaya yerləşdirildim”.

 

 

Eldar Xəlilovun  daha bir qəhrəmanlığı Ağdərədə olub. 1993-ci ildə ermənilər Ağdərədə işğalçı əməliyyat keçirən zaman E.Xəlilov erməni silahlı birləşmələrinin zabitlərini məhv edib: “Komanda aldım ki, ermənilərin döyüş xəttini yoxlamaq lazımdır.

 

 

Xankəndindən Ağdərəyə gəldim. Lazımi məlumatları öyrəndim. Ermənilər Kasapeti ələ keçirən gün Ağdərədə onların qərargahına daxil oldum. Avtomatla bir general, iki polkovnik, bir kapitan, 2 leytenantı güllələdim. Öldürdüyüm general rus idi. Ermənilər üçün hərbi əməliyyatları o hazırlayırdı. Düzdür, bizim hərbi rəhbərlik mənə acıqlandı ki, niyə generalı sağ gətiməmişəm. Ancaq mənim başqa yolum yox idi. Yoxsa ələ keçəcəkdim. Çox çətin idi, onu qərargahdan çıxarıb sağ gətirmək. 8 kilometr yolu çiynimdə onu gətirə bilməzdim. Qərargaha girəndə rus polkovnik məndən soruşdu ki, kimsən, burda nə işin var. Özümü itirdim, avtomatı çıxarıb onları güllələdim”. Bu hadisədən sonra Milli Ordu rəhbərliyindəki Rusiya meylli qüvvələr E.Xəlilova qarşı mənfi münasibət yaranır: “Mənə etimadsızlıq göstərirdilər. Açıq deyirdilər ki, “on poxoje armyanin”. İstəyirdilər ki, deşifrə olum. O vaxt kadrlar idarəsində bir anası erməni Canbekov vardı. Mənim şəxsi işimi ermənilərə göndərmişdi ki, bu təxribatçıdır. Bəxtimdən şəxsi işimdə bığlı şəklim idi, mənim isə bığım yox idi”.

 

 

E.Xəlilovun Azərbaycan ordusunun uğursuzluqları ilə bağlı da maraqlı fikirləri var. Hesab edir ki, kifayət qədər hərbi potensialı, kadr ehtiyatı olan Milli Ordunun uğursuzluqları Bakıda gedən siyasi oyunlarla, hakimiyyət uğrunda mübarizə ilə bağlı idi: “Erməni əsgərinin döyüş qabiliyyəti, hünəri, nə bilim cəsarəti filanı haqqında söhbətlər nağıldır. Erməniləri Qarabağ müqanişəsinə sövq edən ruslar idi. Erməni ordusunun döyüş əməliyyatlarını hazırlayan rus zabitləri idi. Ruslar onlar üçün döyüşürdü. Artilleriya, atıcı silahlar, ağır hərbi texnikanı ruslar işlədirdi. Yaşayış məntəqələrinin çoxunu da rusların desant qrupları alırdı. Azərbaycan kəndlərini alıb çıxırdı.

 

 

Hərbi əməlliyyatları rus ordusunun polkovniki Erişkov hazırlayırdı. O, İrəvanda otururdu, gəlib əməliyyatları hazırlayıb gedirdi.  Azərbaycan əsgəri çox dözümlüdür, döyüş vərdişlərini tez mənimsəyir. Sadəcə, o zaman bizim vahid hərbi komandanlığımız, yetkin siyasi rəhbərliyimiz olmadı”.

 

 

Erməni psixologiyasını yaxşı bilən E.Xəlilov deyir ki, ermənilər Dağlıq Qarabağda heç zaman möhkəmlənə bilməyəcəklər: “Erməni gəncləri döyüşmək, postda durmaq istəmirlər. Erməniləri bu oda Azərbaycanı əldə saxlamaq istəyən ruslar və erməni millətçiləri salıblar. İndi ruslar gedib, erməni millətçiləri də varlanıb özlərinə zəngin həyat qurublar. Sadə xalq qalıb arada. Onlar da ölmək istəmir, balalarını cəbhə xəttinə yollamaq istəmirlər. Erməni xalqı bilir ki, Qarabağ türk torpağıdır, gec-tez Azərbaycan öz torpağına sahib olacaq”. E.Xəlilovun fikrincə, hazırkı erməni ordusu Azərbaycan silahlı qüvvələrinin güclü həmləsinin qarşısını ala bilməyəcək.

 

 

 

 

 

 

Elman Cəfərli

 

“KarabakhİNFO.com”

 

 

                

14.01.2015 15:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*