Azərbaycanca

Rekviem

29.10.2013 | 17:11

1385034903_3Ermənilər ondan çox hərbi texnika və çoxsaylı piyada qüvvə ilə Cəbrayıl və Qubadlı istiqamətindən kəndimizə, Zəngilanın Məmmədbəyli kəndinə hücuma keçmişdilər. Kənddə 12 nəfər idik. Avtomat silahla heçnə edə bilməzdik. Patronumuz da az idi. Mən sonuncu dəfə evimizə gəldim ki, evimizi yandırım düşmənə qalmasın. Evdən heç nə çıxartmamışdıq. Bir-iki dəst yorğan döşəkdən başqa. Motoskiletdən benzin çəkib evə girdim ki, hər yerə benzin töküb yandırım. Amma nə qədər elədim benzini evə tökə bilmədim.Uzanıb yerə döşəməni, evin pilləkənlərini öpə-öpə həyətə düşdüm. Kənddən kənarlaşıb Araz çayı tərəfə getdim.Yolda geriyə baxdım ki, ermənilər evimizi və bütün kəndi yandırırdılar. Bu dəhşətli bir səhnə idi. Böyüdüyüm ev və kəndimiz gözlərimin qarşısında yanırdı…

Zəngilan əhalisi və avtomat silahdan başqa bir silahı olmayan ordu Araz çayı kənarında idi. Bütün kəndlər rus və ermənilər tərəfindən işğal olunmuşdu. Tək Araz qırağı kəndlər qalırdı. Arazın bu tayında zəngilanlılar, o tayında Güneyli qardaşlarımız və əksəriyyəti Güneyli qardaşlarımızdan təşkil olunmuş İran ordusu var idi. İran ordusunu görəndə mən çox sevindim. Elə bildim ki, bizə köməyə gəliblər. Ancaq yanılmışdım. İran ordusu sadəcə seyr edirdi. Çünki  o ordunun qurucusu şah babamız Xətai olsa da, indi o orduda Qızılbaşlıqdan əsər əlamət qalmamışdı.  Ordunun başında farslar, yəni erməniyə dəstək verənlər dururdu. İran dövləti heç bir texnika vermədi ki, insanlar Arazı keçə bilsinlər. Hamı bir-birinə kömək edirdi ki, heç kəs düşmən əlinə keçməsin. Arazın o tayındakıları da ancaq zəngilanlıların mal-qarasını çox ucuz qiymətə almaq maraqlandırırdı. Bir heyvan qiymətinə beş heyvan alırdılar. Qadın və uşaqlar traktorun qoşqusu ilə, kişilərin isə əksəriyyəti soyuq havada üzərək Arazın o tayına, yurdumuzun fars işğalında olan hissəsinə keçdik.

Rekviem

Mən özüm Arazı üç dəfə o tərəf bu tərəfə üzərək keçdim. Araz kənarında bir dəhşətli mənzərə var idi. Analar, Bacılar xəbər tuta bilmədikləri oğulları, qardaşları üçün ağlayırdılar. Əli adlı dostumla onun  atasını, anasını axtarırdıq. Söz-söhbət gəzirdi ki, onlar girov düşüblər. Amma bunu Əliyə heç kim demirdi. Mənə dedilər. Nə qədər ağır olsa da mən bu xəbəri Əliyə dedim. Uşaqlardan qranat və patron götürüb Əli ilə Arazı Zəngilan tərəfə keçdik. Amma mən onların girov düşməklərinə inanmırdım. Dedim əvvəlcə Araz kənarını axtaraq. Əgər tapa bilməsək geri qayıtmaq söhbəti olmayacaq. Qafan tərəfə meşə ilə gedib ermənilərdən girov götürüb dəyişməliydik. Başqa yol yox idi. Əli ilə Arazın Zəngilan tərəfini gəzdik, heç yerdə tapa bilmədik. Ümidsiz halda Araz kənarına gəlib orada gecənin düşməsini gözləmək qərarına gəldik. Tiri kəndi tərəfdən Araz kənarına enmək istəyirdik ki, birdən Əlinin atasını gördüm. Demək olar ki, Araz kənarında Zəngilan tərəfdən onlardan başqa kimsə yox idi. Onların bizi görub necə sevinərək ağladıqları hələdə gözlərimin önündən getmir.

Xanoğlan Heydərov

 

“KarabakhİNFO.com”

– See more at: http://karabakhinfo.com/sahidler/2117-rekviem.html#sthash.4OjCMZzH.dpuf

29.10.2013 17:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*