Azərbaycanca

Rəqəmlər artdıqca, ermənilər də Şuşanı öz xeyirlərinə dəyişirlər

08.05.2014 | 06:54

1399546602_333Bu yaxınlarda Rusiyada yaşayan tanışlarımdan biri dedi ki, bu ölkədəki varlı ermənilər dincəlmək üçün hər yay Şuşaya gedirlər. Özümdən asılı olmayaraq ona “Şuşaya niyə?!” sualını verdim… Şuşanın ermənilərdə olmasını hələ də qəbul etmək olmur, ermənilərin orada dincəlməsinə isə dözmək belə, ağrılıdır. Həqiqətən də, yüz illərdir azərbaycanlıların qurub-yaratdığı şəhərin bu gün düşmənlərimizin istirahət yerinə çevrilməsi insanın qəlbini çox ağrıdır. Artıq 20 ildən artıqdır ki, ölkəmizin “canlı musiqi akademiyası” adlandırılan Şuşa işğal altında inildəyir. Azərbaycanlılara Şuşanın düşmən tapdağı altındakı ah-naləsi əzab verir. Biz bir neçə Şuşa ziyalısı ilə söhbətimizdə bunu daha aydın hiss etdik. Şuşanı ən son tərk edən bu insanlar rayonun işğal olunmaması üçün önləyici tədbirlərin görülmədiyini vurğuladılar.

 

“Ermənilər də yaranmış bu vəziyyətdən istifadə etdilər”

 

Şuşa  rayon  Təhsil  Şöbəsinin müdiri Təvəkkül Əliyev e-jurnalımıza bildirdi ki, hadisələr hələ 1988-ci ildən cərəyan edirdi: “Proseslər örtülü şəkildə gedirdi.

 

Ümumiyyətlə, sovet hakimiyyəti yaranandan Qarabağ məsələsi ermənilərin diqqətində idi. 1987-ci ildə ulu öndər öz vəzifəsindən istefa verdikdən sonra bu proses daha aşkar xarakter aldı. 1988-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi mitinqlər, tək Qarabağda yaşayan ermənilərin düşüncəsi deyildi. Bu, bütün ermənilərin tədbiri idi. O dövrdə sovet hökumətinə rəhbərlik edənlər bu məsələylə bağlı “xeyir-dua” vermişdilər. SSRİ rəhbərliyi açıq şəkildə Ermənistanı müdafiə edirdi”.

 

T.Əliyevin fikrincə, həmin dövrdə Şuşanın, eləcə də digər rayonların işğal olunmasının birinci səbəbi hakimiyyətsizlik və hərc-mərclik idi: “Ermənilər də yaranmış bu vəziyyətdən istifadə etdilər. Ermənistan tərəfinə silahlı dəstələr tez-tez göndərilirdi.Bunun müqabilində isə azərbaycanlılardan silahlar yığıldı. Adicə ov tüfəngləri şuşalılardan təhvil alındı. Əliyalın insanlar üçün təbii ki, torpağı qorumaq çətin idi. Bu da gəlib bağlanır o dövrdəki hakimiyyətsizliyə”.

 

Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ uğurunda dövlət səviyyəsində müharibə aparırdı, lakin Şuşa, rayon səviyyəsində müdafiə olunurdu: “Yəni Şuşanı yerli əhali və bir də Azərbaycanın digər rayonlarından olan qeyrətli könüllü hərbçilər müdafiə edirdilər. Təbii ki, bu, nizami ordu deyildi. Həmin dövrdə yeni yaranmaq istəyən ordu könüllülərdən ibarət idi. Bu insanlar orada döyüşdülər və canlarını qurban verdilər”.

 

T.Əliyev bildirdi ki, Ermənistandan çıxarılan azərbaycanlıların Dağlıq Qarabağda yerləşdirilməməsi səhfvaddım idi: “Bütün hadisələr zəncirvari təşkil edilmişdi. Ermənistandan o zaman çıxarılan soydaşlarımız Dağlıq Qarabağa, xüsusən də Şuşaya gəldilər. Amma rəhbərlik onların Şuşada qalmasına imkan vermədi. Təbii ki, bunlar hamısı Moskvaya bağlı idi. Əhali orada yaşasaydı say tərkibi nisbəti dəyişəcəkdi və məsələ bəlkə özü-özünə həll olunacaqdı”.

 

“İndi Ukraynada baş verənlər vaxtilə Şuşada da təkrar olunub”

 

 

1399546816_ramiq-meherremovŞuşa ziyalısı Ramiq Məhərrəmov müharibə veteranıdır. Dağlıq Qarabağ müharibəsi zamanı Şuşada hərbi həkim kimi fəaliyyət göstərib. R.Məhərrəmov o faciəli günləri xatırlamağın çox ağır olduğunu deyir: “Gözü qabağında oğlu öldürülən valideyn balasına körmək edə bilmirdi. Bunun əksi də olurdu, ermənilər atanı oğlun gözü qarşısında öldürürdülər, amma oğul ona heç bir köməklik gösətərə bilmirdi”.

 

O, indi Ukraynada baş verənlərin Şuşada da təkrar olunduğunu vurğuladı. R.Məhərrəmov hadisələrin bu cür cərəyan etməsində rəhbərliyi günahlandırır: “O dövrdə həm dövlət, həm də beynəlxalq səviyyədə lazımi işlər görülmədi. Xalq bu duruma hazır olmalı idi. Heydər Əliyev gəlib xeyli işləyəndən sonra hakimiyyət yarada bildi”. Həkim veteran özü qayıtmasa da nəvələrinin Şuşaya qayıdacağına əmindir.

 

“Qarabağda əsasən rus əsgərləri döyüşürdü”

 

1399546822_resul-smayilov-saqdan-3-cuŞuşa Humanitar Kollecinin direktoru Rəsul İsmayılov da bizimlə söhbətində bu rayonun işğalının qarşısını almaq üçün respublikanın bacarıqlı rəhbərliyinin olmadığını düşünür: “Bir ağıllı siyasətçi olmalı idi ki, prosesləri düzgün təhlil edib çıxış yolu tapsın. Xalqı bir yerə toplamaq lazım idi. Müharibənin başlanmasına imkan verilməməli idi. Çünki formalaşmış Azərbaycan ordusuna malik deyildik. Həmçinin silah da yox idi. Tək ov tüfəngi var idi, onu ya yığmışdılar. Əliyalın xalqı rus əsgərlərinə qırdırdılar. Qarabağda əsasən rus əsgərləri döyüşürdü. Ermənilər də rusun arxasında gizlənib gəlirdilər”.

 

Onun sözlərinə görə, rayonun işğal olunmasında yerli əhalidən asılı heç nə yox idi: “Şuşalılar, ümumiyyətlə, qarabağlılar  özlərindən asılı nə var idisə hamısını edirdilər. Amma bu, ümumrespublika məsələsi idi. Bizim torpaqlarımızı rusların 366-cı alayı işğal etdi”, deyə o əlavə etdi”.

 

R.İsmayılov yerli özünümüdafiə qüvvələrinin Şuşanı qorumaq üçün əllərindən gələni etdiklərini dedi: “Rəhim Qazıyev Şuşaya “bandit” dəstəsi göndərmişdi. Onlar da Şuşanın son günlərində qaçıb getdilər. R.Qazıyev camaatı Qarabağda boş yerə qırdırdı. Şuşanın işğalında R.Qazıyevin rolu böyük idi. Bunu bütün şuşalılar bilir. O zaman Heydər Əliyev hakimiyyətdə olsaydı qoymazdı hadisələr bu vəziyyətə gəlib çıxsın”.

 

Tarixdən başqa heç nə dəyişmir: rəqəm üstə rəqəm gəlir. Bu rəqəmlərin nə vaxta kimi artacağı, bunun harada dayanacağı heç kimə məlum deyil. Amma məlum olan odur ki, rəqəmlər artdıqca, ermənilər də Şuşanı öz xeyirlərinə dəyişirlər…

 

Fuad Hüseynzadə

“KarbakhİNFO.com”

 

 

 

 

 

strong

08.05.2014 06:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*