Azərbaycanca

“Ruhumuzda olan gücü oyatmaq lazımdır”

13.06.2014 | 09:22

1402645169_elcin-mirzebeyli20 ildən artıqdır ki, Qarabağ torpaqlarını itirmişik. Qarabağın unudulmaması, işğal faktı, Ermənistanın təcavüzü ilə bağlı yetərincə təbliğat aparılıb və indi də aparılır. Ancaq zaman keçdikcə, sanki Qarabağ bizdən uzaqlaşır, düşüncələrdə yadlaşır. Cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirmək, gənclərdə döyüş və qələbəyə inam hissini formalaşdırmaq üçün daha nələri etməliyik? Mövzu ilə bağlı bir zamanlar milyonları ayağa qaldırmış, Vətən uğrunda mübarizəyə səsləmiş “Azadlıq marşı”, “Dönmərik biz” marşlarının müəllifi, şair Elçin Mirzəbəyli ilə söhbətləşdik.

 

– Qarabağ bizdən uzaqlaşmır, biz Qarabağdan uzaqlaşırıq. Şübhəsiz ki, Qarabağın unudulmaması üçün yetərincə təbliğat aparılır və aparılmalıdır da. Amma təbliğatla iş bitmir. Azərbaycan xalqının ruhunu, mübarizə əzmini özünə qaytarmaq lazımdı. Burada çox ciddi psixoloji bir məqam var. Biz I Qarabağ savaşında arxasında rus hərb maşını dayanan bir düşmənə məğlub olmuşuq. Məğlubiyyət isə insanda çox ciddi natamamlıq kompleksi yaradır. Adətən heç kim məğlubiyyətdən danışmaq, məğlubiyyətini xatırlamaq istəmir. Zaman-zaman aparılan yalnış, yaxud məqsədyönlü təbliğat da bu kompleksimizin formalaşmasında rol oynayıb. “Torpaqları satdılar, döyüşmədilər” kimi fikirlər millətin ruhunu sarsıdıb. Hər dəfə telekanallarda kimisə böyütmək, qəhrəmanlığını gözə soxmaq və varlanmaq üçün təkrarlanan kadrlar da millətin ruhunu sarsıdıb. “Hamınız arvadsınız” deyə-deyə millətdə natamamlıq kompleksi yaradıblar. Bunlar öz qafalarına görə guya təbliğat aparırlar. Döyüşçülərin döyüş meydanını tərk etmələrinin səbəbi isə çox sadə idi. Həmin dövrdə ordu formalaşmamışdı, vahid komandanlıq yox idi. Başsız qalan, idarə olunmayan, hər addımda təxribatla qarşılaşan ordu necə olmalıydı ki? İndi aparılan təbliğat əslində buraxılan səhvlərin aradan qaldırılmasına xidmət edir. Ona görə də usanmadan, yorulmadan sistemli bir təbliğat aparmalıyıq. Azərbaycan əsgərinin gücünə və cəsarətinə inanmalıyıq. Biz inanmasaq, səngərdəki əsgər də inanmayacaq. Mən torpaqlarımızı azad edəcəyimizə inanıram. O gün gələcək və həmin gün kimin arvad, kimin isə əsil kişi olduğu üzə çıxacaq.

 

Gənclərin vətənpərvərlik tərbiyəsində çətinliklər var. Qloballaşmanın, avropalaşmanın təsiri ona gətirib çıxarıb ki, vətənpərvər gənclər ironiya obyektinə çevrilir. Bundan necə qurtulmaq olar?

 

– Vətənpərvərliyin gözdən salınması, yüngül həyatın təbliği, milli düşüncənin məsxərəyə qoyulması Azərbaycanı öz təsirləri altında saxlamağa çalışan güclərin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Bunun üçün milyardlarla pul xərclənir, qrantlar ayrılır, millətin içərisindən ən şərəfsizlərini seçib bu məqsədə xidmət etdirirlər. Buna qarşı daha cazibədar alternativlər qoymalıyıq. Erməniyə güllə atanlara daha yaxşı həyat verməliyik, başımız üstündə saxlamalıyıq, nümunəyə çevirməliyik. Təbii ki, şitini-şorunu çıxarmadan… Ən gözəl təbliğat canlı nümunədir. İnsan gördüyünə inanır.

 

-Bəzən avropasentristlər, ateistlər islamı hədəf alırlar. Ancaq islamda vətən müqəddəs dəyər sayılır, şəhidlik anlayışı var. Fələstin torpaqları 60 ildən artıqdır ki, işğal olunub. Ancaq yeni doğulan fələstinli körpə belə düşməni tanıyır, düşmənə nifrət ruhunda böyüyür, yeniyetməlikdən döyüşçüyə çevrilir. Bəlkə uşaqları islam ruhunda tərbiyə edək?

 

– İslam Azərbaycan xalqının Tanrıya qovuşmaq üçün seçdiyi yoldur. Türkün İslama gəlişi onun təkallahlılığı ilə bağlı olub. Məhz bu səbəbdən İslama sahib çıxan, onun fəlsəfəsini düzgün anlayan və tətbiq edən əsil türklərdir. İslam ərəb dini deyil. Bizim milli-mənəvi dəyərlərimizlə iç-içə olan müqəddəs bir yoldur. Türkün ailəsini, evini, Vətənini qorumaq instiktini isə yalnız İslamla bağlamaq doğru olmazdı. Türklər İslama qədərki dövrdə də Vətən seçdikləri torpaqlar uğrunda savaşı müqəddəs sayıblar. Uşaqlarımızı təməlini milli-mənəvi dəyərlərimizin təşkil etdiyi bir sistem əsasında tərbiyə etmək lazımdır. Şübhəsiz ki, burada İslamın təməl dəyərləri də yer almalıdır. Əslində dədə-babalarımız İslamı çoxdan milliləşdiriblər. Tərbiyə və təhsil sistemimiz isə milli əxlaqlı, müasir dünyagörüşlü vətəndaş yetişdirilməsinə xidmət etməlidir. O ki, qaldı Fələstinlə bağlı müqayisənizə, mən bunu arzulamıram. Ən müasir zirehli texnikaya daş atmaqla onu sıradan çıxarmaq olmur. Fələstinlilərin mübarizə üsulu bu günədək əks düşərgənin maraqlarına xidmət edib. Bütövlükdə ərəblərin bizdən öyrənə biləcəyi çox şeylər var, bizim isə onlardan öyrənəcəyimiz heç nə yoxdur. Müasir zirehli texnikanı sıradan çıxarmaq üçün ən müasir zirehli texnikaya sahib olmaq lazımdır.

 

-Böyük dövlətlər, dünyanı idarə edən qüdrətli imperiyalar yaratmış bir millətin övladlarıyıq. Ancaq 21-ci əsrdə durumumuz ortadadır. 300 milyonluq türk milləti vahid deyil, ümumi maraqlardan çıxış edə bilmir. Üfüqdə vahid maraqlardan çıxış edəcək türk dövlətləri birliyinin perspektivi görünürmü?

 

– Hər bir millətin tarixində enişli-yoxuşlu zamanlar olur. Mənə görə, türk milləti özünün ikinci dirçəliş dövrünü yaşayır. Çox çətin proseslərdən keçirik. Qarşımızda böyük maneələr var. Amma Türk Birliyi kimi nəhəng ideyaların həyata keçirilməsi üçün çox böyük zaman, ardıcıl fəaliyyət və ağıllı layihələr lazımdır. Türk Birliyi ilk növbədə bütün türk xalqlarının və onların himayəsində yaşayan etnik qrupların təhlükəsizliyini təmin etmək və özünəməxsusluqlarını qorumaq üçün yeganə çıxış yoludur. Təhlükəsizlik ən birinci birləşdirici faktordur və bundan da istifadə edib birliyimizi təmin etməliyik.

 

-İctimai təşkilatların Qarabağla, işğal faktı, soyqırım və vətənpərvərlik mövzusunda apardığı təbliğatı necə dəyərləndirirsiniz?

 

– Birmənalı fikir söyləyə bilmərəm. Uğurlu işlər də var, görüntü xarakterli fəaliyyətlər də…

 

-Bir zamanlar Topxanada kəsilmiş 2-3 ağaca görə meydanlara tökülən millət yenə toparlana, topraqlarına sahib çıxa biləcəkmi?

 

– Çıxa biləcək! Buna şübhəniz olmasın!

 

-Türkiyə türkləri ilə eyni soydanıq, eyni millətik. Ancaq onlarda vətənə, millətə, dövlətə sevgi başqa cürdü. Şəhidlərə yas tutular, ancaq ağlaşma qurulmaz. Sizcə, türk insanı nədən bu qədər güclüdür?

 

-Türkiyə uzaqdan göründüyü kimi deyil. Şübhəsiz ki, qarşılıqlı olaraq bir-birimizdən öyrənəcəyimiz çox şey var. Digər tərəfdən Türkiyə türkləri fasiləsiz olaraq 700 illik dövlətçilik ənənəsinə sahibdirlər. Sistemli bir tərbiyənin içərisindən keçib bu günə gəliblər. Amma yenə də kifayət qədər ciddi problemləri var. Velikarus şovinizminin doğduğu çar və bolşevik Rusiyası kimi amansız bir imperiyanın 200 illik əsarəti altında olan bir millət mövcudluğunu qoruyub saxlaya bilibsə, bunun özü böyük işdir. Biz də türk insanıyıq və biz də yetərincə güclüyük. Sadəcə ruhumuzda olan bu gücü oyatmaq lazımdır.

 

-Belə bir fikir var ki, Qarabağda yaşamış, Qarabağın suyunu, havasını udmuş nəsil seyrəldikcə Qarabağla bağımız da qırılır. Bizdən sonra gələn nəslin Qarabağa yadlaşmaması üçün nə etməliyik?

 

– Qarabağ azad oluncaya qədər Qarabağlı olmalıyıq. Hər birimiz özümüzü köçkün saymalıyıq, hər birimiz bədənimizin bir hissəsini itirmiş kimi bu acını hiss etməliyik. Qarabağ təkcə orada doğulanların torpağı deyil, Güneyli, Quzeyli bütün Azərbaycan türklərinindir.

 

-“Azadlıq marşı”nın müəllifisiniz. Bir zamanlar milli marşları, vətənpərvərlik mahnılarını dinləyən gənclər bu əsərlərin təsiri ilə döyüşə yollanırdılar. Nə dəyişib, vətənpərvərliyimiz azalıb, ya sözün təsiri zəifləyib?

 

– “Azadlıq” marşı, “Dönmərik biz” və müəllifi olduğum digər marşlar tədris olunur, Silahlı Qüvvələrdə oxunur. Və bu gün də o marşları dinləyəndə gənclərimizin necə duyğulandıqlarının şahidi oluram. Nə vətənpərvərliyimiz azalıb, nə də sözün təsiri. Gənclərlə onların dilində danışmaq lazımdır. Onların suallarından qorxmaq lazım deyil, bu suallara cavab tapmaq lazımdır.

 

 

 

Elman Cəfərli

“KarabakhİNFO.com”

13.06.2014 09:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*