Bu şüarın müəlifi Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadədir.
Məhəmməd Əmin Rəsulzadə keşməkeşli həyat sürüb. O, ölkəsindən, ailəsindən didərgin düşüb. Ailəsi də böyük çətinliklərlə qarşılaşıb. Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə “KarabakhİNFO.com” beynəlxalq e – jurnalına müsahibəsində babası haqqında xatirələrindən danışdı:
– Rəis müəllim, bir neçə ay öncə, ölkə başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncam imzalayıb. Siz bu sərəncamı necə dəyərləndirirsiniz?
Ölkə başçısı İlham Əliyevin babamın anadan olmasının dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalamasını yüksək qiymətləndirirəm. Zənnimcə, bu sərəncam azərbaycançılıq ideologiyasına bir töhfədir. Babama dövlət səviyyəsində qiymət verilməsinə sevinirəm. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Yenidən belə bir sərəncam imzalanması çox sevindiricidir. Milli dəyərlərimizə töhfə verən bir sərəncam oldu. Hamı bu xəbərə çox sevindi. Çünki Məhəmməd Əmin bəy tariximiz, mədəniyyətimiz və mənəviyyatımızın bir parçası olub. Azərbaycanın dövlət-millət kimi formalaşması üçün düzgün ideologiya olmalıdır. Məhəmməd Əmin Rəsulzadə də azərbaycançılıq ideoloqu idi. Rəsulzadənin 130 illik yubiliyenin dövlət səviyyəsində keçirilməsi üçün sərəncamın imzalalanması üçün prezidentimizə minnətdaram.
–Rəis bəy, babanız Məhəmməd Əmin Rəsulzadə barəsində daha nələrin edilməsini istərdiniz?
İstərdim ki, Rəsulzadənin irsi geniş şəkildə təbliğ olunsun. Rəsulzadə irsini araşdıran kitablar dövlət səviyyəsində dərc olunsun. Kitab yazan müəlliflər sponsor axtarışında olmasın. Məhəmməd Əmin Rəsulzadənin həyatını araşdıran müəlliflərə elə şərait yaradılsın ki, onlar nə maddi, nə də mənəvi cəhətdən əziyyət çəkməsinlər. Rəsulzadə haqqında çoxlu sayda kitablar dərc olunsun. Moskvada son vaxtlar Topçubaşovun, Rəsulzadənin kitabları çıxıb. Növbəti nəsillərə yalnız kitab çatacaq. Nə qədər kitab dərc olunarsa, Rəsulzadə irsi o qədər dərindən araşdırılar. Bundan əlavə Rəsulzadənin ev muzeyinin yaradılmasını istərdim. Onunla bağlı sənədli filmlər çəkilməlidir.
– Hər kəsə bəllidir ki, Rəsulzadə ailəsi keşməkeşli həyat yaşayıb. Ailənizin yaşadığı çətinliklər, başınıza gələn olaylarla bağlı qısa məlumat verərdiniz…
Rəsulzadə ailəsi müsibət dolu bir həyat yaşayıb. Babam, nənəm, bibilərim, atam mühacirətdə yaşayıblar. Onların bir qismi soyuqdan, səfalətdən, ehtiyacdan, yaşadığı iztirablara dözməyib həyatdan köçüblər. Ailəm haqqında mənə danışmaq çətindir. Nitqim quruyur, kövrəlirəm!…
– Rəis bəy, babanızın məzarının Azərbaycana gətirilməsinin reallaşmasını istərdinizmi?
M.Ə.Rəsulzadənin məzarının bura gətirilməsi ilə bağlı müxtəlif fikirlər söylənilir. Bunu hadisələrin gedişatı göstərəcək. İstəyərdim gətirilsin, amma bunu zaman göstərər. Bir abidə kimi gətirilsə, yaxşı olardı. Bu nəinki mənim və ailəmizin, hesab edirəm millətimizin də böyük sevincinə səbəb olardı.
–Məhəmməd Əmin Rəsulzadəyə məxsus olan evlər mənimsənilib. O evlərin yenidən Rəsulzadə ailəsinə geri qaytarılmasını istərdinizmi? Bu işin gerçəkləşməsi üçün hansısa işlər görmüsünüzmü?
Rəsulzadənin 3 evini alıblar və heç birini də qaytarmırlar. Heç olmasa birini qaytarsınlar və oranı ev muzeyi etsinlər. Ən azında onun ata-baba yurdu, Novxanıdakı evi Rəsulzadə adına tarix muzeyi olsun.
Günel Cəlil
“KarabakhİNFO.com”