Azərbaycanca

Rus şairi: “Azərbaycan xalqı bu torpaqların erməni işğalı altında qalması ilə razılaşmayacaq”

15.08.2014 | 15:06

fomenkovMəşhur rusiyalı şair-publisist Aleksandr Fomenkov Biləsuvar rayonunda şəhid ailələri ilə görüşündə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

 

Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə A. Fomenkov bildirib ki, İkinci Dünya müharibəsi illərində onun doğma diyarı Taqanroqun azadlığı uğurunda 2000-dən çox azərbaycanlı şəhid olub: “Taqanroqda azərbaycanlı əsgərlərin qəbiristanlığı var. Əgər onlar olmasaydı bəlkə də nə mənim ata-anam sağ qalardı, nə də mən indi bu dünyada olardım. Mən fürsətdən istifadə edib öz ölkəmin Prezidenti Vladimir Putinə müraciət edirəm. Mən bu gün Azərbaycanın Biləsuvar rayonunda üç şəhidin ailəsinə baş çəkmişəm. Hər bir şəhid ailəsi ilə görüşəndə elə bilirdim ki, onlar məni etirazla qarşılayacaqlar. Amma onlar məni görəndən sanki, gözlərində ümid çırağı yanırdı. Onlar ürəklərini açıb istəklərini deyirdilər”.

 

fomenkov44A. Fomenkov Dağlıq Qarabağ probleminin həllində Rusiyanın vasitəçiliyinin əsas olduğunu deyib: “Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Azərbaycanlılar öz doğma torpaqlarına, evlərinə gedə, ata-babalarının qəbirlərinə baş çəkə bilmirlər. Bu, heç bir beynəlxalq qanunlara sığmır. Qarabağ Azərbaycan torpağıdır. Ermənilər oraya sonradan köçürülüb. Azərbaycan xalqı bu torpaqların erməni işğalı altında qalması ilə razılaşmayacaq. Azərbaycan müasir, inkişaf edən dövlətdir. Sülhə üstünlük verən Azərbaycan dövləti istəyir ki, bu problem dinc yolla həll olunsun. Amma sizi inandırıram ki, bu məsələ sülh yolu ilə həll olunmasa, onlar işğal altındakı torpaqlarını müharibə yolu ilə geri alacaqlar. Azərbaycan dövləti buna qadirdir və müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan xalqında güclü ruh yüksəkliyi var”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

15.08.2014 15:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*