Azərbaycanca

Realist boyakarlığın banisi

21.04.2014 | 14:55

1398077628_bahruz_kengerliRəssam və zaman anlayışı daima mübahisə mövzusu olmuşdur. Amma şəksiz məlumdur ki, zaman-zaman rəssamlar dövrü, anı qabaqlamış, gələcək nəsillərlə sanki öncədən ünsiyyətə girmişlər. Bəlkə də rəssamlar hamının görmədiyini görür ifadəsi, elə buradan yaranmışdır. Zənnimcə, həqiqi istedada malik olan istənilən insan görür, duyur və mənən yaşayır…         

İllər ötəcək, balaca Kəngərli böyüyəcək. Azərbaycan mədəniyyətində ilk imza atacaq, realist boyakarlığın banisi kimi tarixə çevriləcək. Bu ilklərin içərisində 30 il yaşayıb,  2000 rəsm əsəri xəlq etmək də var. Daha nələr və nələr var…

Bəhruz Kəngərlli 1892-ci ildə qədim  yaşayış məskənlərindən biri olan Naxçıvanda anadan olmuşdur. Ziyalı ailəsində dünyaya göz açması yeni tipli “Xeyriyyə” adlanan şəhər məktəbində təhsil almasına vasitə olur. Atası Şirəlibəy ziyalı olub, məhkəmədə tərcüməçi kimi fəaliyyət göstərirdi. Bəhruz təhsil aldığı müddətdə səhhətində problem yarandığından təhsilini yarımçıq qoyur. Buna baxmayaraq, rəsmlər çəkir və o dövrün məşhur jurnalı olan şəkilli “Molla Nəsrəddin”dən bəhrələnirdi. Bu fəalliyyəti nəticəsində gələcək rəssamın həvəs və peşəkarlıq imkanları artır. 1910-cu ildə Tiflis şəhərindən rəssamlıq məktəbinə qəbul olur. XX əsr Azərbaycan ziyalılarının inkişafında mühüm rol oynayan Tiflis, Kəngərliyə də təsir edir. 1915-ci ildə həmin məktəbi bitirən Bəhruz ilk azərbaycanlı məzun kimi geri qayıdır.

Təbii ki, Bəhruz Kəngərliyə qədər də Azərbaycanda rəssamlıq ənənəsi mövcud idi. Xan qızı Natəvan, Mir Mövsüm Nəvvab, Mirzə Qədim İrəvani öz yaradıcılığında realistik ənənələri əks etdirməyə çalışırdılar. Lakin  Azərbaycan incəsənəti tarixində təhsilli olan və şərti dekorativ  üslubdan uzaqlaşaraq, profisional rəsmlər çəkən ilk rəssam, məhz Bəhruz Kəngərlidir. Bu mənada hələ 1914-cü ildə Tiflisdə sərgisi təşkil edilmişdir. Bu hadisə o dövr Naxçıvan ziyalılarının rəğbətinə səbəb olmuşdur. Həmin dövrlərdə Bəhruz öz yaradıcılığını daha da artırır və öz billiklərini xalqa  öyrədərək bu sahəni inkişaf etdirirdi.

Sənətkarın yaradıcılğını müəyyən mərhələlərə bölmək olar. İlkin mərhələdə tələbəlik dövrünə aid olan rəsmləri qeyd edə bilərik. Bu əsərlər hazırda Azərbaycan Milli İncəsənət  Muzeyində saxlanılır. Bunlara nümunə olaraq, “İki qaçqın uşaq”, “Dükanda”, “Nuhun məzarı”, “Naturaçı,”  “Göy papaqlı uşaq”, “Mənzərə” və s.-ni aid etmək olar. Yaradıcılığının digər dövründə isə daha da yetkinlənmiş, formalaşmış üslubun şahidi oluruq. Bu yetkinlik həm mövzu, obraz , həm də ifadə etdiyi surətin daxili aləmini açmaq baxımından hiss olunur.

Kəngərlinin yaşadığı və faəliyyət göstərdiyi dövr Azərbaycan üçün ictimai -siyasi baxımdan mühüm hadisələrlə əlamətdar idi. Bir sıra hadisələr, xüsusilə, ermənilərin etdiyi amansızlıq sənətkarı “Qaçqınlar “ silsiləsini yaratmağa vadar etdi. Sözün həqiqi manasında bu silsilə Kəngərlinin şah əsərlərindən hesab oluna bilər. Zəngin rəng vəhdəti, obrazı dolğun ifadə etmək bacarığı, yüksək kolorit, müşahidə bacarıqları bu rəsmləri həqiqi əsər səviyyəsinə qaldırmış olur. Həmin əsərlər seriyasına “Ağ ləçəkli qaçqın qız”, “Qaçqın qadın”, “Qaçqın qızın porteti”, “Qaçqınlar arabada”, “Yaycı kəndindən qaçqın oğlan”, “Əyləşmiş qaçqın oğlan”, “Qaçqın İmran”, “Canfədalı kəndindən qaçqın oğlanın porteti” kimi nümunələr daxildir.

Bəhruz Kəngərlinin rəssmalıq sənəti üzrə biliklərinin artırılmasında , sənətkar kimi axtarışlarının inkişafında böyük dramaturq, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının və məktəbinin banisi Cəlil Məmmədquluzadənin də əvəzsiz rolu olmuşdur. Sənətkar müəllifi C.Məmmədquluzadə  olan və 1918-ci ildə səhnəyə qoyulmuş “Ölülər” tragikomediyasının səhnə tərtibatını, geyim, dekor eskizlərini işləmişdir. Bu mənada diqqəti çəkən məqam odur ki, bu tamaşalar məhz Naxçıvanda səhnələşdirilmiş və həmin dövr sözügedən ərazi üçün teatr ənənəsinin formalaşmasına şərait yaratmışdır. Bundan əlavə Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu”, Mirzə Fətəli Axundzadənin “ Hacı Qara” əsərlərinin də Naxçıvanda tamaşaya qoyulmasında  B.Kəngərlinin əməyi yüksək qiymətləndirilməlidir.

Ümumiyyətlə,  B.Kəngərlinin əsərlərini təhlil etsək, elmi və sənət baxımından yüksək peşəkarlıqdan əlavə doğmalığın, həssalığın da şahidi ola bilərik. Bu aspekt rəssamın öz vətəninə, soydaşlarına  olan isti münasibətin ifadəsidir ki, yaratmış olduğu sənət əsərlərində  bu doğmalıq hiss olunur. Bu doğmalıq  “Ayın doğması”, “Dağın zirvəsi”, “Qovaq ağacı”, “İlan dağ”, Naxçıvanda şəlalə”, “Albalı ağacları”, “Yamxana kəndinə yol”, “Ay işığında”,  “Gölün görünüşü”,  “Payız Mənzərəsi. Əshabi-Kəhf dağı” kimi əsərlərdə özünü biruzə verir. Sənətkar yaradıcılığında tarixi keçmişizlə bağlı olan abidələri də əks etdirmişdir. 1920 ci ilə aid olan  “Naxçıvan yadigarı” silsiləsini buna nümunə gətirə bilərik.

Yaradıcılığında müxtəlif janrları əks etdirən B.Kəngərli portretlər də xüsusi önəm vermişdir. O, portret yaradıcılığında təkcə zahiri forma deyil, obrazın daxilinin açılmasına , mənəvi ruhunun göstərilməsinə böyük önəm vermişdir. “Oğlan budaq ilə”, “Qırmızı yaylıqlı qız”, “Tatar”, “Yaylıqlı qız”, “Yatmış uşaq”, “ Şirniyyatçı Kərbəlayı Heydərin portreti”, “Rus dili müəllimi Mirzə Məhəmməd Zamanovun portreti” kimi əsərlər bu qismdəndir.

Böyük sənətkar 1922-ci il fevral ayında yaradıcılığının inkişaf edən dövründə gözlərini əbədi olaraq yumdu. Ona məxsus olan bir sıra əşyalar hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunmaqdadır.

Əsl sənətkarlar, yaradıcı insanlar yaşadığı kiçik zaman kəsiyində öz hisslərini biruzə verə bilirlər. Nümayiş etdirdikləri istedad və səy xalq tərəfindən əbədi olaraq unudulmur. Məhz 30 il yaşayaraq tarix yaradan Bəhruz Kəngərli də həmin sənətkarlarımızdandır. Onun təsviri sənət sahəsinə gətirdiyi yenilik təkcə Naxçıvan incəsənəti üçün deyil, ümumilikdə, Azərbaycan mədəniyyəti üçün töhfədir.

Fəxri Məmmədli,                                                                             

Sənətşünas-ekspert,                                                                         

Azərbaycan Rəssamlar İttifaqının  üzvü.

 

“KarabakhİNFO.com”

İstifadə olunmuş ədəbiyyat:

“Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında”–Kataloq. Bakı 2012

 

21.04.2014 14:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*