Son zamanlar Rusiyanın Cənubi Qafqaz siyasətində yeni strateji gedişlər özünü biruzə verir. Bu, xüsusən Rusiyanın Ermənistanı silahlandırmasında özünü göstəirir. Eyni zamanda Rusiyanın hegemonluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda tez-tez hərbi təlimlər keçirməsi də buna əyani sübutdur. Və bu kimi hərbi və hərbi-texniki əməkdaşlıq gündən-günə dərinləşməkdədir. Artıq 2014-cü ildə Ermənistanda KTMT-ın hərbi akademiyasının açılması planlaşdırılır. Bu akademiyanın Azərbaycanla müharibə şəraitində olan Ermənistanda yaradılması maraq doğurur. Ayrıca, dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistana səfər etməsi də, görünür, bu məsləyə xidmət edir. Politoloqlar “KarabakhİNFO.com”a açıqlamasında Rusiyanın bu addımlarına görə narahatlıqlarını ifadə etdilər. Xəzər bölgəsi üzrə siyasi araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə e-jurnalımıza bildirdi ki, bizim torpaqlarımızı işğal edən erməni adıyla Rusiyadır: “Ona görə Rusiya Ermənistanda istədyini edir. Yəni istəyir Ermənistanda hərbi akademiya açır, gizlincə bir milyard dollarlıq silah göndərir. Ondan sonra müttəfiqlik müqaviləsi imzalayır. Konkret desək, Rusiya açıq-aşkar Ermənistanı silahlandırmağa başlayıb”.
Onun fikrincə, axır vaxtlar Rusiyanın Ermənistanı silahlandırmağını lap Azərbaycana meydan oxumaq kimi qarşılamaq olar: “Rusiya özü ATƏT-in Minsk Qrupunun həmsədridir. Münaqişədə tərəf olan guya Ermənistandır, amma əslində Rusiyadır. Bu gün silahlandırma tamamilə hər bir norma, əxlaq və qanuna ziddir. Amma Rusiya bunun hamısını edir. Və Rusiya bu gün regionda Azərbaycanın ən böyük təhlükəsidir. Rusiya 20 ildir qoymur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlansın. Ona görə Rusiya bundan istfadə edib Azərbaycanı əsgəri yolla vurub dağıtmaq istəyir”.
V.Quluzadə bildirdi ki, bunun qarşısında Azərbaycanın tədbirləri ABŞ və Türkiyə ilə çox sıx hərbi əməkdaşlıq etmək və yaxınlaşamaq olmalıdır: “Bilmirəm bunu biz nə cür edirik? Lazımı qədər edirikmi? Etmiriksə, deməli, bizim gələcəyimiz təhlükə altındadır”.
O bildirdi ki, biz Rusiyanı BMT–nin tribunasından ifşa etməliyik: “Amma bunu etmirik. Rusiyanın Ermənistanı Azərbaycana qarşı silahlandırması və Ermənistanı Azərbaycana qısqırtması tamamilə açıq və aydındır”.
Onun sözlərinə görə, Ermənistanda hərbi akademiyanın yaradılması Rusiyanın Qarabağ müharibəsi üçün heç bir ideoloji hazırlığı kimi başa düşülməməlidir: “Bu, böş söhbətdir. Orada akademiyanın olub-olmamasına, bunun dəxli yoxdur. Onsuz da Ermənistan Rusiyanın əlində olan dəyənəkdir. Ondan nə cür istəyir, elə də istifadə edir”.
“Rusiya qəzəbini, əlinin altında tula kimi saxladığı ermənilərin vasitəsilə həyata keçirir”
Politoloq Qabil Hüseynlinin fikrincə, isə bu hərbi akademiya rus ordusunun Ermənistanda qərargahının bir forması olacaq: “Rus generalları burada toplaşıb öz dövlətlərinin strateji maraqlarını qorumaq üçün planlar quracaqlar. İndi deyirlər ki, guya bura akademiya olacaq, KTMT-a üzv ölkələrin hərbiçiləri gəlib burada hərbi dərs alacaq, bunlar hamısı əfsanədir. Məncə, ruslar bu bölgəni qarışdırıb yenidən gərginlik yaratmaq üçün, eləcə də Qərbin maraqlarına zərbə endirmək üçün müəyyən planlar hazırlayırlar. Akademiya da bu planların həyata keçirilməsinə rəhbərlik edən qərargah olacaq”.
O, Rusiyanın bölgəni barıt anbarına çevirməyə çalışdığını düşünür: “Ermənistanın həddindən artıq silahlandırılması, raketdən müdafiə sisteminin qurulmasının Ermənistandan başlanılması, Ermənistana ölçüssüz miqdarda yeni növ silah-sursatın göndərilməsi, orada olan rus hərbi bazalarında şəxsi heyətin 2-3 dəfə artırılması və s. bütün bunlar onu göstərir ki, ruslar həm öz ordusunu, həm Ermənistanı təpədən dırnağa qədər silahlandırır. Bu, bütün beynəlxalq hüquq normalarına ziddir. Bu məsələnin beynəlxalq təşkilatlarda, ilk növbədə BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsinə ciddi ehtiyac var. İndindən həyəcan təbilinin çalınmasına da ehtiyac var. Çünki biz indiyə qədər Rusiya ilə hər şeyin qaydasında olduğu haqqında düşünürük. Rusiya isə sanki bizimlə tamamilə başqa cür davranmağa hazırlaşır”.
Politoloqun sözlərinə görə, Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır: “Eyni zamanda bu bölgədə öz təsirlərini tamamilə yaymağa və bir sıra beynəlxalq layihələri pozmağa çalşır. Hətta bununla bağlı sərsəm fikirlər də irəli sürürlər.
Yəni ruslar odla oynayırlar və fərqində deyillər ki, onlar bütün dünyanın maraqlarına qarşı gedən hərəkətlər edirlər. Tutalım ki, Qəbələ RLS-in heyfini almaq və ya Azərbaycan qazının hamısının Qərbə göndərilməsi barədə imzalanmış TANAP layihəsinə görə də xeyli qəzəblidirlər. Çünki onlar Azərbaycan qazının hamısını ucuz qiymətə alıb, baha satmaq istəyirdilər. İndi Rusiyanın “Cənub axını” layihəsi var. O qaz kəmərini çəkmək istəyirlər. Amma kəməri doldura biləcək qaz ehtiyatları Rusiyada yoxdur. Rusiya da bu qazı Türkmənistan və Azərbaycandan qopartmaq istəyir. Bu istəyinə çatmadığından Rusiya Azərbaycana qəzəblidir. Bu qəzəbini də özünün birbaşa müdaxiləsi şəklində deyil, əlinin altında tula kimi saxladığı ermənilərin vasitəsilə həyata keçirir”.
Rusiya Azərbaycana hansı mesajı verir?
Siyasi analitik Rauf Rəcəbov dedi ki, faktiki olalaraq Rusiyanın, Ermənistanın, o cümlədən KTMT-a üzv digər ölkələrin vahid havadan müdafiə məkanı yaradılıb: “Bu günləri Rusiya üçün gündəlikdə olan Suriya və İran məsələsidir. Bu baxımdan öz mövqelərini gücləndirmək üçün Rusiya həmin addımları atır. Ondan da savayı digər addımlar atılacaq. Çünki Suriya və İran məsələsi hələ ki həll olunmayıb”.
R.Rəcəbov da Rusiyanın Ermənistanı hərbi nöqteyi-nəzərdən gücləndirməklə Azərbaycanı qorxutmağa çalışdığını qeyd etdi: “Aydındır ki, Azərbaycanın büdcəsi imkan verir ki, müasir silahlar əldə etsin, hərbi qoşunlarını modernləşdirsin. Bu mənada Azərbaycan İsraildən silah alır. Amma Erməsniatan bunu edə bilmir. Ona görə, Rusiya Ermənistan qoşunlarını modernləşdirir. Bu bir tərəfdən bizə mesajdır ki, Rusiya Ermənistanı tək buraxamayacq. Status-kvonu biz öz xeyrimizə dəyişə bilməyəcəyik. Çünki Rusiya hər bir zaman Ermənistana yardımlarını edəcək. Çünki Ermənistanın büdəcəsi imkan vermir ki, özü müasir silahlar alsın və təlimlər keçirə bilsin”.
Fuad Hüseynzadə
KarabakhİNFO.com